MİR CƏFƏR BAĞIROV kim olub – araşdırma (davamı)

Beydemir.ru saytı tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun “MİR CƏFƏR BAĞIROV – SİYASİ PORTRET” adlı əsərini hissə-hissə yerləşdirməyi qərara alıb. Növbəti hissə.

 

II HİSSƏ M.C.BAĞIROVUN AZƏRBAYCANIN  İQTİSADİ İNKİŞAFINDA ROLU

İstər müharibədən əvvəl, istərsə də müharibədən sonra Azərbaycanda sənaye müəssisələrinin inşasında, respublikanın iqtisadi tərəqqisində M.C.Bağırovun xidmətləri kifayət qədərdir.

30-40-cı illərdə binaların, körpülərin, sənaye müəssisələrinin yüksək keyfiyyətlə inşa edilməsi bunun əyani sübutudur. Həmin obyektlərin istismarı bu gün də davam edir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin adının çəkilməsini istəməyən qocaman müəllimi o dövrün tikintisi barədə bunları söyləyir: “1948-ci il idi, məni M.C.Bağırovun yanına apardılar. Onun birinci sözü bu oldu: — Səni mənə çox tərif ediblər. İndi də hünərini göstərmək üçün şərait yaranıb. On bir ay ərzində dəmiryolu körpüsü tikilməlidir. Bu körpünün layihəsini sən verməlisən.

Körpü hazır olana qədər tikintiyə rəhbərlik edəcəksən. On bir aydan sonra səndən keyfiyyətli bir körpü təhvil alacam.

Bu görüşdən sonra mən layihəni hazırlayıb təsdiq etdirdim və tikintiyə rəhbərlik mənə tapşırıldı. Ailəmdən tamamilə uzaq düşmüş, gecə-gündüz körpünün inşası ilə məşğul idim. 11 ayın tamamında körpü artıq hazır idi. Bağırovun iştirak etdiyi körpünün açılış mərasimində o, mənə belə bir sual verdi: — Bu körpü yüklə dolu otuz iki vaqonluq qatara dözə biləcək? Mən qürurla cavab verdim: — Bəli.

Bağırov isə “baxarıq, görərik” — deyərək yanındakı köməkçisinə işarə verdi: — Sürdürün körpünün altına.

On beş dəqiqədən sonra məni avtomobilə mindirib körpünün altına gətirdilər. Bağırov qatarı buraxmağı əmr etdi. Qatar körpüdən keçənə qədər bütün həyat yolum, ailəmlə keçirdiyim xoşbəxt anlar gözümün önündə canlandı. Bir də onda özümə gəldim ki, Bağrov mənə tərəf gələrək, “Əhsən!” — deyir. O dövrün keyfiyyətli işləri bax bu cür başa gəlirdi. Hər bir layihəçi və inşaatçı həmin dövrdə belə səhnələrlə üzləşirdi. Bilirəm, keyfiyyətin əldə edilməsi üçün bu cür davranış qeyri-insanidir, amma olduqca səmərəlidir. Çünki, layihəçilərin, inşaatçıların yaratdığı binalarda minlərlə insanın taleyi risk altına düşür. Kiçik bir səhv bu insanların məhvinə səbəb ola bilər”.

M.C.Bağırov şəxsiyyətinin zirəkliyi, ciddiliyi, insanlarla tez ünsiyyət qurması, işgüzarlığı, hadisələrə operativ yanaşması və sadəliyi temperamentinə görə onun sanqvinik tipinə uyğun gəldiyini göstərir. O illərdə Bağırov indiki R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinin binasında yaşayırdı.

Onun hər gün işə piyada getməyi, şəhərdə mühafizəsiz gəzməyi bu insanın sadəliyinin sübutudur. Nəzərə alaq ki, o dövrdə sərhədlərinə ciddi şəkildə nəzarət olunan qapalı Azərbaycanda bu cür həyat tərzi keçirmək üçün də şərait vardı (A.M.). Temperamentin tipini təyin etdikdən sonra, onun xarakterini müəyyənləşdirmək üçün məlum tarixi hadisələrdən sitatlar gətirib, araşdırmamızı apara bilərik.

Müasir Bakıya gözəllik verən, simasını yaradan, qədim memarlıq üslubunda tikilmiş bina və evlər insanın zövqünü oxşayır. Azərbaycan artıq müstəqil respublikadır. Bakıya gələn xarici qonaqlar paytaxtımızın memarlığının Avropa şəhərlərinin memarlıq səviyyəsindən də yüksək olduğunu qeyd edirlər.

