GÖZƏL TƏŞƏBBÜSÜN İNCƏ MƏQAMLARI — Əli Bəy yazır

Əli Bəy Azəri

Ədəbiyyat naminə keçirilən Mir Cəlal Paşayev adına III hekayə müsabiqəsinin yekununa nəzəri baxış

 

Kitablar cərgəsinə daha bir kitab qoşuldu. Bu kitab “Yağışlı bir gün idi” adlanan hekayələr toplusudur. Topluya 2022-ci ildə keçirilən Mir Cəlal Paşayev adına III hekayə müsabiqəsinə təqdim olunmuş 47 müəllifin 48 hekayəsi daxil olunmuşdur. 434 səhifəlik kitab TEAS Press nəşriyyat Evi tərəfindən nəfis tərtibatla yüksək səviyyədə çapa hazırlanıb. Qeydlərdə kitabın 436 səhifə olduğu göstərilib, görünür çap ərəfəsində dəqiqləşdirilməyib. Tiraj isə heç göstərilməyib. Kitaba ön söz Xalq yazıçısı, eyni zamanda müsabiqəyə təqdim olunan hekayələri qiymətləndirən münsiflər heyətinin sədri Elçin tərəfindən 28 sentyabr 2023-cü ildə yazılsa da çap olunduğu vaxt 2024-cü il göstərilib və təqdimolunma mərasimi 6 mart 2024-cü ildə keçirildi.

Bunlar sadəcə statistik göstəricilərdir. Hər hansı bir uyğunsuzluğun olub-olmadığını özünüz müəyyənləşdirin. Baxmayaraq ki, texniki göstəricilərin hekayələrin bədiiliyinə və verilən qiymətləndirməyə heç bir təsiri yoxdur, yenə də ədəbiyyat naminə Mir Cəlal Paşayev adına görülən işdə maksimum məsuliyyət, xüsusən də vicdan məsuliyyəti tələb olunur.

Müsabiqə görkəmli yazıçı Mir Cəlal Paşayevin oğlu ADA Universitetinin rektoru professor Hafiz Paşayevin şəxsi təşəbbüsü ilə keçirilir. Ən azından nəsr üzərində qələmini sınayanlar belə bir addıma görə Hafiz Paşayevi alqışlamalıdırlar. Çünki bunu Mədəniyyət nazirliyi, Azərbaycan Yazıçılar Birliyi deyil, bir görkəmli şəxs öz təşəbbüsü ilə keçirir. I hekayə müsabiqəsi 2017, II hekayə müsabiqəsi isə 2019-cu ildə keçirilib. Qaliblər mükafatlandırılıb və onların hekayələri “Azərbaycan” jurnalında çap olunub. Təqdim olunan digər hekayələrin taleyi məlum deyil. III hekayə müsabiqəsi 2022-ci ildə keçirildi, qaliblər müəyyənləşdirildi, mükafatlandırıldı və İctimai TV-də onlara veriliş həsr olundu.

Sonuncu hekayə müsabiqəsi ilə bağlı kiçik araşdırma apardım. Araşdırmamım nəticəsi olaraq Səbuhi Rəhimlinin şəxsi yutub kanalında fikrimi bildirdim. Bir müddət sonra müsabiqəyə təqdim olunmuş 50 hekayənin seçilərək ayrıca kitab şəklində çap olunacağını mənə xəbər verdilər. Xəbər verən şəxs həmin hekayələr sırasında mənim də təqdim etdiyim “Allah adamı” hekayəsinin olacağını xüsusilə vurğuladı. Dərhal başa düşdüm ki, kimsə çıxışıma qulaq asıb, Hafiz Paşayevə çatdırıb. O da belə bir qərar verib. Başqa cür necə ola bilərdi? Niyə 2017, 2019-cu illərdə keçirilən müsabiqəyə təqdim olunmuş hekayələr toplu şəklində çap olunmadı?

Sual oluna bilər ki, ədəbiyyatşünaslar, ədəbi tənqidçilər yaxalarını kənara çəkdikləri halda mən niyə bu qədər ciddi yanaşıram?

