“HƏM DƏ BÖYÜKLƏR ÜÇÜN” — Asya ƏHMƏDOVA

Fikirlər Xatirələr

Əli Bəy Azərinin “Köhnə il hara gedir?” adlı uşaq hekayələri kitabı haqqında təəssüratlar

Yazıçı Əli bəy Azərinin yeni kitabı çap olunub. Kitab “Köhnə il hara gedir?” adlanır. Cəmi yüz səhifədən ibarət kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı uşaq hekayələri toplanıb.

Kitabın adı çox xoşuma gəldi və diqqətimi çəkdi. Müasir yanaşma ilə desək, enerjisi də gözəl idi. Adı oxuyan kimi üzümə bir təbəssüm qondu. Sanki gözlərimdə balaca bir oğlan uşagı canlandı və bu ağıllı uşaq maraqla: “Yeni il gələndə köhnə il hara gedir?” deyə sual edirdi. Çox zaman uşaqların verdiyi qeyri-adi, ağlagəlməz suallar qarşısında biz böyüklər doğrudan da aciz qalırıq. Uşaqlardan gözlənilən “gözlənilməz suallar”ı cavablandırmaq üçün isə bəzən özümüzdən nələrisə uydurmalı oluruq.

Kitabı əlimə alarkən üz qabığındakı adın ardınca mötərizədə verilmiş “uşaqlar, yeniyetmələr, həm də böyüklər üçün” haşiyəsindəki “həm də böyüklər üçün” ifadəsi daha çox diqqətimi çəkdi. Axı bu kitab necə uşaq hekayələri idi ki, həm də böyüklər üçündür? Uşaq hekayələrini böyüklərin oxumasında bir qəbahət yoxdur, amma “həm də böyüklər üçün” ifadəsinin önə çıxarılmasında nəsə başqa bir təsir qüvvəsi gözlənilirdi. İndi mən bu uşaq kitabını varaqlayaraq böyüklər üçün olanı da axtarmağa başlayıram.

Bir-birindən maraqlı hekayələri oxuduqca müəllifin nə qədər haqlı olduğunu anladım. Bu kitab doğrudan da “həm də böyüklər üçün” idi. Çünki hər bir hekayə uşaqlara nəyisə öyrətməklə yanaşı, sanki böyüklərin də yadına salırdı ki, sən bunları uşağına öyrətmisənmi? Sənin uşağın bunları bilirmi?

Yaxşı kitab odur ki, oxucu oxuduğunu gözündə canlandırsın, bir növ hadisələrin içinə düşsün, deyirlər. Əli Bəy Azərinin “Köhnə il hara gedir?” adlı uşaq hekayələri də məni öz işinə çəkdi. Bu yaşımda balaca Azərlə köhnə ilin hara getdiyini axtardım, Nəcməddinlə bərabər vağzalda oturub Məhərrəm dayını gözlədim, avtobusdakı cibgirləri axtardım və s.

Aydın və rəvan dildə yazılmış hər bir hekayə oxucuya nəyisə öyrətməklə yanaşı, həm də onu düşünməyə məcbur edir. Məsələn “Təhlükəsizlik qaydaları” adlı hekayədə qohumunun dilindən Nəcməddinə öyrədilənlər adama hansısa “təhlükəsizlik təlimi”ndəymiş  kini bir təsir bağışlayır və istər-istəməz özün-özünə sual edirsən: Mənim uşağım bunları bilirmi? Mən uşaqlarıma bunları öyrətmişəmmi?

Hekayələri oxuyarkən onu da müşahidə etdim ki, müəllif heç bir şeyin üstündən səthi ötmür. Əgər bir mövzuya toxunursa, bir şeyin adını çəkirsə, mütləq onu izah edir. Yəni, kitabda toplanmış hər hansı bir hekayəni oxuyan uşaq üçün orda heç bir qaranlıq məsələ qalmır.

“İnsan hər oxuduğundan nəsə öyrənir” deyirlər. Əli Bəy Azərinin “Köhnə il hara gedir?” hekayələr kitabında isə uşaqlar üçün öyrənməli çox şeylər var. Müasir dövrdə dərs yükünün ağırlığı, vaxt darlığı və digər səbəblərdən çox vaxt valideyinlər uşaqların yalnız dərsləri ilə məşğul olmalarına üstünlük verir, əlavə nağıllar, hekayələr oxumalarına çox da həvəs göstərmirlər. Lakin uşağın bir şəxsiyyət kimi formalaşmasında belə kitabların rolunu unutmaq olmaz.

Etiraf edim ki, maraqlı hekayələr oxumaqla bərabər, mən həm də bəzi şeylər öyrəndim. Məsələn, “tıxac”ın“çilləkən”olduğunu heç eşitməmişdim, fıstıq ağacının meyvələrinin yarpaqları xəzəl olub yerə tökülən vaxt yetişdiyini də bilmirdim və s.

Uşaqların tərbiyəsində və həyata hazırlanmasında köməkçi vasitə ola biləcək bu və bu kimi kitabların çap olunması, doğrudan da təqdirəlayiqdir. Nə yaxşı ki, günümüzdə Əli bəy Azəri kimi uşaq ədəbiyyatı ilə məşğul olan ziyalılarımız var. Duyan qəlbiniz, düşünən beyniniz, yazan əliniz yorulmasın, dəyərli yazarımız. Sizə  yaradıcılıq uğurları və çoxsaylı oxucu kütləsi arzulayır və köhnə ilin Azərin nənəsigilin kəndindən çıxıb hara getdiyini bilmək üçün yeni kitabınızı gözləyirəm.

 

Sözardı kimi: Kitab hədiyyə almaq hər zaman sevindiricidir. Yeni il ərəfəsində müəllifin hədiyyə etdiyi, adı və üz qabığının dizaynıilə “Yeni il” bayramını xatırladan “Köhnə il hara gedir?” hekayələr kitabı isə məni lap Şaxta baba hədiyyəsi kimi sevindirdi.

 

Asya ƏHMƏDOVA

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu

Qiymət