«Hacı qardaşlar» -hekayə- RAMİZ İSMAYIL

Ramiz İsmayıl

-Ay Xəlil!

Əlikram darvazaya lap yaxınlaşıb bir də uzada-uzada çağırdı: -Xəliiil! Xəlil ilə Cəlil eyvanda bardaşqurma oturub təsbeh oynada-oynada çay içirdilər. Əlikramın səsini eşidəndə Xəlil narazı halda dilləndi: -Səhərin gözü açılmamış bu şoğərib hardan gəldi çıxdı. Yenə pula gəlmiş olar.

-Gəlib-gəlib də-ə, — Cəlil onu sakitləşdirməyə çalışdı. – yenə bir zurna verərik, çala-çala gedər.

Əlikramın səsi bu dəfə lap darvazanın ağzından gəldi: -Ay Xəlil! -Zəhrimar Xəlil, — o sakit dedi: – Qoduğa yüz dəfə demişəm bizə Hacı de. Qanmır ki, qanmır. Get gör nə deyir? Cəlil əlindəki uzun təsbehi sallaya-sallaya qapıya tərəf getdi. “Gəldim, gəldim” deyib darvazanın əl qapısını açdı.

-Sabahın xeyir, ay qonşu. Səndən nə əcəb bu tülküdurmazdan bizi yad eləmisən? -Sabahın xeyir, ay Cəlil, Xəlil lazımdır.

-Xəlil, ya mən, nə fərqi var. Özü də, qonşu, xətrinə deyməsin, bir söz deyim. Sənə neçə dəfə demişik biz hacıyıq. Adımız-sanımız var, nufuzumuz var. Hacı deyəndə qiyamət qopmur ki? -Ay Cəlil…

-Yenə Cəlil? Hacı Cəlil! -Hacı Cəlil. — Əlikram qımışdı, — nə deyirəm, ol Hacı Cəlil.

-Hə, indi nə lazımdı, de -Dedim, hacı Xəlil lazımdı.

Hacı Xəlil söhbəti eşidirdi.

-İçəri gəlsənə, a qonşu.

Əlikram eyvana yaxınlaşa-yaxınlaşa dedi: -Hacı Xəlil, əvvəla sabahın xeyir. Sonra da, vallah, məcbur olub gəlmişəm. Arvadı həkimə aparasıyam. Özün bilirsən, həkimə salam verməyə gedəndə də gərək əlli manat ödəyəsən. Mənim də əlim bir az aşağıdı. Dedim mənə verəcəyin pulu verərdin. Ayrı adama ağız açmayım.

-Hansı pulu, qonşu? -Erkəyin pulunu deyirəm. Bir ay bundan qabaq məndən erkək almışdın. Həccdən qayıdanda. Dedin sən halal adamsan, ziyarətdən sağ-salamat qayıtdığına görə qonaqlıq verirdin.

Yadındadı? Mən də dedim Allah ziyarətini qəbul eləsin. Əlli manat da keçdim. İndi qalanını ver. Vaxtında gedim arvadı həkimə göstərim.

-Ay Əlikram, mən o pulu vermişəm axı.

-Yox, ay Hacı, vermədin, dedin beş-on günə verəcəyəm, indi səfərdən gəlmişəm. Mən də fikirləşdim ki, xərci çox çıxıb, ola bilsin pulu yoxdur.

-Ay Əlikram, mənə elə gəlir ki, vermişəm.

O erkəyi mən müqəddəs yerdən, ziyarətdən qayıtdığım üçün almışdım. Mənə haramlıq düşməz, ay qonşu Həcc mənə qənim olar.  -Mən nə deyirəm, ay Hacı Xəlil? Nə sən, nə də mən bir pis iş görməmışık ki, Həcc bizə qənim olsun. Sadəcə pulumu istəyirəm. Sən halal adamdan heyvan aldığın üşün mən də halal Hacıdan halal pulumu istəyirəm. Vallah, əlacsız qalıb gəlmişəm. Arvad xəstə olmasaydı, ay tooba, səni narahat eləməzdim.

-Ay Hacı, — Xəlil qardaşı Cəlilə müraciət elədi. — Biz axı bu qonşunun pulunu vermişdik.

-Hə, ay Hacı, elə alan kimi erkəyin pulunu verdik.

-Ay hacı Qardaşlar, mənim başıma at təpməyib ki, yalandan sizə şər atam, günaha batam. Dəli deyiləm ki? Xəlil onun sözünü kəsdi: -Biz iki hacı səni inandıra bilmirik, — deyib balaca qardaşı Cəmili çağırdı. – Ayə, Cəmil, bura gəl.

-Eşidirəm, qardaş.

