Kilsənin parçalanması: katoliklik və pravoslavlıq

Fikirlər Xatirələr

1054-cü ildə xristian kilsəsi katolikliyə və pravoslavlığa bölündü və bölünmə hələ də qüvvədə qalır. Roma papası ilə Konstantinopol patriarxının münasibətləri necə idi? XI əsrdə xristianlıq hansı rolu oynayırdı və “böyük sxizma” niyə baş verdi? Katoliklər və pravoslavlar bir-birilərini niyə lənətləmişdilər? Kilsənin parçalanmasında siyasət hansı rol oynamışdı və latınlarla bizanslıların ənənələri nə ilə fərqlənirdi?

Bu və digər suallara kilsə tarixçisi Pavel Kuzenkov cavab verir.

***

XI əsrdə xristianlıq Finlandiya, Baltikyanı istisna olmaqla bütün Avropaya, o cümlədən İslam Şərqinin ərazisinə (Afrika, Yaxın Şərq, İran və Orta Asiya) yayılmışdı. Sonuncularda çox sayda xristianlar vardı. Müsəlman İspaniyasından başqa bütün Avropa dövlətlərində xristianlıq hakim din idi. Eyni zamanda XI əsrdə bütün qərb vilayətlərində papalıq sistemi qurulmuşdu və istisnasız bütün kilsə strukturları Roma papasına (Müqəddəs Pyotr apostol kafedrasına) tabe idi, dini ədəbiyyat və mərasimlərdə latın dilindən istifadə olunurdu. Şərqdə isə ənənəvi yerli kilsə sistemi – bir-birindən müstəqil regional patriarxatlar, katolikosatlar, ya da arxiyepiskopiyalar – qalırdı. Onların arasında yeddi Ümumdünya kilsəsini və Şərqi Roma (Bizans) imperiyasından asılılığı qəbul edənlər pravoslar kilsələri ailəsini təşkil edirdi. Ki, onlara da əsas kafedralar daxil idi: Konstantinopol (həmin dövrdə Rusiya, Bolqariya və Serbiya ona tabe idi), İsgəndəriyyə, Antioxiya, Yerusəlim, Kipr, Gürcüstan. Xalkidon kilsəsini qəbul etməyən bir sıra şərq kilsələri anti-xalkidonit qrupda və ya monofizitlərdə birləşirdi (Ermənistan, koptlar və efiopiyalılar, qərbi suriyalılar).

İranda və Mərkəzi Asiyada sadəcə iki Ümumdünya kilsəsini – şərqi suriyalılar və ya nestorianlar – qəbul edən Şərq kilsəsinin mövqeyi üstünlük təşkil edirdi. Bütün şərq kilsələrində dini mərasimlərdə və kitablarda milli dillərdən istifadə olunurdu.

XI əsrin başlanğıcında yunan və latın xristianlığı – o vaxt hələ katoliklərə və pravoslavlara bölünməmişdi, vahid kafolik kilsənin tərkib hissəsiydi – arasındakı sərhəd Şərqi Avropa ölkələrindən keçirdi: Polşa, Macarıstan, Çexiya, Xorvatiya papa strukturuna məxsus idi; Bolqarıstan və gələcək Serbiyanın ərazilərinə Bizans nəzarət edirdi, onlar müstəqil Oxrid arxiyepiskopluğu statusu ilə Konstantinopol patriarxatına tabe idi. Nəhəng Rusiya Konstantinopol kilsəsinin onlarla mitropoliyalarından sadəcə biriydi. Bu, özlüyündə unikal nümunə sayılırdı, çünki “ümumdünya patriarxatına daxil olan” və imperiya zamanında təntənəli şəkildə “Konstantinopol kafedrası” adlandırılan digər yeparxiyalar Bizans imperiyasının ərazisində yerləşirdi. Rus knyazlarının isə həm Bizansla, həm də latın Avropası ilə əlaqələri vardı: Müdrik Yaroslavın üç qızı Fransa, Norveç və Macarıstanın kraliçaları idilər, böyük oğlu İzyaslav Polşa şahzadəsi ilə, ortancıl oğlu Svyatoslav Sesiliya adlı alman qızla, kiçik oğlu Vsevolod isə yunan qadınla evliydi – Vladimir Monomax sonuncunun oğlu idi.

