İslam. Tarixə dönüş.

Fikirlər Xatirələr

…Əliyə(ə) qarşı çıxışların əsas təşəbbüskarları peyğəmbərin(s) köhnə yoldaşları Əz-Zübeyr ibn əl-Avvam və Təlhə ibn Ubeydullah (Aişə onlara baldız düşürdü) idi…

Xəlifə seçilən zaman, Əlinin(ə) xəlifə seçilməsindən narazı qalanlar Məkkədə özlərinə 700 nəfər tərəfdar yığmağa nail oldular. Bu, sonralar «birinci vətəndaş müharibəsi» adını alan yeni bir fitnənin başlanğıcı idi.

Sui-qəsdçilərin dəqiq fəaliyyət planı yox idi. Onlardan bəziləri Suriyaya getməyi və 639-cu ildə xəlifə Ömər tərəfindən bu vilayətə vali təyin edilmiş Müaviyə ibn Əbi Süfyanla birləşməyi təklif etdilər. Aişə isə, Əlinin (ə) yerləşdiyi Mədinəni ələ keçirmək, problemi bir dəfəlik həll etməyə çağırdı.

Nəhayət, dəstək almaq üçün Bəsrəyə getməyə qərar verildi. Məlumat Mədinəyə çatdı və Xəlifə Əli(ə) Şama yürüş üçün hazzırladığı ordu ilə onları yolda ələ keçirmək üçün hərəkət etsə də, gecikdi. 656-cı il oktyabrın əvvəllərində Təlhə, əl-Zubeyr və Aişə yol boyu böyüyərək 3 min nəfərə çatan dəstənin başında Bəsrəyə daxil oldular. Dekabrın əvvəlində xəlifənin təxminən 15.000 nəfərlik qoşunu şəhərin kənarına yaxınlaşdı.

Müxalifətçilər qarşıya 20 minə qədər bəsrəlinin də əlavə olunduğu qoşun çıxartdılar. Üç gün ərzində tərəflər danışıqlar apardılar və görünürdü ki, hər şey sülhlə bitəcək. Lakin Əlinin(ə) tərəfdarları içərisində olan radikallar qəfildən düşmən düşərgəsinə hücum edərək döyüşü qızışdırdılar. Sonrakı döyüşdə tale müxaliflərdən üz döndərdi: fitnənin başçılarından olan Təlhə oxla ayağından yaralandı və qan itkisindən öldü. Aişənin tərəfdarları geri çəkilməyə başladılar. Əz-Zübeyr qaçan döyüşçülərin qarşısını ala bilmədi, döyüş meydanını tərk edərkən yaxalandı və öldürüldü. Geri çəkilənlər 43 yaşlı Aişənin dəmir astarlı palanqədə (məxmal, mixmal) sarı dəvənin üstündə oturduğu yerə çatdılar. Bəsrililər “möminlərin anası”nın ətrafında müdafiə halqası yaratdılar və döyüş yenidən qızışdı və tezliklə əlbəyaxa döyüşə çevrildi. Döyüş zamanı Əlinin(ə) döyüşçüləri dəvənin ayağının vətərlərini kəsə bildilər və o, vəhşi nərilti ilə yerə yıxıldı. Saysız oxları özündə saxlayan palanqə yıxılaraq Aişəni üstünə çevrildi. Döyüş dərhal kəsildi. Xəlifənin tərəfində vuruşan (Aişənin doğma qardaşı) Məhəmməd ibn Əbi Bəkr böyük bacısını dağıntıların altından çıxartdı. Əli (ə) onu qadınlığa dəxli olmayan bir işə qarışdığına görə danlayaraq onu Mədinəyə göndərdi.

Bəsrə yaxınlığındakı bu döyüş günü “yəum əl-cəmal” (“dəvə günü”) adlandı, döyüşün özü isə tarixə “dəvə döyüşü” kimi düşdü…”

 

***

Son bir neçə aydır ki, İslam dini, tarixi, peyğəmbərin (s) həyatı və Xəlifətin tarixi mövzularında bir neçə gözəl elmi-araşdıma əsərləri oxumaqla, tərcümə etməklə məşğulam. Dinimizlə bağlı, nə qədər maraqlı, adamı heyran qoyan, fəxr ediləsi faktlarla, uzaq 7-ci əsrdə baş vermiş hadisələrlə tanış oldum. Və buna görə də, həqiqi mənada sevinirəm. Əlüstü, heç kim nəticə çıxarmamış, deyim ki, bu əsərlrdə irad tutulası, islama qarşı bilinəcək heç nə yoxdur.

