Xaliq Məmmədov «Məhəbbətin qırmızı rəngi» (hekayə)

1.

May ayının sonlarına yaxın, bazar günü Sərdardan zəng gəldi. Son bir-iki ildə onlar üçün bazar axşamları zəngləşmək adətə çevrilmişdi. Salam-kəlamdan və bir-birilərinin səhhətləri barədə sorğudan sonra Sərdar suala keçdi:

— Hə, qardaş, indi de görüm, nə vaxt gəlməyi planlaşdırırsan bu il?

— Mən yalnız avqust ayında gələ bilərəm. Uşaqların imtahanları iyunda, təcrübə işləri iyulda olur. Avqust bir az boşluq olur.

— Elə də bilirdim. Demək, uşaqlar da gələcək! Bilirsən, əla, çox əla!

— Cavan oğlan, bir de görək nə məsələdir, özün deyib özün razı qalırsan, — Azad zarafatla sual etdi.

— Cəfərə toy etmək fikrim var. Elə gəlməlisən ki, toyda olasan. Uşaqların da gəlməyi lap yerində olacaq! Onda belə danışaq: mən toyu avqustun ortalarına planlaşdırdım. Dəqiq tarixi bir neçə günə deyəcəm sənə.

Razılaşdılar. Sərdarla Azadın dostluğuq tarixi 80-ci illərə gedir. Sərdar ailəsi ilə bir neçə il Sibirdə yaşadı. Onlar 90-cı illərin sonunda köçüb Azərbaycana gedəndə böyük oğlu Cəfərin 10 yaşı, ikinci oğlunun səkkiz, qızı isə hələ südəmər körpə idi. O vaxtdan 12- 13 il keçsə də, dostluq münasibətləri azalmamış, əksinə, daha da güclənmişdi. Hər il gedəndə görüşürdülər. Sərdarın yoldaşı Dilbər onu özünə qardaş sayır, Cəfər isə əmi tək sevirdi.

Azadın böyük oğlu eşidəndə ki, Cəfərin toyunda iştirak edəcəklər, çox sevindi. Bir yerdə böyümüşdülər, dostluqları vardı.

 

2.

İki gün idi Bakıdaydılar. Səhər toy günü idi. Bakıdan ora 120-130 km yoldur. Səhər tezdən çıxmaq lazım idi.

Havadan od yağdığı üçün Azad gecəni çox pis yatdı. Saat səkkiz idi, durdu ayağa. Tez tələsik  yuyundu, bir istəkan çay içib oturdu maşına:

— Getdik, bala, tələs! — oğlunu səslədi.

Sərdar gilə çatanda saat on bir olardı. Toyun bütün hazırlıqları görülüb qurtardığı üçün Sərdar evdə idi. Toy yerinə günortadan sonra gedəcəkdi. Sağ olsun cavanlar, hər sualı nəzarətdə saxlayaraq nə lazım olsa, cəld yerinə yetirirdilər. Ona görə də, Sərdar arxayın idi.

Qucaqlaşdılar. Azad Sərdarın ağaran saçlarına işarə edərək:

— Deyəsən illərə üstündə ağalıq etməyə icazə verirsən, qardaş, — dedi.

— Mən hələ tab gətirə bilirəm. Sən burada yaşasaydın, çoxdan qocalmışdın. Burada dərd — qəm tez yapışır insandan, ya da, biz özümüz axtarıb tapırıq dərdi — qəmi. Mentalitetə uyğun olaraq! — Sərdar sevir mentalitet sözünü tez-tez işlətməyi. Həm də sevir atılan addımları mentallıqla əlaqələndirməyi.

Cəfər də çıxdı qonaqları salamlamağa. Qucaqlaşdılar. Nədənsə, Cəfər qəmgin görünürdü.

…Toy başlamışdı. Az qala, qulağı kar edəcək musiqinin gurultusunda hərdən bir eşidilən xanəndə səsindən başa düşmək olardı ki, toyda mahnı da oxunur. Mahnıların söz mətni eşidilmirdi, akustika qulaqları dəli olmaq dərəcəsinə çatdırmışdı. Azad səs-küyə dözə bilməyib bayıra çıxdı. Aşağıda gün üzü dostu gildə  tanış olduğu iki-üç nəfər qohumun  şirin söhbət etdiyini görüb, onlara yaxınlaşdı. Söhbət toyun gedişindən, gəlin və özünəbəyin hazırlığından gedirdi.

