«Küskün şairlər məclisi» (povest) Ramiz İsmayıl

Ramiz İsmayıl

“Xəzan” jurnalının doqquz yaşına

 

Redaksiyadaydıq. Gözəl və qızmar bir payız günüydü. Pərdələri yana çəkib pəncərəni açmışdıq. Qızıl payız ağacların əlvan rəngində otağımızı ovsunlayırdı.

Jurnalın baş redaktor Əli Rəncurla üzbəüz oturmuşduq. Masanın üstündə bir qalaq kağız vardı. Bunlar növbəti nömrədə dərc olunası materiallar idi. Birlikdə nəzərdən keçirirdik. Əli Rəncur nəsr əsərlərinə, mən isə poeziyaya baxırdım. Publisistikaya ikimiz də nəzər salırdıq. Bu, sahə bizə daha məsuliyyətli görünürdü.

Birdən Əli Rəncurun telefonuna mesaj gəldi. O, telefonu götürüb mesajı oxudu və gülümsəyib dedi:

-İsmayıl müəllim, maraqlı bir görüşümüz olacaq.

-Nə görüş? – Mən də maraqla soruşdum.

-Mesaj Sadiq Azəroğlundandır. Yazır ki:“gələn ayın ortalarında Bakıya gələcəyəm. Mənə vaxt ayırmağınızı xahiş edirəm. Tezliklə görüşmək ümidi ilə: Sadiq Azəroğlu. Öpürəm sizi!”

-Nə yaxşı oldu, — dedim.  — Belə yerdə deyiblər: igidin adını eşit, üzünü görmə! Nəhayət ki, Sadiq Azəroğlu ilə üzbəüz oturacağıq!

-Lap yerinə düşdü. – Əli Rəncur dedi: — Jurnalın yubiley nömrəsinə onun da əsərlərindən salarıq.

Sadiq Azəroğlu Rusiyanın Novosibirsk şəhərində yaşayır. Dediyinə görə, otuz ildən çoxdur orda məskunlaşıb. Hərbi xidmətdən sonra maşınqayırma zavodlarının birində işə düzəlib. Vətəndən uzaqlarda — qəribçilikdə darıxsa da sonralar yavaş-yavaş uyğunlaşıb.

Bədii yaradıcılığa gənclik illərindən həvəs göstərib. Şeirlə başlayıb. Sonralar başına gələn bir məhəbbət macərasının təsiri ilə hekayələr və povestlər yazıb. Sadiq Azəroğlunun jurnalımızda çoxlu hekayəsi və iki povesti dərc olunub. İlk yazılarında bir qədər naşılıq hiss olunsa da get-gedə “ustalaşdığı” bilinirdi. Jurnalımızın bu nömrəsində də onun avtobus sürücüsü ilə bir özbək qızının məhəbbət tarixçəsi təsvir olunan povesti gedirdi. Əli Rəncur bir nasir kimi püxtələşmiş adam olduğu üçün həmişə deyirdi: “Sadiq Azəroğlunun hekayələri “vulkan” olmasa da, hər  halda oxunaqlıdır”.

Vətəndən uzaqlarda ailə qurub, ev-eşik sahibi olub. Əsərlərində doğma yurd həsrəti; el-oba nisgili üstün yer tutur. Keçmiş xatirələri, kəndlərindəki unudulmaz illərini kövrək duyğularla ifadə edir: “Torağaylar daha ötmür” adlı hekayəsində onun yolunu gözləyən bir qızı valideynləri yaxın qohumlarına ərə verdiyinə görə kəndə qayıtmayan gəncin həyatından bəhs edr. Avtobioqrafik hekayə olduğu bizim nəzərimizdən qaçmadı. Əli Rəncur hekayə haqqında geniş təhlillə bir məqalə yazdı. Beləliklə, Sadiq Azəroğlu ilə əlaqələrimiz daha geniş vüsət aldı. Jurnalımızın hər nömrəsindən ona göndərirdik. Bu, jurnalın Rusiyada yayılması üçün də yaxşı şərait yaradırdı, müəlliflərmizin tanınması üçün də.

Sadiq Azəroğlu sonralar təsadüfən tanış olduğu bir azərbaycanlı qızla ailə qurub. Tramvayda gedərkən üç nəfər dələduzun qeyri-rus olduğu dərhal seçilən bir gənc qızla əylənmək istəməsi, kobud rəftar etmələri, hətta təhqir dərəcəsinə çatması onun əsəblərini tərpədib və onlarla mübahisə etməyə başlayıb. Oğlanlar onu da «çornıy…” deyə təhqir edəndə qəfildən yaxınlğındakı xuliqanı zərbə ilə yerə sərib. Həbi xidmətdə öyrəndiyi əlbəyaxa döyüş fəndləri onun karına gəlib. Uşaqlar əl-qol atmaq istəyəndə sərnişinlər də Sadiqə tərəf durublar. Dayanacaqda xuliqanlar tramvaydan düşə-düşə məşhur “…tvoy mat” la onu hədələyib aradan çıxıblar. Sonrakı dayanacaqların birində qızla birlikdə tramvaydan düşüb. Qız ona təşəkkür edərək yaxınlıqdakı binanı göstərib və deyib:

-Mən bu yataqxanada qalıram. Universitetdə oxuyuram. Valideynlərim Qazaxıstanda yaşayır. Burda mənim heç kimim yoxdur. Mənə arxa-kömək durduğunuz üçün sizə çox təşəkkür edirəm.

Qız bu sözləri rusca deyəndən sonra əlini göyə tutub və “Allah sizə yar olsun!” alğışını eləyib.  Azərbaycanca eşitdiyi bu alqışdan Sadiqin ayağının altından “yer qaçıb”. “Tramvaydan yataqxanayadək” adlı povestində Aida ilə ilk tanışlıqdan ailə qurana qədərki dövrü Sadiq Azəroğlu səmimi duyğularla dolu bir etiraf povesti yazıb. Bu povest də Sadiqin öz həyatından götürülmüş dolğun bir əsərdir.

Beləliklə, biz Sadiq Azəroğlunu – Rusiyada yaşayan yazıçı dostumuzu, həmyerlimizi səbirsizliklə gözləməyə başladıq.

Nəhayət, qonağımız gəldi. Əli Rəncura zəng vurub bildirdi:

-Axşam gəlmişəm. Zabratda qohumlarımgildəyəm. Nə vaxt istəsəniz, görüşməyə hazıram.

Əli Rəncur ona dedi:

-Bizim üçün vaxt məhdudiyyəti yoxdur. Sizə münasib vaxt və yerdə görüşə bilərik.

-Lap yaxşı, onda yeri siz təyin edin. Mən ora gələrəm.

Əvəlcədən Əli Rəncurla şərtləşdiyimiz kimi “Mərkəz park”ını məsləhət gördük.

-Vaxtı deyin. Sizi “Mərkəz park”ında qarşılayaq.

-Oldu, günün ikinci yarısında görüşərik.

-Biz bayraq dirəyinin yanınıda olacağıq!

-Danışdıq, — Sadiq sağollaşıb telefonu söndürdü.

…Günortadan sonra Əli Rəncurla biz artıq “Mərkəz park”ında gəzişirdik.

Sadiq Azəroğlunu tanımaq çətin olmadı. Dəfələrlə şəklini “Payız leysanı” jurnalında çap eləmişik. O da dəfələrlə bizim şəklimizi görmüşdü. Çox asanlıqla bir-birimizi tanıdıq, köhnə dostlar kimi qucaqlaşıb səmimi görüşdük. O, Zabratda yaşayan dayısı oğlu ilə gəlmişdi. Onunla da görüşüb əvvəlcədən şair dostlarımızın həmişə yığışdığı çayxanaya getdik. Qocaman şairlər “Badamgöz” çay evinin daimi qonaqları idi, bu gün də qonağımızı qarşılamaq üçün gəlmişdilər. Xudmani bir şirniyyat süfrəsi açılmışdı.