Şirvanşahlar memarlıq kompleksindən sonra neft milyonerləri H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarovun və başqalarının tikdirdiyi Avropa üslubunda olan binalardır. Digər gözəl memarlıq binaları da M.C.Bağırovun respublikaya rəhbərlik etdiyi illərdə inşa edilmişdir. Burda bir fakta da nəzər yetirmək lazımdır ki, müharibə dövründə əsir düşmüş almanlar, əsasən, Sibirə ağac qırmağa cəlb edilirdilər. Bağırovun zirəkliyi onda idi ki, almanların mühəndis, memar ixtisaslı əsirlərini Azərbaycanda yerləşdirib, onları tikinti komplekslərinə cəlb etdi. Bu iş Azərbaycana olduqca böyük mənfəət gətirdi. Bu gün paytaxtın gözü sayılan Hökumət Evi buna misaldır. Ümumiyyətlə, o dövrdə tikilən və ya özülü qoyulan binaların siyahısına baxsaq, tam əmin olarıq ki, paytaxtın bir sıra gözəl memarlıq nümunələri məhz o dövrün yadigarıdır.  … Kamran Hüseynov qırx doqquz ildən sonra 1998-ci ildə Bakıda nəşr etdirdiyi “Bir ömrün salnaməsi” kitabında yazır: “DTN-nın əməkdaşı Mityukov adlı kiçik leytenant xüsusi əhəmiyyətli obyekt sayılan Mingəçevirə təhkim edilmişdi. İşin qızğın vaxtında bir də gördüm ki, bacarıqlı mütəxəssislər bir-bir yoxa çıxır. Onların çoxu xalq düşməni adı ilə 15-20 il həbsxanada yatıb çıxmış keçmiş məhbuslar idi. Maraqlandım ki, bu adamlar hanı? Dedilər ki, Mityukovun göstərişi ilə onları tutub Azərbaycan SSR DTN-in zirzəmisinə salıblar.

Mir Cəfər Bağırov mənə tapşırmışdı ki, Mingəçevirdə nə çətinliyin olsa, mənə de.

…Yayın isti günlərindən biri idi. M.C.Bağırov əynində tor köynək, ayaq üstə dayanmışdı. Sumbatov-Topuridze, Mir Teymur Quliyev, Teymur Yaqubov, Mərkəzi Komitənin katibi, inşaata məsul Qafarzadə, Padarov, Daxili işlər naziri Atakişiyev, Dövlət təhlükəsizlik naziri Yemelyanov da içəridə idilər.

İçəri daxil olanda M.C.Bağırov “Eşidirəm səni”, — deyərək mənə yaxınlaşdı.

Dedim: — Yoldaş Bağırov, Mingəçeviri nə mən tikmirəm, nə də İslamzadə. Mingəçevir Azərbaycan xalqının, ölkənin köməyi ilə bura gələn mütəxəssislərin sayəsində tikilir. Mingəçevir SES Azərbaycan xalqına nə qədər mənfəət verəcəksə, indi o qədər də ziddiyyətli, çətin işlərlə qarşılaşırıq. Biz belə hallara yol verə bilmərik. Çünki elə bir fəaliyyət baş verir ki, gördüyümüz işlər məhv olur.

— Nə deyirsən?! Yuxarıda adı çəkilən adamların adlarını, onların başına gələni danışdım. Dedim ki, bir aydan çoxdur ki, onlar Bakıda həbsxanada yatırlar.

Üzünün ifadəsindən anladım ki, Bağırov bütün bunlardan xəbərsiz imiş. O dönüb Yemelyanova baxdı: — İndi həmin adamlar orada yatırlar? Yemelyanovu tər basdı, rəngi sapsarı saraldı: — Yoldaş Bağırov, özünüz bilirsiniz ki… — deyə kəkələdi. Bağırov onun üstünə qışqırdı, ən pis ifadələrlə söyə-söyə dedi: — Bu gecə o adamları yığırsan bir yük vaqonuna, parovozu qoşdurub göndərirsən inşaat meydanına! — deyərək, günahsız insanları Yemelyanovun caynağından xilas etdi”.

Burada bir həqiqəti də nəzərdən qaçırmaq lazım deyil ki, bu hadisələr 1940-cı illərin ikinci yarısında baş verirdi. Doğrudan da, o dövrdə Beriyanın Moskvadakı mövqeyi möhkəmləndiyindən M.C.Bağırovun da nüfuzu xeyli artmışdı.

O cümlədən, həmin dövrdə Bakıda metro tikintisinin birbaşa təşəbbüskarı məhz M.C.Bağırov idi.

“Nəbz” qəzetinin 29 iyun 1940-cı il tarixli 26-cı sayında bu barədə geniş məlumat verilir…

III HİSSƏ MİR CƏFƏR BAĞIROV VƏ CƏNUBİ AZƏRBAYCAN İkinci Dünya müharibəsi başlayanda, 1939-cu il sentyabrın 4-də İran tərəfi bitərəflik haqqında bəyanat versə də, Hitler Almaniyası ilə bu ölkənin sıx münasibətləri hələ də qalırdı. İranın rəhbəri Rza şah Almaniyanın “ali irq”lə bağlı təbliğatından ruhlanaraq, artıq Sovet Azərbaycanı və Orta Asiya ərazilərinə iddialar səsləndirirdi. Bildirilirdi ki, İran qədim “arilərin” yaşadığı ərazidir, guya bu “arilər” mühacirət edib, german tayfalarını yaradıblar. Hətta İran şahının SSRİ-nin xarici işlər üzrə xalq komissarına göndərdiyi 17 may 1940-cı il tarixli 643 saylı notada Azərbaycan SSR-ni “Qafqaz Azərbaycanı” adlandırmışdı.

