Haradasan, oxucu? Xaliq Məmmədov yazır

Fikirlər Xatirələr

Xalqımızın müasir zamanda kitab oxunuşuna münasibəti hansı yerdədir? Kitaba soyuqluq respublika həcmində, qlobal problem sayıla bilərmi?

Bu gün təəssüflə onu demək olar ki, azərbaycanlılar kitabla maraqlanmırlar, ya da, çox az maraqlanırlar. Bizdə kitaba, qəzetə — jurnala elə gözlə baxırlar ki, sanki, bütün bədbəxtçiliyin səbəbləri elə bunlardır, bu kitablar, jurnallar. Lazımsız nələrəsə: arağa-çaxıra, gərəksiz əşyalara pullarını xərcləyən xalq, beş-altı manat verib hansısa kitabı-jurnalı almağa daxili güc tapmırlar. Hansısa bir sosiyal layihənin iştirakçısı olmağa, müəyyən ianələr verməyə əli gəlməyənlər, kafelərdə vuraraq küllü miqdarda pul xərcləməyi adi hal sayırlar. Mədəni baxışları, elmi-zəkanın vacibliyini, tarixə hörməti təbliğ edən ciddi kinolara, teatr tamaşalarına baxmırlar. Bütün bunların nəticəsidir ki, cəmiyyət adı daşıyanların böyük hissəsi sivil tonda danışmağ, müzakirə etmək üçün istər mədəni, istər ictimai, istər siyasi mövzu yaratmağı bacarmırlar. Bütün müzakirələr, ya biri-birini tərifdən, ya, ağır formada tənqiddən, ya da ki, açıq-aydın qeybətdən ibarət olur. Çünki zəkanın «hörük daşları» olan ədəbi-mədəni vasitələrlə əlaqələr yox dərəcəsinə enib. Axı, hər oxunan əsər şüura yeni qida verir, düşüncə dünyasının sərhədlərini genişləndirir. Əfsuslar, bizim oxucular bu həqiqəti tanımaq istəmirlər.

İnsan vərəq-vərəq kitab oxuduqca düşünməyə məcbur olur. Bu isə o deməkdir ki, beyin, onun düşünmə qabiliyyəti hərəkətə gəlir, ingişaf edir. İnsan orqanızmisinın istifadə olunmasa, ən tez kütləşən, iş formasını itirən hissəsi beyindir. Bunu, istənilən psixoloq təsdiq edər. Beyini işlətməsən, kütləşmə qaçılmazdır. Haradasa, hansı formadasa səndən qisasını alacaq bu kütləşmə.

3 — 4 il qabaq olmuş bəzi sorğulara inansaq, belə bir maraqlı siyahı çıxır ortaya: Ərazisi böyük olan Rusiyanın kitabxanalarında 739 milyon, Almaniyada  104, Terküyədə 13 milyon kitab var. İngiltərə və Fransada əhalinin 21 %-i, Yaponiyada 14, Amerikada 12, Rusiyada 5, Türkiyədə isə !!! 0,001 faizi kitab oxuyur.  Hər yapon ildə 20, amerikalı 10, isveçli 9, fransız 7 kitab oxuyur. Müsəlman ölkələr bu siyahıda sonda gedirlər. Ölkə nə qədər ingişaf etmişdirsə, bir elə də oxucu sayı çox olur. Və yəqin ki, sözlərin yerini də dəyişmək olar: nə qədər çox kitab oxunursa, bir elə ingişaf bərqərar olur.

Burada iki məqamı xüsusi qeyd etmək istərdim. Birinci məqam: bəzən, «Bizdə oxunası bir əsər yoxdur!» — giley-güzarını eşitmək olur. Bu fikir doğru deyil. Azərbaycan ədəbiyyatı istər klassik, istər müasirlik baxımından zəngindir. Ədəbi janrlarımızın hansı növünü “qurtdalasan”, oradan onlarla, yüzlərlə əsərlər çıxacaq ki, yüz illiklərlə öz aktuallığını, bədii və mədəni dəyərini itirməyəcəklər.

 

Misallar çox gətirmək olar. Əgər, həvəs olsa, istək olsa boş qalmaz oxucu.