Azad bu söhbətdə Cəfərin nişanlısının hələ həddi buluğa yetmədiyini, ərə getmək vaxtına iki il çatmadığını eşidəndə təəccübünü gizlədə bilmədi.

O dostunun — Sərdarın patriarxal ənənələri çox sevdiyini bilirdi. Bu xasiyyəti ilə Sərdar həmişə  mübahisələrdə seçilirdi ətrafındakılardan. Çox suallarda olduqca fanatik mövqe tuturdu.

Azad, Sərdara gəlinin yaşını nəzərə alaraq deyəndə ki, «qanun səni təqib etməz ki?», o güldü.

— Birincisi, mən əlbətdə, «papaqla vurub, yıxılmasa ər vaxtıdır» deyənlərdən deyiləm. Amma, adətimiz var, min illər boyu görmüşük, qadın 14- keçdi evlənə bilər. Mənim gəliniminsə 16 yaşı var…

— Gözləmək olmazdı iki il? — Azad kəsdi Sərdarın sözünü.

— Sağ olsun indinin cavanlarını, etibar qalıb ki, onlara? İkincisi, qaldı qanun məsələsinə, bax, o tamadanın yanında stolda üç nəfəri görürsən, bu rayonun birinci polisləridir,- dedi.

… Azərbaycan toylarına xas olan bəzi lazımsız məqamları, səs-küy, başa düşülməyi qeyri-mümkün musiqini, lazımsız yemək çoxluğu kimi işləri nəzərə almasaq, toy öz-özlüyündə çox gözəl keçdi.

 

3.

Toy yerindən təzəcə evə gəlmişdilər. Heç kimin düşünə bilmədiyi, ağıla gəlməz bir hadisə baş vermişdi. Cəfəri görmək istəsələr də, tapılmadı özünəbəy. Ora Cəfər, bura Cəfər — bilən olmadı Cəfərin yerini.

Bu zaman isə Cəfər üç-dörd kilometr aralı qonşu kəndə çatmışdı. O Zakir adlı bir dostundan onu bircə saatlığına qonşu kəndə aparmağını xahiş etmişdi. Dostu etiraz etsə də, axır razı oldu:

— Otur, gedək. Amma, bu addımın çox səhvdir. Hər gün gedirsən, bu hər ikinizə baha başa gələ bilər,- dedi.

— Mənim üçün islanmışın yağışdan nə qorxusu! Mən, Mətanətin adına söz gəlməyini istəmirəm. Amma, özün bilirsən, gündə getməyim də ona görədir ki, yola gətirə bilmirəm, başa sala bilmirəm onu. Gərək, çoxdan məcbur aparaydım.

— Bilirsən ki, atası kəndin hörmətli ağsaqqallarından biridir. İstər kənddə, istər rayonda onun sözünü iki eləyən adam tapılmaz. Xasiyyəti isə çox ağırdır. Konflikt yaransa, pis olacaq.

Qonşu kəndə çatdılar. Kiçik bir dükanla üzbə-üz böyük bir evin qabağında dayandılar. Cəfər maşından düşdü.

— Uşaqlıq etmə ha, Cəfər. Sözün varsa de, tez də qayıdaq gedək! — dedi maşın sahibi.

Darvazanın yanında iki qız uşağı dayanmışdılar. Böyüyün 9-10 yaşı olardı. Cəfər yaxınlaşdı.

— Salam, Pərvanə, bir dəqiqə yaxın gəl mənə,- dedi.

Uşaqların böyüyü yaxınlaşdı.

-Salam, Cəfər əmi! — dedi.

Görünürdü, qız uşağı Cəfəri yaxşı tanıyır.

— Pərvanə, qəşəng bala, evdə kim var, deyə bilərsən?

— Anam, nənəm və Məti.

— Mətanəti çağıra bilərsən bir dəqiqəliyinə, amma, gərək anan və nənən bilməsinlər?