Sadiq Azəroğlunu bir-bir şairlərla tanış etdik. Hamısını jurnalda çap olunan şəkilllərinə görə tanıdığını bildirdi. Söhbət əsnasında çox şeyləri danışdı. Novosibirskdə yaşadığını, Aida adlı azərbaycanlı qızla evləndiyini, iki övladı olduğunu və gözəl, mehriban ailə sahibi kimi qürur duyduğunu bildirdi. Yoldaşı Novosibirsk universitetinin tarix fakültəsini qurtarıb. Valideynləri Qazaxıstanın Cambul vilayətində yaşayır. Nənəsi, babası və bir çox başqa qohumları otuz yeddinci ilin repressiya qurbanlarıdır. Sadiq onların keşməkeşli həyatlarından bəhs edən “Sürgün olunmuş Vətən” adlı roman yazıb. Həmin roman rus və qazax dillərində kütləvi tirajla çap olunub. Geniş oxucu kütləsi tərəfindən maraqla və rəğbətlə qarşılanıb. Xüsusilə milliyətcə azərbaycanlı olanlar romanı göz yaşları içində oxuyublar. İndi Sadiq Azəroğlu həmin romanı və iyirmiyə yaxın hekayəsini gətirib Azərbaycan oxucularına çatdırmaq istəyir. O, RusiyaYazçılar İttifaqının üzvü olduğunu bildirdi və “yəqin siz hamınız Yazıçılar İttifaqının üzvlərisiniz” dedi. Biz təəsüflə bir-birimizin üzünə baxanda Əli Rəncur köks ötürüb dedi:

-Məndən başqa heç biri Yazıçılar Birliyinin üzvü deyil. Mən də vur-qırğınla, Qarabağ döyüşçüsü kimi hərbə-zorbayla birtəhər qəbul olunmuşam.

Sadiq Azəroğlu təəcübünü gizlədə bilmədi:

-Necə yəni, yaşınızın bu vaxtı? Yəqin ki, hərənizin də heç olmasa on-on beş kitabınız çıxmış olar. Əsərlərinizi saytlardan, elə “Payız leysanı” jurnalından dəfələrlə oxumuşam. Özü də sevə-sevə, heyrətlənə-heyrətlənə, hətta kövrələ-kövrələ oxumaqdan doymamışam. Heç biriniz Yazıçılar Birliyinin üzvü deyilsiniz. Siz deyilsinizsə, bəs kimlərdir o ittifaqın üzvləri?

-Hərəsinin cəmisi bir kitabı çap olunub, — Əli Rəncur hamının əvəzindən danışdı, — o da nə cür?

-Elə niyə?

-İndi özləri danışarlar. Darıxmırsansa, danışsınlar!

-Nə darıxmaq? Hətta xahiş edirəm, danışsınlar.

-İsmayıl Rəmzi hamımızdan böyükdü, ağsaqqalımızdı, deyirəm ondan başlayaq, — deyib Əi Rəncur İsmayıl Rəmziyə üz tutdu. – Necə məsləhətdi?

İsmayıl Rəmzi mənim adaşımdı. O, dedi:

-Nə deyirəm, əvvəlcə imzası ilə, indi isə özü ilə tanıdığımız eloğlumuza “xoş gəlmisən, səfa gətirmisən” demək istəyirəm. Vətəndə və “Küskün şairlər məclisi”ndə xoş gördük.

-Təşəkkür edirəm, ustad, elə bilirəm ziyarətə gəlmişəm.

-Demək belə, bacıoğlu, — İsmayıl Rəmzi stola tərəf əyilib əlini şagirdlər partaya söykəyib durduğu kimi qoyub danışmağa başladı. — Açığı deyim ki, kitab çap elətdirməyə maddi imkanın yox idi. Həm də özümü şair hesab eləmirdim. Şairliyə müqəddəs bir möcüzə kimi baxırdım. Şeirlərimi də ancaq toylarda, ad günlərində, əskərliyə gedib-gələn olanda, dost-tanış məclislərində oxuyurdum O da təklif eləsələr. Toylarda məni tanıyanlar bir şeir oxuyandan sonra “Nisyə dəftəri” adlı şeirimi səsləndirməyi xahiş edirdilər. Bir dəfə Sumqayıtda toyda iki şeir oxuyub yerimə qayıdanda bir nəfər mənə yaxınlaşıb foyeyə çıxmağı xahiş elədi. Dedi içəridə səs-küy çoxdu, danışa bilməyəcəyik. Foyedə bir küncə çəkildik. “Mən poeziya vurğunuyam. Şeirləriniz xoşuma gəldi. Xahiş edirəm kitablarınızdan mənə verəsiniz. Xahiş edirəm məni düzgün  başa düşəsiniz, hörmətinizi artıqlaması ilə edəcəyəm”. Dedim qardaş, hörmətin artıq olsun, amma mənim kitabım yoxdur. Təəccüblə üzümə baxdı, başa düşmədim, necə yəni kitabınız yoxdu, dedi. Mən, əlbəttə, səbəbini demədim. Tanımadığım adama necə deyə bilərdim ki, maddi imkanım kitab çap elətdirməyə çatmır. Dedi: “Sizə kömək edə bilərəm”. Dedim: “Sağ ol, qardaş, yetimə can-can deyən çoxdu…” Sözümü kəsdi. “Telefonunu çıxart”, dedi. Telefonum köhnə, heç kimin işlətmədiyi bir telefon idi. Nömrəni soruşdu. Məcbur olub əlimi cibimə saldım, utana-utana telefonu çıxartdım. Zəng vurdu, nömrəmi yazıb dedi: “Şeirlərini topla, on gün müddətinə çatdır mənə”. Çox vaxtınızı almayım, kişi kimi sözünün üstündə durdu.

Bir ay ərzində üç yüz nüsxə ilə ilk kitabım nəşr olundu. Hələ də inanmırdım. Kitabı dəfələrlə əlimə alıb eninə-uzununa baxmaqdan doymurdum. Bir gün qardaş-bacılarım, həyat yoldaşım dedilər kişiyə bir hörmət eləmək lazımdır. Cəmləşib bir gümüş üzük, köynək, qalstuk, şokolad alıb evlərinə getdik. Bizi görüb şad olduğunu bildirdi və səmimi şəkildə dedi: “Nahaq xərc çəkmisiniz. Mənim heç nəyə ehtiyacım yoxdur. Təkcə şeirə, poeziyaya ehtiyacım var, onu da, sağ olsun, şair ödədi”. Bacım bir az dilli-dilavərdi. Dedi: “Sizi kəndimizə qonaq dəvət edirik. Gedək o bulaqların başında bir neçə gün istirahət eləyin. Atam-anam da sevinər”.

Sanki kişi bu dəvəti gözləyirmiş. Fikirləşmədən dedi: “Canla-başla, nə vaxt desəniz mən hazır”.

Beləliklə, getdik çıxdıq kəndə. Atamgilin sevincini özünüz təsəvvür eləyin. Övladları şəhərdən gəlib, qonaqları da var, üstəlik oğlunun kitabı çıxıb. Atam bir erkək kəsdi. Bir aşıq dostumuz var, yaxşı çalıb oxudu, bulaqların başında, çay kənarında qonağımızın ürəyi istəyən məclislər keçirdik. Şəhərə qayıdanda anam yaxşı sövqat hazırlamışdı. Dağlarda bitən çiçəklərdən — kəklikotu, qantəpər, yarpız, boymadərən, nə bilim pendir, süzmə, yumurta, bir sözlə əlinə keçəndən. Qonağımız da, yoldaşı da nə qədər desə ki, əziyyət çəkməyin, elə bu  çiçəklər bəsimizdi, anam əl çəkərdimi? Dedi, ay oğul, sən də mənim balam. Bizə bundan artıq hörmət ola bilərdimi, oğlumu şair elədiniz. Qonaq anamın əlindən öpüb dedi: “Anamı xatırlatdın”. Hiss elədik ki, doluxsundu.