İlk dövrlərdə Rusiyada heç kim 1054-cü ildə baş verən parçalanmaya kilsələrin həqiqətən ayrılması kimi baxmırdı. Hər halda qardaşları tərəfindən Kiyevdən qovulan İzyaslav Yaroslaviç 1075-ci ildə Almaniyada olanda oğlu Yaropolku Roma papası IV Qriqorinin yanına göndərmiş və hərbi kömək almağa vasitəçilik etməsi qarşılığında Rusiyanı Pyotrun kafedrasına “verməyi” vəd etmişdi.

Amma onun bu hərəkəti Rusiyada heç kimi qəzəbləndirməmişdi; 1077-ci ildə İzyaslav Kiyevə qalib kimi qayıtmışdı. 1091-ci ildə rus mitropolitinin nümayəndəsi, italyan tacirlərinin bizanslılardan oğurladıqları müqəddəs Möcüzəkar Nikolayın qalıqlarının bir hissəsini Baridə şəxsən Papa II Urbandan almışdı.

Müqəddəsin qalıqlarının “Bari şəhərinə köçürülməsi Rusiyada ən vacib kilsə bayramlarından birinə çevrilmişdi. Amma Bizansda bu bayram heç vaxt qeyd olunmayıb.

Cənubi İtaliyada konfenssional vəziyyət daha mürəkkəb idi. Çox güman ki, orda çox sayda yunandilli pravoslav əhali yaşayırdı, ancaq yerli lanqobardların arasında latın ənənələri yayılmışdı. Roma və Konstantinopol, bu ərazi üzərində kilsənin formal nəzarətinə görə mübahisə edirdilər: bizanslı imperatorlar Cənubi İtaliyanın süzerenləri (vasalları olan feodal hökmdar) hesab olunurdular.

AVROPADA SİYASİ VƏZİYYƏT

XI əsr Avropada Roma papasının siyasi işlərə təsirinin kəskin artması ilə xarakterizə olunur. X əsrdə – Papa taxtının italyan bölgə klanlarının əlində oyuncağa çevrildiyi rüsvayçı dövrdən sonra Klyüni islahatçılarının və onları dəstəkləyən alman krallarının səyləri nəticəsində apostol taxtının nüfuzunu əhəmiyyətli dərəcədə artırmaq mümkün olmuşdu. Bu nəticə, klir nizam-intizamının sərtləşdirilməsi, düşünülmüş kadr siyasəti və kilsə idarəsinin mərkəzləşdirilməsinin gücləndirilməsi yolu ilə əldə edilmişdi. Qərb ruhanilərinin əsas eyiblərinin – korrupsiya (simoniya) və pozğunluq (nikolaitlik) – kökünü kəsməyə yönəlmiş ilk islahatlar mərhələsi VII Qriqorinin (1073–1085) pontifikatında başlayacaqdı və imperatorlarla papalar arasında kəskin münaqişə ilə nəticələnəcəkdi. Hələliksə əsrin birinci yarısında Frankon sülaləsinə məxsus imperatorlar güclənməkdə olan papalığın əsas qəyyumu və müttəfiqi qismində çıxış edirlər. Hətta onlar, papa taxtına öz tayfadaşlarını və qohumlarını namizəd göstərərək əvvəllər burda dominantlıq edən italyanları sıxışdırmağa başlayırlar. Belə ki, 996-cı ildə Romada ilk alman papa – imperator III Ottonun qohumu, 26 yaşlı Karintiyalı Bruno (V Qriqoriy) – peyda olmuşdu. 1046-cı ildə isə imperator III Henrixin kansleri II Kliment adı ilə papa təyin edilir. Papa IX Lev də alman idi (III Henrixin qohumu) və 1054-cü ildə baş verən “böyük sxizm” dramı məhz onun rəhbərliyi dövründə baş vermişdi. Almanların müqəddəs taxtda oturmalarının iki vacib nəticəsi oldu: intellektual səviyyənin aşağı düşməsi və İtaliyada frank kilsə ənənələrinin, o cümlədən inanc simvolunun “Və Oğul adına” (Filioque) əlavəsiylə möhkəmləndirilməsi.

