İlk məhəbbət insanın beyin hüceyrlərinin kod yaddaşına yazılan ilk hiss, ilk baxış, ilk həyacan olduğu üçün heç zaman unudulmur!
***
Bizim kəndimiz Kür çayının sol hissəsində yerləşir. Çayın sahilində hündür söyüd ağacı varıydı. Mən də hər gün günortadan sonra o ağacın kölgəsində əyləşərək, ayaqlarımı suya sallayıb kitab oxuyur, instituta hazırlaşırdım. Bir gün adətim üzrə yenə həmin yerə gələndə baxdım ki, mənim yerimdə bir sarışın rus qızı əyləşib, ayaqlarını suya sallayıb, əlindəki qamışla axan suyu ləpələndirir. Yaxınlaşıb salam verdim. O da gülümsünüb rus dilində salamımı alıb əlini mənə uzatdı:
-Adım Lenadır, bəs sənin?
Qızın bu səmimiyyəti qarşısında bir anlıq özümü itirdim. Handan-hana dilim topuq vura-vura:
-Şad oldum, mənim adım da Vahiddir. – cavabını verə bildim.
-Hə, çox gözəl, deyəsən, sənin yerini tutmuşam. – dedi və gözünü qıyaraq məni süzüb gülümsədi. – İstəsən, rahatlıqla ikimiz də əyləşə bilərik.
Qızın özünü bu qədər sərbəst aparmağı qəribə gəlsə də, Lenanın yanında əyləşdim.
Lena ilə tanışlığımız təsadüfən yaransa da, bu tanışlıq ürəyimcə oldu. Lenanın gözləri dənizə, saçları sarı sünbülə, üzünün çilçilləri buğdaya bənzəyirdi. Gördüyüm andan bu qeyri-adi gözəllyin qarşısında özümü itirdimmi, yoxsa ilk baxışdan aşiqmi oldum, onu anlaya bilmədim. Amma qəlbimdən bir sızıltı keçdiyini hiss etdim. Bir sözlə, dosluğumuzun təməli atılmışdı.
Lenagil yaxınlıqda yerləşən hərbi hissənin şəhərciyində yaşayırdılar. Atası Valeri Aleksandroviç hərbi hissənin mayoruydu. Bunların hamısını Lena söhbət əsnasında söyləmişdi. Lena səkkizinci, mən isə onuncu sinifi bitirib imtahanlara hazırlaşırdım. Sənədlərimi Azərbaycan pedaqoji institutuna vermişdim. Ümid edirdim ki, qəbul olacam.
Demək olar ki, hər gün söyüd ağacının altında görüşüb uzun-uzadı söhbətlər edirdik. Lena deyirdi:
-Mənim atam, anam Rostov vilayətində doğulub, indi orda nənəmlə babam yaşayır. Bizim kəndimizin yanından Volqa çayı keçir, sizin Kür çayı kimi o çay da sürətli axır. Elə bizim kəndimizə bənzıyir bu yerlər, ona görə də sevirəm buraları.
Hərdən biranlıq baxışlarımız toqquşanda gözlərimiz danışırdı bizim əvəzimizə. Hiss edirdim ki, alışmışam bu qıza. Onu bir gün görməyəndə darıxır, özümə yer tapa bilmirdim.
İmtahanlarla əlaqədar Bakıya gedəsi oldum. Dörd imtahanın hamısından “yaxşı” və “əla” qiymət aldım. İyirmi gündən sonra kəndə qayıtdım. Evdə qərar tapa bilmirdim, Lenanı görməyə tələsirdim.
Bu görüşdə birinci dəfəydi ki, Lena məni qucaqlayıb, pıçıltılı səslə söylədi:
-Sənsiz çox darıxdım…
Başını sinəmdən çəkmək istəmirdi. Anidən özümdən ixtiyarsız onun sünbül saçlarını öpüb dedim:
-Lena, mən səni sevirəm…
Lenanın buğda çilli yanaqları qızardı, pıçıltılı səslə dedi:
-Bu iyirmi gün ərzində mən də səni nə qədər sevdiyimi anladım.