Kənddən xoş təəssüratla qayıtdıq. Bir gün sonra dostumdan zəng gəldi. “Zəhmət olmasa, bizə gəl”, dedi. Gülümsədiyni hiss elədim. Fikirləşdim ki, nəyi isə kənddə qalıb. Nə isə… getdim onlara. Məni çox gülərüzlə qarşıladılar. “Xoş gəldin” deyib içəri dəvət etdi. Yenicə stulda oturmuşdum ki, gözüm stolun üstündə qalaqlanmış kitab vərəqlərinə sataşdı. Dostum hələ oturmamışdı, gördüm maraqla mənə baxıb gülümsəyir. Bir gözü də vərəqlərdə idi. Həyəcanlandım. Vərəqlər mənim kitablarımın vərəqləri idi. Dərhal başa düşdüm. Anam bu vərəqlərə yumurta büküb qonağa pay vermişdi. Çox pərt oldum. Dostumun həyat yoldaşı pərtliyimi hiss edib ərinə dedi: “Ay Mürvət, xala düz eləyib. Kimdi e-ey bu saat kitab oxuyan… Heç olmasa belə şeylərə yarayar”. Sonra mənə dedi: “Şair qardaş, fikir eləmə, təki hər şey ananın ürəyincə olsun”.

Mürvət müəllim də mənə təsəlli verdi. “Darıxma, müəllim, ikinci kitabını daha çox tirajla çap elətdirərik”. Nə qədər özümü sakitləşdirmək istəsəm də bacarmırdım. Elə bilirdim Mürvət müəlllimin zəhmətini, yaxşılığını yerə vurmuşdum. Bilirdim ki, kitab vərəqlərinə yumurta bükmək anamın köhnə vərdişi idi.

Daha mənim də kitabıma yox də-ə! Mürvət müəllim xanımını çağırıb dedi: süfrə aç, şairlə biz yüz-yüz vuraq. Lətafət xanım gözəl stol açdı. Mürvət müəllim soruşdu: “Əl arağı içək, yoxsa mağaza arağı?” Mən, əlbəttə, ona bir söz demək istəməzdim. O: “Mən əl arağı məsləhət bilirəm”, dedi. Yaxşı yedik, içdik. Səmimi görüşüb ayrıldıq. Müəllim dedi: “Şair, növbəti kitabını hazırla, bu dəfə daha çox tirajla çap elətdirəcəyik”. Mən: “Sağlıq olsun”, deyib bir daha Mürvətə və xanımına təşəkkür eləyib xudafisləşdim. Kitab isə mənim birinci və sonuncu kitabım oldu.

İsmayıl Rəmzi başına gələnləri danışıb qurtarana qədər heç kim dillənmədi. Sadiq bir xeyli sakitcə gah ona, gah bizə baxdı. Handan-hana “qəribədir” dedi. Redaktor onun daha nə deyəcəyini gözləyib Həsən Göyçəliyə üz tutdu:

-Buyurun, Həsən müəllim.

Həsən müəllim boğazını yüngülcə arıtlayıb sözə başladı:

-Əziz dostlar! Yaxşı bilirsiniz ki, mən Göyçə mahalındanam. Qırx səkkizinci, əli üçüncü illərdə doğma dədə-baba yurdlarımızdan deportasiya olunmuşlardanıq. Onda mənm iki-üç yaşım vardı. Biz Tərtərdə məskunlaşmışdıq. Orta məktəbi də orda qurtarmışam. Ali məktəbə qəbul olanda da əziyyət çəkmədim. Hamıya məlumdur ki, burada Qərbi Azərbaycanlılar üçün hər cür şərait yaradılıb. Tələbəlik illərində arabir şeir yazırdım. İnstitutun çoxtirajlı qəzetində çap olunurdum. Hərdən mərkəzi qəzetlərdə çıxış edirdim. Ali məktəbi qurtaranda Bakıda qaldım və qəzetlərin birində işə düzəldim. Həmin qəzet hələ də nəşr olunur. Sözüm onda deyil.

Bir gün həmyerlilərdən biri dedi: “Şeirlərini oxuyuram. Xoşuma gələnlər var. İstəyirsən, kitab çap eləyək”. Dedim: “Hələ tezdi”. Dedi: “Tez-zad deyil. Səndən balacalar kitab çap elətdirir, içində beş qəpiklik şeir yoxdu. Hazırla kitabını.  Nəşriyyatdakıların çoxu özümüzünkülərdi”. Dedim, a kişi, mən şair deyiləm, həvəskaram. Əl-qərəz, əl çəkmədi, şirnikdirdi məni. Kitaba tərif dolu “ön söz” yazdılar, gözəl tərtibatda, dizaynda. Üz qabığı qalın kağızla… iki yüz nüsxə çap olundu. Sevindiyimdən yerə-göyə sığışmırdım. Lovğalanmağa başlamışdım. Tanıyanlar “şair” dedikcə lap “şişirdim”. Yerlilərim qoltuğumun altına qarpızı qoşa-qoşa qoyurdular. Kitablarımı yerlilərimə, dost-tanışa, qohumlara, tələbə yoldaşlarıma xüsusi həvəslə, ədayla paylayırdım. Bir uzaq qohumum universitetdə professor idi. Elə istəyirdim ki, kitabımı ona da verim. Bir gün getdim universitetə, professoru tapdım. Məni çox səmimi qarşıladı. Təntənəli bir avtoqrafla kitabı təqdim etdim. Ümid edirdim ki, professor kitabım haqqında dəyərli bir məqalə yazacaq. İstəyirdim deyəm yazsın, amma utandım, demədim. Sevincək halda qohumumla xudafisləşdim. Ayrılanda əlimi sıxdı, sağ ol bala, çox sevindim dedi, təbrik edirəm, davamı gəlsin. Evə gələndə elə bil uçurdum. Elə bilirdim hamı mənə həsəd aparır. Hey gözləyirdim ki, bu gün-sabah mətbuatda mənim haqqımda professorun mübarək imzasıya samballı bir yazı çıxacaq. Yazı isə çıxmırdı. Axırda səbrim çatmadı. Getdim professoru tapdım. Hal-əhval tutduq. Utana-utana soruşdum ki, kitabım xoşunuza gəldimi? Əlimi sıxıb dedi: “Gəldi də sözdu? Çox gözəl kitabdı. Sənin kitabının bizə çox xeyri dəydi”. Təşəkkür eləməyə macal tapmamış professor danışmağa başladı. Dedi: “Bilirsən, bala, biz həftədə, on gündə bir müşəmbə alırdıq. Uşaqlar dəm çaynikini stolun üstünə qoyurdular, qaynar çaynik də müşəmbəni yandırırdı. Müşəmbənin nə canı var, əriyib xarab olurdu. İndi sənin kitabını çaynikin altına qoyuruq, müşəmbə də yanmır”.

Daha professora qulaq asmırdım, elə bilirdim dəm çayniki mənim başımın dərisini yandırır. Arada elə bil ağlımı itirirdim, başım hərlənirdi. Handan-hana ayıldım, professor getmişdi. Bu kiatb mənim sonuncu kitabım oldu.

Həsən müəllimin kitab macərası Sadiq Azəroğluna necə təsir elədiyini deyə bilmərəm, amma o, bir müddət dillənmədi.

Şairlər də sakitcə durmuşdular, sinələrini boşaltmaq üçün növbə gözləyirdilər.

-Sadiq müəllim, o biri şairlərə də qulaq asmaq istəyirsinizmi? — Əli Rəncur onu fikirdən ayırdı.

-Hə, hə, əlbəttə, bunlar ayrı-ayrılıqda mükəmməl əsərlərdi.

-Onda Səlim Nohurgölə qulaq asaq!

-Asaq, — Sadiq astadan dedi.