— Hə, bacararam.

— Mən o yanda olacam, gözləyəcəm!

Uşaq girdi həyətə. Cəfər qayıdıb avtomobilə yanaşdı.

— Dayanaq də, bir azca! — xahiş etdi. — Sür maşını bir az arxaya.

Maşın azca arxaya qayıtdı. Cəfər də aralanıb həyət qapısından 30-40 metrlikdə dayandı.

…Görüşdülər! Yazıqlaşmış bu iki gənc son arzularla qarşı-qarşıya dayanmışdılar, son dəfə. Hər ikisinin vücudunu qorxu, təlaş hissi cilovlamışdı. Cəfərin baxışları yerə zillənmişdi, san ki, başını qaldırıb qızın üzünə baxmaqdan qorxurdu. Pıçıltı ilə danışırdılar.

Qəfil,Cəfər  qaldırdı başını, tutdu qızın qolundan.

Mətanət dartındı, səsini ucaltdı:

— Burax, Cəfər, dəli olmamısan ki! Görsələr axırıma çıxacaqlar!

— Məti, ürəyim! Amandır, razı ol! Ayrı əlac yoxdur, gəl indi qoşulaq gedək.

— Yox, Cəfər! Dedim sənə. Atamı tanıyırsan, hər ikikmizi doğrayar. Bir də mən onun canına and içmişəm, söz vermişəm bu barədə. Həm də… bir də ki, sənin toyundur, Cəfər… Mənsiz toyun. Gecikdik biz, Cəfər! — Mətanət dərd içində pıçıldayırdı.

— Məti, bu gün toyum deyil, arzumun-niyyətimin matəm günüdür! Sənsiz… Nə olaydı, çıxıb gedə biləydik birgə!

— Yox! Qismət bu imiş! Qurtaraq bu söhbəti, Cəfər.

Donun qolunun ucundan bir dəsmal çıxararaq Cəfərə uzatdı:

— Al bunu, Cəfər. İtirmə! Qoy sənə son hədiyyəm olsun… — Mətanətin gözlərindən yaş sel tək axırdı…

Bir az aralıda — oğlanlı, qızlı — cavanların şən səsləri, qəh-qəhələri eşidilirdi. San ki, axşamın sakitliyini pozan bu gülüş səsləri iki dərdli ürəyin yükünü daha da ağırlaşdırmağa çalışırdılar…

 

4.

Biləndə ki, qonşu kəndə gedib, «doğrayacam dəyyusu!»- dedi atası. Sərdarın yoldaşı Azaddan xahiş etdi:

— Sən allah, sən də get uşağın dalınca. Dədəsi sənə qulaq asır, amma, tək getsə onu orada məhv edəcək!

Azad bir yerli cavan uşaqla getdi Cəfərin dalınca. Cəfərin dostlarından idi, bilirdi Cəfəri harada axtarmaq lazımdır…

Artıq Cəfərlə arxaya qayıdırdılar. Yolda maşından düşüb 5-10 dəqiqə su kənarında dayandılar. Azad ondan bu hərəkətinin, evdən qaçmağının səbəbini sual etdi:

— Cəfər, qardaşoğlu, bu nə hərəkətdir? Toyundur, qaçırsan evdən!

Cavab vermədi, susdu.

— Bilirsən, xatirini necə istəyirəm! Amma, düzgün etmədin. Yox, ayrı dərdin var, mənə de, -Azad sualı təkrarladı.

— Əmi, mən evlənmək istəmirəm! — dedi.

— Yaxşı, birincisi, gecdir və bu sözünü atana deməliydin lap çoxdan. İkincisi, axı, yaşın da az deyil.

Çox fikirləşdi, nəsə demək istədi, susdu. Axırdan-axıra:

— Mən demişdim atama- anama, Zərişi bacım saymışam!

…Azadın oğlu təklikdə atasına Cəfər barədə bəzi söhbətləri edəndən sonra, Azad vəziyyəti aydın başa düşdü, Cəfərin yolda nə demək istədiyini anladı.