İranın bu tip bəyanatlarındən sonra, SSRİ və İngiltərənin rəhbərliyi hərəkətə keçdi. Artıq SSRİ-nin xüsusi xidmət orqanları İran şahı əleyhinə qüvvələrin yaradılması məqsədilə məlumatlar toplamağa başladı. 1941-ci ilin yanvarında Cənubi Azərbaycan və İran Kürdüstanı haqqında 211 səhifəlik texniki-iqtisadi informasiya hazırlandı.

1941-ci ilin martında Mir Cəfər Bağırov Stalinə “Cənubi Azərbaycan haqqında qısa arayış” göndərir. Burada qeyd olunurdu: “Şah hökuməti İranda Azərbaycan xalqına qarşı polis təzyiqi siyasəti aparır”.

1941-ci il iyunun 22-də SSRİ ilə Almaniya arasında müharibə başlayandan sonra Zaqafqaziyada dislokasiya olunmuş 17-ci ordu İran sərhədlərinə doğru hərəkət etməyə başladı. İran və Sovet Rusiyası arasında 1921-ci il müqaviləsinə əsasən, Sovet rəhbərliyi ölkənin təhlükəsizliyini nəzərə alaraq, İran ərazisinə mümkün müdaxilə haqqında bəyanat verdi. İngiltərə də Fars körfəzi tərəfdən, Ərəbistan sahillərində yerləşən müstəmləkələrindən öz qoşunlarını İran ərazisinə göndərdi. O zaman baş nazir olan Fürudi ingilis qoşunlarının İranda yerləşməsi haqqında sazişi imzaladı. Rza şah 1941-ci il sentyabr 16-da hakimiyyətdən uzaqlaşdırıldı, onun yerinə oğlu Məhəmməd Rza Pəhləvi keçdi. İngilis və sovet qoşunları cənubdan və şimaldan İrana daxil oldu. İranın xarici işlər naziri Süheyli diplomatik kanallarla İranın xaricdəki səfirlərinə ingilis yönlü siyasət aparmağı tapşırdı.

O zamanlar Sovet rəhbərliyi kürdlərə, yoxsa azərbaycanlılara istinad etmək seçimi qarşısında idi. Çünki gələcəkdə İran İngiltərənin təsir dairəsinə düşər, bu da Sovetlər birliyini neft ehtiyatları ilə zəngin Mosul, Kərkük və Ərəbistana yaxınlaşmasının qarşısını ala bilərdi. Rəsmi Kreml bunun qarşısını almaq üçün ingilisləri regionda yaşayan etnik qrupların müqaviməti ilə üz-üzə qoymağı düşünürdü. Bir çoxları strateji tərəfdaş kimi etnik kürdləri seçməyi təklif edirdi. İran kürdlərinin hüquqlarının tapdandığını əsas tutaraq, əvvəlcə Tehran hakimiyyətinə təzyiq göstərmək, sonra İranı SSRİ-nin təsir dairəsinə salmaq barədə arqumentlər səslənirdi. Amma M.Bağırov L.Beriyanın köməyi ilə bu təkliflərin əsassız olduğunu sübut edə bildi. M.Bağırov L.Beriyanın və Xarici İşlər Komissarının müavini V.N.Dekanozovun yardımı ilə Stalində İran azərbaycanlılarına söykənməyin vacibliyi barədə qənaət yaratmağa müvəffəq oldu. 1941-ci il sentyabrın 9-da Stalin Bağırova birgünlük Moskvaya gəlməsi barədə şifroqram göndərir. Həmin görüşdə Bağırov özünün təkliflər layihəsini Stalinə təqdim edir. Bu təkliflərə əsasən, Azərbaycan K(b)P MK-nın katibi Əziz Əliyev Cənubi Azərbaycana göndəriləcək və partiya qrupunun rəhbəri olacaqdı. Stalin Bağırovun layihəsini təsdiq edir.

Sözügedən qrupa Süleyman Rəhimov, Mehbalı Əmiraslanov, Ağasəlim Atakişiyev, Mustafa Quliyev, Mirzə İbrahimov daxil edilir. Hərbi Şuranın qərarı və Zaqafqaziya Ordusu komandanının əmri ilə sentyabrın 16-da polkovnik-komissar Əziz Əliyev Təbrizə daxil olan 47-ci ordunun Hərbi Şurasının üzvü seçilir. Müəyyən vaxtdan sonra M.Bağırov Əziz Əliyevin qrupundan informasiya alır və 1941-ci ilin sonlarına qədər Cənubi Azərbaycandakı vəziyyət barədə Stalinə məlumat verir.

