«Hüzr yeri» (hekayə) Ayaz Imranoglu

Ayaz İmranoğlu

Kar Vəli kəndin varlı-hallı adamlarından sayılırdı, puldan pulu var idi, qızıldan qızılı. Hərçənd ki, gözü götürməyənlər, varına-halına paxıllıq eləyənlər kişini camaatın gözündən salmaq, hörmət-izzətinin qabağına daş dığırlamaq məqsədilə söz yaymışdılar ki, bəs deməzsənmi Kar Vəlinin qızıllarına siçan-siçovul süpürgə çəkib. Camaatın arasında gəzən bu söz-söhbətə inanan da var idi, inanmayıb arvad-uşaq qeybəti kimi baxan da.İnananlar daha əllərini sinələri üstə çarpazlayandan sonra Kar Vəliyə baş əyib «Ağsaqqal, mənə görə nə qulluq » demirdilər. İnanmayanlar isə onun yanından yenə əvvəlkitək ötəndə » qulluğunda durum» deyib ayaq saxlardılar ki, bəlkə kişinin tapşırığı-filanı oldu.

Kar Vəli hələ bu yaşına qədər bir adama bir abbasılıq xeyir verməmişdi, «savabdı» deyib bir dilənçi sevindirməmişdi, yıxılanın qolundan yapışıb hayına-hoyuna çatmamışdı . Buna baxmayaraq, köhnə  — Nuh əyyamından qalmış gödəkcəsinin bir qolunu geyib, o biri qolunu boş qoyub yanında yelləndirə-yelləndirə ortalığa çıxanda «kişi gəlir» deyərdilər, ayağa durub təzim edib baş endirərdilər…

Bu gün Kar Vəlinin dəfnindən yeddi gün ötürdü .Yas mərasiminə gələnlər elin adəti üzrə ehsan süfrəsi arxasına keçənə qədər beş-beş, on-on komlaşıb gaplaşırdılar.

*****

BİRİNCİ DƏSTƏ

— Peyğəmbərimiz əleyhissalam…

-Əşşi,danışmaqla qurtarası deyil ki, qarını cırılmışın balası «zakuskasız-makuskasız», » malinovski» stəkanı birdəfəyə çəkir başına, xiyardan — miyardan tutur burununun  ucuna, bir dişdəm də almadan qaytarıb qoyur yerinə və dilini-dodağını sümürə-sümürə deyir :

— Əəə, sən ölənlərinin goru bunun birini də süz,deyəsən ağılım başıma gəlir, kefim düzəlir…

— Eh, görürəm hələ sənin heç xəbərin yoxdu, arağı kasaya boşaldandan sonra içinə çörək doğrayıb qaşıqlayanlardan…

— Əşi, onu deyirsən eee, dünən axşam nə təhər vurmuşdum, nə təhər gəlib evi tapmışdım, nə təhər arvad-uşaq şalvarı dartıb əyinimdən çıxartmışdı, həncəri yatağa yıxmışdı, ay tova, xəbərim olmamışdı. Gecənin bir əyyamında oyandım ki, içim-içalatım dəmirçi körüyü kimi alışıb yanır. Süzdüm bir çappa, sol əlimi dirəş verdim peysərə, tökdüm boğazıma. Elə bil yanğını o vermişdi, o da aldı. Anan-bacın behiştlik olsun, a bunu icad eləyən!

— Yalansa ərbabi-əcdadına lənət onu çıxardanın! Səni daha da dəli eləyib, canının ağrısından xəbərin olmayıb,ay bədbəxt!

— Kül olsun o kişinin başına ki, şalvarını arvadı çıxardır. Nadanın biri nadan,hələ utanmayıb danışır da…

— Noolub əəə, öz arvad — uşağımdı dəəə, başqasının arvad-uşağı deyil ki?!

— Ölüb yerə girrəm ərə gedəsi qızın, arvad alası oğulun gözü qabağında şalvarımı arvad çıxartsa Boğazıma çatı salıb asaram özümü həmin gün ordan!

— Qurani Kərimdə…

— A kişi, nə Qurani Kərim, Qurani Kərim salıbsan? Odur bax,Molla Məsim, başına yığıb üç dörd nəfər özü kimi təsbeh çevirəni hədis danışır. Get otur yanında!