-Əvvəla, Hacı qardaş, sən də mənə Əlikram deyilsən, ikincisi də sənin yanında bu kişinin pulunu vermədik? -Yox, yadıma gəlmir.

Hacı Xəlil göz-qaşla Cəmili başa salmağa calışırdı ki, desin pulu vermişik.

-Nə təəri gəlmir? Sənin gözünün qabağında erkəyi kəsib, elə orda da neçə kilo gəldisə, pulunu verdik -Ay Hacı qardaş, vallah, pul-zad vermədik.

Dediniz ki, beş-on günə verəcəyik.

-Ay sağ ol, — Əlikram tez dilləndi, — elə dediniz.

-Ay Hacı, belə cıxır ki, mən sizə şər atıram? Gəl and iç getdiyin həccə…

-Əlikram, — Hacı onu danışmağa qoymadı.

– Ola bilsin mən səhv edirəm. Puldan ötrü həccə and içmərəm. Gələn bazar gəl pulunu apar.

Bir yerdən tapıb verərəm. İndi əlimizdə vacib işimiz var. Sən gəlməsən də olar, özüm gətirib qapında verəcəyəm.

-Ay Hacı, bayaq dedim axı, yoldaşımı həkimə aparıram. Puldan ötrü heç kimə ağız açmıram.

-Əlikram, əlimizdə işimiz var. İndi ki, elə vacib işin var, get mənim adımdan Sahib müəllimə de, nə qədər lazımdır, al get.

-Ay Xəlil, bağışla , Hacı Xəlil, Sahib müəllimdən öz adıma alaram. Daha niyə sənin adına alıram ki? -Nə olar, öz adına al. Gələn bazar gəl, pulunu dəjbədəj verəcəyəm.

-İnanım, ay Hacı? -Yekə kişisən, Əlikram, söz güləşdirmə! Sən Hacı Xəlilnən danışırsan, qədə-güdəynən danışmırsan! — Cəlil kobudcasına Əlikrama irad tutdu.

-Nə deyirəm? Gələn bazarı da gözləyərik.

Əlikram dodağının altından mızıldana-mızıldana getdi. Hacı Xəlil tərs-tərs Cəmilə baxıb dedi: -Ə, sən nə vaxtdan belə “çestni” olmusan? Ağzımda söz danışıram, göz-qaş eləyirəm ki, başa düşəsən, sənsə qırmızı-qırmızı deyirsən xalxın pulunu verməmisiz.

-Düz deyirəm də, hacı qardaş, düz-danışanı…

-Sus, — Hacı Xəlil Hacı Cəlilə tərəf dönüb dedi. – Bunu təcili həccə göndərmək lazımdı! Getsin, gəlsin, ağıllansın. Kişinin oğlunu vicdan basıb yeyir.

Əlikram Xəlilgildən çıxıb evinə gedə-gedə özünə “dişinin dibindən çıxanı” dedi: “haqq olur mənə. Bunları tanıya-tanıya nə alver eləyirsən? Arvad yazıq dönə-dönə dedi bunlara inanma, sənə pul verən deyillər. Mən nə bilim ə-ə, bunlar tülküdən də bicdirlər. Həcc də bunları dəyişə bilmədi. Yox, hacılar, ölsəniz o pulu sizdə qoymaram qala”.

Pulu ala biləcəyinə özünü inandıra-inandıra evə çatdı. Arvadı məsələni biləndə: “bir dəfə də mən deyənə baxsan dünya dağılmaz ki?!” dedi. Onsuz da hirsli idi. Arvadının belə deməyi lap əsəblərinə toxundu: “Səbrli ol, Əlikram”, dedi.

-Gələn bazara söz verdi, arvad. Gözləyək, görək nə olur? – Tərini silib: “bir çay ver” dedi.

Əlikram səbirsizliklə gələn bazar gününü gözləyirdi. Günlərin də elə bil yaxasından daş asılmışdı. Əlikram darıxsa da, darıxmasa da günlər öz gedişində idi. Nəhayət, bazar günü oldu. Əlikram arvadını çağırıb dedi: -Gəl, uğuruma sən çıx. Gedim görüm indi nə deyirlər.

-İstəyirsən arxanca bir parç da su atım? Arvadının lağ elədiyinin fərqinə varmadı.

-Atırsan, at, — dedi, — Nə deyirəm.

Xəlilgilin darvazasını döydü. İcəridən usaq səsi gəldi.

-Qapı açıqdı, kimsənsə gəl icəri.

Xəlilin yeddinci sinifdə oxuyan oğlu idi.

Əlikram içəri girib: -Sabahın xeyir, Hacıbala, — dedi.

-Mən Hacıbala deyiləm, ay dayı, Abbasəliyəm. Atamı axtarırsan? -Hə-ə, qadası, ağıllı bala! -Atamgil gəbristanlığa gediblər.