Gücüm yetən qədər tanış ola bildiyim əsərlərin və səlnamələrin müəllifləri tək islamın deyil, dünyanın ən məşhur səlnaməçiləri və akademikləridir:

Bəsrəli, ərəb alimi İbn Hişam əl-Himyari (vəfatı — 834, Qahirə) — “Kitab sirat rasul-Allah”- “Rəsulullahın həyatı kitabı”nın müəllifi;

İbn İshaq (vəfatı 768) – peyğəmbərin(s) ilk səllnaməçisi sayılır;

İbn Səd əl-Bağdadi (İbn Sədin atası peyğəmbərin(s) əmisi Abbasın xidməçisi olmuşdur, Abbasilər sülaləsinin adı məhz Abbasdan götürülüb);

Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (839 — 923, İslam tarixçisi və ilahiyyatçısı, “Peyğəmbərlərin və şahların tarixi” əsərinin, Quran təfsirinin və İslam fiqhinə dair əsərlərin müəllifidir.)

Tərcüməsi ilə məşğul olduqlarım:

Dünya miqyaslı akademiklər V.V. Bartold (1869-1930); Bolşakov O.G.; U.M Uott (1909 — 2006).

Düşünürəm ki, adları çəkilənlərin elmi çəkiləri şübhə doğurmaz.

Maraqlıdır ki, dünya miqyaslı akademiklərin bu əsərləri azərb. dilinə tam tərcümə olunmayıb. Hissə-hissə qoyacam sayta. Düşünürəm ki, oxucularımıza –xaricdə, Rusiyada yaşayan həmvətənlilərimizə, xüsusən, cavanlarımıza maraqlı olacaq.

Azərbaycanda az yazılmayıb dini mövzuda əsərlər. Amma, hansını açıb oxumağa meyl etsəm də, hiss yarandı ki, yas mərasimində oturub mollaların nağılına qulaq asıram. Bədii janrda yazılanlar da ondan pis…Bəzəmə, uydurma, bir-birinə uyğunlaşmayan nağıllar.

Bu araşdırmaları ayda 2-3 dəfə sadə sözlərlə, təmiz doğma dilimizdə qoyacam. Kimə maraqlı olmaz dinimizin yaranma tarixi barədə elmi araşdırmalar? Çoxumuzmu bilirik ən-Nisa surəsi, 43-cü ayə ilə peyğəmbərin 3-cü xanımı Aişə əlaqəliliyni, xüsusən, yuyunmağa su yoxsa, qumla əvəz etmək? Yaxud, Aişənin yaşı barədə hansı fikir ayrılığı var, fars alimləri hansı ağlagəlməz uydurmalara əl atırlar? Peyğəmbərə(s) kəniz kimi göndərilən, onun yeganə bakirə qadını, oğul dünyaya gətirmiş dünya gözəli Məryəmə qarşı qadınların fırıldaqları. 7-ci əsr, savadsız Ərəbistan yarımadasında meydana gəlmiş, dünyada öz dövrü üçün ən qabaqcıl və adil sayıla bilən, Quranda yer tutan Vərəsəlik qaydaları, qadın hüququnun qanuniləşməsi necə yarandı? Bilirikmi, qiblə ilk əvvəl hara, hansı şəhərə istiqamətlənib?..

Bu girişi saymasaq, birinci verəcəyim yazı ilk müsəlman qadın, peyğəmbərin sevimlisi, ən gözəl insan Həzrət Xədicə (ə) barədə olacaq. İslam alimlərinin bəziləri, ən çox da şiə alimlər Xədicənin (ə) peyğəmbərlə (s) izdivaca kimi bakirə olduğunu söylədikləri üçün, Həzrət Xədicənin (ə) ilk iki əri və uşaqları barədə elmi araşdırmaları verəcəm.