Çarlz Dikkensin “Oliver Tvistin macəraları” romanı haqqında
Ədəbiyyatın gücünü ölçən cihaz olsaydı, o, dünya romançılığına təsiri baxımından tək-tək qələm adamından geri qalardı. Zahirən sosial macəralar ustasına, uşaqlar üçün əyləncəli kitablar yazan müəllifə bənzəsə də, Dikkens adı Hüqo, Dostoyevski, Tolstoy kimi söz peyğəmbərləriylə yanaşı çəkilən, sonuncu ikisinin sənətlə bağlı təsəvvürünün yaranmasında böyük rol oynamış, çox güclü dini duyumu olan, dini ruhlu kitablar yazmış mistik yazıçıdır. Onun şöhrəti ingilis ədəbiyyatında Şekspirin, Bayronun şöhrətiylə yanaşı durur. Üstəlik, Dikkens o xoşbəxt müəlliflərdəndir ki, onu uşaq da, böyük də, qanan da, qanmayan da həvəslə, sevə-sevə oxuyub. Ona görə keçmiş zamanda danışıram ki, o həvəsdən, sevgidən indiyə nəsə qalıb-qalmadığına dair bilgim, məlumatım yoxdur. Şəxsən mən uşaqlığımdan bu mömin qocaya (hərçənd elə də qoca deyil, vur-tut əlli səkkiz yaşı var) qəlbimdə bir doğmalıq, simsarlıq hiss eləmişəm, elə bilmişəm saqqalından nur yağan bu ingilis doğmaca babamdır.
Dikkensin kitabları sayca çox, sanbalca ağır, həcmcə də iridir. “Oliver Tvistin macəraları” ona gənc yaşlarında böyük ad-san qazandırmış, iyirmi beş yaşında müəllifini İngiltərənin ən şöhrətli adamlarından birinə çevirmiş “Pikvik klubunun qeydləri”ndən sonra yazıçının ikinci romanı, ingilis ədəbiyyatında isə baş qəhrəmanı uşaq olan ilk romandır. Bu romanın motivləri əsasında onlarla film çəkilib. Əsər işıq üzü görəndə Dikkensin cəmi iyirmi altı yaşı vardı, məşəqqətli uşaqlığıyla çoxdan vidalaşmışdısa da, arada böyük məsafə yoxuydu, uşaqlığın dadı damağından, havası başından hələ getməmişdi (ömrü boyu da belə olasıydı). Reportyorluqdan nasirliyə adlayan Dikkens bu keçidiylə özünü məişət qayğılarının əsirliyindən, ailəsini maliyyə girdabından, atasını borclular türməsindən xilas eləmişdi.
***
Dikkensin romanları nağıl, dastan estetikası üzərində qurulub. Onun əsərlərinin sonunda xeyir hökmən qalib gəlir, şər zəbun olur. Şillerdən tutmuş Bayrona qədər bütün qüdrətli Avropa romantiklərindən fərqli olaraq o, qaçaq-qulduru, oğruları, qatilləri idealizə eləmir, onları qəhrəman donunda qələmə vermir. Dikkensin nəzərində qəhrəmanlıq mənəvi anlayışdır, xristianlığın ana prinsipləri zəminində güc qazanan, ucalan inanc aktıdır. Bu gün bizim cəmiyyətimizdə (elə bütün postsovet ölkələrində) də oğruları, narkobaronları, başkəsənləri, cibkəsənləri qəhrəman kimi tanıdanlar, belələrini başa çıxaranlar, türmə qanunlarını sivil hüquqi normalardan üstün tutanlar, onları gənclərə nümunə göstərənlər az deyil (elə əvvəllər də az olmayıb). Dikkens hələ iki yüz il əvvəl öz mömin qələmiylə bu təmayülə qarşı çıxıb, mənəvi təmizliyi, əxlaqi saflığı ən qatı zülməti yaran nur kimi, haram götürməyən axar su kimi təqdim eləyib.