-Xeyirdimi? – İstədi desin heç qayıtmasınlar, dili gəlmədi, — sağ ol, Abbasəli, Hacı Xəlilin oğlu Abbasəli. Salamat qal! Qəbristanlıqda Xəlil və Cəlildən başqa bir nəfər də var idi. Qəbir daşlarını yonurdu.

Toz-duman içində az qala görünmürdü.

Əlikram yaxınlaşıb salam verdi. Xəlil də, Cəlil də sözləşiblərmiş kimi eyni vaxtda: -Xoş gəlmisən, ay qonşu! – dedilər.

-Qəbristanlığa da “xoş gəlmisən” deyərlərmi, ay Xəlil? -Hər sözə bir “şunquruq” qoşa bilirsən, amma hacı deyə bilmirsən.

-Deyim də, qonşu.

Əlikram açıq duyulan istehza ilə dedi: -İndən sonra sənə Hacı Məşədi Kərbalayı Xəlil, qardaşına da Hacı Məşədi Kərbalayı Cəlil deyərəm. Razı qaldın? İstəyirsən, uşaqlarına da hacı deyim? -Əlikram, sən bu lağını get toyuqlarına elə, gündə üç dəfə yumurtlasınlar. Özümə yaraşdırmıram sənə ağır cavab verim. Axır sözünü əvvəldə deyirsən. De görüm nəyə gəlmisən? -Demişdin bazar günü gəl, pulunu verəcəyəm. İndi gəlmişəm.

Əlikram hiss elədi ki, Hacı Məşədi Kərbalayı deməsi qardaşların şəstinə toxunub. Xəlil narazılığını gizlədə bilmədi.

-Ayrı nə demişdim? -Bilmirəm nə demişdin. De bilim.

-Demişdim get Sahib müəllimə mənim adımdan de, sənin pulunu versin. Mənim onda pulum var. Daha doğrusu, onun mənə verəcəyi var. Get, Əlikram, görürsən əlimizdə vacib işimiz var, — deyib Xəlil başı ilə işarə edib daşyonan ustanı göstərdi, — Bir ətək pul lazımdı.

Pul lazım olmasa, sənin kimisinin qabağında qızarmazdıq. Get Sahib müəllimə de ki, məni Hacı Xəlil göndərib.

Əlikram başa düşdü ki, Hacı Xəlil əsəbləşib. İstədi yenə Hacı Məşədi Kərbalayı Xəlil desin, demədi, dilinin ucundan qaytardı.

-Ay qonşu, mənim Sahib müəllimnən nə işim var? Zəng elə, özün de.

-Yaxşı, sən get, mən zəng vuraram.

Xəlil Cəlilə dedı: -Hacı, telefonumu mənə ver.

O, Cəlildən cib telefonunu alıb zəng vura-vura Əlikrama dedi: -Bayaq dedim sənə, yəqin başa düşmədin.

Hacı Məşədi Kərbalayı deməyinin nə olduğunu başa düşürəm. Ağıllı ol, şəkk eləmə, altını çəkərsən…

-Alo, alo, Sahib müəllim, sabahın xeyir.

Hacı Xəlildi. Müəllim, bağışlayın, narahat edirəm Əlikram qonşu sizin yanınıza gələcək, xahiş edirəm, onu yola salın. Sonra biz siznən hesablaşarıq.

Xəlil telefonu söndürüb Əlikrama dedi: -Get, müəllimdən götür pulunu. Amma unutma: kişinin ki-şi-yə borcu olar.

Əlikram kinayəni başa düşdü. İstədi bir-iki ağır söz desin. “Lənət şeytana” deyib başını buladı. “Sağollaşmadan” Sahib müəllimgilə getdi.

Sahib müəllim həyətdə ağacların dibini belləyirdi. Əlikramı görüb ona tərəf gəldi, əl uzadıb görüşdü.

-Xoş gəlmisən, Əlikram, nə var, nə yox? -Sağlığın, müəllim.

-Keç içəri, gedək bir cay içək. Hardan gəlirsən? -Sağ ol, müəllim. Qabristanlıqdan gəlirəm.

-Düz eləyirsən, Əlikram, vaxt olanda gedib rəhmətlikləri ziyarət eləmək lazımdı.

-Düz deyirsən, müəllim. Amma bu dəfə başqa iş üçün getmişdim. Yadında olar, müəllim. Bir aydan çox olar, az olar, bilmirəm, Xəlilnən Cəlil bizə gəlmişdilər. Dedilər sən halal adamsan. Bizə bir erkək, olmasa iri bir toğlu lazımdı. Həcc ziyarətindən gəlmişik. Qurban kəsmək istəyirik. Deyirlər səndə yaxşı bir erkək var. Dedim, ay qonşu, erkək var, amma mən onu damazlıq saxlayıram. Əl çəkmədilər.