Bir müddət sonra Əziz Əliyevlə SSRİ-nin İrandakı səfiri A.Smirnov arasında fikir ayrılığı yaranır. Bu fikir ayrılığı Əziz Əliyevin sovet qarnizonunun rəhbərliyinə məktub yazmasından sonra baş verir. Həmin məktubda o, yerli əhalidən, yəni, azərbaycanlılardan silahların yığılmasını dayandırmağı tələb edirdi. A.Smirnov buna görə Moskvaya məktub yazır və Ə.Əliyevi millətçi kimi xarakterizə edir. M.Bağırov xarici işlər komissarının müavini Dekanozovla əlaqə yaradıb, Ə.Əliyevi müdafiə etməyə başlayır.

1941-ci il oktyabrın 24-də Əziz Əliyev M.Bağırova “Cənubi Azərbaycan haqqında hesabat” göndərir və burada yazır: “Məktəblərdə dərslər fars dilində aparılır, yerli azərbaycanlılar türk dilində təhsil almaq istəyirlər, buna görə də “Vətən yolunda” qəzetinin buraxılması azərbaycanlılarda böyük sevinc doğurmuşdur”.

Artıq M.C.Bağırovun layihəsi İranda ilk bəhrəsini verməyə başlamışdı. İran tərəfi SSRİ-İran-Böyük Britaniya dövlətləri arasında ittifaq sazişinin bağlanması istiqamətində müzakirələrə başladı. 1942-ci il yanvarın 26-da İran Məclisi Sovet-İngilis-İran ittifaqının müzakirəsini yekunlaşdırdı. Yanvarın 29-da SSRİ tərəfindən səfir A.Smirnov, Böyük Britaniya adından R.Bulard, İran tərəfindən xarici işlər naziri Süheyli Böyük Britaniya, SSRİ və İranın ittifaqı haqqında müqaviləni imzaladılar.

Belə bir sazişin bağlanması münasibətilə 1942-ci il fevralın 10-da Məhəmməd Rza şah Pəhləvi və ABŞ prezidenti Ruzvelt arasında təbrik teleqramlarının mübadiləsi baş verir. İran şahı ABŞ prezidentinə göndərdiyi məktubda qeyd edirdi ki, o, ABŞ-ı İranın ərazi bütövlüyünün qarantı kimi görür.

Bu hadisələr müharibənin ən qızğın vaxtında baş verirdi. Sovet rəhbərliyi İngiltərə və ABŞ tərəfindən ikinci cəbhənin açılmasını planlaşdırırdı. Buna görə də Sovet rəhbərliyi İrandakı fəaliyyətini bir qədər zəiflətdi.

Rəsmi Kreml İngiltərə ilə münasibətləri korlamamaq üçün faşist Almaniyası üzərində tam qələbə çalanadək Cənubi Azərbaycanda siyasi təbliğatı azaltmaq qərarına gəldi. Amma sovet qoşunları hələ də İranda qalırdı. Siyasi aktivliyin azaldılmasından sonra Bakıya qayıdan Əziz Əliyev tezliklə M.C.Bağırovun Stalinə təqdimatı əsasında Dağıstan K(b)P Mərkəzi Komitəsinin I katibi seçilir. Artıq 1944-cü ildə Almaniya üzərində tam qələbəyə əminlik yarandıqdan sonra, sovet rəhbərliyi yenidən Cənubi Azərbaycan məsələsinə qayıtdı. Üstəlik İran ərazisində aşkar olunmuş böyük neft ehtiyatları iri dövlətlər arasında ciddi rəqabətə səbəb oldu.

Amma müharibə illərində siyasi fəallığın zəifləməsinin pis nəticəsi kimi, İran rəhbərliyinə ABŞ və İngiltərənin təsiri daha çox hiss edilirdi. SSRİ-nin neftə olan tələbatı günbəgün artırdı.

Buna görə də sovet rəhbərliyi istənilən yolla İranı öz təsir dairəsinə çəkməyə çalışırdı. Neft uğrunda mübarizə Stalini qəti addımlar atmağa məcbur edirdi. Bu şəraitdən istifadə edən M.Bağırov özünün əsas siyasi dəlilini ortaya atır. O, Stalini inandıra bilir ki, İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək adı altında onlara muxtariyyət tələb etməklə şah rejiminə təzyiq göstərilsə, SSRİ-nin maraqları naminə fayda əldə etmək olar. M.Bağırovun əsl məqsədi isə Cənubi Azərbaycanı muxtariyyətdən suveren dövlətə çevirmək və SSRİ ərazisi ilə birləşdirmək, yəni Azərbaycanın ərazisini genişləndirmək, regionda ABŞ və İngiltərənin təsirini azaltmaq idi. Əsas vəzifə Stalini buna inandırmaq idi. Stalin bu məsələyə ciddi yanaşdı və V.Molotova İranda azərbaycanlı əhalinin hüquqlarının pozulması ilə bağlı İran şahına nota göndərməyi tapşırdı. 1944-cü il sentyabrın 14-də M.Bağırov Stalinə ünvanlanmış məktubunda göstərirdi ki, Cənubi Azərbaycanda tezliklə demokratik quruluş yaradılacaq. Bu məktubu müəyyən ixtisarla oxuculara təqdim edirik.

