HƏQİQƏT ŞAMİLLİ (şeirlər) İLLƏRİ GERİYƏ QAYTARA BİLSƏM…

Ədəbiyyat

ŞƏHİD QIZI

 

Qəm süzülür gözlərimin qarasından,

Qan süzülür ürəyimin yarasından.

Seçilirəm çox qızların arasından

Qayıt, ata, hardasan?

Söylədi şəhid qızı.

 

Əzizlərim sınıq düşüb qohumların arasında,

Anam yaman sıxılıbdır qadınların arasında.

Mən də ata axtarıram ataların sırasında,

Qayıt, ata, hardasan?

Söylədi şəhid qızı.

 

Anam güldü, bülbülündən ayrı düşdü,

Həyatıma boran, şaxta nə tez düşdü?

Tufan qopdu, çərxi-fələk tərsə düşdü,

Qayıt, ata, hardasan?

Söylədi şəhid qızı.

10.2022

 

SƏN BAŞQA ADAMSAN, MƏN BAŞQA ADAM

 

Gözlərim yəqin ki, daha ağlamaz,

Artıq ürəyimin teli oynamaz.

Kədərdən bənizim bir daha solmaz,

Sən başqa adamsan, mən başqa adam.

 

Yaş o yaş deyildir, ötüb keçibdir,

Tale mənim üçün qismət seçibdir.

Qəlbim ailəmdən saf su içibdir,

Sən başqa adamsan, mən başqa adam.

 

Duyğular dəyişib, könül dəyişib,

Xatirələr ölüb, lap əldən düşüb.

Keçidlər içində ömrüm tez bişib,

Sən başqa adamsan, mən başqa adam.

 

İllər öz işində olur, bilirsən,

Ailə qayğısın sən də çəkirsən.

Daha o hal deyil, özün görürsən,

Sən başqa adamsan, mən başqa adəm.

06.05.2024

 

İLLƏRİ GERİYƏ QAYTARA BİLSƏM

 

İlləri geriyə qaytara bilsəm,

Qaranı çıxarıb, ağı şaxlaram.

Ömrümün uşaqlıq çağlarına da

Qayğını, sevinci möhkəm bağlaram.

 

İlləri geriyə qaytara bilsəm,

Gənclik çağlarımı təzdən yaşaram.

Silib könlümdəki acı-ağrını,

Duyğular içində aşıb-daşaram.

 

İlləri geriyə qaytara bilsəm,

Bəzi səhvlərimi tamam silərəm.

Gərəksiz işlərdən uzaq dayanıb,

Yaxşı insanları həmdəm bilərəm.

 

İlləri geriyə qaytara bilsəm,

Gözümün yaşına heyfim gələrdi.

Verməzdim canımı gərəksiz yerə,

Könlüm ağlamazdı, ancaq gülərdi.

07.05.2024

 

ŞƏHİDLƏR XİYABANI

 

Nə qədər arzular yarımçıq qalır,

Güllər də yolunu buraya salır.

Hər adam burada xəyala dalır,

Yanından keçənin gözləri dolur.

 

Burada nə qədər şəhid uyuyur,

Rəsminə baxdıqca ürəyim yanır.

Yanında balaca körpə dayanır,

İnsanın damarda qanı da donur.

 

Burada nə qədər xəyallar sönür,

Düşmənə qəzəbi nifrətə dönür.

Qəhrəman oğullar yuxuya gəlir,

Yuxuyla sevinən əzizlər olur.

 

Xiyaban kənardan əlvan görünür,

İçində insanı qüssə bürüyür.

Müqəddəs şəhidlər burda uyuyur,

Kişilik məktəbi burda görünür.

17.10.2022

 

QƏLBİNİ TƏMİZ SAXLA

 

Yuyub təmizləyirik çirkli olan yerləri,

Ürəyin çirklidirsə yoxdur bunun çarəsi.

 

Paxıllıq, riyakarlıq yeyib bitirər səni,

Əlacı bir ondadır təmizlə bu qəlbini.

 

Heç kimə quyu qazma, öz quyuna düşərsən,

Başqasına qoyduğun qazanında bişərsən.