Cənubi İtaliya və Siciliyada mürəkkəb vəziyyət yaranmışdı. Bu vilayətlər hələ IX əsrdən ərəblərlə bizanslıların döyüş meydanı idi, yerli lanqobard sülalələri və frank hökmdarları bu döyüşlərdə fəal iştirak edirdilər. 1042-ci ildə burda Normandiyadan gələn avantürist-muzdlular peyda olmuş və tezliklə Bizans Apuliyasını və Kalabriyasını işğal etmiş, sonra isə tədricən Appenin yarımadasının cənubunu bütünlüklə ələ keçirmişdilər. Papalar əvvəlcə Bizansla müttəfiqliyə girərək bu yarıquldurlarla mübarizə aparmağa çalışırdılar, amma məğlub oldular. Nəhayət, onlarla razılaşma bağladılar: hərbi dəstək qarşılığında onlara legitimlik verdilər.

1059-cu ildə papa II Nikolay italyan normandlarının başçısı Robert Qviskara, bizanslılardan aldığı Apuliya və Kalabriyanın knyazı, həmçinin Qviskarın ərəblərdən geri almağa söz verdiyi Siciliyanın gələcək hersoqu titulunu verir. Tezliklə, Cənubi İtaliyanın normand hökmdarları həm Bizansa, həm də roma-alman imperatorlarına qarşı papanın əsas dayağına çevriləcəkdi.

Nüfuzlu Makedon sülaləsindən olan sonuncu imperator VIII Konstantinin ölümündən sonra Bizansda uzun sürən sülalə böhranı başlayır.

Birinci mərhələdə yeni hökmdarların legitimliyi Konstantinin qızları – Zoya və Feodoriya ilə nihaga söykənirdi. Feodoriyanın ölümündən sonra, 1056-cı ildə mülki və hərbi əyanların ən böyük ailələri – Komninlər, Duklar, Diogenlər, Votaniatlar, Vriennilər arasında taxta uğrunda kəskin mübarizə mərhələsi başlayır.

Bu dramatik savaşdan 1081-ci ildə rəqib Duk sülaləsinin nümayəndəsi İrina ilə evli olan I Aleksey Komnin qalib çıxır.

Həmin vaxt daxili münaqişələr nəticəsində zəifləmiş imperiya bütün cəbhələrdə bir sıra sarsıdıcı məğlubiyyətə məruz qalmışdı. Onlardan ən dəhşətlisi 1071-ci ildə IV Diogen Romanın nəhəng ordusunun Ermənistanda – Mansikert yaxınlığında Şərqin yeni sahibləri – türk-səlcuqlar tərəfindən darmadağın edilməsiydi.

Sözügedən döyüşdə imperator əsir düşmüş, sonra azad edilmişdi. Ki, bu da vətəndaş müharibəsi və faktiki olaraq Kiçik Asiyada Bizansın hakimiyyət strukturlarının süqutuna gətirib çıxarmışdı. Aleksey Komnin hakimiyyətə gələndə nəhəng imperiyanın təkcə pərakəndə qalıqları və Konstantinopol qalmışdı. Kiçik Asiyada qeydsiz-şərtsiz türklər ağalıq edirdilər, qərbdən siciliyalı normandlar sıxışdırırdılar, Balkanlarda isə peçeneqlər və qıpçaqlar fırtına qoparırdılar. İmperiyanın sağ qalmağı zirək Alekseyin böyük xidməti idi. O, müttəfiq tapmaq üçün, əsasən, Qərbə müraciət etmişdi. Onun müraciətlərin nəticəsi məşhur Səlib yürüşləri oldu.

Maraqlı bir detal: 1089-cu ildə imperator Roma ilə ayrılığın səbəblərinin araşdırılması barədə tapşırıq verəndə heç nə aydınlaşdırmaq mümkün olmadı və papa Urbana kilsələrin əlaqələrini bərpa etməsi üçün dəvət göndərildi; dəvətə cavab gəlmədi.