ÜK(b)P MK-ya İ.V.Stalin yoldaşa CƏNUBİ AZƏRBAYCANDA VƏZİYYƏTLƏ BAĞLI BƏZİ MƏSƏLƏLƏR Son zamanlar Sizin Cənubi Azərbaycanda Sovet İttifaqının təsirinin gücləndirilməsi haqqında göstərişlərinizi yerinə yetirərək, tərəfimizdən bir sıra tədbirlər həyata keçirilmişdir.

Respublikanın rəhbər sovet və hərbi kadrları sırasından Cənubi Azərbaycana 245 nəfər göndərilmişdir. Onlardan diplomatik işə 13 nəfər, ticarət işinə 10 nəfər, əsasən qarnizon komendantları kimi 150 nəfər, qalanları isə təsərrüfat, nəqliyyat və mədəni-maarif təşkilatlarının xətti ilə ezam olunmuşdur. Xalq xarici ticarət komissarlığı, səhiyyə, dəmiryol nəqliyyatı və digər sovet təsərrüfat təşkilatları sistemində iş üçün 375 nəfər seçilib ki, onlar da yaxın günlərdə Cənubi Azərbaycana yola düşəcəklər. İşləməyə göndərilənlər istisnasız olaraq Cənubi Azərbaycanın məişətini, dilini, dinini və digər milli xüsusiyyətlərini bilən azərbaycanlılardır. Bu şəxslər əhali ilə çox tez və yaxın münasibət quraraq, qısa müddət ərzində əsasən ziyalılar, fəhlələr, kəndlilər və müəyyən qədər də ruhanilər və tacirlər arasında xeyli nüfuz qazana bilmişlər.

ÜK(b)P MK-nın qərarına uyğun olaraq, Təbrizdə Azərbaycan dilində işıq üzü gördüyü ilk gündən Cənubi Azərbaycanın geniş xalq kütlələrinin, xüsusilə də, ziyalıların rəğbət və sevgisini qazanan “Vətən yolunda” hərbi qəzeti nəşr olunmağa başlamışdır. Qəzet Cənubi Azərbaycanın bütün şəhərlərində və bir çox kənd rayonlarında kifayət qədər uğurla yayılır. Qəzetdə Cənubi Azərbaycanın Biriya, Yusuf, Təhfi, Mehtaq Rza, Əliyarzadə, Mir Mehdi, Yəhya Təhfi, Humay Xanım, Lalə Xanım və s. kimi gənc və istedadlı yazıçı və şairlərinin fəal iştirak etməsi faktı ciddi nailiyyət sayıla bilər. Onların kəskin siyasi əsərləri faşizmə qarşı yönəlib, xalqlar dostluğu, SSRİ-yə rəğbət ruhunda yazılıb ki, bu də qəzetin nüfuzunu daha da artırmış, onu geniş kütləyə yaxınlaşdırmışdır. Təbriz ziyalılarından başqa qəzetin işində İranın Tehran, Miyana, Ərdəbil, Mərənd, Şahpur və digər şəhərlərindən olan 30 azərbaycanlı müxbir də iştirak edir. Buna qabaqcıl ziyalıların, o cümlədən, Cənubi Azərbaycan qadınlarının milli qəzetdə fəal iştirak etməyə böyük meyli də öz təsirini göstərmişdir.

Təbriz şəhərinin qabaqcıl ziyalılarının nəşr olunan qəzetə münasibətini səciyyələndirmək üçün ibtidai məktəb müəllimi Lalənin aşağıdakı məktubunu misal göstərmək olar: “Mən qəzetin birinci nömərəsini aldım və onu həyəcanla oxudum. Belə nömrəyə görə bütün var-dövlətimi verməli olsaydım, bunu böyük məmnuniyyətlə edərdim. Arzu edirəm ki, “Vətən yolunda” qəzeti parlayan ulduz kimi öz şüaları ilə Təbrizin üfüqlərini işıqlandırsın”.

“Vətən yolunda” qəzetində həmçinin Sovet Azərbaycanının yazıçıları, şairləri, jurnalistləri də fəal iştirak edirlər. Bu qəzetin işıq üzü görməsi ilə Təbrizdə İran şairi Balaş Azəroğlunun rəhbərliyi altında antifaşist komitənin fəaliyyəti də güclənmişdir.

Antifaşist komitə mütəmadi şəkildə son dərəcə kəskin məqalə və şeirlərin çap olunduğu vərəqələr buraxır ki, bu da geniş əhali kütləsi arasında böyük populyarlıq qazanmışdır.

Cənubi Azərbaycanın əhalisi, xüsusilə də, kəndliləri arasında ruhanilərin güclü təsirini nəzərə alaraq, tərəfimizdən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu yaxınlarda Bakı şəhərində təşkil olunan Zaqafqaziya ruhaniləri və mömin müsəlmanlarının qurultayında qəbul olunmuş “Bütün müsəlmanlara antifaşist müraciəti” tərəfimizdən İrana göndərilmiş və əhali arasında Azərbaycan və fars dillərində 5.000 nüsxə yayılmışdır. İran ruhaniləri və əhalisi bu müraciəti böyük ruh yüksəkliyi ilə qarşılamışlar. Bu müraciətlə bağlı İranın parlament deputatları Şeyxülislam Məlayiri, Hacı Seyid Rza Firuzbəylinin, həmçinin qazı Mirzə Bağır Ağa, müctəhidlər Ağa Siqqətilislam, Hacı Mirzə Xəlil Ağa kimi görkəmli və nüfuzlu din xadimlərinin mətbuatda işıqlandırılan rəyləri səciyyəvidir.