Birincisi, mən də bəziləri kimi Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”ni oxuyaraq formalaşmış gənclərdənəm. Onun vurğununa çavrilmişəm. İkincisi, 2019-cu ildə keçirilən müsabiqəyə “Timsah dərili ayaqqabı” adlı hekayə təqdim etmişəm. Hekayələr arasında ədibin obrazının yaradıldığı yeganə əsər olmasına baxmayaraq yazı üslubumu tanıyan “əsas söz sahibi” hekayəni dəyərləndirməyib, məsələyə qərəzli yanaşıb. O bunu şəxsən mənə etiraf edib.

Ədibin evinin direktoru Şəfəq xanım Mehrəliyeva ilə görüşərək iradlarımı ona bildirmişəm. Qismən mənimlə razılaşsa da məsələnin geridə qaldığına görə təəssüflənib. Növbəti müsabiqəyə hekayə göndərməyi tövsiyyə edib. Növbəti müsabiqədə yenə də həmin adamın əsas söz sahibi olduğunu vurğulasam da Şəfəq xanım işi nəzarətə götürdüyünü bildirib. Lakin son nəticədə mənim şübhələrim yenə də özünü doğruldub. Ədibin obrazını yaratdığım “Allah adamı” hekayəm bu dəfə də diqqətdən kənarda qalıb. Hafiz Paşayevlə görüşməyin, məsələnin mahiyyətini ona çatdırmağın mümkünsüzlüyünü nəzərə alaraq yekunda müsabiqənin nəticələrini ictimailəşdirmək qərarına gəlmişəm. Bu da nəticəsi! Əks halda əvvəlki iki müsabiqəyə təqdim olunan hekayələr də toplu şəklində çap olunub oxucuların ixtiyarına çıxarılardı.

Burada ədəbi tənqidçi missiyasını öz üzərimə götürmək fikrində deyiləm. Bunun üçün dövlət büdcəsindən məvacib alan kifayət qədər titullu əməkdaş vardır. Buyurub vəzifə borclarını icra edə bilərlər. Sadəcə bəzi məqamlara münasibət bildirib onları hüzurunuza çıxardacağam. Subyektiv görünsə belə deməyə məcburam.

Kitab I yerin qalibi Seymur Orucun eyni adlı hekayəsinin şərəfinə “Yağışlı bir gün idi” adlandırılıb. Digər kitabından da göründüyü kimi Seymur Oruc qərb ədəbiyyatının təsirinə məruz qalanlardandır. Əsərinə ad seçimində tərəddüd edir. Əgər o, əsərini “Yağışlı gün”, yaxud “Yağışlı bir gün” adlandırsaydı, bunu azərbaycansayağı adlandırmaq olardı. Çünki Azərbaycan ədəbiyyatında mətndən cümlə seçib başlığa ad çıxartmaq ənənəsi yoxdu. Bu, qərbə məxsusdur. Seymur Oruc bunu elə ilk cümlələrində də bir daha təsdiqləyib. Adam qısa cümlə ilə qırıq cümlə arasında fərqi qarışdırıb. Onun birinci cümləsi belədir:

“Çox dedilər”.

Nəyi dedilər? Kimlər dedilər? Kimə dedilər? Niyə dedilər? Nədən ötrü dedilər?

Görün neçə sual yaranır.

Azərbaycan dilində cümlə anlayışını bilməyən varmı? Bitmiş bir fikri ifadə edən söz və ya söz birləşməsi CÜMLƏdir. Bir belə sualın yarandığı söz birləşməsini CÜMLƏ adlandırmaq olarmı?

Ardına baxaq:

“Dedilər ki, “oxuyub adam olmaq lazımdır”, “gələcəyin qabaqdadır”, “bu səfillikdən (!) qurtulmaq lazımdır”. Bacarmadım. Nə oxumağı, nə də, belə görünür ki, adam olmağı… Əvəzində adi birisi oldum – küçədə, avtobusda, hər yerdə görə biləcəyiniz adi bir insan. (!)

…İçimi görə bilir tibb. (!)”

