Məhərrəm Anar, şeir

Yox daha

 

İndi “bəy” olsaq da dünənnən bəri,

Əvvəlki nə sultan, nə xan yox daha.

Köhə  kişilərin  görünür  yeri,

Elə bil dayağın, arxan yox daha.

 

Əyri yol hamardır, düzü görən yox,

Babalardan qalmış izi görən yox,

Məclisə gələndə, bizi görən yox,

Böyük- kiçik sayıb, qalxan yox daha.

 

Şərin qapısında, qul olub xeyir,

Kimi kef-damaxda, kimi qəm yeyir,

Top-tüfəngi olan, güclüyəm deyir,

Qoç Koroğlu, qılınc-qalxan yox daha.

 

Məhərrəm, hər anın ömürdən gedir,

Qıl körpü, haqq dünya hələ öndədir,

Bəndə haqqı danıb, haqsızlıq edir,

Allahdan, qurandan qorxan yox daha…