Səlim Nohurgölü səbirli, təmkinli adam kimi tanıyırdıq. Savadına, mədəniyyətinə də söz ola bilməzdi. Uzun illər orta məktəbdə “Azəbaycan dili və ədəbiyyat”dan dərs demişdi. Yaxşı qələmi vardı. Təxəllüsü də ona biz vermişdik. Bizim yaratdığımız “Küskün şairlər məclisin”ə təsadüfən gəlib çıxmışdı. Həmişə yığışdığımız “Çay evi”ndə sakit bir güşədə — həmişə oturduğumuz yerdə yenə şeirdən, sənətdən danışdığımızı eşidib yaxınlaşmışdı. İlk tanışlıqdan məclisimizə uyğun adam olduğunu yəqin etdik. Elə o vaxtdan “ayrılmaz dostlarıq”.

Səlim təvazökarlıqla dedi:

-Mənim başıma gələn hadisə sizinki qədər maraqlı deyil. Hər halda danışacağam. Kürqırağı kəndlərin birində müəllim işləyirdim. Sakit bir yer idi. Dərsimi qurtarandan sonra Kürdən balıq tutmağa gedirdim. Həm istirahət edirdim, həm də yaradıcılıqla məşğul olurdum. Bir sözlə darıxmırdım. Sinifdə də uşaqlarda ədəbiyyata, şeirə həvəs yarada bilmişdim. Əvvəlcə adi mövzularda şeirlər oxuyurdum. Zaman keçdikcə hiss edirdim ki, belə şeirlərə şagirdlər o qədər həvəs göstərmirlər. Yaşlarının elə vaxtı idi ki, şirin xəyallarla yaşadıqlarını özümün təcrübəmdən bilirdim.

Raidə adlı bir şagirdim daha fəal idi. Tez-tez atmacalı suallar verirdi. Deyirdim uşaqdır, yəqin ağlı belə kəsir. Bir dəfə dərsdən sonra yenə balıq tutmağa getmişdim. Ovum yaxşı gedirdi. Növbəti balığı çıxaranda elə bil mənə dedilər ayıl bir ətrafına bax. Gördüm Raidə uzaqdan mənə baxır. Onu gördüyümü hiss eləyib yaxınlıqdakı yulğunluğa tərəf getdi. Mən bunun təsadüf olduğunu zənn etdim. Sonralar bu vəziyyət bir neçə dəfə təkrar olunanda ona dedim: “Qorxmursan, Kürün qırağında, tək-tənha, nə bilim… yulğunluqda gəzirsən. Demirsən birdən…” Dalını gətirmədim. “Birdən nə ola bilər?” deyə səsi titrəyə-titrəyə soruşdu. Mən də həyəcanlandım. Deməyə cürət etmədiyim söz ağzımdan çıxdı. Qorxmursan ki, birdən səni qaçırdarlar? Gözləmədiyim halda dedi: “Əvvəla, mən sizin kimi qorxaq deyiləm, ikincisi də məni qaçırdanın gərək doqquz başı olsun”. Dedim, yəni, əjdaha olsun? “Get, müəllim, get, balığını tut. Birdən axşam yeməyə bir şey olmaz, ac qalarsan”.

Doğrusu, qızın, həm də şagirdimin bu cəsarətinə heyran qalmışdım. Mən də naşı deyildim. Raidəni başa düşmüşdüm. Nə isə… bu söhbəti uzatmayım. Çox çətinliklə olsa da ailə qurduq. Bir cüvəllağı qardaşı var, bizim evlənməyimizə razı deyildi. Bilmirəm səbəb nə idi, məndən zəhləsi gedirdi. Nə isə.. indi məhəbbət şeirlərimi sevdiyim, ailə qurduğum və məni sevən Raidə üçün oxuyurdum. Artıq ailə böyümüşdü, iki uşağımız var idi. Qaynım hələ də məndən “ağzı əyri”gəzirdi. Bir gün yoldaşıma dedim: “İstəyirəm, şeirlərimi toplayım, bir kitab çap elətdirim”. Sevindi, nə gözəl olar, dedi. Sonra zarafatla pıçıldadı: “Səni şair olduğun üçün sevmişəm”.

“Kürə dəli deməyin” adlı ilk kitabımı nəşr elətdirdim. Düzdü, tirajı az idi. Hər halda, başlanğıc üçün qənaətbəxş hesab edirdim. Kitab çapdan çıxandan sonra dərhal qaynanamgilə getdim. Yoldaşıma da demişdim: “Anangildə ol, kitabları ora gətirəcəyəm. Amma mən gələnə qədər heç kimə, heç nə demə ha-a!” Bu hissləri yəqin hamınız keçirmisiniz. Necə həvəslə qaynanamgilə getdiyimi görəydiniz. Kitabları stolun üstünə qoyub şəstlə dedim: “Nəmərini verin, bağlamanı açım”. Hamı maraqla üzümə baxırdı.

Qaynanam yaxına gəldi. “Aç oğul, nəmərin məndə”. O cüvvəlağı qaynım da evdə idi. “Aç də-ə görək nədi, dəftər-kitabdan başqa nə olar ki”. Qaynanam bir iyrimilik bağlamanın üstünə qoyub dedi: “Aç, əlim yüngüldür, nəmərin çox olacaq”. Mən yoldaşıma göz vurub dedim: “Sən aç, sənin də əlin düşərli olar”.

Qaynanam kitabı görüb nətəhər sevindisə, biz də məəttəl qaldıq. Arvad əvvəla kitabı bağrına basdı, sonra üç dəfə öpdü, arxa üzünü çevirib şəklimi görəndə bir də öpdü. “Yox, bala, bu iyirimi manatlıq döyül, hələ əlli manat da azdır”, dedi. Yoldaşıma dedi: “Tez qohum-əqrabanı yığın bura, yaxşı qonaqlıq verəcəyəm”. Cüvəllağı qaynım anasına çəmkirdi: “Nolub, ay arvad, heç “Quran”ı elə öpmürsən. Böyük şey olub, kürəkəni şairdi. Elə bil həsrətliklə, yeddi qurbanla tapıb. Ə-ə bu saat heç Səməd Vurğunu oxuyan yoxdu. Kimdi sənin kitabını oxuyan”. Dedim: “Sənə minnət eləyən yoxdu, oxuyursan oxu, oxumursan da heç oxuma!” Dedi, işim-gücüm qurtarıb elə. Sənin şia mollasının duası boyda kitabını oxuyam. Mən də hirsləndim: “Sünnü mollasının duası boyda olsa, oxuyardınmı?” Qaynım üzümə bozarmaq istəyirdi. Yoldaşım onu itələyə-itələyə o biri otağa apardı. Gedə-gedə də söylənirdi: “Uşağın boğazından kəsib cızmaqara çap elətdirir. Get ailəni dolandır… Uşaqların kağız-kuğuz yeyib yaşayacaq?” Mən də özümü saxlaya bilmədim, nə vaxt qapına çörəyə gəlsəm, vermə. Raidəyə dedim yığış, gedək. Qaynanamın da pulunu qaytarırdım, yazıq arvad yalvar-yaxar elədi ki, dəliyə baş qoşma. Raidə də pərt olmuşdu, ağlamaqdan özünü güclə saxlayırdı. Biz yığışıb getmək istəyəndə bir də söz atdı: “Şair olub kişinin oğlu”, deyib, qapını möhkəm çırpıb otağa getdi. Elə bil tam rahatlaşmamışdı, qapını aralayıb yenidən ürəyini boşaltdı: “Apar bazarda Haykanuşa gör sata bilirsənmi? On on-beş qəpik verər. Sənin kimisinin kitablarının vərəqindən dürgək düzəldib içinə semişka töküb camaata satır”, deyə-deyə qapını örtdü.

Onun mənnən “xaşıl yanığı” biz hələ evlənməmişdən qabaq başlamışdı. Raidə ilə münasibətimi bilən kimi hoppanıb-düşdü. Ayrı bir bəhanə tapa bilmirdi. Axırda soruşdu “sünnüsən, yoxsa şaa”. Şiələrə “şia” yoxsa “şaa” deyirdi, seçmək olmurdu. Dedim mən ali təhsilli müəlliməm. Bu nə sarsaq sualdı verirsən. Elə ondan sonra məndən ağzı əyri gəzirdi. Əl-qərəz, qaynanam yaxşı qonaqlıq təşkil elədi. Qohum-əqraba yeyib-içib dağılışdı. Qaynanamın da ümidləri doğrulmadu. Heç kim mənim kitabıma bir manat da nəmər vermədi.