Konstantinopol – 100 minlik əhalisi olan nəhəng meqapolisdir. İqtisadiyyatı çiçəklənir. İmperiyanın əraziləri dayanmadan genişlənir, X Konstantin Dukun (1067) hökmranlığının son illərində Macarıstan və Dunaydan başlayıb Suriya və Mesopotomiyaya qədər uzanır. Düzdür, tezliklə bu qüdrətin zəif olduğu meydana çıxacaqdı, amma 1054-cü ildə baş verən sxizma Bizans imperiyasının böyük inkişafı fonunda cərəyan edirdi. İmperiyanın sərvətləri barədə əfsanələr gəzirdi. İmperiyada gedən siyasi mübarizəyə müdaxilə etmiş Müdrik Yaroslav, böyük oğlu Vladimirin rəhbərliyi altında Konstantinopola donanma göndərəndə (1043-cü il) ruslar yunanlardan ağlasığmaz məbləğdə – 400 min nomisma (Bizansın əsas pul vahidi), yəni 1,64 ton qızıl – xərac istəmişdilər. Şərqli müəlliflərin iddialarına görə, o zaman təkcə Roman Diogenin yürüş xəzinəsində 1 milyon sikkə (4 ton qızıl) vardı. Araşdırmaçılar imperiyanın o dövrdəki ümumi gəlirlərini 15-20 milyon arası (təxminən, 70 ton qızıl) dəyərləndirirlər.

Bəs Qərbi Avropada vəziyyət necə idi? Nümunə üçün: İngiltərədə 1086-cı ildə müştərək torpaq mülkiyyəti 73 min funt (qızıla çevirəndə 2 tondan az) məbləğində dəyərləndirilir. Fransada isə hətta bir əsr sonra da krallıq gəlirləri 200 min livri (1,28 ton qızıl) güclə keçirdi. Daha kiçik və yoxsul ölkələr barədə isə danışmağa da dəyməz.

XI əsrdə Rusiya zənginliyi ilə seçilirdi: Avropa ilə Şərq arasındakı ticarət yolları hələ işləyirdi və knyaz xəzinəsi dolu idi. 1075-ci ildə Svyatoslav Yaroslaviçin qasidləri Mayntsa, imperator IV Henrixin hüzuruna gələndə (yeri gəlmişkən, o, rus knyaginyası ilə evliydi), salnaməçi Lambert Hersfeldski yazmışdı: “Heç kim German krallığına nə vaxtsa bir dəfəyə bu qədər saysız-hesabsız sərvətin gətirildiyini xatırlamırdı”.

LATIN VƏ YUNAN KİLSƏLƏRİ PARÇALANMADAN ƏVVƏL

Latın Qərbi ilə yunan Şərqi arasında ciddi mədəni fərqlər vardı. Antik dünyanın süqutundan sonra, V əsrdə Qərb, demək olar ki, sivilizasiyanın tam tənəzzülü ilə xarakterizə olunan qaranlıq əsrlərdən keçmişdi. Hərçənd XI əsrə doğru Avropa artıq özünə gəlmişdi: hər yerdə, xüsusən də, İtaliya və Fransanın ticari şəhərlərində mədəniyyət və sərvətin artımı müşahidə olunurdu. Şəhərlər şürətlə böyüyürdü, hərçənd onlar şəhərdən daha çox kəndə bənzəyirdi: ortastatistik Avropa şəhərində minə yaxın insan yaşayırdı ki, bu da Antik dövrlə heç müqayisə də gəlmirdi. Bizans da tənəzzül dövründən qurtula bilməmişdi: imperiya ərəb işğallarını xüsusilə ağır keçirmişdi, VII əsrdən, adətən, bir neçə cəbhədə permanent müharibə rejimində yaşayırdı. Dövlət həddindən artıq hərbiləşmişdi, hakimiyyətdə, əsasən, hərbçilər olurdular. Amma IX əsrdə kifayət qədər sürətli “makedon renessansı” başlayır: təhsil, elm, incəsənət dirçəlir. XI əsrdə Bizans təhsil səviyyəsinin yüksək olduğu cəmiyyətə çevrilir, sarayda intellektualların sayı artır, hətta rahiblər də antik fəlsəfə, poeziya, ritorika sahəsində bilikləri ilə fəxr edirlər. (“Pravoslav və katolik mədəniyyətlərində günah və xilas” kitabı).

