MAHİR CAVADLI -şeirlər

Ədəbiyyat

PAYIZ

 

Əzəldən payızı heç sevməmişəm,

Nə o tərəflikdir, nə də bu yanlıq.

Gah sevgi fəslitək düşüb dil-dişə,

Gah da sel-suyuyla vurub ziyanlıq.

 

O sevdiyim qız da payız fəslində

Bir “yox” kəlməsiylə qəlbimə dəyib.

O payız bircə söz məni, əslində,

Könüldən sındırıb, qəddimi əyib.

 

Payız günündəyəm indi mən özüm,

Sirr deyil, bilirəm üzüqışayam.

Allahım, taqət ver, bir az da dözüm,

Gələn payızadək gərək yaşayam.

oktyabr, 2023

 

QAYIDARIQ, İNŞALLAH

Zəngilana qədəm qoyanda Hacı Mədinə xanım diz çöküb torpağı öpdü

 

Ziyarətin mübarək, baş əy doğma torpağa,

Çınqıl dizliyin olsun, söykən kəsək balınca.

Sinə dağın yox olsun, ürəyin dönsün dağa,

Ağla, nəm gözlərindən dərd yükün boşalınca.

 

Bitdi daşnak fitnəsi, yox erməni bəlası,

Otuz illik həsrətin sanma izsiz qalası,

Cəddinə nəzir dedik, Ağamızın balası,

Ürək yurda can atdı, ac çapantək qılınca!

 

Duaların bitməzdir, Allah qəbul eləsin,

Bəsdir dərd-ələm çəkdik, sevinci bol eləsin,

Yurda getmək istəyən hamıya yol eləsin,

Gecəyə dua etdik, sübh namazı qılınca.

 

İlk səhəri al günəş salamladı, xoş oldu,

İlk iftar süfrəsini yurdda açdıq, nuş oldu,

Havasından, suyundan dadanlar bihuş oldu,

Dovğası, göyərtisi, çörəkdə ki,- qalınça!

 

Bax çəkilən yollara, relslər düzüm-düzüm,

Qayıdarıq, inşallah, bir az hövsələ, dözüm!

Demə həsrətlə getdi yarısı ömrümüzün,

Uzanar ömrümüz də, yurdda məskən salınca,

Zəngilanlı olaraq, Zəngilanda qalınca!

aprel, 2023

 

SALAM, OD-OCAĞIM

 

Qara saça qar ələnib, dən düşüb,

Gəncliyimi burda qoyub getmişəm.

Heç bilmirəm illər necə ötüşüb,

Sanırdım ki, tükənmişəm, bitmişəm.

 

Gəlirəm, doğma yurd, doğma məmləkət,

Səni abad edim, ağıllı görüm!

Araz qırağında yeniləşən kənd,

Barlı-bərəkətli Ağalı görüm!

 

Alın tərim hopsun xam torpağıma,

Yanıb köz-köz olan külü gül açsın,

Baş əyim bəy obam, xan torpağıma.

Talanmış divarı, daşı dil açsın.

 

Başını dik saxla, şəhid məzarım,

Sıxma ürəyini, yenə varıq biz!

Dönür Zəngilanlı günüm, güzarım!

Tək Vətən qoynunda bəxtiyarıq biz!

 

Həkəri, Xan Araz sevinc göz yaşın,

Bəsitçay bəmindir, Oxçu zəngulən!

Şükrətaz, Süsənlə ucadır başın.

Gəlirəm, doğma yurd, Qızıl Zəngilan!

fevral, 2021

 

SƏNİN axı NƏ YAŞIN Kİ…

Vətən müharibəsinin iştirakçısı olmuş gənc həkimlərə

 

Cavan həkim,

Axı sənin nə vaxtın ki,

Bu yaşında

yaddaşında

kadr-kadr, şəkil-şəkil

ölüm-itim, can qorxulu,

barıt iyli. qan qoxulu

xatirələr ötə-ötə

qərq olasan küdurətə?!..

