COVID-19 pandemiyası SARS-CoV-2 koronavirusunun yayılması ilə yaranıb. Virusun yayılması ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.
30 yanvar 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiya ilə bağlı beynəlxalq səviyyədə fövqəladə vəziyyət elan etdi.
Koronavirus – əkizlər, yaxud qoşa iyrmi ili gələndən dünyanın son gündəmidir, efir səhərdən axşamadək ancaq bu virusdan danışır.
İki yüzdən artıq dövləti ağuşuna alan virusa yoluxanların sayı iki milyona yaxınlaşmaqdadır. Yüz mindən çox insan, məhz bu virusdan dünyasını dəyişib. Sevindirici haldır ki, İranın Gülüstan əyalətinin 101 yaşlı sakini koronavirusa yoluxandan sonra 20 günlük müalicə kursu keçərək sağalmışdır. “Koronavirusa qarşı vaksinin hazırlanması on səkkiz ay çəkə bilər. Koronavirus 26, 27 dərəcə istidə yaşaya bilmir, məhv olur…”
Bütün bunlar dünya gündəmini bürüyən məlumatlardandır, şərh etməyə ehtiyac yoxdur. Hansının düz, hansının yalan olduğu ilə də işimiz yoxdur.
26, 27 dərəcə istidə yaşaya bilməyib məhv olan virus 36,6 dərəcə hərarəti olan insan orqanizmində necə tüğyan edə bilər? 18 aydan sonra vaksin hazırlana biləcəyi halda koronavirusa yoluxanları, eləcə də 101 yaşlı gülüstanlı ahılı necə və hansı həblərlə müalicə ediblər?
Əlbəttə ki, maraqlı məqamlar və cavabsız suallar düşündüyümüzdən də çoxdur.
Bu virusla bağlı bir-birini təkzib edən, bir-birinə zidd qırx mindən çox yazı yazılıb. Ancaq həmin yazıların heç birində virusa qalib gəlmək, vəziyyətdən çıxmaq üçün hansı ölkənin planı nümunə olaraq göstərilməyib.
Əlbəttə ki, baş verən bütün qlobal hadisələri ədəbiyyat yaşadır. Şübhəsiz ki, koronavirus dünyəvi hadisədir, ədəbiyyatda öz əksini tapacaqdır. Ən inanılmaz hadisələr kimi bədii sözün qüdrətindən yararlanaraq əbədiyyata vəsiqə qazanacaqdır.
Çindən başlayaraq dünyaya yayıldığı söylənilən bu virusdan ölkənin özündə ölənlərin sayı birinci dalğanın sovuşduğuna rəğmən rəsmən 3114 civarında göstərilir. Çin mobil operatorlardan birinin rəhbəri isə 2020-ci ilin fevral ayı ərzində yeddi milyon abonentin efirə çıxmadığını vurğulayır.
Bir də Yeni Dünya Düzəninin başlanğıcını Koronavirusdan götürəcəyini tez-tez dilə gətirirlər. Görəsən, Yeni Dünya Düzəni başqa şey tapıb başlanğıc götürə bilməzdi?
Əli bəy Azəri
“Xəzan” jurnalının baş redaktoru
Mart, 2020
P.S.
4 avqust 2024-cü il tarixinə bütün dünyada 775 milyondan çox xəstəlik hadisəsi qeydə alınıb; 7 milyondan çox təsdiqlənmiş ölüm faktı COVID-19 pandemiyasını tarixin ən ölümcül pandemiyalarından birinə çevirdi. 5 may 2023-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus, COVID-19-un artıq qlobal sağlamlıq üçün fövqəladə hal olmadığını, pandemiyanın “aşağıya meyl” etdiyini bildirdi.
Azərbaycan üzrə: 2024-cü ilin sentyabrına olan hesabat
29 sentyabr 2024-cü il tarixinə qədər 792 608 yoluxma halı qeydə alınıb. 782 869 nəfər sağalıb. 9 709 (bəzi sənədlərdə Azərbaycanda virusdan ölüm – 10400 nəfər göstərilir) nəfər vəfat edib. Koronavirusla bağlı 7 milyon 684 min 217 test edilib.
Orta hesabla hər min nəfərə ölüm hadisəsi Azərbaycanda başqa dövlətlərə nisbətən, 1.26% yüksək olub.