Mənim kitab macəram belə qurtardı.

-Çox maraqlı və təəssüfləndiricidir, — Sadıq təəccübünü gizlədə bilmədi. Üzümüzə baxıb hamımıza müraciət edirmiş kimi soruşdu: — Sünni, şiə məsələsi hələ də var? Davam edir?

-Nəinki davam edir, hətta yüksələn xətlə inkişafdadır, — redaktor ağır əzab çəkə-çəkə dedi.

-Ziyalılar bəs nə fikirdədir?

-Ziyalılardı elə qara camaatı korlayan, — İsmayıl Rəmzi əlavə etdi.

-Hayıf, çox hayıf, — Sadiq köks ötürdü.

-Şair Arzumanı da dinləmək istəyirsinizmi? – Əli Rəncur soruşdu.

-Mütləq, mütləq. Siz məni heyrətləndirdiniz. – Zəhmət olmasa…

Arzumanın yaxşı şeirləri çox idi. Jurnalın daimi müəlliflərindən biridi. O, Vətən haqqında yazdığı bir şeirini oxudu. Sonra aram-aram danışmağa başladı:

-Mənim başıma gələnlər bir az məclisin ab-havasına uyğun gəlmir. Üzürlü hesab etsəniz danışaram.

Biz onun danışacağı hadisəni bilirdik. O, əslində qonaqdan üzr istəyirdi.

-Bizim “Kürün laylası” adlı  ədəbi məclisimiz vardı. Məclisin rəhbəri Baba Şuşalı adlı bir şair idi, müəllim işləyirdi.. Ayda iki dəfə məclisimiz olurdu. Bəyənilən şeirləri ayda bir dəfə yerli qəzetdə “Ədəbiyyat səhifəsi”ndə dərc elətdirirdi. Qəzetin redaktoru hər ay yerli həvəskarların və başqa yaxın rayonlardan gələnlərin yaradıcılığına yer ayırırdı.

Ədəbi məclisə çox həvəskar gəlirdi. Bəzən otaqda oturmağa yer olmurdu. Cavanlar təbii ki, ayaq üstə dayanırdılar. Hərdən tənqid olunan həvəskarlar cırnayırdılar — tənqidi həzm edə bilmirdilər. Əksər hallarda məclis sakit başa çatırdı. Qonşu rayondan bir təmsil yazan gəlirdi: sakit təmkinli sadə bir adam idi. On təmsildən üçü, dördü qəzetə yarayırdı. Özünə təxəllüs götürmək istəyirdi. Həm münasibi tapa bilmirdi, həm də elə bil çəkinirdi.

Bir dəfə məclisin sonunda üç-dörd nəfər otaqda qalıb qəzet üçün bəyənilən şeirlərini Baba müəllimə təqdim edirdilər. Təmsil yazanın adı Əhməd idi. Baba müəllim zarafatla dedi: ”Təmsil Əhməd, gətir görək, indi nədən yazmısan”.

Əhməd elə bil bu sözə bənd imiş. Sevincək dedi:

-Baba müəllim, Allah atana rəhmət eləsin. Nə vaxtdır ki, fikirləşirdim mən də təxəllüs götürüm. Həm utanırdım, həm də tapa bilmirdim. Bu gündən oldun Təmsil Əhməd.

Baba müəllim gülümsəyib dedi:

-Bir qonaqlıq səndən gəlir. – Sonra əlavə etdi. – Həm də bir şad xəbərim var. Danışmışam, məclis üzvlərinin şeirlərindən bir almanax buraxmaq fikrindəyəm.

Əhməd sevincindən bilmirdi nə cür təşəkkür etsin. Dedi:

-Baba müəllim, bax, burdakı yoldaşlarla sizi qonaqlığa dəvət edirəm. Gələn bazar sizi gözləyirəm. Yaşadığım kəndi də tanıyırsınız, mütləq gözləyəcəyəm.

Baba müəllm nəzakət xətrinəmi, zəhmət verməmək üçünmü etiraz eləmək istəyirdi. Əhməd macal vermədi.

-Məni kişi hesab edirsinizsə, xətrimə dəyməyin.

Gələn bazar bir yüngül bazarlıq eləyib Əhmədgilə getdik.

Əhmədin evi qarğıdan hasara alınmış məhləsinin bir qırağında idi. Həyətə açılan əl qapısı taxta parçalarından hazırlanmışdı. İlk baxışda Əhmədin ikimərtəbəli evinə yaraşmayan çəpər bizi təəccübləndirdi. Hər yerdə olmasa da bəzi kəndlərdə mişar daşlarından hörülmüş barılar çoxluq təşkil edirdi. Əhməd bizi qapının ağzında qarşıladı. Sevindiyindən bilmirdi neyləsin. İçəri girdik. Həyət tipik kənd həyəti idi. Sağda ikimərtəbəli ev, solda iri tövlə yerləşirdi. Tut ağacının altında uzun stol qoyulmuşdu. Bizim gəlişimizə hazırlıq görüldüyü dərhal gözə çarpırdı. Tut ağacından bir az aralıda iri bir toğlu bağlanmışdı. Arabir mələyirdi. Biz hiss elədik ki, Əhməd o toğlunu bizim üçün saxlayıb. Baba müəlllim arif adam idi. Dedi:

-Ay Əhməd, o toğluya adamın hayıfı gəlir. Bilirəm ki, bizim üçün saxlamısan. Sən Allah, heyvan yazıqdı. Toyuqdan-cücədən nəyin varsa…

Əhməd razı olmadı.

-Müəlllim, üzr istəyirəm, toyuq-cücəni tülkü-çaqqal yeyər. Mənim sizdən əziz qonağım olmayacaq ki.

Baba müəlllim onu axıra qədər danışmağa qoymadı.

-Tülkünü, toyuğu, xoruzu, fərəni o qədər təmsil qəhrəmanı eləmisən ki, indi də lağa qoyursan.

Əhmədin yoldaşı süfrəyə yaxşı süzmə, qaymaq, pendir düzmüşdü. Əhməd dedi hələlik bunlarla məşğulat eləyin, yarım saata toğlunun qabırğalarından sizə yaxşı kabab bişirəcəyəm.

Baba müəlllim yaxşı nərd atan idi. İndi də Əhməddən nərdi olub-olmadığını soruşdu. Bizi bir-bir mars eləyib cırnadırdı. Arada mən Əhmədə yaxşınlaşıb ayaqyolunu soruşdum. Prostatım bir az incidirdi. Əhməd mənə ayaqyolunu göstərib “aftafa da lazımdımı” dedi.

Arzuman bir az ara verib “ardını danışımmı”soruşanda Sadiq Azəroğlu: “çox xahiş edirəm davam edin”, dedi. Arzuman da “çox xahiş edirəm, bağışlayın”, deyib danışmağa başladı.

-Ayaqyoluna girən kimi gördüm ayaqyolunun taxta dirəyindən qalın üzlü bir kitabı mismardan asıblar. Yarıya qədər cırılmış kitab tanınmış şairin şeirləri idi. Daha danışmağa ehtiyac varmı?

Arzuman redaktora baxdı “yəni danışım?”

Redaktor əlini Arzumanın əlinin üstünə qoyub dedi:

-Arzuman müəllim, daha gizlətməli bir şey yoxdur. Necə olub, elə də danışın.

Arzuman müəllim davam etdi.

-Kitabın vərəqlərindən istifadə edib köhnə bir vedrənin içinə yığıb sonra elə vedrənin içində yandırdıqları aydın idi. Bunu vedrənin his-tüstüdən qaralmış yerlərindən hiss etmək olurdu. Mən süfrə başına qayıdanda şairlərdən biri də ayaqyoluna getmək istədiyini bildirdi. Göz-qaş eylədim ki, getmə. O, bir az döyükmüş surətdə üzümə baxdı. Sakitcə dedim: “məsləhət deyil, birtəhər özünü saxla”.