***
Sentyabrın biri dərslər başlayırdı. Biz bir-birimizdən necə ayrı qala biləcəyimizi təsəvvür edə bilmirdik. Amma məcburi təhsilimi davam etdirməliydim. Bakıya gəldikdən sonra demək olar ki, hər gün məktub yazırdım. Lena da cavab yazırdı.
Bir neçə gün məktubların arası kəsildi. Çox nigaran idim, heç bilmirdim neyləyim.
Birinci semestr imtahanları verən kimi kəndə yollanıb hərbi şəhərciyə getdim. Ordakı tanışlardan öyrəndim ki, Lenanın atasının xidmət yerini dəyişib Kemerovo şəhərinə göndəriblər. Çox məyus halda geri döndüm. O vaxtdan illər keçsə də, onu unuda bilmədim. Hətta həsrətimi bir bənd şeirlə ifadə etməyə çalışmışdım:
Qaranlıqda itən günü,
Gün batmamış bitən günü,
Ötən çağı, ötən günü,
Bu günümdə axtarıram.
***
İnstitutu bitirdim, təyinatımı kənd məktəbinə verdilər. Həmin kənddən olan bir qızla ailə həyatı qurdum. Evliliyim öz axarlyla davam edirdi. Tezliklə bir oğlumuz dünyaya gəldi. Uşaq gəlişiylə məni o qədər sehrlədi ki, hətta öz-özümü dedim:
-Bəlkə də, belə yaxşı oldu, demək qismətim beləymiş.
Amma o dəli sevdanı da unuda bilmədim.
***
İllər keçdi, Bakı şəhərində bir instituta müəllim işləməyə dəvət etdilər məni. Bu dəvəti qəbul edib, ailəmlə birgə Bakıya köçdüm. Uşaqlar böyüdü, hər birini el adətiylə evləndirdim. Onlar da, bu cəfakeşliyim müqabilində mənə babalıq sevinci bəxş etdilər. Nəvə sevincini, qoxusunu duyub hiss etmək deyərdim ki, dünyanın ən şirin nemətidir. Bu xoşbəxt ailə sevinci heyif ki, çox çəkmədi. Həyat yoldaşım uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Bu itki ilə barışmaq mənə çox çətin oldu. Nəvələr, övladlar nə qədər başımı qatsa da, yenə də özümü tənha hiss edirdim. Bu ərəfədə yaxın bir dostumun zəngi gəldi. Çoxdandır görüşmürdük. Hal-əhval tutduqdan sonra harda olduğunu soruşanda Kemerovo şəhərində ticarətlə məşğul olduğunu söylədi. Kemerovo adını eşitdikdə bir anlıq məni gəncliyimə qaytardı. Dostumdan Lenanı tapmasını xahiş etdim. O da: «narahat olma, mütləq tapacam», deyib sağollaşdı.
Səbirsizliklə dostumun zəngini gözləməyə başladım. Nəhayət bir müddət sonra gözlədiyim zəng səsi gəldi. Mənə Lenanın nömrəsini tapmışdı. Nömrəni əllərim titrəyə-titrəyə bir təhər yığdım. Dəstəyin o biri başında Lenanın bu günə qədər unuda bilmədiyim səsi eşidildi:
-Alo.
-Salam, Lena, mənəm Vahid, xatırladınmı?
Bir qədər Lenanın səsi eşidilmədi. Daha sonra hıçqırıq səsi duyulurdu. Özümdən asılı olmadan gözlərim dolmuşdu.
Söhbət əsnasında məlum oldu ki, Lenanın da həyat yoldaşı dünyasını dəyişib, qızı Svetlana ilə birlikdə yaşayır. Mən ona Azərbaycana gəlməsini təklif edəndə, verdiyi cavab bu günə qədər də məni incidir:
-Mənim ayaqlarım yerisəydi, həyat yoldaşımın ölümündən sonra ilk döyəcəyim qapı sənin qapın olardı, Vahid. Mən səni heç vaxt unutmadım…
Qəhər məni boğdu, deməyə söz tapmadım. Telefon qulağımda udquna-udquna qaldım.
14.09.2023