Bundan başqa, şeyxülislam Əlizadənin başçılığı ilə Zaqafqaziya müsəlmanlarının seçilmiş dini idarəsi bizim təsirimizi daha da gücləndirilmək məqsədilə Cənubi Azərbaycanın din xadimləri ilə şəxsi əlaqələr qurur.

Sovet Azərbaycanının incəsənətdə qazandığı uğurları nümayiş etdirmək məqsədilə İranın iri şəhərlərinə 44 nəfərdən ibarət ansambl göndərilmiş və bu qrup Tehran, Təbriz, Pəhləvi, Rəşt, Ərdəbil, Qəzvin, Maku, Şahpur və Rezaiyyə şəhərlərində böyük uğurla çıxış etmişdir. Bu ansambl sovet qoşunlarının qarnizonlarında çıxışlar etmiş, kasıblar üçün pulsuz konsertlər vermişdir.

Onu da qeyd etmək lazımdır ki, konsert qrupunun İrana ezam olunması Azərbaycan incəsənətinin İranda, ən başlıcası isə, əhalinin Azərbaycan xalqının dünəni və bu gününü əks etdirən, ona doğma və anlaşılan sənətini böyük ruh yüksəkliyi ilə qarşılandığı Cənubi Azərbaycanda təbliğatın nə qədər faydalı olduğunu göstərdi. “Yaşa Azərbaycan”, eləcə də respublikadan gətirilmiş digər mahnılar xalq arasında geniş yayıldı.

İran əhalisi arasında Bakıdan Azərbaycan və fars dillərində yayımlanan radio verilişləri, xüsusilə də, Azərbaycan milli musiqisindən ibarət konsertlər böyük populyarlıq qazanmışdır. Bakıdan radio verilişlərinin yayımlandığı saatlarda Cənubi Azərbaycanın şəhərlərindəki reproduktorlarımız qarşısında Sovet İnformasiya Bürosunun məlumatlarına, döyüşlər gedən cəbhələrdən müxtəlif epizodlara, konsertlərə və s. diqqətlə qulaq asan böyük insan kütləsinə tez-tez rast gəlmək olar.

Sovet İttifaqının, xüsusilə də Zaqafqaziya respublikalarının iqtisadi və mədəni nailiyyətləri ilə geniş tanış olmaq üçün Təbriz şəhərində Mədəniyyət Evinin filialı təşkil olunub.

ÜK(b)P MK-nın qərarına əsasən, biz Təbrizdə rus və Azərbaycan dillərində tam orta məktəbin təşkilinə başlamışıq ki, bunun üçün də ixtisaslı pedaqoji kadrlar, avadanlıq, dərs ləvazimatı və s. seçilmişdir. Bu müddətdə bizim Cənubi Azərbaycanda apardığımız mədəni-maarif işi sosializmə meylli gənclərin sovet məktəbində təhsil almaq arzusunu nümayiş etdirdi. Buna görə də Təbrizdə belə bir məktəbin açılması vaxtında görülmüş aktual bir işdir.

MK-nın qərarına müvafiq olaraq, Təbrizdə səhmdar cəmiy­yət formasında trikotaj-corab fabriki qurulur ki, İrandakı sovet təşkilatları onun sifarişçisi olacaqdır. Bunun üçün rəhbər kadrlar, mütəxəssislər və zəruri avadanlıq, həmçinin müvafiq bina seçilmişdir. Fabrik yaxın zamanlarda, bu məsələ Xalq Xarici Ticarət Komissarlığının xətti ilə tam rəsmiləşəndən sonra açılacaqdır. Biz fabriki elə təşkil etmək istəyirik ki, o, bütün Cənubi Azərbaycanda nümunəvi müəssisə olsun, yerli əhalini, ilk növbədə, qadınları işə cəlb etsin.

Belə bir faktı da diqqətsiz qoymaq olmaz ki, əsasən azərbaycanlılardan ibarət və Cənubi Azərbaycanda nüfuzlu siyasi təşkilatlardan biri sayılan Xalq Partiyasının başında indiyədək erməni Ərdəşir Avanesyan durur. Bu yoldaş, deyilənlərə görə, sadiq və yaxşı rəhbərlərdən biridir, amma bununla belə, milli mənsubiyyəti Xalq Partiyasının gözdən düşməsinə, azərbaycanlıların partiyadan uzaqlaşmasına səbəb olur.