Yazıçının başqa müsbət qəhrəmanlarıtək mələksima Oliver Tvist də meydana hazır ilahi keyfiyyətlərlə, xristianlıq ideallarının təcəssümü, sevgi, mərhəmət timsalı, bir sözlə, əsl peyğəmbər övladı kimi çıxır. On yaşlı oğlan bu keyfiyyətləri hansısa müəllimdən dərs almaqla, hansısa müdrikə, müqəddəsə şagirdlik eləməklə, ya alicənab insanların mühitində böyüməklə qazanmayıb, bu dəyərlər ona anadangəlmə verilib. Odur ki, Dikkensin bu əsərində (elə başqa romanlarında da) təbəddülatlar, çarpışmalar, didişmələr, boğuşmalar qəhrəmanların içində yox, çölündə, xeyirlə şəri təmsil eləyən personajlar arasında baş verir. Burada yaxşı da, pis də özünü mühakimə eləmir, heç hansı öz əməlinə şübhəylə yanaşmır, hər biri özünə yox, başqasına qalib gəlməyə çalışır. Bir daha vurğulayıram, mübarizə insanların qəlbində yox (Dostoyevski deyirdi ki, bizim qəlbimiz Tanrıyla Şeytanın savaş meydanıdır), insanlar arasında gedir. Sonralar bu “ideoloji” metoddan bir çoxları, o cümlədən Dostoyevski “İdiot”, Pasternak “Doktor Jivaqo” romanında gen-bol yararlanacaq.
Dikkens qəhrəmanlarının içiylə çölü bir-birini tamamlayır. Bunu romantiklərə – şəri cazibəli, gözəl, xarizmatik qələmə verən söz ustalarına protest kimi də anlamaq olar. Onun mənfi personajları təkcə əxlaq, mənəviyyat sarıdan naqis deyil, görkəmcə, davranışca da eybəcərdir, fiziki baxımdan da şikəst, yaxud yarımşikəstdir. Başqa sözlə, Dikkensin yaradıcılığında etika ilə estetika uzlaşdırılıb. Onun əsərlərində, məsələn, Hüqonun Kvazimodosu kimi üzdən eybəcər, amma içi sevgi-mərhəmətlə dolu qəhrəmana rast gəlinməz, onda daxili gözəlliklə zahiri gözəllik bir-birini tamamlayır. Yaxşı sona qədər yaxşılığından, pis də pisliyindən geri durmur. Axırda yaxşı aydınlığa çıxır, pis öz qanında boğulur.
Əlbəttə, bu deyilənlər ehkam deyil, yazıçının romanlarında bəlli qaydalara tabe olmayan bəzi xırda istisnalar da tapılar.
***
Bir az əvvəl Oliver Tvist haqqında “peyğəmbər övladı” bənzətməsini işlətdim. Mərhum Dikkens mömin xristian kimi bəlkə də bu bənzətməni qəbul eləməzdi, ancaq nədənsə həmişə mənə elə gəlib ki, Oliver məhz İsa peyğəmbərin kəbindənkənar oğludur – Maqdalı Məryəmdən olan tək oğlu.
Əsərdəki reallıqdan çıxış eləsək, baş qəhrəman ictimai normalara zidd həyat tərzi keçirən bir qadının imkanlı kişidən dünyaya gəlmiş qeyri-qanuni övladıdır. Oğlanın atası ölüb, ancaq yazılı vəsiyyətində ona əməllicə miras qoyub.
Oliver anasını da xatırlamır, oğlu doğular-doğulmaz qadın ömrünü ona tapşırıb. Uşaq məşəqqətlə böyüyüb, möcüzə nəticəsində sağ qalıb. Bir tikə çörəyə möhtac yaşıdları kimi o da yeniyetmələrin məcburi işə cəlb olunduğu türməyə bənzər əmək müəssisəsində məhbus rejimiylə çalışır. Burada cəmiyyətin qaranlıq zirzəmisinə atılmış məxluqlara bir ananın doğduğu faktiki insan kimi yox, zinakar valideynlərin haram münasibətindən törəmiş ifrazat, atılğı, günahkar məxluq kimi baxırlar. Qəddar mühitə alışmış yeniyetmələr özlərindən asılı olmayan reallıqların qurbanıdırlar. Onlara qurtuluş yoxdur, tək xilas yolu ölüm, ya da buradakından daha betər, daha zərərli əməklə məşğul olmağa razılaşmaqdır.
