Mənim ilk müxbirliyim. Süleyman Abdulla

Fikirlər Xatirələr

90-cı illərdi, iş axtara-axtara gedib bir qəzet redaksiyasına çıxdım. Baş redaktor məni yaxşı qarşıladı, o vaxt az-çox çap olunurdum, imzamı dərhal tanıdı və:- daha nəyi gözləyək, dərhal başla işə,- dedi. İlk tapşırığım, o vaxt ki Ekologiya və Təbii Sərvətlər Komitəsinə getmək, komitə sədrindən müsahibə götürmək və məqalə yazmaq idi. Təğyiri-libas olub düşdüm yolun canına, soraqlaşa-soraqlaşa gəlib çıxdım Əhmədli tərəflərə, birtəhər komitənin yerləşdiyi binanı tapdım. Sədr yerində idi, katibə gəldiyimi deyən kimi məni qəbul elədi. Həyəcanlı idim, zarafat gəlməsin o boyda dövlət məmurundan müsahibə götürmək!…

Baş redaktorun təlimatı üzrə hazırladığım sualların birincisini verdim.

– Deyirlər ki, Xəzər dənizindəki yataqlardan qaz havaya uçur, bunun qarşısını necə almaq olar və niyə almırsınız?

Adam dünyagörmüş biri, mən təcrübəsiz… Qayıtdı ki, bala, mən nağayrım ki, qaz havaya uçur, suya hopası ha deyil, uçur gedir da özü üçün, səma geniş, qaz bol…

Çaşıb qaldım, ikinci sualı vermək üçün özümü toparlamağa bir az vaxt tələb olundu. Bu arada sədr soruşdu ki, bala, sən doğruçu jurnalistsən? Tər tökə-tökə:- hə,- dedim.

-Bəs vəsiqən zad var?

– Yox, hələ hazır deyil, bu mənim sizinlə ilk müsahibəm olacaq.

Sədr xeyli susdu, sonra:- xeyirli olsun,- dedi,- uğurlar arzulayıram. Arada çay da iç, soyutmusan…

Xülasə, sədrin qəbulundan çıxanda katibə bir konvert uzatdı ki, bu sizə çatacaq, rəis verib. Baaa, qafam çönmədimi? Bayaq köynək-köynək tər tökən mən, cuşa gəldim.

-Siz nə danışırsınız, mənə rüşvət təklif edirsiniz yəni, utanmırsınız heç?

Səsə sədr qapını açıb bircə kəlmə:- qızım, qaytar geri,- dedi və qapını yenidən örtdü.

Yaşadığım 3-ün 4-ə kirayə otağa qayıdıb səhər açılana kimi yazdım-pozdum, pozdum-yazdım. Axırda məqaləni ərsəyə gətirib yatağa uzandım, çox yorulmuşdum, ömrümdə o cür yorulduğumu bəlkə də xatırlamıram. 1-2 saat gözümün acısını alıb fitillədim redaksiyaya, baş redaktor təzəcə gəlmişdi ki, kəsdirdim qapısının ağzını.

– Dediyiniz yazı artıq hazırdı,- məruzə edirmiş kimi dilləndim.

 

Baş redaktor təəccüblə mənə baxdı, otağın qapısını açıb içəri keçdi, başı ilə “gəl içəri” işarəsi verdi. Yazını qürurla təqdim elədim, alıb gözücü nəzərdən keçirdi və masadakı kağız qalağının üstünə atdı. Elə bil ürəyimin şah damarı qırıldı, nəyinsə qaydasında olmadığını anladım. Handan-hana:- bu yaxşı işdi, çeviksən yazmağa…amma başqa bir şey də olmalı idi burda, məsələn, konvert-filan…

Offf, indi anladım.

– Düzü, konvert verirdilər, mən rüşvət bilib götürmədim,- dedim,- bizi nə sanırlar?

Baş redaktor qıyğacı bir baxışla məni başdan-ayağa, ayaqdan-başa süzdü və təəssüf dolu bir səslə:- əsas məsələ elə konvertdə idi, yazını həmişə yazmaq olar… Yaxşı, get… Görüm, nə fikirləşirəm…

Redaksiyadan hansı hisslər altında çıxdığımı bir Allah bilir, bir də qaldığım kirayə otağa çatanda özümə gəldim və bir daha o redaksiyanın həndəvərinə hərlənməyəcəyimə qərar verdim. “Xozyayka”m 2-3 gün sonra kirayə pulu istəyəcəkdi…