— Yalansa quran qənim olsun  Molla Məsimə, elə bilirsiz qurandan danışır? Mərc gəlirəm, nadanları salıb çənəsinin altına, bu saat cavanlığında elədiyi arvadbazlıqlardan, və ya ondan-bundan topladığı gic gic  anektodlardan goplayır…

— Ayə, a kişi, indi sənin var, mənim var içirik,  evimizi tapa bilirik-bilmirik, şalvarımızı özümüz soyunuruq-soyunmuruq, lap haqq eləyirik  kimin nə dərdinə…Bu çörək tapmayan it oğlu evinə bir kilo şəkər alammır ki, uşağı salma qayırsın, zəqqumuna yavanlıq eləsin. Amma görürsən ki, payipe-ydər lül-qənbərdi,ay bunun anasına….

— Ağzınıza yiyəlik eləyin, ay qancığın qarınından çıxanlar! Bura hüzr yeridir!

— Düz deyir dəəəə…

İKİNCİ DƏSTƏ

— Sənə deyirəm, prezidentmizin bundan xəbəri yoxdu, yoxdu vəssalam! Camaatın dolanması hər yerdən kəsilib, rüşvət də bir tərəfdən mələdir əhalini. Stol dalında oturan kreslo sahibləri yetim uşaq kimi gəlib gedənin əlinə baxırlar, az qalırlar » cibini çevir baxım yenə qaldımı» desinlər. O qədər qudurublar ki…

— O stol dalında oturan binamus neyləsin, əəə? Stolun dalına keçənə kimi Gülsənəmin qazı kimi yolublar, lüt-üryan eləyiblər, ətək-ətək verdiyi pulu deyirsən manat-manat qaytarmasın?…

— Əəə, vallah bu millətin ağılı yoxdu… Vermə görək o stəlun arxasını nə vaxta kimi boş saxlayacaqlar, hə?! Gərək elə stolun dalındakı nadürüst sən olasan? Biri elə bizim bu Müzəffər, budur bax, lap üzünə deyirəm …Yığdı qohum-əqrəbanın pensiya kartlarını aparıb verdi banka kredit aldı. Payladı rüşvəti, oldu bələdiyyə rəisi. Beş manatlıq torpağı satdı üç manat bahasına, üç manatla ödədi bankın borcunu-oldu “aldım qoz satdım qoz”… Yenə həmin lümbələm lütdüki, lümbələm lütdü… Başını ağrıtmaqdan başqa qazancı nədir, eşşəyi itən də onu söyür, toyuğu aparılan da…

— Bura bax, əəə, sənə qalmayıb mənim dərdim. Sabahdan yığışdırram anan Gülzarın ayağını yolların qırağından, acından ölərsən sən öl!

— Əəə, kəsin səsinizi, mərifətli danışın, dünənə kimi başına and içdiyiniz kişinin hüzr yerindəsiniz…

— Ağıllı adam olmağına ağıllı adam idi rəhmətlik . Özünü qızıllı-gümüşlü tanıdıb pullu adamların qabağında əksilən, özündən varlısına quyruq bulamaq üçün dəridən-qabıqdan çıxan bu yaltaqları yaxşı dolamışdı barmağına…

ÜÇÜNCÜ DƏSTƏ

— Amerika o yandan bəyənmir  bizi, ingilis — firəng də bu yandan, almanın da heç görən gözü yoxdu. Hələ heç bilmək olmur ki, içimizdəki bu qırılmış nə verib ala bilmir bizdən…

— Ayə, ay oğul, niyə öz dərdinlə-azarınla məşğul olmursan? Traxturust adamsan, get torpağını şumla, beş manatını qazan,allahına şükür elə, siyasətin öz adamı var. Kotanı traxdurun yedəyindən açıb,kultivatoru qoşa bilmirsən, ingilisdən — almandan danışırsan…

-Atana rəhmət, hər kəs öz qələtini eləsə yaxşıdı!