Təmsil Əhməd yəqin ki, verdiyi qonaqlıqdan məmnun olmuşdu. Elə biz də Əhmədin qonaqpərvərliyini yüksək qiymətləndirdik. Baba müəlim onun təmsillərindən otuza qədərini götürüb dedi:

-Ay Təmsil Əhməd, almanaxımızda hər şairə, yazıçıya beş səhifə yer ayrılacaq. Adama əlli manat da xərcimiz çıxacaq. Hərəyə də dörd, ya beş kitab verəcəyik. Artıq kitabları kitabxanalara paylayacayıq. Yəni, demək istəyirəm burda qazanc məsələsi güdülmür.

Təmsil Əhməd sevindiyindən təşəkkür eləyəndə də çaşa-çaşa danışırdı.

Əhmədlə görüşüb ayrıldıq. Növbəti ədəbi məclisdə yenə görüşərik deyib sağollaşdıq.

Mən kitabı ayaqyolunda görəndən sonra almanaxdan imtina etmək istəyirdim. Sonra fikirlədim ki, deyəcəklər xəsislik edir. Almanax mənim kitab nəşrində sonuncu iştirakım oldu.

Ayrı-ayrılıqda hər bir səbəbi dinləyən Sadiq Azəroğlu elə bil bir az tərəddüd elədi. Necə yəni, qələm əhli, şeiri canından çox sevən adamlar illərlə şeir yazır, yuxusuz gecələr keçirir, sonra da kitab nəşr etməkdən vaz keçir. O, bir az fikirləşib dedi:

-Çoxdan eşitdiyim bir məsəl yadıma düşdü: “Deyirlər bitə acıq eləyib köynəyi yandırmazlar”. Siz kitab oxumayana acıq eləyib yaradıcılıqdan imtina edirsiniz?

-Kim deyir ki, imtina edirik? Budu eyy, sağ olsun redaktorumuz biz ağsaqqalları bir yerə toplayıb. Hamımız redaksiya heyətinin üzvləriyik. Yaradıcılığımız da davam edir. Jurnalımız da ki, davamlı olaraq çıxır. Nəşr olunduğu vaxtdan tarixi baxımdan az müddət keçməsinə baxmayaraq müəlliflər, oxucular arasında kifayət qədər hörmət, rəğbət qazanıb. İndi ölkəmizdə, hətta respublikadan kənarda da oxucularə var. Qırğız, özbək, qazax, tatar şair və yazıçıları öz əsərlərini Azərbaycan dilinə tərcümə etdirib bizim jurnalda çap olunmasını arzulayırlar. Biz də tez-tez də görüşürük, ədəbiyyat məsələlərini müzakirə edirik. – Arzuman fəxrlə dedi. – Məclisimiz də, “Küskün şairlər məclisi” adlanır.

Araya sakitçilik çökdü. Əli Rəncur üzünü Əbülfəz Abbasa tutdu. Adətən çox danışmağı sevməyən Əbülfəz güclü yumor hissinə malik idi. İndi bu məqamda onun da ürəyi dolu idi. Ancaq digər şairlər danışıb ətraflı məlumat vermişdilər deyə danışmaq istəmirdi. Bununla belə Əli Rəncurun sözündən çıxmağı da əxlaqına uyğun saymırdı. Odur ki, azacıq qımışıb dedi:

-Əslində, ədəbiyyatın baş kürsülərini qamarlayanlar ərəbzəngi kimi yolu kəsib inkişafına əngəl törədirlər. Qanmırlar ki, ədəbiyyatın inkişafı bizdən çox elə onların özlərinə lazımdır. Götürək elə bizi. Yeddi qardaşıq, yeddimiz də şeir yazırıq. Dünyada 3, 4, hətta 5 şair qardaş var, ancaq yeddi şair qardaş yoxdur. Hələ əmimin uşaqlarını, nəvələrini demirəm. Qardaşlarımın altısını birliyin üzvlüyünə qəbul ediblər, mənə gələndə dirəşib durublar. “Ginnesin rekordlar kitabı”na düşmək üçün fürsət yaranıb. Bu başıboşlar onu dərk eləyə bilmirlər. Bir gün sədrin adına sicilləmə bir həcv yazıb getdim birliyə. Dedim, ə, nətəh olur, “mindim daylağa, getdim yaylağa” yazan cızmaqaraçıları qəbul edirsiniz, məni — əlli ilin şairini yox? Daş atıb başlarını tutdular ki, yuxarıların göstərişidi, ancaq gəncləri qəbul edirik. Yaşlılar gedib öz başlarının çarəsini özləri qılsınlar. Başa düşürsünüz də, ədəbiyyatda da yuxarının göstərişi və cavan kadr məsələsi. Cavanı inək kimi sağa biləcəklər, bizə isə heç söz də deyə bilməyəcəklər. Məsələnin mahiyyətində bunlar durur.

-Siz elə danışdınız ki, mən də az qalıram kitab çap elətdirməkdən vaz keçəm. — Sadiq nigaranlıqla dedi: — Mən sizdən kömək istəyirdim. Sizsə mənim ümidimi qırırsınız.

-Ay Sadiq müəllim, sizin ümidinizi qırmaq üçün demirik. Demək istəyirik ki, indi kitab oxuyan, kitaba qiymət verən yoxdur. Biz elə özümüz bir-birimizi oxuyuruq. Cavanlar ümumiyyətlə yaşı ötmüş şairləri, yazıçıları lağa qoyurlar. Özlərini avropalılara bənzətmək istəyirlər. Klassik ədəbiyyatı cəfəngiyyat hesab edirlər. Deyirlər o ədəbiyyat indi dərin quyunun dibindədir.

İsmayıl Rəmzi ədəbiyyatımızın ən ağır, acı yaşadığını dərin kədərlə bildirdi.

Arzuman daha ağır faciədən danışdı. Dedi ki, Avropa bir yandan, özünün iyrənc adəti ilə, şərq isə mövhümatı ilə bizi tapdalamağa başlayıb. Cavanlarımız da ağına-bozuna baxmadan sürətlə bataqlığa doğru gedirlər.

Redaktor yenidən söhbətə qoşuldu:

-Sadiq müəllim, düzdü, vəziyyət acınacaqlıdı, amma biz bu axında acizlik göstərməməliyik. Allahın köməkliyi ilə vaxt gələcək hər şey yoluna düşəcək. Xalqımız müdrik xalqdır. Biz zamanın bu sınağından çıxacağıq. Sizin kitabınızın çap olunması üçün isə biz nə lazımdı, kömək edəcəyik.

-Əvvəla onu deyim ki, hörmətli şairlərimizin danışdıqları mənim üçün çox maraqlı oldu. O xatirələri, söz verirəm ki, Rusiya mətbuatında çap elətdirəcəyəm. Amma mənə ən çox təsir eləyən “sünni-şiə” məsələsidir.

-Bəli, Sadiq müəllim, bu bizim milli faciəmizdir. Sünni-şiə azmış kimi xoruz səsi eşitməmiş yeni cərəyanlar, təriqətlər yetişdiriblər. Hamısı da bir-birinin qanına yerikləyir. Biz bunu ədəbiyyatda qeyd eləmirik ki, alovlanmasın. Onu boş verin, kitabınızdan danışın. Sizə nə kömək lazımdır, biz hazır, — Arzuman inamla dedi.

-Əlbəttə, mən sizə ümid bəsləyib gəlmişəm. Mən əsəri rus dilində yazmışdım. Hiss edirdim ki, arzu elədiyim kimi alınmayıb. Bir qazax yazıçı dostum var idi. O mənə romanımın ədəbi cəhətdən işlənməsində çox kömək etdi. Əsərin adını da o qoydu: “Sürgün olunmuş Vətən”. Roman rus və qazax dillərində çap olunub. Həm də bəyənilib. Elə bu romana görə məni Rusiya Yazıçılar Birliyinə üzv qəbul etdilər. Romanın Azəbaycanca variantını sizin köməyinizlə hazırlamaq istəyirəm. Otuz ildən çoxdu Rusiyada yaşayıram. Bəzi sözləri, fikirləri ifadə etməkdə çətinlik çəkirəm. Bir də kompüterdə yazdırmaq lazımdır.