Tabutqayırana şagird verilməsi də Oliverin vəziyyətini yüngülləşdirmir. Boş tabutlar arasında gecələməyi bir yana, özündən yaşlı, həm də güclü bir oğlan onu daim basqı altında saxlayır. Oliver bundan da ağır işə göndərilməsin deyə hər əziyyətə qatlaşır, di gəl, şuluq gədə ona anasının dünyadan pozğun kimi köçdüyünü deyəndə dözməyib cılız canıyla qansızın üstünə atılır. Buna görə Oliveri möhkəm cəzalandırırlar, oğlan işgəncələrə tab gətirməyib evdən qaçır, üzü Londona bir həftə ac-susuz yol yortur.
***
Paytaxt yaxınlığındakı qəsəbədə Oliver Tvist bir tay-tuşuyla tanış olur. Yeni tanışı onun ac qarnını doyurandan sonra Oliveri Londondakı gizli mənzilə aparır. Burada xeyli uşaq, yeniyetmə var, onlar, belə demək olarsa, cəmiyyətin sahilinə atılmışlar, oğru sektasının üzvləridir. Oğrubaşı Fecin onlara cib soymağı məşq elətdirir. Şekspirin Şeyloku, Balzakın Qobseki kimi Fecin də yəhudidir, sələfləritək o da daş-qaş, sərvət hərisidir. Şekspiri, Balzakı deyə bilmərəm, ancaq Dikkensin Fecini yəhudi qiyafəsinə bürüməsiylə bu qədim qövmün İsa peyğəmbərə divan tutdurmasına işarə vurduğuna şübhəm yoxdur. Bayaqkı məntiqdən yola çıxsaq, yazıçının mesajını belə yoza bilərik: Tanrının əziz oğlunu güdaza verdilər, indi də nəvəsinin ruhunu satın almağa girişiblər.
Fəqət Oliverdən oğru düzəltmək mümkün deyil, onun pak, təmiz ruhu kir götürmür. Dikkens balaca qəhrəmanını çirkabdan qorumaqla öz dövründə (elə ondan da qabaq) çox populyar olan, sosioloqların indi də keşiyində durduqları belə bir qondarma determinist düşüncəyə qarşı çıxır ki, guya insan yalnız içində böyüdüyü ictimai-siyasi mühitin, dibçəyində yetişdiyi coğrafi-bioloji-antropoloji zəminin, havasıyla nəfəs aldığı dini-milli-kulturloji atmosferin yetirməsidir, hər bir fərd bu amillərin şərikli məhsuludur, heç bir individ bu faktorların cazibəsindən qırağa çıxa bilməz.
Bəs onda yer üzünə yenilikləri kim gətirir, böyük tarixi dəyişimlər, siyasi-iqtisadi-mədəni çevrilişlər, qlobal sıçrayışlar necə baş verir, misilsiz ixtiralar, tarixə təkan verən kəşflər haradan qaynaqlanır? Şəxsiyyəti yalnız cəmiyyət yaratsaydı, onda bəs o cəmiyyəti kim irəli aparardı? Bəli, mən də razıyam ki, bəşəriyyətin, şərti desək, doxsan doqquz faizi yedəkdə gedir. Ancaq qızıl birfaizlik kəsim də var ki, həmişə lokomotiv kimi qalan doxsan doqquzu arxasınca çəkib aparır. O bir faiz olmasa, tarixin təkəri irəli hərlənməz. Hərçənd o təkəri geri fırlamaq istəyənlər də yatmayıblar, hər dövrün özünə uyğun üsullarıyla gecə-gündüz fəaliyyətdədirlər.