Yuxarıda göstərilən bütün bu faktlar İrandakı bir çox sovet təşkilatlarının hələ də bizim xəttimizi sovet meylli ictimai təşkilatlar və ayrı-ayrı nüfuzlu şəxslər vasitəsilə həyata keçirə bilmədiyindən xəbər verir. Bununla yanaşı, yalnız əhalinin deyil, həm də İranın hökumət dairələrinin, yüksək qurumlarının hesablaşacağı bir vəziyyət yaratmağı bacarmayan İrandakı Sovet qoşunları komandanlığının qətiyyətsizliyini də qeyd etmək lazımdır. Bu hal iranlılar tərəfindən zəiflik kimi qiymətləndirilir, fitnəkar və cinayətkar ünsürlərə isə münaqişələr yaratmaq imkanı verir. Bizim komandanlığın gözü qarşısında kürdlərin uzun müddətdən bəri Azərbaycan əhalisini çapıb-talaması faktını, komandanlığın isə onlara qarşı təsirli tədbirlər görməyib, sadəcə xəbərdarlıqla kifayətlənməsini yalnız bununla izah etmək olar.

Bizə belə gəlir ki, hazırda İrandakı bütün təşkilat və əməkdaşlarımızın işini aşağıdakı istiqamətlərdə yenidən qurub, gücləndirmək məqsədəuyğun olardı: 1. Qəti mövqe tutmaq və müəyyən formada Cənubi Azərbaycandan Məclisə namizədliklərin təsdiq olunmasında təkid etmək.

1.Yaxın vaxtlarda həmkarlar ittifaqlarını birləşdirmək üçün lazımı tədbirlər görmək, fitnəkar və Sovet İttifaqına düşmən elementləri onların rəhbərliyindən çıxarmaq, bizim onlara təsirimizi gücləndirmək.

2.Xalq Partiyası (“Hizbi-Tudə”) rəhbərliyinin nüfuzlu ziyalıların, ilk növbədə azərbaycanlıların hesabına möhkəmləndirilməsinə nail olmaq, ziyalılar, fəhlələr və kəndlilər arasında onun hörmət və təsirinin artırılması üçün zəruri tədbirlər görmək.

3.Cənubi Azərbaycandakı İran hakimiyyət orqanları vasitəsilə mahiyyətcə bizə qarşı yönəlmiş münaqişələr yaradan düşmənlərə, təxribatçı elementlərə, cinayətkarlara qarşı qəti tədbirlər görmək.

4.İrandakı sovet qoşunları komandanlığına, həmçinin, bizim diplomatlara kürdlərin azərbaycanlılar üzərinə hər cür hücumlarının, silahlı qarətlərin qarşısının alınması, kürdlər və azərbaycanlılar arasında normal qarşılıqlı münasibətlərin yaradılması məqsədilə bəzi kürd tayfa başçılarına münasibətdə daha qətiyyətli mövqe tutmaq göstərişini vermək.

5.İranda sovet qoşunlarının yerləşmə zonasında normal ictimai qayda-qanun və intizamın yaradılması üçün bu rayonlarda qarnizonların rolunu və nüfuzunu artırmaq və İran hakimiyyəti tərəfindən həyata keçirilən heç bir inzibati tədbirin sovet qarnizonlarının maraqlarına toxunmamasına nail olmaq.

6.İlk növbədə əhalinin hazırlıqlı hissəsindən istifadə etməklə, kəşfiyyat işlərini gücləndirmək.

7.Mümkün və son dərəcə ehtiyatlı formada kəndlilər arasında bizim işimizin gücləndirilməsinə diqqət yetirmək.

Azərbaycan K(b)P MK-nın katibi M.C.BAĞIROV 14 sentyabr 1944-cü il №391 Bakı şəh.

Cənubi Azərbaycanda baş verən proseslər ABŞ və İngiltərə tərəfindən diqqətlə izlənirdi. Amerikanlar və ingilislər Təbriz konsulluğunda fəaliyyətlərini gücləndirmişdilər. 1945-ci ilin iyulunda Potsdam şəhərində qalib ölkələrin konfransı keçirildi.

Böyük Britaniya nümayəndəsi sovet qoşunlarının İrandan çıxarılması haqqında memorandum təqdim etdi. 21 iyul 1945-ci il tarixdə ingilislər tərəfindən verilmiş memorandumda deyilirdi: “Kral hökuməti və Sovet dövləti İngiltərə-Sovet-İran müqaviləsi bağlayıblar və həmin müqavilənin 5-ci bəndinə əsasən qoşunlar Almaniya üzərində qələbədən sonra ən geci 6 ay ərzində İran ərazisini tərk etməlidir”.

Britaniya hökuməti qoşunların çıxarılmasını bir neçə mərhələyə bölürdü. Birinci mərhələdə qoşunlar İran paytaxtını tərk etməliydi. İkinci mərhələdə ingilis qoşunlarının bir hissəsi Abadanda və İranın neftlə zəngin cənubunda, Sovet qoşunlarının bir qismi də şimal-qərbdə və şimal-şərqdə qalır, qalan hissələri isə ölkədən çıxarılırdı. Üçüncü mərhələdə bütün müttəfiq qoşunları ölkəni tərk etməli idi.

