ZAMAN – XXI ƏSR. MƏKAN – YER KÜRƏSİ.
Hadisə — GÜCLƏ AĞILIN MÜBARİZƏSİ.
Ədəbiyyat üçün bu üç mühüm amil ən başlıca şərtdir. Bunlardan biri olmazsa, ədəbiyyat yetim qalar, bəlkə də heç yaranmaz.
Bunun adına bəzən QLOBALLAŞMA da deyirlər, guya istiləşmə ucbatından buz qatları əriməyə başlayıb və tezliklə Yer kürəsini fəlakət bürüyəcək. Əgər belədirsə, niyə kainatın tarazlığını pozan müharibələr olur, atmosferi deşik-deşik edən raketlər atılır? Təbiəti rahat buraxmaq lazımdır ki, özü öz əyər-əysiyini düzəltsin, pozulmuş tarazlığını bərpa etsin. Bunu insan oğlu ağlı ilə etməlidir, yoxsa gücüylə?
Ədəbiyyatın baş mövzusu müharibədir. Son iki ilin müharibəsi Ukrayna – Rusiya cəbhəsində gedir. Di gəl ki, bu cəbhədə baş verənləri oxuyub öyrənə biləcəyimiz bir roman ortaya çıxarılmayıb. Ədəbiyyatın başbilənləri belə romanların on, on beş il, bəzən də daha çox sonralar üzə çıxa biləcəyini vurğulayır, əsaslandırmağa çalışırlar. “Dəmiri isti-isti döyərlər”, — deyib aqil atalarımız. İsti-isti yazılmayan məlumatlar bir müddət sonra əhəmiyyətini itirə bilər. Düzdür, sonra daha çox fakt araşdırıb üzə çıxartmaq mümkündür, ancaq çox-çox məlumat da unudula bilər. Mən vaxtında yazılmanın tərəfindəyəm.
Yaxın Şərq də sentyabrdan alovlandırılıb. Düzdür, bu ocaq heç sönməyib, yetmiş ildən artıqdı ki, yanıb közərirdi. İndi körükləndiriblər. Kim körükləndirib? Dünyada iki güc hakimi-mütləqdir; ABŞ və Rusiya. ABŞ Rusiyanı günahlandırır, Rusiya ABŞ-ı, hər ikisi ağlabatan arqumentlərlə əsaslandırır, nə təkzib edən var, nə təsdiq. Deməli, deyilənlər həqiqətdir, hər iki tərəf günahkardır. Həm də ona görə günahkardırlar ki, qütbləşmədə tərəfdarlarına əmin-amanlıq yaratmaq əvəzinə gərginlik yaradırlar. İndi gəl, vur, eşşək samanlıqdan çıxsın.
Rusiya ilə Ukrayna, İsrail ilə Fələstin arasında mübahisələri ağılla həll etmək əvəzinə tərəfləri daha da qızışdırdılar. Budurmu dünyanın ağılla idarə edilməsi? “Yumruqlar işə düşəndə ağıl kara gəlməz”, — bunu da babalarımız deyib. Sözün gücə qalib gəlməsi üçün ədəbiyyat mütləqi-hakim olmalıdı, cənablar. Kimə üz tuturam, “indi kitab oxuyan var?” deyib ağzını büzür. Bəli, həm də kitab oxuyan olmalıdır ki, dünyanı güclə deyil, ağılla idarə edə bilsin!
1514-cü ildən kirab oxumağa başlayan Şah İsmayıl Xətai ömrünün sonunadək bir daha qılıncını qınından çıxardıb siyirmədi. Heç kim də onun ölkəsinə hücum etmədi.
Əli bəy AZƏRİ, yazıçı, “Xəzan” jurnalının baş redaktoru