İkinci məqam. Bu gün ədəbiyyatımızda saf və təmənnasız tənqidin olmaması həm ədəbiyyatımızın təmizliyinə, mənə elə gəlir ki, həm də oxucu seçiminə çox ağır bir zərbədir. Yaxşı səviyyədə yazılmış əsərləri təhlil edərək tərifləmək yaxşıdır, lazımdır. Amma, pislərini də göstərmək lazımdır. Tənqidi araşdırmalarla çatışmamazlığı demək, heç də pis deyil. Bədii əsərin -poeziya, nəsr, fərqi yoxdur- hansısa zəifliyini göstərən, oxucu kütləsində yanlışlıq yarada biləcəyini deyən tənqid varmı müasir ədəbiyyatımızda? Mən görməmişəm! Tərif – yüzlərlə.

Bu gün sosiyal şəbəkələrin həyatımızda, eləcə də ədəbi yaradıcııq dünyasında aparıcı rolunu nəzərə alaraq bir xüsusi qeydi etmək istərdim.

Hamımız yaxşı bilirik ki, bu gün sosiyal şəbəkələr vasitəsi ilə «roman», «povest», «şeir» adı ilə yüzlərlə, bəlkə də minlərlə yazılar çıxır ortaya. Çox vaxt bu yazılar olduqca dəyərli, bədii məzmun cəhətdən, quruluş baxımından tərifəlayiq olurlar. Bəzənsə bu poeziya və nəsr nümunələrinə bircə baxış bəs edir ki, başa düşəsən bu nümunələrin ədəbiyyata aidliyi olmadığını, yaxud zəifliyini. Ən gülməlisi, bəlkə də ağlamalı məqam da buradan başlayır. Sosial şəbəkələrdə yazılan şeirlərə, hekayə və povestlərə nəzər salsaq görərik ki, bu yazıları …oxuyan yoxdur! Lap, layk qoyub, «afərin!» yazanların sayı 200 olsun. Gündəlik araşdırma aparan olsa, maraqlı bir proseslə üzləşər. Yazılan şeir-hekayə-povestlərə qiymət verənlər, elə, yazıçı-şair dəstəsinin özüdür. Dairəvi hərəkət gedir, hamı yazır və hamı bir-birini tərifləyir.  Dairə əlaqəsi bərkdirsə, yazılan şeirin-romanın bədii çəkisi heç bir rol oynamır, alacaqsan öz «afərinlər»ini! Sadəcə olaraq, kiminsə dairəsi (kruqu) böyükdür, kiminsə kruqu balacadır. Az qala, YB-nin kiçicik proyeksiyalarıdır, kənardan “müdaxilə” ola bilməz. Kənar şəxsin yazdığını bu «qocaman» dairənin köhnə üzvləri görmək istəmirlər. Eyni ad-soyadlar, eyni şablon «afərin»lər, «əllərinə sağlıq»lar. Yapışdırırlar bütün yazılara. Bircə şərtlə, «dairənin» üzvü olsun, yəni, «bizim adamdır!» söhbəti. Gərək tonlarla, qallonlarla çay içəsən ki, o dairəyə-kruqa düşə biləsən. Ən pisi isə budur ki, bu dairələrdə-kruqda «afərin!» deyənlər içində ədəbi mühitimizdə iz qoya biləcək olduqca savadlı, «tükü — tükdən seçə bilən» tənqidçilərimiz, şair-yazıçılarımız olur.

Bəzən, elə hallar olur ki, adam istəyir səs salsın, desin: “Qiymət verəndə əsərə, heç olmasa əvvəlini və sonunu oxuyun!”

 

Vaxtilə, Azərbaycan oxuculuq səviyyəsinə görə qabaqcıllar sırasında olub. Ən ucqar kəndlərdə belə, əksər xalq kitabxanaların abonentləri olublar. Yadımdan çıxmaz o illər. Dərsdən çıxanda dəstə ilə kitabxanaya üz tutardıq. Maraqlı burası idi ki, o vaxtları bədii ədəbiyyata maraq göstərənlərin heç də hamısı əlaçı, yaxud ziyalı deyildi.

 

Kitab oxumaq hazırcavablıq deməkdir, savadlılıq deməkdir, həyatın müxtəlifliyində insanın universal bacarığı deməkdir.