1945-ci iyulun 23-də Potsdam konfransında ABŞ-ın yeni prezidenti Trumen yenidən İran məsələsini qaldırır. Stalin bu təklifə belə cavab verir: “Müttəfiq qoşunlarını Tehrandan çıxarmaq olar?!” Potsdam konfransının qərarında deyilirdi: “Müttəfiqlər öz qoşunlarını Tehrandan çıxarırlar. Müttəfiq qoşunların İrandan çıxarılmasının digər mərhələləri Xarici işlər nazirləri şurasının Londonda keçiriləcək sessiyasında müzakirə olunacaq. Bu sessiya 11 sentyabr 1945-ci il tarixdə keçiriləcək”. Lakin rəsmi Moskva qoşunları çıxarmağa hələ tələsmirdi.

Məhz bu zaman M.Bağırov İrandakı diplomatik korpusda işləmək üçün Bakıda və yerlərdə partiya-dövlət işlərində çalışan azərbaycanlı kadrlar sırasından namizədlər irəli sürməyə başlayır. Elə həmin vaxt M.Bağırovun təkidi ilə azərbaycanlılarla bir çox hallarda fikirləri üst-üstə düşməyən SSRİ-nin İrandakı səfiri A.Smirnov Moskvaya geri çağırılır. Siyasi partiyalar və ictimai hərəkatlar Dövlət Arxivində M.Bağırov tərəfindən tərtib olunmuş bir sənədə rast gəldik. Bu sənədə görə, İranda Azərbaycan probleminin həll edilməsi üçün diplomatik korpusa azərbaycanlı kadrlar təklif edilir.

F №1, siy. №89, iş № 141 Vəzifə və namizədlərin SİYAHISI DİPLOMATİK İŞ Səfirlik (Tehran) 1. Müşavir – Yaqubov Əhəd Əli Əkbər oğlu 2. 1-ci müşavir – Orucov Məmməd Tağı  (Qubanın raykomu).

3.3-cü müşavir – Haşımov Cəbrayıl İsrafiloviç.

Mərkəzi konsulluq (Təbriz) 4. Vitse-konsul – Rəhimov Süleyman  (MK-nın təbliğat şöbəsi).

5.Katib – Mirzə Məmmədov.

Vitse-konsulluq (Maku) 6. Vitse-konsul – Mustafayev Mustafa Seyid Əhməd oğlu.

7.Katib – Seyidzadə (Bu siyahı çox böyük olduğundan, onun yalnız bir hissəsini verdim — A.M.) Artıq 1945-ci ilin avqustunda SSRİ-nin İrandakı yeni səfiri Əhəd Yaqubov Təbrizə gəlir. Onun missiyası İran Xalq Partiyasının (“Tudə”) Azərbaycan şöbəsini Demokrat Partiyası (ADP) ilə birləşdirmək idi. Sentyabrın 6-da M.Bağırov Stalinə aşağıdakı məzmunda məktub göndərir: “Bu gün İran Xalq Partiyasının Təbriz komitəsinin plenumu keçiriləcək. Xalq Partiyasının Azərbaycan şöbəsi Azərbaycan Demokrat Partiyası ilə birləşəcək”. Artıq Sovet qoşunları İrandan çıxana qədər Cənubi Azərbaycanın İrandan ayrılması istiqamətində işlərə start verilmişdi.

Sentyabrda ADP-nin Təşkilat Komitəsi Bakıdan yardım kimi material və texniki təminat almağa başlayır. Bu işlərin təşkilatçıları xüsusi tapşırıqla ezam olunmuş A.Kərimov, H.Həsənov, M.İbrahimov və A.Atakişiyev idi. General A.Atakişiyev M.Bağırova göndərdiyi növbəti teleqramda bildirirdi: “Xaricdə xüsusi xidmət orqanları sovet qoşunlarının yerləşdiyi zonada yerli əhalinin içərisindəki tərəfdarlarını silahlandırır və bu qruplaşmalarla qiyam hazırlayır. ADP üzvlərinin repressiya olunma təhlükəsi var. Ona görə də partiya üzvlərinin silahlanması məsələsini həll etmək lazımdır”.

M.Bağırov bilirdi ki, belə bir vəziyyətdə əsas iş DİXK və DTK nümayəndələrinin üzərinə düşür. Bu işdə ona yenə də L.P.Beriya kömək etdi. M.C.Bağırov L.P.Beriyaya DTK-nın mərkəzə düzgün məlumat vermədiyini deyir və bundan sonra azərbaycanlı çekistlərin məlumatları ilə onu müntəzəm tanış edəcəyini bildirir. M.Bağırovun L.P.Beriyaya müraciət etməsinin əsas səbəbi DTK-nın polkovniki Kərimovun Təbrizdəki erməni diasporunun Cənubi Azərbaycandakı hadisələrdən narahatlığı barədə məlumatı, həmçinin Amerika erməniləri Milli Konqresinin İranda yaşayan ermənilərə müraciəti oldu. Bu, M.

Bağırovun vəziyyətə operativ nəzarət etməsindən xəbər verirdi.

SONU VAR