Yolum kəndə düşüb
Yolum kəndə düşüb on ildən sonra,
Giriş tablosuna heybə çəkilib…
Nur üzlü babalar, nənələr kimi
Həyat da burada qeybə çəkilib…
…Hanı o gen düşən divanə çağım?
Ruhum yad hislərə bulaşır elə.
Mənim doğulduğum bu kənddə indi,
Acı xatirələr ulaşır elə.
Tində dayananlar üzümə baxmır,
Təkgöz papirosa hək gəlib yenə.
Atam ta ağaca söykənib demir:
— Bu itin balası tək gəlib yenə…
Anam əllərini dizinə çırpıb
Yel kimi üstümə cummur, eh, həyat.
Qonşu həyətdəki qız da qocalıb,
Məndən ta məhəbbət ummur, eh, həyat.
Hanı xoş xatirə qayığım, bəlkə
Əzrayıl görüb ki, ölüb, aparıb?!
İki ad cızdığım “elçi daşı”nı
Kimsə balta ilə bölüb aparıb.
…Yolum bura düşüb işimlə bağlı,
Axşamın şehinə batır küçələr.
Elə bil duyur ki, kəndə gəlmişəm,
Səsini başına atır küçələr.
Bəlkə gecə düşsün, sonra görünüm,
Ay bu yad adamı gecə bağışlar?
İndi necə deyim: — mən bu kənddənəm,
Məni bu adamlar necə bağışlar?
Ata
Sən qəmi daş sandın – bir elçi daşı,
Mən qəmi əppəktək çeynədim, ata.
Batsın mənim kimi xeyirsiz övlad,
Sənə sağlığında neynədim, ata?
Gözümə eşq odu dolanda, qəfil
Əzrayıl hardansa taxtına düşdü…
Sənin ən qayğılı çağların, vallah,
Yaşımın ən mağmın vaxtına düşdü.
Bəlkə soyuq keçdi aramız, bəlkə…
Eh, ölüm hasarı hörəcəm bir gün.
Mən də bir atayam, o soyuqluğu
Nə vaxtsa oğlumdan görəcəm bir gün.
Mən sənin bir parçan ola bilmədim,
Ta oğul haqqını yeyim, bağışla…
İndi qəbrin üstə sual kimiyəm,
Heç üzüm də gəlmir, deyim: — Bağışla.
Şəhidin var, Vətən!
Mən torpaqdan irəli,
Torpaq məndən geridir.
Vətən sərhəd deyil ki,
Vətən tövbə yeridir.
Yumruqlarım silahdı,
Dur, qabağa ver məni.
Yenə yaman qudurub
Bu nanəcib erməni.
Sığallayıb öpdükcə
Dərd içimi qanadır…
Şəhidi olan Vətən
Oğlu ölmüş anadır.