***
İnsan yalnız determinist qanunlarla hərəkətə gələn təbii mexanizm deyil, heyvandan fərqli olaraq onun azad ruhu, azad düşüncəsi, azad iradəsi də var. Azad insan həyatı dəyişmək istəyəndə çoxluq əvvəl ona qarşı çıxır, onu daşqalaq eləyir, vurub onu atdan salmaq istəyir. Həyatı, günü-güzəranı dəyişəndən sonra elə həmin çoxluq həmin azad insanı qəhrəman elan eləyir, onu müqəddəs tutur, onun səcdəsinə durur.
İnsan dəyişmir deyirlər – doğrudur, böyük əksəriyyət dəyişmir, ömrü boyu necə varsa, elə də qalır, ölənəcən təbiətdən aldığını xərcləyir. Ancaq tək-tək dəyişən, özüylə birgə dünyanı dəyişdirənlər də var. Bəli, özünü dəyişən, öz təbiətinə qarşı çıxan dünyanı da dəyişir. Öz təbiətinin yedəyində gedib dünyanı dəyişənlər də var, ancaq buna dəyişmək demək olmaz, bu, yeni mərhələyə adlamaq yox, keçilmiş mərhələyə qayıtmaqdır. Proqres – həmişə yenilik axtarışındadır, reqres – bugünün, gələcəyin çağırışlarından qaçıb ibtidai dövrün mağaralarına sığınmaqdır.
Oliver hələ məcburi əməyə məhkum olunduğu günlərdə də cızığından çıxıb azad iradəsini ortaya qoya bilir – məsələn, nəzərdə tutulmuş normadan artıq yemək istəməklə. Onun bu cəsarəti düşərgə nəzarətçilərində həm heyrət, həm aqressiya doğurur. Onlar bu presedentlə heç cür barışa bilməzlər, bu gün Oliver istəyirsə, sabah bütün düşərgə əlavə pay istəyəcək. Fəqət artıq ox yaydan çıxıb, ilk cəsarətli addım atılıb, zamanı geri qaytarıb bunu yaddaşlardan silmək heç vaxt mümkün olmayacaq. Qəhrəman cəzalanacaq, ancaq qəhrəmanlıq unudulmayacaq.
Üstəlik, Oliver Tvistin azadlıq iradəsi aqressiv deyil, bu iradə silahtək kiməsə tuşlanmayıb; eynən İsa Məsihin azadlıq eşqi kimi onun da azadlıq iradəsi sevgidən, mərhəmətdən, ədalətdən mayalanıb. Bu, kimdənsə, nədənsə azad olmaq istəyi, iradəsi deyil, bu, azadlıq duyğusunun özünün qarşısı heç vəchlə alınmaz istəyə, iradəyə çevrilməsidir.
***
Sevgidən, insafdan məhrum ədalət hissinin nə qədər yalın, quru, çılpaq olduğunu müəllif bizə məhkəmə hakiminin timsalında göstərir. O bəlkə də adil, dürüst, qanunpərəst hakimdir, ancaq onun ədaləti mərhəmətdən xalidir, buna görə də humanizmdən kənardır, qəddarlıqdan bir o qədər seçilmir. Eynən Hüqonun Javeri kimi bu ədalət keşikçisi də qanunun nöqtə-vergülünə, hərfinə mübtəladır, di gəl, ruhundan xəbərsizdir. Əvəzində məsum uşağın xilasını xristianlığın ana ehkamlarından birinə sadiq mömin kimi özünün başlıca vəzifəsinə çevirən cənab Braunlounun mərhəməti həm sevgi, həm ədalət duyğusuyla aşıb-daşır. Belə ədalətli olmaq üçün qanunlar məcəlləsini əzbərləmək şərt deyil, bundan ötrü insanlıq qanunlarına sevgi, sədaqət bəsləmək yetər.