Həyatda ilk ciddi addımın, ilk böyük ürək arzusunun daşa dəyməyi faciyədir və Azada yaxşı tanışdır bu faciyə! Əfsuslar…

Bütün bunları düşünərək, həyətdə Azad Sərdara deyəndə ki, «səhv etməmisən ki, oğlunu belə yolla evləndirməklə?», dostu cavab verdi:

— Tam azəri xalqımın dədə-baba qaydasına uyğun bir iş! —  Və əlavə etdi: — İllərdir ki, qızı deyikləmişik. İki valideyin-iki kişi danışıb barışmışıq çoxdan. Papaq qoyuruq!..

— Nə deyim, vallah… Yaxşı, bəs bu yaxın qohumluq, yoldaşının bacısı qızını gəlin gətirmək nə qədər düzgündür?

— Nə olsun, Dilbər də mənim dost-doğmaca xalam qızıdır.

Azad bu qəribə qohumliuq kombinasiyasını düşündü, acınacaqlı vəziyyət yaranmışdı. Axı, gəlin və özünəbəy ikicə pillə qabaqda bir baba-nənə övladı idilər!

— Bəs, qızın-oğlanın bir-birinə (istədi «məhəbbəti» sözünü işlədə, yadına düşdü ki, məhəbbət mentalitetin hakim olduğu yerdə «işləmir ) ürəyi? — soruşdu.

-Bir az yaşasınlar evli vəziyyətdə, ürəkləri düzələcək. Hələ uşaqdılar, xeyirlərini-şərlərini nə bilirlər? Biz valideynlər nə üçünük bəs, göstərməliyik, istiqamətləndirməliyik. Ağlını Rusiyetə vermə, qardaş. Bura Azərbaycandır, bizim mentalitet icazə verməz ki, başqa cür olsun, uşaq da valideynə qarşı çıxsın!

Gecə düşmüşdü. Az da olsa ara sakitləşmişdi. Amma, Dilbərin gözləri yaş olduğundan başa düşmək olardı ki, toy qurtarsa da, Cəfər gəlib çıxsa da, problemlər qurtarmayıb.

Artıq gec idi. Yatmaq lazım idi.

 

5.

Cəfər içəri, gəlin olan otağa girəndə Zərişin bir küncə qısılb oturduğunu, balaca əlləri ilə üzünü örtdüyünü gördü. Cəfərin ürəyi ağrıdı. 23 yaş az deyildi, həyatı, adət-ənənələri gözəl bilirdi. Və bilirdi ki, onun zor-güc evlənməsində Zərnigarın heç bir günahı yoxdur. Həm də gözəl başa düşürdü ki, daha iş işdən keçib, o bu gündən evlidir, gözəl Zərnigar onu həyat yoldaşıdır. Amma, bacarmırdı özü ilə. Ürəyi uzaqlarda idi və Zəriş də bunu bilirdi.

Oturdu qızın yanında. Susmuşdular. Qonşu otaqda isə səslər eşidilirdi, stəkanların cingiltisi gəlirdi. Cəfər də, Zəriş də yaxşı bilirdilər o səs-küy kimlərindir.  «Sevgi aktına», həm də gəlinin təmizliyinə şahidlik etmək üçün «nümayəndə heyəti» yan otaqda oturmuşdular. «Gözətçi postu»nda iki qadın Cəfərin bayıra çıxmağını gözləyirdilər ki, girsinlər yataq otağına və halallığın -bakirəliyin sübutunu götürüb qoysunlar ortaya. Bu «dəlil — sübut» kimə lazım idi? Evlənən Cəfər idisə özü hər şeyi görməliydi…

Beş-on dəqiqə qabaq əmisi arvadına yalvarmışdı, işarə ilə demişdi ki, lazım deyil bu şahidlər. Xeyiri olmamışdı. Ürəyincə olmayan evlənmək faktı bir yandan, digər tərəfdən də qonşu otaqda pusquda duranların danışıq səsləri onu tam ruhdan salmışdı.

Cəfər özünü çox piss hiss edirdi. Heç vaxt belə dilxor olduğu, ruhən sındığı ağlına gəlmirdi.