Şərq və Qərb kilsələri bir-birindən həmişə fərqlənirdi, amma əvvəllər bu fərqlər əhəmiyyətsiz özəlliklərdən o tərəfə keçmirdi. Üstəlik, Antik dövrdə və orta əsrlərdə hər bölgənin öz kilsə ənənəsi, öz bayramları, nəğmələri və libasları vardı – təkcə İrlandiya nəyə desən, dəyərdi. Lakin Qərbdə Roma, Şərqdə isə Konstantinopol ətrafında cərəyan edən mərasim unifikasiyası latın və yunan ənənələrinin kəskin qütbləşməsinə gətirib çıxardı. İlk dəfə bu məsələni kəskin şəkildə bolqarlar qaldırdılar: XI əsrin ortalarında xristianlığı qəbul etməyə qərar verən bolqarlar, Şərq və Qərb xristianlarının kilsə ənənələrinin bir-birindən xeyli fərqləndiyini gördülər və barbarlara xas sadəlövhlüklə hansı ənənələrin “doğru” olduğunu aydınlaşdırmağı tələb etdilər. Roma və Konstantinopol o vaxt artıq parçalanma həddinə çatmışdı, amma problemi həll etmək mümkün olmuşdu.

Qərb xristianlarının bir hissəsi, xüsusən, Frank imperiyasının sakinləri əsas dini mətni – Müqəddəs Ruhun mənşəyi ilə bağlı əlavənin olduğu inanc simvolunu oxuyurdular. Belə ki, Ümumdünya kilsəsində qəbul olunmuş klassik variantda “Və Atadan gələn Müqəddəs Ruha” yazılırdı. Ancaq ikinci variantda bu ifadə “Atadan və Oğuldan (Filioque) gələn Müqəddəs Ruha” kimi gedirdi. Bu “filioque”-nin nə vaxt və niyə peyda olduğu hələ də aydın deyil. Ancaq əgər IX əsrdə hətta Roma belə, bu formanı qəbul etmirdisə, XI əsrdə, çox güman ki, alman papaların vasitəsilə yeni forma rəsmi papa mərasiminə daxil edilmişdi. Bu isə artıq ciddi məsələydi, çünki söhbət doqmatik yenilikdən, inanc simvolunun təhrifindən gedirdi. Halbuki bu, qəti şəkildə yasaqlanmışdı.

IX əsrdə artıq məlum olan və XI əsrdə xüsusilə diqqət çəkən vacib fərqlərdən biri də ruhanilərin evlənməməyi idi. Əgər Şərqdə nigahsızlıq yalnız yepiskoplardan tələb olunurdusa, Qərbdə hələ çoxdan istənilən klirikin evlənməsi münasib sayılmırdı. XI əsrdə ruhanilərin sıralarının təmizlənməsi uğrunda gedən mübarizədə bu məsələ xüsusilə kəskinləşdi: evli keşişlərin hamısı – ki, belələri az deyildi – kafir-nikolaitlər elan olundular və əsrin sonuna qədər evli ruhanilər qalmadı. Amma bizanslılar bu qaydaya son dərəcə skeptik yanaşırdılar.

Nəhayət, XI əsrdə Qərb və Şərq mərasimləri arasında daha bir əhəmiyyətli fərq ortaya çıxdı: yunanlar yevxaristiya (priçastiye) ayinində mayalı çörəkdən, latınlarsa mayasız çörəkdən istifadə edirdilər.

Bu fərq tamamilə təsadüfən üzə çıxmışdı: eyni ayində mayasız çörəkdən istifadə edən erməni anti-xalkidonitlərlə mübarizənin gedişatında Konstantinopolda, o cümlədən ayinləri “qərbsayağı” keçirən latın məhəllələrində mayasız çörəkdən istifadəyə icazə verən liturgiyalar qadağan olundu.

Bizanslı ruhanilər erməni adətinin, İsanın insan təbiətini monofizitsayağı alçaltdığını düşünürdülər. Ki, bu da İsanın iki təbiətli – insani və ilahi – olduğuna dair halkidon ehkamına zidd idi. Hazırda biz mayasız çörəkdən istifadənin dini əsası olmadığını və çox qədimlərdən gəldiyini bilirik, amma o dövrdə latınlar da ermənilərin badına getmişdilər, hərçənd onlarla heç bir əlaqələri yox idi (“Müqəddəslərin alçaldılması” kitabı).

Yunanlar tərəfindən “latın günahları” adlı siyahıya yazılan başqa xırda fərqlər də mövcud idi: keşişlərin saqqallarını qırxmaları (yunanlar saqqal saxlayırdılar), “heyvan” adlarından istifadə, liturgiya zamanı oturmaq və danışmaq.