Fecin özünü kimsəsiz uşaqların himayədarı kimi göstərməyə çalışsa da, onun qayğıkeşliyi, mərhəməti saxtadır. Fəqət şər hər zaman xeyiri yamsılamağa, onun libasına bürünməyə məhkumdur, əks halda cəlbedici, cazibədar görünməz. Şər gerçək sifətini büruzə versə, hamını özündən itələyər, əvvəl-axır tək qalar. Bu səbəbdən şər hər zaman xeyirin şüarlarıyla, ixtiralarıyla silahlanır. Şeytan fəhləsi heç vaxt Şeytana işlədiyini boynuna almır, İblis özü də Allah adından danışır – Qərbdə buna Antixrist, Şərqdə Dəccal deyirlər. Fecin də xalis Dəccal kimi Tanrının bazarına girir, müqəddəs elan olunmuş nə varsa, hamısını ayaqlar altına atır, məsum uşaqları alçaq əməllərə alışdırır, onları dar ağacına sarı itələyir. Bununla da özünü gözləyən dəhşətli aqibəti tələsdirmiş, Nabokovun (eləcə də Pasternakın) təbirincə desək, el-aləmi öz edamına dəvət eləmiş olur.
Dərindən götürəndə şərə mübtəla hər kəsə acımaq, belələrinin gününə ağlamaq lazımdır, çünki onlar, İsa Məsih demişkən, baxa-baxa görmürlər, dinləyə-dinləyə eşitmirlər, öz başlarına nə gətirdiklərini bilmirlər. Məhz elə bu mülahizəylə Oliver Tvist – saf ruhunun, su kimi yumşaq, sel kimi güclü iradəsinin sayəsində azadlığa çıxan bu erkək mələk edamqabağı zindanda sayıqlayan Fecinin ziyarətinə gedir, ondan ötrü göz yaşı töküb dua eləyir. İllər sonra İvan Karamazovun uydurduğu pritçada on altıncı əsr Sevilyasında zühur eləyən İsa peyğəmbər də onun adından xaçpərəstlərin qanını sel kimi axıdan Böyük İnkvizitorun dodaqlarından beləcə bir mərhəmətlə öpəcək…
Şeytan nökərinin amansız, yırtıcı nökəri Bill Sayksa gəlincə, ona heç dua-səna, quruca bir mərhəmət, bir damla soyuq göz yaşı belə qismət olmur. İrili-xırdalı cinayətkarlar arasında nəfəs alsa da, qəlbindəki insanlıq, analıq-bacılıq duyğusu hələ də közərən Nensini qəddarcasına öldürəndə belə bu qatilin tükü ürpənmir, Sayksın alter-eqosu olan adamcıl köpəyi onu (yəni özü özünü) ələ verir, qaçıb qurtarmaq üçün belinə doladığı kəndir boğazına keçib onu boğur. Soyuqqanlı qatilin aradan çıxmaq imkanı varkən öz ayağıyla əcəlinin üstünə qayıdır, başqalarından qaça bilsə də, özündən qaça bilmir. Yazıçı bizə aydın dillə deyir ki, şərə aludə olan kəsə özgə düşmən gərək deyil; o özü özünün qənimi, özü özünə dar ağacıdır.
***
Dikkensin romanını həm detektiv, yaxud macəra romanı, həm də sosial, yaxud tərbiyəvi roman kimi oxumaq olar. Ancaq bu yanaşmaların hər biri yarımçıq olacaq, çünki “Oliver Tvistin macəraları” bunların hamısından ötə İncil ehkamlarından, xristian əxlaqından bəhrələnən dini roman, dini-mistik ədəbiyyat örnəyidir. Bundan sonra neçə-neçə qalın kitab yazsa da, bir söz ustası kimi ildən-ilə püxtələşsə də, Çarlz Dikkens ömrünün sonuna qədər nə fəlsəfi-etik, nə də bədii-estetik prinsiplərindən sapacaq. Onun əsərlərindəki uşaq, yeniyetmə obrazları nüsxələnib bütün Qərb ədəbiyyatına yayılacaq. Onun qəhrəmanları sözün sənətə çevrildiyi bütün dillərdə danışacaqlar, onun kitabları əsasında saysız-hesabsız filmlər (yanılmıramsa, bu məsələdə yalnız Şekspirdən geri qalır) çəkiləcək.
