Şükür, bizi görüşdürənə,
Bu görüş oldu qismətim.
Sanma bu görüş asan oldu,
Çox olub bu yolda əzabım, əziyyətim.
Çiynimdəki şələ dərd yükünü
saxlaya bilmir ayağım,
kömək üçün hazır durub,
əlimdə çəlik – əsa-dayağım.
Dönüb arxaya baxanda
gah qəhərlənirəm, gah qürur duyuram.
Kama yetməyən, gözümdə qalan
nakam arzularıma layla oxuyuram.
Həyatda qazandığım uğurlarıma
baxıb sevinirəm, şadlanıram.
Uça bilməsəm də, yerimdə
qanadı qırıq quştək qanadlanıram.
Görürəm, hər gün, hər an azalır
ətrafımdakı dost-tanışlar.
Onlar azaldıqca artır qəlbimdə,
könlümdə qəm, qübar.
Ömür yolum keçsə də
çovğunda, şaxtada, qarda,
bu yol bizi görüşdürdü,
yenə al-əlvan baharda.
Şükür, rəbbimə, qismətim oldu,
gördüm necə tarimar oldu yağı.
Şükür, gördüm, mərd ordumuz
necə azad etdi Qarabağı!
Şükür, bizi görüşdürənə,
Bu görüş oldu qismətim.
Sanma bu görüş asan oldu,
Çox olub bu yolda əzabım, əziyyətim.
01.03.2025, Bakı şəhəri