Latınlar isə hesab edirdilər ki, yunanların əsas cinayəti, Roma papasını Tanrının yer üzündəki yeganə canişini və bütün kilsələrin rəhbəri qəbul etməmələridir. Digər xırda şeylər isə sadəcə belə bir “rüsvayçı itaətsizliyin” nəticəsidir.

ROMA PAPASI VƏ KONSTANTİNOPOL PATRİARXI

Roma və Konstantinopol, eləcə də digər kilsələr arasındakı fikirayrılığı qədim dövrlərdə də olurdu, amma V əsrin ikinci yarısında ilk dəfə liturgik əlaqənin qırılması (sxizma) ilə bitmişdi. Onda məsələ imperatorun köməyilə yoluna qoyulmuşdu. Fikirayrılıqlarının ikinci “raundu” VI əsrdə – Konstantinopolda monofelit küfr (monofelitliyə görə, İsanın iki təbiəti olsa da, ilahi iradəsi təkdir) peyda olanda baş vermişdi. Kəskinləşmənin üçüncü mərhələsi ikonolazm dövrünə düşmüşdü. Hər üç halda da ənənəni müdafiə edən Roma qalib gəlmişdi.

IX əsrdə patriarx Fotinin ətrafında mübahisələr yarandı. Onun əleyhdarları papaya və “bolqar məsələsinə” appelyasiya edirdilər – onda yunanlar diplomatiyanın vasitəsilə latınları məğub etdilər. Foti taxta qayıtdı, bolqarlar isə Bizansın nüfuz dairəsində qaldı.

Amma papalığın iddiaları güclənirdi. Xüsusən də, IX əsrdə “Konstantin bəxşişi” – imperator Konstantinin, papa Silvestrə iqtidar səlahiyyətləri verdiyi və imperiyanın bütün kilsələrini ona tabe etdiyini deyən saxta sənəd dövriyyəyə buraxılandan sonra. Sənəd kifayət qədər kobud şəkildə hazırlansa da, XV əsrə qədər hər kəs onun gerçək olduğuna inanırdı. Papa IX Lev məhz ona istinadən patriarx Mixail Kerularidən itaət tələb etmişdi.

Qeyd etmək lazımdır ki, Roma ilə Konstantinopol arasında faktiki parçalanma 1054-cü hadisələrindən xeyli əvvəl baş vermişdi. Hələ XI əsrin başlanğıcında İtaliyada nüfuz sahibi olmaq uğrunda gedən kəskin mübarizədə Bizans, gah german imperatorları, gah da italiyan zənginləri tərəfindən seçilən Roma papalarını tanımaqdan imtina edirdi. 1009-cu ildən – IV Sergi papa olandan sonra Konstantinopolda liturgiya zamanı papanın adını xatırlamağı dayandırmışdılar. Anoloji hal Roma da baş vermişdi. Bu, hələ sxizma deyildi, amma kilsələrin münasibəti artıq korlanmışdı.

1054-cü il PARÇALANMASI

1054-cü ildə baş verən münaqişənin maraqlı tərəfi o idi ki, həmin vaxt Roma ilə Bizans müttəfiq idi və Cənubi İtaliyada normand quldurlarına qarşı vahid cəbhə kimi çıxış edirdi. IX Levin elçiləri kardinal Qumbertin başçılığı altında imperator IX Konstantin Monomaxa öz ehtiramını bildirmiş və həm hökmdarın, həm də Konstantinopol sakinlərinin provaslığını nümayişkaranə şəkildə qəbul etmişdilər. Amma elçilər patriarx Mixail Kerulari ilə dərhal kəskin ixtilafa girmişdilər. Mixail nüfuzlu və səlahiyyətli aristokrat idi, hətta imperatorun özü də ondan çəkinirdi. Mayasız çörək ucbatından latınlarla münaqişə qızışanda Mixail Kerulari papanın, adətən, sadəlöhv və kobud şəkildə səsləndirdiyi tələblərini qəbul etməyə tələsmədi. Çox güman ki, papa və elçilərinin saxta “Konstantin bəxşişi”nə istinad etmələri, “ana kilsə” kimi Romaya ehtiram göstərmək çağırışları, xüsusən də, yunanların, guya, inanc simvolundan “Və Oğuldan” sözlərini çıxartdıqları ilə bağlı məzəmmətləri patriarxa və tərəfdarlarına gülməli gəlirdi. Hərçənd Qumbert və yol yoldaşları da xeyli aqressiv davranırdılar. Qumbert, Mixail Kerularini əksəriyyəti uydurma və gülünc olan bir sıra küfrlərdə təqsirləndirən yazılı ittihamnamə tərtib etmiş, patriarxı və tərəfdarlarını lənətləmiş, yazdığı məktubu liturgiya zamanı Müqəddəs Sofiyanın mehrabına atmışdı. Məktubu tapıb oxuyanlar, bu cəfəngiyyatın hörmətli prelatlar tərəfindən – yeri gəlmişkən, elçilər artıq öz ölkələrinə qayıtmışdılar – yazıldığına inana bilmirdilər, ona görə də, ilk anda tərcüməçini günahlandırmışlar.