Ancaq Dikkensin xidməti yalnız Avropa (dolayısıyla həm də dünya) ədəbiyyatına yeni fəlsəfi-estetik qapılar açmaqla bitmir. Onun əsərlərində əksini tapmış sosial problemlər həm özünün sağlığında, həm də özündən sonra İngiltərə cəmiyyətini dönə-dönə çalxalamış, ən yüksək səviyyələrdə müzakirəyə çıxarılmışdı. Kabinetində oturub öz işiylə məşğul ola-ola o, bütün cəmiyyəti, hətta dövlət ərkanını belə sözün yaxşı mənasında ayağına gətirmişdi. Kraliçanın saraya dəvətindən azı iki dəfə imtina eləmişdisə də, monarxiya başçısı bundan inciməmişdi, özü onu ziyarətə gəlmişdi. Onun həm də ölkəsinin gerçəkliyinə güzgü tutan əsərlərinin sayəsində köhnədən qalmış, yaxud da yeni uydurulmuş neçə-neçə mürtəce, antihumanist qanun-qayda ya ləğv olunmuş, ya da tədricən islah olunmuşdu. Onun bilavasitə təsiriylə İngiltərədə uşaq əməyinin istismarına məhdudiyyət qoyulmuşdu (bu məqamda islahatçı rus çarı II Aleksandrın İvan Turgenevin “Ovçunun qeydləri” silsiləsindən hekayələrini oxuyandan sonra tərəddüdünə son qoyub təhkimçilik hüququnu ləğv elədiyini xatırlamaq da yerinə düşər).
Həqiqətən, son bir neçə yüz illik tarixə nəzər salanda görürsən ki, sentimental fransızlardan fərqli olaraq praqmatik ingilislər inqilablar, çevrilişlər yoluyla yox, təkamül yoluyla inkişafa üstünlük veriblər (yəqin həm də ona görə ki, Robespyerin sələfi Kromvelin tarixi fəaliyyətindən doğru nəticə çıxarıblar). Fransa imperatoru Hüqonu vətənindən didərgin salanda İngiltərə kraliçası Dikkensin əsərlərindən islahat aparmağı öyrənirdi.
***
Çox təəssüf ki, müasir dünyamızda sözün, sənətin belə bir gücü qalmayıb. Nə bilim, bəlkə də artıq buna ehtiyac yoxdur. İndi hətta ədəbiyyatı bir fənn kimi məktəb proqramlarından çıxarmaq təklif olunur. Əminəm ki, ədəbiyyatsız, incəsənətsiz dünya ruhsuz bədən kimi duyğusuz, cansız olar. Bu dünyanı mənəvi zəmindən məhrum praqmatik düşüncənin, qəlbin isitmədiyi soyuq ağılın, əxlaqa söykənməyən qısır zəkanın ümidinə buraxmaq olduqca xatalıdır.
Mən mənəvi-əxlaqi imperativlərə biganə, sözə-sənətə xor baxan müxtəlif peşə sahiblərini zaman-zaman çox müşahidə eləmişəm (belələri hətta dünya siyasətinin aparıcı postlarına da yol tapıblar). Onlar bu dünyada heç bir dəyərə inanmırlar, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar bu fani dünyada onca gün artıq yaşamaq naminə – inanmadıqları bəşəri dəyərlər bir yana qalsın – vətənlərini, millətlərini gözüyumulu qurban verərlər.
İndi ədəbiyyat fənninə qənim kəsilmiş praqmatik robotlar nə demək istəyirlər: sözlə, sənətlə bəslənmiş insan adamlar yeni bir qlobal fəlakətin astanasına sürüklənən dünyamızı beləmi gələcəyə təhvil verib getsinlər?..
“Yeni Azərbaycan” qəzeti