Qanunla tam tənzimlənməyən yol-nəqliyyat hadisələrinə tövsiyyələr kömək edə bilərmi?
Azərbaycan yollarında hər gün yol-nəqliyyat hadisələri baş verir. Bunlara maşın sıxlığı ilə dünyanın qiqant şəhərlərinə bənzəyən Bakı və digər şəhərlərlə yanaşı rayon mərkəzlərində, magistral şosselərdə, hətta kiçik kəndarası məhəlli yollarında da rast gəlmək mümkündür. Hadisələrin bəziləri tərəflər arasında razılaşmaya əsasən, bəziləri də polis şöbələrində öz “həlli”ni tapır. Sığorta sistemi geniş tətbiq edildiyindən bu problem yüngülləşsə də bir çox hallarda prokuror “müdaxiləsi” məcburi hal kimi sayılır. Məhkəmələrdə uzun-uzadı araşdırmaların nəticə vermədiyi hallar da kifayət qədərdir.
Sahə üzrə mütəxəssislər, nəqliyyat ekspertləri konkret hadisələr üzərində güllü-güllü mülahizələrini ekranlardan on milyonlara çatdırsalar belə nə hadisələr azalır, nə də araşdırmalar əsl günahkarları üzə çıxarda bilir. Odur ki, “köhnə hamam, köhnə tas” məsəli üzərində hallandırılan yol-nəqliyyat hadisələri can almaqda, tərəfləri düşmənçiliyə gətirib-çıxartmaqda, hüquq-mühafizə orqanlarının yarıtmaz araşdırmaları nəticəsində insanları qanundan və hakimiyyətdən incik salmaqda davam edir.
İndiyə kimi minlərlə araşdırma aparılsa da hadisəyə gətirib-çıxardan ən başlıca səbəbin və mümkün variantlarda məsuliyyət daşıyacaq şəxslərin müəyyənləşdirilməməsi qanunun bu sahədə boşluğundan xəbər verir və nəticəsi hələ ki, mümkünsüzdür. Ekspertlərin bir çox hallarda sürət həddini bəhanə gətirməsi isə absurd görünür. Belə ki, magistral şosselərin yaşayış məntəqələrindən keçən hissəsində sürət həddinin 50-60, bəzi yerlərdə isə 30-40 arası göstərilsə də iri şəhərlərdə buna mülahizə olunmur. Belə çıxır ki, az məlumatlanmış kənd adamlarının, yaxud ərazidə otarılan qoyun və mal-qaranın taleyi şəhər əhalisinin həyatından üstün götürülür. Bu, nə qədər ədalətlidir?
Şəhərlərdə yolüstü və yeraltı keçidlər salınsa belə piyada keçid zolaqlarına hər yerdə rast gəlmək mümkündür. İşıqforun quraşdırıldığı, yaxud quraşdırılmadığı ərazilərdə keçid necə müəyyənləşdirilmişdir? Həmişə sürücümü piyadanı gözləməlidir?
İndiyə qədər araşdırılmış bütün yol-nəqliyyat hadisələrində həmişə sürücü günahkar kimi qiymətləndirilmişdir. Azərbaycan reallığında elə bir hadisə olmamışdır ki, yol-nəqliyyat hadisəsinin baş verməsində piyada günahkar olaraq tanınsın və məsuliyyətə cəlb olunsun. Göründüyü kimi qanun da hüquq-mühafizə orqanlarında çalışanlara belə bir “əsas” verib. Çünki maşın alanın “imkan” dairəsi ac-yalavac piyadadan üstün dəyərləndirilir və sürücünün daha asan şəkildə məsuliyyətə “cəlb” olunması əsas götürülür. Nəzərə alınmır ki, bir bu qədər maşın sahiblərinin cərimələnməsinə, məsuliyyətə cəlb olunmasına baxmayaraq hadisələr davam etməkdədir. Yol hərəkət qaydalarını pozan piyadaların məsuliyyətə cəlb olunması zamanı gəlib çatmayıbmı?
Ali Məhkəmənin 2013-cü ildə keçirilmiş Plenum iclasında son on ildə baş vermiş yol-nəqliyyat hadisələrinin analizi xarakterizə olunarkən məhkəmələrə bundan sonra piyadaların da məsuliyyətə cəlb olunması tövsiyyə olunur. Tövsiyyə isə qanun deyildir. Odur ki, məhkəmələr Ali Məhkəmənin Plenumunun tövsiyyəsini hələ ki, heçə sayırlar.
İndi o vaxtdan daha bir on il keçir. Görəsən, bu dəfə Ali Məhkəmənin Plenumu yenə də tövsiyyə verməklə işini bitmiş hesab edəcək, yoxsa Qanunda müəyyən düzəlişlər olunması üçün layihə hazırlayacaq? Biz axı hüquqi dövlətdə yaşayırıq, Avropa standartlarına uyğunlaşmağa çalışırıq… Bu sahədə Avropa ölkələrini demirik, Rusiya, qonşu Gürcüstün, bəyənməyib geridə qalmış hesab etdiyimiz İran İslam Respublikasının qanunlarından da geridə qalırıq…
Əli Bəy Azəri, AYB-nin üzvü, Prezident təqaüdçüsü, döyüşçü- zabit, Qarabağ veteranı.