Belə natamam, Azərbaycan əxlaqına uyğun gəlməyən bir hekayəyə necə qıyıb birinci yeri veriblər, ağlıma sığışdıra bilmirəm. Münsiflər heyətinə kimlər daxildir? Onları sadalamağa ehtiyac duymuram, hər halda Xalq yazıçısı Elçin Əfəndiyev özü birinci yerə çıxarılan hekayəni oxumayıbmı?

II yerin qalibi Daşqın Məmmədovdur. Kitaba onun iki hekayəsi daxil edilib. Biri müsabiqədə qalib çıxarılmış “Bənövşə xala”, o birisi isə “Qızcığaz” adlanır. Burda sual yarana bilər: Müsabiqənin şərtlərinə görə hər müəllif yalnız bir hekayə təqdim etməli olduğu halda necə olub ki, Daşqın Məmmədov ikisini göndərib və hər ikisi bəyənilib? Sualın cavabı maraqlı görünsə də hekayələrin bənzərsizliyi bunun üstündən sükutla keçməyə zəmin yaradır.

Xatirə Kərimovanın “Qəmli hekayə”si də burdadır. Bəyəm ad qəhətdir? Hekayəyə də hekayə adı qoyarlar? Birinci cümlə belədir: “Sizə həyatımın qəmli bir hekayəsini danışacağam”. Bu cümlə də Azərbaycan ədəbiyyatına xas deyil. Xatirə xanım da əcnəbi ədəbiyyatın təsirindən belə yazıb. Yoxsa, qələm sənin əlində, hadisə başında, buyur, yaz, təsvir elə, dialoq qur.

Vüsal Əhmədovun “Ağcaqanad kolleksiyası”na baxaq. Müəllif konkret olaraq məktəbdən bəhs edir. “Müdir müavini” yazır. Bəyəm Azərbaycan məktəblərində müdir var? Adam türk ədəbiyyatından kənara çıxa bilmir, çünki müdir türk məktəblərində olur. Azərbaycan məktəblərində isə direktordur.

Mahanın “Su”, Oğuz Alparslanın “Qurban”, Salbina Bünyətovanın “Boz divan”, Aydan Həsənovanın “Vacib iş” mətnləri daha çox esseyə oxşayır, nəinki hekayəyə. Könül Məmmədovanın “Möcüzələr diyarı” əsəri isə tərcüməyə bənzəyir. “Möcüzələr diyarının kralı Qızıl Henri 13 yaşında taxta çıxmışdı. Atası kral Uzunsaçlı Lotharın uşağı olmurdu”. Bu iki cümləni seçdim ki, söhbətin nədən getdiyindən xəbərdar olasınız.

Bəzi mətnlərdə oxucuya müraciətlər ünvanlanıb. Bu, daha çox publisistik mətnlərə xasdır. Bədii əsərdə yazıçı cümlələrin ortasında pırtlayıb özünü niyə göstərsin və oxucu ilə əlaqə yaratmağa cəhd göstərsin? Bəzi mətnlərdə orfoqrafik səhvlərə rast gəlmək mümkündür.

Qısa zaman ərzində 434 səhifəlik bir hekayələr toplusunu oxuyub münasibət bildirmək tam obyektiv görünməyə bilər. Mən sürətlə baxış keçirib öz şəxsi fikirlərimi bildirməklə ədəbiyyatşünasların, ədəbi tənqidçilərin diqqətini bu topluya cəlb etməyə çalışıram. Müsabiqəyə əsər göndərənləri qınamazdan əvvəl münsiflərdə təmsil olunanları, xüsusən də heyətin sədri məsuliyyətini çiyinlərində daşıyan Xalq yazıçısı Elçin Əfəndiyevi daha məsuliyyətli olmağa səsləyirəm. Söhbət Azərbaycan ədəbiyyatı naminə Mir Cəlal Paşayev adına müsabiqədən gedirsə, bu işdə səhlənkarlıq etmək yaramaz. Hələ sağlığında milyonların sevimlisinə çevrilmiş ədibin adına görülən iş yüksək səviyyədə olmalıdır.

Bundan sonrakı işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə:

Əli BƏY AZƏRİ,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Qiymət