Məsum, etiraz və nəyəsə müqavimət göstərmək kimi Yaradanın bəxş etdiyi hüquqlardan xəbəri olmayan bir qız uşağının göz yaşı içində pıçıltısı Cəfərin ürəyini parçaladı, onsuzda ağrılı sinəsini ox olub dəlib keçdi:

— Ayağının altında ölüm, Cəfər! Məni günahkar sayma. Başımıza gələnlər göydən gəlib. Bütün baş verənləri Haqq-təala yazır və göndərir yerə, mən bədbəxt nə edim?

Cəfər Zərnigarın başını sinəsinə sıxdı:

— Zəriş, sən sakitləş və uzan yat. Hər şey yaxşı olacaq.

— Necə yatım, mən neçə gün ağladım, göz yaşı tökdüm. Yalvardım anama, qol qoymayın bu işə. …Alnıma yazılan budu, yazını kim poza bilər?

Bir saatdan çox dərdləşdilər. Artıq, arada yumşaq mühit yaranmışdı. Burada dərdləşənlər evlənənlər yox, iki xalauşağı idilər…

Nəhayət, Cəfər ayağa durdu:

-Bax, Zəriş, sən soyun gir yatağa. Mənsə çıxım görüm o «gözətçiləri» uzaqlaşdıra bilərəm, yox?

Qapını açıb dəhlizə çıxan tək, açılan qapının səsini eşidən «nümayəndə heyəti» özünü verdilər gəlinin otağına. Cəfər əvvəlcə istədi etiraz edib nəsə desin. Demədi, nəsə düşünüb endi həyətə.  Cavanlar oturmuşdular həyətdə. Azadın oğlu da burada idi. Cavanlar artıq sual vermədilər Cəfərə. Onlar vəziyyəti başa düşmüşdülər. Cəfər sakitcə bir qıraqda əyləşdi.

Yuxarıdan səs-küy gəldi. Əmi arvadı yaxınlaşıb Cəfəri dəstəkləyib çəkdi yuxarı. Anası da burada idi, qadınlar çox deyinirdilər.

-Belə də iş olar? — deyərək onu itələyib saldılar gəlin olan otağa…

 

6.

Səhər saat doqquz olardı Azad oyananda. Səhər yeməyi yeyiləndə nəsə qanıqaralıq olduğunu aydınca görmək olardı. Həyətdə oturmuşdular, heç kim danışmaq istəmirdi. Bu dilxorçuluq Azada da sirayət etmişdi. O şəhərə qayıtmaq barədə düşünürdü. Getmək məqamında Azadın oğlu Azada yaxınlaşıb astadan:

— Cəfər yalvardı mənə, dedi: «Əmimə de, razılıq versin, siz nə vaxt Rusiyetə gedəndə gəlim, mən də gedim sizinlə, nə olar? İşləyim orada!» — söylədi.

Azad qəti etiraz etdi. Sağollaşıb ayrıldılar. Azadgil üz tutdular şəhərə.

Gəlinin otağındakı ağ mələfənin rəngi isə yalnız ikinci gün dəyişdi, qırmızı oldu…

 

Epiloq

Üç ildən çoxdur, Cəfər gedib Rusiyaya işləməyə. İlk əvvəl o gəldi Azadın yanına. Nə qədər Azad çalışsa da, Cəfəri evlərinə qaytara bilmədi. Bir aya yaxın Cəfər onlarda qalıb üz tutdu şimal rayonlarının birinə.  Deyilənə görə, evə gəlmir. Ərli-dul cavan qız yaşayır qaynatası-xalası gildə, Sərdar demiş: «mentalitetə uyğun olaraq»…

Sərdarla Azadın dostluğu da əvvəlki şirinliyini itirdi, yavaş-yavaş endi heçə.

Bu məsələnin davamı kimi qeyd edək ki, Cəfər və onun kiçik qardaşı körpəlikdən iki xəstəliklə üzləşiblər. İkisi də gözlərində və ürəklərində problemlə yaşayırlar. Görəsən, Sərdarla Dilbərin yaxın qohumluqlarının nəticəsi deyildi ki, bu xəstəliklər?

Bu gözəl cavanlara səmimi qəlblə sağlamlıq arzu edirik…