Bayrağım
oktyabr-noyabr, 2022
Millətin qeyrəti papaqtək uca,
Namusdur, qeyrətdir, qandır bayrağım!
Daha nələr görmüş sənin üç rəngin,
Hər bir zülmə dözən candır bayrağım!
Səninlə qazandıq şanlı istiqlal,
Sənin baş tacındır ulduzla hilal,
Sən başını dik tut, dalğalan, ucal,
Bayraqlar içində xandır bayrağım!
Azadlıq əlini bir an üzmədi,
Yetmiş il sıxıldı dodaq büzmədi,
Elə vaxt oldu ki, ürək dözmədi,
Dərdindən alışıb yandı bayrağım!
Səmatək o mavin hümmətimizdir,
Lalətək qırmızın hikmətimizdir,
Çəməntək yaşılın nemətimizdir,
Sanki bərəkətdir, nandır bayrağım!
Çox gördü kafir, murdar tamahları,
Vətən üçün fəryadları, ahları,
Qılınc çalan o qüdrətli şahları
Bir dönüb geriyə andı bayrağım!
Cümhuriyyətdəndir bizə əmanət,
Həm qürur, iftixar, həm də hidayət,
Hədsiz mətanətin böyük əzəmət,
Xalqım üçün addır, sandır bayrağım!
Əksini görürəm coşqun dənizdən,
Qoy, öpsün İbrahim güllü bənizdən,
O gün olsun, səsin gəlsin Təbrizdən,
Mənimçün şərəfdir, şandır bayrağım!
Anacan
26.12.2023-25.06.2024
Duyaraq ətrini mən, olmuşam heyran, anacan!
Yanaram, odlanaram olsa pərişan anacan!
Ananın bətni olub açılmaz sirrlər dünyası,
Bizə bu möcüzəni verdi yaradan, anacan!
Gecəni, gündüzünü övlada qurban elədin,
Ödəməz haqqını versəm canı qurban, anacan!
Nə cəfalar çəkərək qapqara zülfün ağarır,
Mənə aç dərdini sən, saxlama pünhan, anacan!
Gecədən sübhə kimi başımın üstündə durub,
Yenə laylay deginən, dərdimə dərman anacan!
Sənə cənnət də əyib baş, o qədər sən ucasan!
Ayağından öpərəm, səndədir rizvan, anacan!
Sən o övladın üçün hər peşənin sahibisən,
Həmi müəllim, həmi aşpaz, həmi loğman anacan!
Ana öz meyvələrin bəslədi ki, qurd yeməsin,
Bağı bar verdisə xoşbəxt ola bağban, anacan!
Ağa sənsən və kölən sadə bir İbrahim olub,
O, hüzurunda bükər boynunu, sultan anacan!
Deyər
iyul, 2024
Kimsəyə aldanma sən, tərif edib canım deyər!
Üstəlik yaltaqlanıb şövq ilə sultanım deyər!
Aləmə pünhan olan əsrarı gəldim açmağa,
Şair həqdən söyləyər, müşküldür dövranım deyər!
Kimsələr gəldi-gedər sərvət ilə şöhrət tapar,
Kimsə də idrak üçün lazımdır ürfanım deyər!
Varlıda imkan ola, cənnətdə bir ev tikdirər,
Yoxsula yardım gərək, bəs yoxdur imkanım deyər!
İşləmir, tənbəllik azarına düçar olmuş o,
Sonra da üsyan edib bəs boşdur cüzdanım deyər!
Qızcığaz üz verməsin ağzı cırıq əğyarlara,
Özgələr fürsət bilib canana cananım deyər!
Farsa çox bel bağlama, tarixini qarət edər,
Nadirim, İsmayılım, Abbas, Süleymanım deyər!
Kef çəkər avaralar, millət qəmin çəkməzlər heç,
Cahilə yoldaş olub ləzzətdi qəlyanım deyər!
Xalqının ağır yükün çiynində gəzdirsin ədib,
Millətə miras qoyub rahatdı vicdanım deyər!
İbrahim, adət budur, baxmazlar heç, sən yazginən,
Gün gələr, onlar sənə ustad qəzəlxanım deyər!
Sən küsüb gedəndən…
26.08.2024-19.09.2024
Sən küsüb gedəndən tənha könlümə,
Dərdini deməyə tay tapılmadı.
Gecə həmdəmimiz Ayı axtardım,
Səmada həminki ay tapılmadı!
Hələ qəm çəkmədim sənin qəmintək,
Gəl inad etmə çox, höcətdən əl çək.
Ey gülüzlü dilbər, vallah, sənintək
Mənə yar olmağa tay tapılmadı.
Sən küsüb gedəndən nə bir xeyir var,
Qulağım qapıda, nə səs-səmir var.
Səni vəsf etdiyim çoxlu şeir var,
Sayını deməyə say tapılmadı.
Ay İbrahim, eşq yolunda azmısan,
Bu hicranda dərin çuxur qazmısan.
Əvvəllər pay kimi şeir yazmısan,
İndi öz yarına pay tapılmadı?
Vuruldum
iyun-iyul, 2024
Ay gözəl, məni sən eşqə salıbsan,
Nazla baxan cüt gözünə vuruldum!
Hər dinəndə dür tökülür dilindən,
Şəkərdən şirin sözünə vuruldum!
Ya əzəldən quşun qonubdur mənə,
Ya da meylim təzə düşübdür sənə,
İncitək düzülən dodaqlar, çənə
Gülərüzlüm, gül üzünə vuruldum!
Tək düşərəm şeir qoşub qabağa,
Saf sevgiyə, eşqə yoxdur qadağa,
Küsüb məndən çəkilmə sən otağa,
Ləzzət verən hər nazına vuruldum!
Ay kimi gözəlsən, gün kimi parlaq,
Bəzən çox sakitsən, bəzən də şıltaq,
Qırmaram, pambıqtək ürəyin yumşaq,
Qəlbimdə qoyduğun izinə vuruldum!
Cəhd edib eşqimi elan eyləyim,
İbrahiməm, möhürbəndi söyləyim,
Vallah, daha dözmür ürək, neyləyim?
Nə yalan deyim, özünə vuruldum!
Getdi
26.07.2024 – avqust, 2024
Son görüşdə danışmadı,
Bircə dəfə baxdı, getdi.
Halımı da soruşmadı,
Qəm odunu yaxdı, getdi.
Gözləriylə danışdı o,
Danışdıqca alışdı o,
Taleyiylə barışdı o,
Qəlb evini yıxdı, getdi.
İtib-batan umuduyla,
Ya bəlkə də, sükutuyla,
Yağışıyla, buluduyla
Şimşək təki çaxdı, getdi
Çox saf idi bəyaz kimi,
Ətir saçdı o yaz kimi,
Lal axan Kür, Araz kimi
İçdən coşub axdı, getdi
İbrahimin təbi buymuş,
Bu azarın həbi buymuş,
Ayrılığın dəbi buymuş?
Leyli, Məcnun vaxtı getdi.
İbrahim Vüqar oğlu Mustafayev 2 noyabr 2007-ci ildə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin birinci sinfinə qədəm qoyub. 2024-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. Həmin il Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına ingilis dili bölməsi üzrə daxil olub, hazırda orada təhsil alır.
«XƏZAN» jurnalından.