Dedilər, a kişi, düz-dünya dolu qoyun-quzudu, sən halal adamsan deyə səndən alırıq. Belə deyəndə lap kövrəldim. Bir təsbeh də verdilər.

Az qaldım əllərindən öpəm. Sövdələşdik. “Əlli manat da keçərəm” dedim.

Əlikram çox danışdığını zənn edib soruşdu: -Başını ağrıtmıram ki? zan VI 2024 XƏZAN №6 (60) İYUL-AVQUST 2024-CÜ İL 48 -Danış, danış! -Dedilər pulunu bir həftəyə, uzaqbaşı on günə verəcəyik. Bir aydan çoxdu pulumu ala bilmirəm. Evinə getmişdim. Oğlu dedi qəbristanlıqdadılar.

-Qəbristanlıqda neyləyirdilər? -Soruşdum, demədilər. Hələ məni tənbeh elədilər ki, bizə hacı demirsən. Mən acıqla ad qoydum onlara -Nə ad? -Bu gündən sonra onlara Hacı Məşədi Kərbəlayi deyəcəm.

-Yaxşı tapıbsan o adı, — Sahib müəllim xeyli gülüb əlavə elədi, — İran “şpionları” indi hacı olublar. Yaxşı, indi səni mənim yanıma nəyə göndəriblər? -Əslində onların göndərdiyinə görə gəlməmişəm. Sadəcə, dedim xəbəriniz olsun. Xəlil yanımda sizə zəng elədi. Dedilər Sahib müəllimdə bizim pulumuz var. Get, nə qədər lazımsa, götür. Özümüz hesablaşarıq onunla.

Sahib müəllim Əlikramın üzünə xeyli baxdı, sanki söz axtarırdı. Handan-hana dilləndi: -Bunlar nə qırmızı adamlardı. Əvvəla mənə zəng vurmayıblar, ikincisi mənim onlara borcum yoxdu.

-Müəllim, yanımda zəng vurdular axı.

Müəllim cib telefonunu yoxladı.

-Qonşu, gəl bax, — dedi, — gör burda zəng var? Səni aldadıblar.

Əlikram elə bil indi ayıldı. Nəsə demək istəyəndə müəllim onu qabaqladı: -Sənə pul lazımdı, verim. Amma..

-Aydındı, müəllim. Özünü elə göstərib ki, guya zəng vurur. Mənə deyir əlimizdə vacib iş var, coxlu pul lazımdı. Rəhmətliklərin qəbirlərinin böyründə, başında fırlanırdılar.

-Bilmədin nə iş görürlər? -Bilmədim, demədilər. Onu bilirəm ki, daşları yondururlar.

-İstəyirsən mən deyim.

-De, müəllim.

-Əvvəla Əlikram, onlar qələt eləyirlər, pulumuz yoxdu deyirlər. Bütün rayon bilir ki, onlar sələmə pul verirlər. Sən dediyin qonaqlıqda da pul yığdılar ikincisi də mən bilirəm, onlar dədəsinin və bacısının başdaşına “hacı” sözü yazdıracaqlar.

Əlikram mağmın-mağmın müəllimə baxırdı.

-Dədəsinin baş daşına Hacı Abbasəli, bacısının baş daşına da Gülsum Hacı Abbasəli qızı yazdıracaq. İndi bildin, ay Allahın fağırı? -Ay müəllim, Abbasəli kişi məncə, həccə getməmişdi. İndi, əlli ildən sonra nətəhər hacı olur? -Olur, Əlikram, olur. Xəlil dədəsinin şəklini cibinə qoyub gedib Həccə, onun əvəzinə namaz qılıb, şeytana daş atıb, alverini də eləyib, qayıdıb. Abbasəli kişi də olub Hacı! Bildin, qonşu? -Ay müəllim, mən savadsız adamam.

Amma dədə-babadan eşitmişdim ki, “ismarışla həcc qəbul olunmaz”. Bəs bunların həcci şəkillə necə qəbul olacaq? -Əlikram, belə şeylərə baş qoşma. Əgər doğrudan da pula ehtiyacın varsa, cəkinmə, de.

Nə qədər lazımdı verim. Nə vaxt pulun olarsa, qaytararsan. Olmaz da canın sağ olsun.

-Müəllim, bilmək istəyirəm: Həcc belələrinə qənim olacaq? -Geci, tezi var, Əlikram, olacaq! -Sağ ol, müəllim, bir az təskinlik tapdım.

Pul təklifinə görə də sağ ol. Hacıları tanıdım, bəsimdi.

 

 XƏZAN №6 (60)  2024-CÜ İL