Düzələn işdi, Sadiq müəllim. Kompüterdə yaxşı yaza bilən bir xanım tanışımız var, — redaktor inamla dedi. – Korrektə məsələsi İsmayıl Rəmzinin əlində su içimi kimi bir şeydi. Çap məsələsi də problem deyil. Nəşriyyatların sayı-hesabı yoxdu. Düzdü, çoxlu xərc lazım olacaq, dizaynı, qrifi, rəssam işi və s. texniki məsələlər var. Sizin kitab təxminən neçə səhifə olacaq? — redaktor Sadiq müəllimdən soruşdu,

-İki yüz altmış, iki yüz yetmiş səhifə, belə, uzaqbaşı ön söz-zad yazılsa üç-beş səhifə o üz-bu üz ola bilər.

-Hə-ə, oldu, — redaktor kiçik hesablama aparıb dedi: — İki yüz nüsxə etdirsəniz, ən azı min dörd yüz, min beş yüz manat tutacaq. Sizin bu məbləğə imkanınız varmı?

-Məbləğ problem deyil. Mənim məqsədim xalqımızı bu faciənin bir qismi ilə tanış etməkdir. Onu da yəqin ki, sizin köməkliyinizlə həll edəcəyik.

-Əlbəttə, — hamı bir ağızdan dilləndi.

Sonda redaktor dedi:

-Biz işə belə başlayırıq. Əvvəlcə kompüterdə yazdırırıq. İsmayıl müəllim ciddi şəkildə yoxlayır. Tam mətn hazır olandan sonra nəşriyyata təqdim edirik. Siqnal nüsxəni götürüb bir də dəqiq yoxlayıb çapa veririk. Bu iş təxminən bir həftə, on gün çəkə bilər. Qiymət məsələsini mümkün qədər münasib variantda həll etməyə çalışarıq. İndi bir məsələ qalır. Siz nə vaxt Rusiyaya qayıtmaq istəyirsiniz. Ola bilsin kitabın çapı bir az ləngiyə bilər.

-Ləngiməyi problem deyil, çalışaram kitab çıxana qədər qalım. Bəlkə naşirin bığının altından keçsək, çapı bir az tezləşdirə bilər, növbədənkənar çapa göndərər.

-O da mümkündü, — redaktor daha bir məsələni dəqiqləşdirdi.

-Sizin yazı yəqin Kiril əlifbası ilə yazılıb.

-Bəli. Bir şeyi də deyim. Mən ola bilsin cümlə quruluşunda sözlərin yazılışında səhvə yol vermiş olaram.

-Başa düşdüm, arxayın olun. – Əli Rəncur bu işin sahibi kimi inamla dedi. – Hər şey qaydasında olacaq. Biz elə indi işə başlayırıq. Fleşkanı verin mənə. Mən bir nüsxə çıxardıram, yenidən düzəliş edirik. Heç bəlkə kompüterdə təkrar yazmağa ehtiyac olmadı. Mən sizə məlumat verəcəyəm.

Əli Rəncurun tanışı olan kompüter yığıcısı Sadiq Azəroğlunun “Sürgün olunmuş Vətən” romanını bir həftəyə yığdı.

Kiril əlifbasını oxumaqda çətinlik çəkən gənc xanımın buraxdığı səhvləri İsmayıl Rəmzi birbəbir düzəldib materialı Əli Rəncura qaytardı. Əli Rəncur düzəlişləri başa çadırmaqla bərabər köhnə naşir dostu ilə əlaqə saxlayıb romanı mümkün qədər tez çap eləməyi xahiş etdi. Siqnal nüsxəsini yenidən diqqətlə yoxlayıb arxayınlaşandan sonra kitabın çapı üçün nəşriyyata getdik. Sadiq Azəroğlu, Əli Rəncur və mən naşirə kitabın, daha doğrusu, romanın əhəmiyyəti barədə geniş izahat və məlumat verdik. Uzağı on günə hazır olmasını xahiş etdik. Məbləğ barədə anlaşılmazlıq olmadı. Naşir  cib telefonunu çıxarıb hesabat apardı və son olaraq dedi:

-Kitabın biri yeddi manata başa gəlir. Mən həm bu eloğluna görə, həm də ağır məşəqqətlərlə üzləşmiş repressiya qurbanlarının xatirəsinə  200 manat güzəştə gedirəm.

Sadiq Azəroğlu təşəkkür edib dedi:

-Mən siznən qiymət barədə danışmıram. Nə qədər desəniz, o qədər də verəcəyəm. Amma bircə xahişim var. Kitab qüsursuz çap olunmalıdır. Siz naşirsiniz, yəqin ki, öz işinizin peşəkarısınız, mən sizə göstəriş verə bilmərəm. Nəzərə alın ki, bu kitab illərlə Vətən həsrəti ilə yaşayan eloğlularımızın məşəqqətli həyatından bəhs edir.

-Gözüm üstə, — naşir əllərini gözünün üstünə qoyub, — arxayın olun, — Çalışaram on gün ərzində kitabınız hazır olsun. – dedi.

 

***

Bu on gün ərzində Sadiq Azəroğlunun görüləsi işləri var idi. Qohumlarının bir neçəsi ilə görüşməli olduğunu, hüzr yerlərinə getməyi planlaşdırdığını deyib sonra Azərbaycan Yazıçılar Birliyinə müraciət etmək istədiyini bildirdi. Biz ona nə kömək lazımdırsa, əlimizdən gələni edəcəyik, dedik. Əli Rəncur AYB-yə üzvlük məsələsini tanışının vasitəsilə düzəltməyə cəhd edəcəyinə söz verdi. Danışığından belə qənaətə gəlmək olurdu ki, bu müşkül məsələdir. Əli Rəncur heç gizlətmədi də, dedi: “Samballı adamın və çoxlu pulun olmalıdır”. Sadiq Azəroğlu Rusiya Yazıçılar Birliyinə təmənnasız qəbul olduğunu bildirdi. “Məni əsərlərimə görə qəbul ediblər. Rüşvətlə, samballlı adamla yazıçı olmaq nə dərəcədə əhəmiyyətli bir işdi”.

Biz ona cəhd etməyi məsləhət gördük, sənədlərini hazırla ver, bəlkə düzəldi, dedik.

Zənnimiz doğru çıxdı. Sadiq Azəroğlunun ərizəsinə mənfi cavab verdilər. Sadiq pərişan olmadı, sadəcə, “mənfi cavab olacağını gözləmirdim”, dedi.

“Sürgün olunmuş Vətən” kitabı on iki gündən sonra hazır oldu. “Küskün şairlər məclisinin” üzvləri belə məsləhətləşdik ki, kitabın işıq üzü görməsi münasibətilə yaxşı bir ziyafət düzəldək. Qocaman şair-ağsaqqalımız İsmayıl Rəmzi təklif etdi:

-Qardaşlar, Sadiq müəllim dəyərli insandır, dəyərli də kitab yazıb. O, bizim qonağımızdır. Ona layiqli bir məclis düzəltməliyik. Danmağına yer yoxdu, hamımız pensiyaçıyıq, kirayədə yaşayanımız, kredit ödəyənimiz var. Qonaqlığı bir adamın boynuna qoya bilmərik. Gəlin əvvəllər olduğu kimi “sobrazim” eləyək. Kimin nəyə gücü çatır ortaya qoyaq. Mən belə  məsləhət bilirəm.