— A bala, a Cəfər, şəər adamısan,bilməmiş olmazsan, bir məni başa sal görüm, niyə bəlaların hamısı — adını sən de, o cəngəllik ölkəsindən gəlir, o viranxanadan? O qara-qura yaşayan yeri deyirəm eyyy. Gah quşlarını qrip tutur, gah donuzlarını, gah da özlərini…

— Ay atası rəhmətlik, bunların hamısı tibb ilə məşğul olan kələkbazların kələyidi. Elə ki tibb şirkətlərinin pulları başlayır tükənməyə,dərmanları apteklərdə satılmayıb saralmağa büdcələrini böhran götürür başına və əl atırlar kələyə. Əvvəl -əvvəl virus deyilən bir zad icad eləyib sağ-salamat adamı yoluxdururlar ona və sonra da qabaqcadan hazırlanmış antivirus dərmanları başlayırlar satmağa. Büdcə maliyyə böhranından xilas olan kimi, şirkətlərin cibi o qara-quraların ölümü hesabına dolan kimi xəstəlik də başa çatır.

— Əşi, o qara-quralar nə vaxt boğazlarını girləyə bilirlər ki, dərmana da pul versinlər… Qoy pullarını qoymağa yer tapmayan ingilisnən firəng urcah olsun bu azara daaa… Bə onlar niyə tutulmur qripə,qırılan elə cəngəllik qaralarından olur?

— Çünki  qara-quralardı bəşər övladının Yer üzərində təcrübı tarlası…Və bir də mənim sualıma cavab ver görüm mənim bibim qızının, sənin də gəlininin müəllimlikdən donluğu nə qədərdi, yəni sənə də görüm-baxım imkanı varmı?

— Ay tövbə, məndən almasın…

— Amma o qara-quralar sənin gəlinindən beş qat artıq donluq alırlar.  Özümüz özümüzün yadına düşmürük, biz qara-quraların halına vaysınırıq,onlar da bizim…

Əziz qohum, məni də agah elə görüm, rəhmətlik  Kar Vəlinin ehsan xərcinə köməkdarlıq üçün neçə manat atacaqsan?

— Beş manat!

— Bir həftə bundan əvvəl filankəsin ehsan xərcinə nə qədər köməkdarlıq etmişdin?

— Otuz manat!

— Bəs nə üçün filankəsin yasına otuz, Kar Vəlinin yasına isə beş manat atırsan, qohum?

— Pulu pullu adamların ehsanına atarlar, qadan alım! Həm də filankəsin Veysəl kimi milyoner oğlu var, bunun nəyi var, bir oğuldu o da bir həsir, bir də bir məmmədnəsir.

-Adamın adama yaltaqlıq etdiyini bilirdim, pula yaltaqlığı da indi gördüm. İncimə qohum!

Molla Məsim:

— Cəmaət, buyurun süfrəyə. Bir az da əsaiş zad eləyin ki, rəhmətliyin ruhuna bir şey mübarək edək….

Birinci üzbəüz oturanlar :

— Xaloğlu, gəlsənə burdan duran kimi gedək bizə. Bülbülün qara tikəsindən ürəyin istəyən kəkotulu, yarpızlı basdırmam var, içməyə də bax, lap beləsindən…

— Küfr danışma xaloğlu, ehsan halvası üstündən də donuz kababı?

— Ay Nuh əyyamından qalmış köhnə nüsxə, bir dön, yan-yörənə yaxşı-yaxşı bax . Bu filankəsləri ki, görürsən səbrləri yoxdu evə çatmağa, yeməklərini burda yeyib, içkisini də evdə içəcəklər…

-Tfuuuu…

İkinci üzbəüz oturanlar:

—   Keçən ay ağtopuqlularla keçirdiyimiz gün yadındadı dəəəə?

— Elə zad yaddan çıxar?!

— Bir az əvvəl zəng aldım ki, satışa təzə mal qoyulub, gecəsi əlli manat, içkisi bizdən. Bilirəm pulun yoxdu,alanda dədənin pensiyasından verərsən, nə deyirsən?

— İtin… olsun  dədəmin yüz əlli manat pensiyasına,əllisi də belə getdi…

Molla Məsim:

-Fatihə!

Üçüncü üzbəüz oturanlar:

— Adını molla qoyub,öz atasının ruhuna dua edəndə bacısından pul istəyən pulbaz oğraş!