Lənətləmək – anafema, kilsə cəzalarının ən axırıncı növüdür. Adətən, o, rütbə aşağı salınandan və uzaqlaşdırmadan sonrakı addımdır, əsaslı məhkəmədən və müttəhim tövbəyə dəvət olunandan sonra yekdilliklə elan edilir. 1054-cü ildə bunların heç biri olmamışdı. Qumbertin imzaladığı mətndə deyilirdi: “Biz, müqəddəs birinci apostol taxtının ağlasığmaz şəkildə alçaldılmasına və təhqir olunmasına dözməyərək və hər yerdə kafolik dini dəstəkləməyə çalışaraq, təmsil etdiyimiz müqəddəs və ayrılmaz Üçlüyün və apostol taxtının, o cümlədən Yeddi kilsənin bütün pravoslav ruhanilərinin verdiyi səlahiyyətlə bu anafemanı imzalayırıq. Ağamız, möhtərəm papa da doğru yola qayıtmayacaqları təqdirdə onu eyni şəkildə Mixailə və onun ardıcıllarına bəyan edib”.

Maraqlı bir detal: yuxarıdan təsvir olunan hadisə 1054-cü il iyulun 16-da baş verib. Papa IX Levinin isə öz elçilərinin etdiklərindən xəbəri yox idi, çünki o, hələ aprelin 19-da ölmüşdü.

Öz növbəsində Mixail Kerularinin rəhbərliyi altındakı Kilsə də anafema elan edir, amma papa Levə yox, özbaşınalığa yol verənlərə, yəni Qumbertə və onun iki yol yoldaşına.

“Böyük sxizma” şəxsi mübahisə kimi başlayıb ayrı-ayrı şəxslərin mühakimə olunmasına keçmişdi. Amma bu, sadəcə aysberqin səthi idi. Əslində, latın Qərbi ilə yunan Şərqi artıq çoxdan fərqli istiqamətlərə gedirdi və parçalanmaları sadəcə zaman məsələsiydi.

Sonrakı hadisələr göstərdi ki, Qərb, kilsə münaqişəsinin həllində qətiyyən maraqlı deyil. Roma papalığı, Avropanın bütün kilsə strukturlarının İsanın canişini olaraq Roma papasına total tabeçiliyi sistemi kimi formalaşmışdı, Bizans, o cümlədən Şərqin digər, Roma ilə, ümumiyyətlə, heç bir ixtilafa girməyən patriarxları isə bu yolda sadəcə əngəl idi. Aydın idi ki, yunanlar heç vaxt kilsə strukturunun ənənəvi formasını dəyişməyə, papanı bütün kilsələrin rəhbəri kimi tanımağa razı olmayacaqlar. Buna görə də, onları sxizmatçılar elan etmək və əlaqələri kəsmək daha rahat idi.

SƏLİBÇİLƏR KİMDİR?

Bizanslılara hərbi dəstək kimi başlamış səlib yürüşləri sadəcə yunanlarla latınları qarşılıqlı şəkildə ayıran ocağa yağ tökdü. Avropa və Bizans elitalarının intensiv əlaqələri onların dünyagörüşləri və dəyərlər sistemi arasındakı uçurumu üzə çıxartdı. Bizanslılar “franklara” həyasız və aqressiv barbarlar kimi baxırdılar, qərbli cəngavərlər isə təkəbbürlü, özünəvurğun, ancaq qorxaq və riyakar yunanlara olan nifrətlərini gizlətmirdilər.