Hamı bir ağızdan razı olduğunu bildirdi. Əli Rəncur, sağ olsun, ürəklə dedi:

-Mənim evimdə hər şərait var. Nə lazımdır alaq, evdə hazırlatdırım, yaxşı da tut arağım var. Gedib mağazadan girdirmə araq almayaq. Həyətdə şairanə bir məclis qurarıq.

Doğrudan şairanə bir məclis qurduq. Sadiq Azəroğlu bizim məclisin “Küskün şairlər məslisi” olduğunu eşidəndə xeyli təəccübləndi: nə üçün “Küskün şairlər” deyə soruşdu. Biz bir-birimizə baxdıq. Əli Rəncur məsələnin mahiyyətini izah elədi. Şairlərin kitab çapından niyə imtina etdiklərini və ilk görüşdə göstərdikləri səbəbləri deyəndə Sadiq Azəroğlu:

-Xatırladım, xatırladım, — dedi.

-Yaxşı yadıma saldınız, o dediklərinizi xahiş edirəm yazın, mənə verin. Mən onları “Novosibirskiye novosti” qəzetində dərc elətdirəcəyəm.

Görüşün sonundahamımız təsirlənmişdik. Həm təzə dostumuzdan ayrıldığımız üçün, həm də tut arağının təsirindən lap kövrəlmişdik. Dönə-dönə qucaqlaşdıq, öpüşdük və iki gündən sonra Sadiq Azəroğlunu Rusiyaya yola saldıq. Təyyarə havaya qalxana qədər gözlədik. “Sürgün olunmuş Vətən” bu dəfə kitab şəklində Rusiyaya gedirdi.

Doxsan il əvvəl iki aya yaxın “tovarnı” vaqonlarında görünməmiş zillət və əzab-əziyyətlə Qazaxıstan çöllərinə sürgün olunanların özləri getmişdi. İndi isə təyyarədə onların həyatından bəhs edən “Sürgün olunmuş Vətən” romanı gedirdi. Bu dəfə yol cəmi dörd-beş saat çəkəcəkdi. Bu kitabla bərabər həm də…

…”Sürgün olunmuş Vətən” kitabının çapında naşir iki yüz manat güzəştə getmişdi. Sadiq Azəroğlu “xırdaçı” olmadığını bir daha sübut edərək “məbləğ qorxusu yoxdur”, dedi. O, Əli Rəncurla məni bir qırağa çəkib dedi:

-Siznən bir şeyi məsləhətləşmək istəyirəm. Amma hələlik öz aramızda qalsın. Sizin dilinizcə desək “Küskün şairlərin” şeirlərini və mənə danışdıqları əhvəlatları almanax şəklində buraxdırmaq fikrim var. Bilirəm ki, onlar məğrur adamlardır. Mən təklif eləsəm yəqin ki, razı olmayacaqlar. Ona görə sizin fikriniz mənim üçün maraqlıdı. Nə deyirsiniz?

İkimiz də birdən dedik:

-Əla olar! Nə cür lazımdır, kömək edərik.

-Lap yaxşı. Maliyyə cəhətdən problem yoxdu. Mən “Sürgün olunmuş Vətən” kitabına görə Rusiyadan və Qazaxıstandan kifayət qədər qonorar almışam. Şairlərimizin kitabını çap elətdirmək həm mənim üçün xoşdur, həm də bir xatirədir.

Biz, əlbəttə, təklifi çox bəyəndik. İki gün ərzində İsmayıl Rəmzinin, Həsən Göyçəlinin, Səlim Nohurgölün, Arzu İmanın (qısa Arzuman), Əbülfəz Abbasın hərəsindən əlli şeir seçib qruplaşdırdıq. Şairlərin ilk kitabları çap olunanda başlarına gələn macəraları da almanaxa saldıq. Bütün bunları hazırlamaq çətin olmadı. Çünki, onların hamısı haqqında Əli Rəncurun kompüterində kifayət qədər material vardı. İki gün ərzində hazırlayıb nəşriyyata təqdim etdik. “Sürgün olunmuş Vətən” kitabı ilə eyni vaxtda nəşr olundu.

Sadiq Azəroğlu ilə bərabər kitabları nəşriyyatdan götürüb yaxınlıqdakı “çay evinə” getdik. O, təəssüflə  bildirdi ki, Qarabağ müharibəsi haqqında  material toplaya bilmədim. İstəyirdim bu barədə samballı bir əsər  yazım.

Mən dedim:

-Sadiq müəllim, narahat olma, Əli Rəncurun Qarabağ müharibəsi haqqında materialla dolu böyük bir arxivi var. Hər şeydən əvvəl o Qarabağda vuruşmuş hərbçidir. “Qarabağda günəş doğacaq” və 44 günlük müharibədən bəhs edən “Dəmir yumruq havadadır” romanları var. İstəsəniz aparıb rus dilinə tərcümə edə bilərsiniz. Müharibənin odundan, alovundan keçmədən samballı əsər yazmaq mümkün deyil.

— Nə yaxşı oldu, — razıyam. –Sadiq sevincək dilləndi. Məmnuniyyətlə mən o romanları tərcümə eləyib çap etdirəcəyəm. Lap sevindim.

Əli Rəncur yarızarafat- yarıciddi dedi:

-Ermənilər mane olmazlar ki?

-Erməni özünə gülür. Biz əlimizi qoynumuza qoyub oturmamışıq. Arxayın olun, hər şey qaydasında olacaq.

Sadiq Azəroğlunu yola salandan bir gün sonra “Küskün şairlər dünyası” almanaxını da götürüb həmişə yığışdığımız “çay evinə” gəldik. “Küskün şairlərə” zəng vurub ora topladıq. Şairlər bir-bir gəlib stol ətrafında əyləşdilər. Əli Rəncur kitabları çıxardıb stolun üstünə qoyanda hamısı bir ağızdan dilləndi:

-Bu nə kitabdı belə?

-Özünüz açın baxın, — Əli Rəncur gülümsəyərək dedi.

Onlar kitablara və bir-birlərinə baxa-baxa sanki nə deyəcəklərini aydınlaşdırmaq istəyirdilər. Nəhayət, İsmayıl Rəmzi dedi:

-Qardaşlar, Sadiq Azəroğlunun bura gəlişi, bizimlə görüşü həyatımızda yeni yol açdı. Kişinin oğlu böyük iş görüb. Gedək bu hadisəni layiqincə qeyd edək.

Yeməkxanaların birində yaxşı məclis qurduq. Yenə İsmayıl Rəmzi ağsaqqal səlahiyyətindən istifadə elədi.

-Bu gün bizim üçün çox unudulmaz gündür. – O, ayağa qalxıb davam elədi: — Gözəl süfrəmiz var, özü burda olmasa da, qəlbi bizimlədi, — Sadiq müəllimi deyirəm, — badələrimizi ayaq üstə içək, həm poeziyamızın, həm ədəbiyyatımızın xatirəsinə, həm də canımızın sağlığına, Sadiq kimi oğullarımızın sağlığına!

Badələr qaldırıldı, toqquşduruldu, şərab içildi. Masadakı təamlardan yeyildi. Söhbət qızışdı.

İsmayıl Rəmzinin aradabir baməzə sözləri də olurdu. Bu dəfə də gülümsəyərək dedi:

-Gəlin kitab oxumayanlardan umu-küsünü yığışdıraq. İstər kitabın vərəqinə yumurta büksünlər, istər “şia” mollasının duasına bənzətsinlər, istər müşəmbəni əriməkdən qorusunlar, istər “minək daylağa, gedək yaylağa” yazıb birliyə üzv olanları tərifləyib göylərə qaldırsınlar, istər… — o ara verib davam elədi: — Üzr istəyirəm, istər ayaqyolunda istifadə etsinlər, bizə nə dəxli? Bizdən kitab qalacaq!

“Küskün şairlərin” həyatında bəlkə də ən əziz günlərindən biri idi.

“Sürgün olunmuş Vətən” romanını isə hissə-hissə  “Payız leysanı” jurnalında dərc elədik.

Xırdalan şəhəri

15 iyul-02 avqust 2024-ü il

 

 

 

 

Qiymət