 

Könlünü azad elə, qırılsın zəncirləri,

Təmiz saxla qəlbini, qoy açılsın gülləri.

 

Bəzən sənə deyirlər, qəlbinə görə versin,

Qəlbin bunu eşidib qoy ürəkdən sevinsin.

 

Qəlbini təmiz saxla, ürəyini qocaltma,

Paxıllıq səni yeyər, bunu yaddan çıxartma.

16.03.2024

 

MƏN BELƏ DÜNYANIN NƏYİNİ SEVİM

 

Ümüdlər azalır, güman üzülür,

Dərdlərin yanına dərdlər düzülür.

Ürək də nazilir, qat-qat süzülür,

Mən belə dünyanın nəyini sevim?

 

Arzuya, xəyala çata bilmədim,

Dünyanın xoş üzün tapa bilmədim.

Ürəkdən sevinib, içdən gülmədim,

Mən belə dünyanın nəyini sevim?

 

Kədəri könlümdən ata bilmədim,

Bir gecə rahatca yara bilmədim.

Doğrunu doğrutək tuta bilmədim,

Mən belə dünyanın nəyini sevim?

 

Sevgini, sevinci dada bilmədim,

Qəlbimdən ağrını ata bilmədim.

Sağlığı canıma qata bilmədim,

Mən belə dünyanın nəyini sevim?

19.09.2023

 

YUXUMA GƏL, GÖRÜŞƏK

Bu şeiri bir ananın həyatdan cavan köçən oğlunun xatirəsinə həsr etmişəm. Yaşasaydı, 2023-cü il 1 noyabrda 30 yaşı olacaqdı.

 

Tayfun, oğlum, sən gəlmədin yaşına,

Hamımız yığışdıq məzar başına.

Baxdıqca sızladı qəlbimin içi,

Mərmərdən qoyulan o baş daşına.

 

Həsrətin qəlbimdə yara açıbdır,

Həyatda hər şeyin dadı qaçıbdlr.

Nə olar, yuxuma gəl, görüm səni,

Bir anlıq yuxuda xoşbəxt et məni.

 

Bu yaşda toyunu etmək istədim,

Həyatın tərsinə döndü, bilmədim.

Atanın ocağı səninlə söndü.

Anan yaşamadı, sanki süründü.

 

30 yaşın oldu, deyim mübarək,

Ölürəm, yuxuma gəl, biz görüşək.

Səninçün burnumun ucu göynəyir,

Tayfun cənnətdədir, hamı söyləyir.

 

Ananın gözləri yollarda qalıb,

Fikri uzaqlarda xəyala dalıb.

Həyat sənin üçün tez sona yetdi,

Mənim də həyatım səninlə bitdi.

23.10.2023

 

OĞUL DƏRDİ

Bü şeir bir ananın xahişi ilə həyatdan cavan gedən oğlu TAYFUNUN xatirəsinə həsr olunur

 

Günəş kimi doğmuşdu, o ananın ömrünə,

Qəfil əcəl apardı yara açdı könlünə.

Ümidi sönən ana nə söyləsin oğluna,

Onu tək qoydu getdi, həsrət qaldı Tayfuna.

 

Çox xəyallar qurmuşdu, könlü nələr istəmişdi,

Oğul toyu gözləmişdi, gəlin görmək istəmişdi.

Qucağına nəvə alar, laylasını özü çalar,

Tayfununa çox oxşayar, qurardı çox xəyallar.

 

Baxıb oğlunun rəsminə çox suallar verdi ona,

Könlü qırılan ana, dərd əlindən yana-yana.

Lay-lay dedi oğluna, boğularaq göz yaşına,

Bu, nə işdi, ay Allah, gəldi onun başına.

 

Çətin idi onun üçün, o yaman darıxırdı,

Gözlərindən sel kimi göz yaşları axırdı.

Gecələri yuxusunda Tayfunu gözləyərdi,

Balasını görərsə o ayılmaq istəməzdi.

 

İndi artıq xatirələr ovudurdu ananı,

Neçə fərqli məqamlarda yada salır Tayfunu.

Ümidi sönən ana nə söyləsin oğluna,

Onu tək qoydu getdi, həsrət qaldı Tayfuna.

24.03.2023