Avropanın qalan hissəsində Roma ilə Konstantinopol arasındakı münaqişə dərhal diqqət çəkməmişdi. Bəzi bölgələrin, məsələn, Skandinaviyanın uzun əsrlər bundan xəbəri belə olmamışdı. Həmçinin Rusiya da latınlarla münasibətləri kəsməyə tələsmirdi. Kilsə polemikaçıları rus knyazlarında, onların təbəələrində “iyrənc latınlara” nifrət oyatmaqdan ötrü xeyli əziyyət çəkməli olmuşdular.

Münaqişənin möhkəmləməsinə ən böyük “töhfəni” qərbli səlibçilər vermişdilər. 1024-cü ildə onlar Konstantinopolu ələ keçirib yandırmış, qarət etmiş və 1261-ci ilə qədər orda ağalıq etmişdilər. Bir neçə onillikdən sonra isə səlib yürüşünü monqol hücumları nəticəsində zəifləmiş Rusiyaya yönləndirməyə çalışmışdılar, amma onları Aleksandr Nevski qarşılamışdı.

Konstantinopolda da, Rusiyada da “İsanın cəngavərləri”, pravoslav ənənələrinə qarşı dərin nifrət, amansızlıq, acgözlük və hakimiyyətpərəstlik sərgiləyirdilər. Hətta başda Roma papası, məsələn, Daniel Qalitski olmaqla “ümumavropa evinə” girməyi arzulayan hökmdarlar da, şəxsi təcrübələri əsasında belə bir ittifaqın faydalarının son dərəcə az, zərərlərinin isə həddindən çox olacağını görürdülər. Siyasi baxımdan parçalanmış, təkcə öz mənfəətini düşünən Qərb, hər hansı real yardım göstərməyə qadir deyildi, ittifaq və qarşılıqlı əməkdaşlıq barədə gedən bütün söhbətlər isə eyni şəkildə – yırtıcı aqressiya və yeni-yeni tələblərlə bitirdi.

Bizanslı imperatorlar, siyasi məqsədlərlə 1274-cü ildə Lionda, 1439-cu ildə isə Florensiyada Roma ilə kilsə ittifaqının bağlanmasına cəhd etmişdilər, lakin hər iki cəhd uğursuzluqla nəticələnmişdi. Birinci dəfə ittifaqı latınların özləri pozmuşdular. Onlar VIII Mixail Paleoloqu riyakarlıqda ittiham edib növbəti səlib yürüşünə başlamışdılar. İkinci ittifaq cəhdi Bizans cəmiyyətinin mənəvi pozğunluğuna, parçalanmasına gətirib çıxartmışdı və sadəcə imperiyanın, osmanlıların zərbələri ilə məhvini sürətləndirmişdi.

MÜASİR DÖVRDƏ KATOLİKLİK VƏ PRAVOSLAVLIQ

O vaxtdan əsrlər keçib. Reformasiyanın amansız böhranı sayəsində ağıllanmış katoliklik, orta əsrlərdəki qüsurlarının əksəriyyətini geridə qoyub və bir çox məsələlərdə I minilliyin qədim ənənələrinə qayıdıb. Öz növbəsində pravoslavlıq da Qərblə fikirayrılıqlarının səbəblərini daha yaxşı anlamağa başlayıb və bir çox önyarğılarından imtina edib. 1054-cü ildə verilən qarşılıqlı anafemalar papa VI Pavel və Konstantinopol patriarxı Afinaqor tərəfindən 1965-ci ildə təntənəli şəkildə götürülüb.

Pravoslavlar və katoliklər artıq çoxdandır ki, müxtəlif sahələrdə, hər şeydən əvvəl də sülh və ənənəvi dəyərlər uğrunda mübarizədə məhsuldar əməkdaşlıq edirlər.

Filioque və mayasız çörək kimi ənənəvi mübahisəli mövzuların kəskinliyi aradan qaldırılıb. Saqqal saxlayıb-saxlamamaq, ruhanilərin subay, ya da evli olması, liturgiyaların və ayinlərin formaları kimi məsələlər artıq heç kimi narahat etmir.

Amma fikirayrılıqlarının kökü – kilsədə papanın qeydsiz-şərtsiz liderliyi və onun doqmatik, qanuni qüsursuzluğu ilə bağlı katolik təlim – bu gün də kilsələrarası münasibətlərin normallaşması yolunda əsas əngəl olaraq alır.