Nə vaxtındır sənin axı?

Göz yaşını içdə sıxıb,

sağ yumruğun qəzəbiylə

sol ovcunu döyəsən ki,

deyəsən ki:

“Yaşının çox gənc çağında

şəhid olub qucağımda,

can tapşıran o igidlər,

tutub qazilik yolunu

sağ əlini, sol qolunu,

gözlərini, ayağını,

həyat, yaşam dayağını

“Vətən sağ olsun” deyə

itirən hər igid, ər

mənim səngər yoldaşımdır,

zabit, əsgər, qardaşımdır.”

Cavan həkim, sənin axı, nə yaşındır?!..

Desəm bu qorxulu hissləri

bir az unut, daşındır,

günahım böyük olar.

Bu, sənin ömür boyu

ürəyində bir yük olan

yol yoıçun, dərddaşındır.

Cavan həkim,

düzdür heç kim

taleyindən qaça bilməz.

Bəndə suçlu, Tanrı hakim!

Bir kimsə baş aça bilməz.

Ancaq o da sirr deyil ki,

bütün dünya deyir ki,

getdiyiniz mərd yoluydu!

Dara düşəndə Vətən

canına uf demədən

şəhid olanlarımın,

qazi qalanlarımın

qeyrət adlı sərt yoluydu.

Çəkdiyin ağrıları

demirəm unut, boşla,

aç o dərd sarğıları,

yeni bir günə başla!

Qoşa gəz dağı, daşı,

düzlərin gülünü dər!

Tanı dostu, yoldaşı,

qızların gülünü dər!

Çaylarında yuyunub,

sev dəniz havasını!

İçib bulaq suyunu,

ud təmiz havasını!

Günəş üzünə gülsün,

dan çağı nura boyan.

At dərd-səri, gülümsün,

başı dik tut, şux dayan!

Azad Vətən, yurd evin,

xoşbəxt elin, xalqın var!

Deyib-gül, şadlan, sevin,

Sənin buna haqqın var!

Sənin buna haqqın var!

11.2020

 

ÇƏKİLİR

 

Vətən dərdi tüğyan edir içimdə,

Bağrım başı sanki şişə çəkilir.

Dərd var ki, çarəsi bir həb biçimdə,

Bu dərd içdə şişə-şişə çəkilir.

 

Həyat bizə hər an “bəxşiş” gətirir,

Çarəsiz, əlacsız bəd şiş gətirir,

Birinin üstünə beş-beş gətirir.

Dağ olub sinəyə, döşə çəkilir.

 

Təklənib bəşərin qartal balası,

Əsir düşüb Şuşam, — qartal qalası,

Gözəl təbiəti yurdun bəlası,

Sərvətimiz quduz dişə çəkilir.

 

Daş olub sinəmdə cavabsız sual,

Deyirlər dillənmə, ağzına su al!

Neyləyim, ömrümü çürüdür bu hal,

Şirin yuxularım ərşə çəkilir.

oktyabr, 2019

 

QƏHRƏMAN SİVAS

 

Hər bir addımında tarixin izi

Sevgiylə yaşadır tariximizi.

Burda çox düşmənin qatlanıb dizi,

Zəfər dastanıdır cəngi, davası,

Mən belə tanıdım qoca Sivası!

 

Fatehlər oylağı, ərlər meydanı,

Cahana hökm etmiş xanı, xaqanı,

Sivaslıya can de, alsın qadanı,

Oxşasın könlünü sazın havası,

Sözlə tərif etsin Xoca Sivası!

 

Dağlar ətəyində şahanə diyar,

Ay-ulduz sevdalı cavan, ixtiyar!

Qarabağ eli də ola bəxtiyar,

Şuşam könül verib quça Sivası,

Ad-sanı ucadan-uca Sivası!

Sivas, Türkiyə, may 2020