Gözəllik suyu (hekayə)

Ayaz İmranoğlu

Bir ailədə üç nəfər yaşayırdıq – atam, anam və mən. Neçə illərdən bəri yataq xəstəsi olan atamın ağrıları dünən axşamüstü birdən-birə sakitləşdi. Dedik allaha min şükür, daha təhlükə sovuşdu. Anam atamın şam yeməyini yedizdirib, sonra da yatağını rahatlayıb mənə dedi:

-Get yat bala, mən də gözümün acısını alım.

Mən yataq otağına keçib çarpayıma uzandım. Bayaqdan yatağımda o üz, bu üzə çevrilsəm də gözlərimə yuxu getmirdi ki, getmirdi. Fikirlər aləminə səhayətə çıxmışdım. Xəyalımdan çox şeylər dolaşıb keçirdi. Atam yataq xəstəsi olan gündən onun görəcəyi işləri mən görməyə başlamışdım. Baxmayaraq sümüklərim hələ bərkiməmişdi, orta məktəbin səkkizinci sinifində oxuyurdum. Bağ-bağatı suvarır, biçənəyin otunu dəryazla biçirdim. Qoyun nobatına gedirdim.

Atam gec evlənmişdi. Atamın yaş fərqi anamdan iyirmi il böyük idi. Bu izdivacdan bircə övlad dünyaya gəlmişdi ki, o da mən idim. Onların əziz-xələf övladları olduğumdan məni çox əzizləyirdilər. İşə-gücə buyrulmaz, yalnız məktəbə, dərs oxumağa fikir verirdim. İnsafən, pis oxumurdum, sinifimizdə üç nəfər yaxşı oxuyurdusa, onlardan biri də mən idim.

Anamın dediyinə görə, doğulandan nasaz uşaq olmuşam, tez-tez xəstələnirdim. Hər dəfə də qonşu kənddəki xəstəxanaya aparırmışlar. Yaxud da türkəçarə edən Gülxanım xalanın yanında ot-ələflə müalicə alırmışam. Bunlar da bir nəticə verməyəndə ziyarətgahlara, pirlərə aparırdılar. Deyəsən, o müqəddəs yerlərin mənə köməyi olub. İndi buz baltası kimi oğlanam…

Beləcə, düşünə-düşünə məni necə yuxu aparıbsa xəbərim olmayıb.

Gecənin bir aləmi anam otağıma daxil olub məni yuxudan oyatdı.

-Dur, bala, kişi deyəsən, can verir.

Mən hövlnak ayağa durub atam olan otağa cumdum. Atam xırıldayır, ağır-ağır nəfəs alırdı. İlk yadıma düşən nəbzini yoxlamaq oldu. Axı o vaxtlar mən xəstəxanaya hər dəfə aparılanda İzafa doxtur qolumu tutub nəbzimin döyüntülərini yoxlayardı. Mən də atamın qolundan tutub üçüncü barmağımla nəbzinin döyüntülərinə bir xeyli qulaq asdım. Ağır-ağır, özü də fasilə verə-verə döyünürdü.

Atam can verirdi. Gözünü biz – ana, balaya dikib həsrətlilər kimi baxırdı. Dili tutulmuşdu. Danışa bilmədiyindən elə gözləriylə nə isə demək istəyirdi.

Atam xəstə olandan bəri yastığının baş tərəfində hər zaman “Qurani-Kərim” olardı. Özü də atamın yönü üzü qibləyə qoyulmuşdu.

Anam bardaş qurub atamın ayaq tərəfində oturdu, məni də yanına çağırdı:

-Gəl, burda dur. Əzrayıl gəlib yolunu bağlı görüb sənə xətər yetirər… Görmürsən kişi əziyyət çəkir?

Sonra anam atamın yastığının baş tərəfindəki “Qurani-Kərim”i götürüb üç dəfə öpüb, gözlərinin üstünə qoyduqdan sonra açdı. Elə həmin andaca ”Yasin” surəsini oxumağa başladı.

Anam Quranı ərəb dilindən molla Əsgər əmidən öyrənmişdi. Kəndimizdə qadın ölüsü düşəndə anam orada mütləq olardı, qadın mollası idi. Hələ mən məktəbə getməmişdən anam ərəb dilini mənə öyrətmiş, demək olar ki, Quranın hafizi idim.

Quranın sədası gələn andan atam üzünü göyə tutub dodağı altda nəsə deyirdi. (Sonradan öyrəndim ki, həmin vaxt atam kəlmeyi-şəhadətin deyirmiş.)

Xeyli vaxt beləcə keçdi. Sonra gözləri donub qaldı. Elə həmin andaca gözlərindən iki damcı yaş axdı. Üzünə baxdım. İlahi, atam necə də gözəlləşmişdi, sanki nur selinə bürünmüşdü. Dupduru o iki damcı yanağının almacıqlarından süzülüb çənəsində qoşalaşdı, birləşdi. Həmin andaca gözləri bərələ qaldı. Gözlərin qarası yox olmuş, şüşəyə dönmüşdü.

Sanırdım ki, atam yorğunluğunu almaq üçün yatmışdı. Əslindəsə atam əbədi yuxu tapmışdı. Anam “Yasin”I başa çatdırıb kitabı qatladı. Yenə üç dəfə öpüb gözləri üstünə qoyduqdan sonra məxməri parçaya büküb kənara qoydu. Atamın gözlərinə sığal çəkən kimi göz qapaqları yumuldu.

Mən indi bildim ki, atam daha yoxdu. İstədim ağlayam, niyəsə ağlaya bilmirdim. Atam isə… Elə ona görə anama dedim:

-Ana! Son dəfə atam ağladı. Gözlərindən yaş axdı. Bu ayrılıq yaşıdırmı?

-Oğlum, o ağlamırdı. Gözlərindən axan o iki damcı gözəllik suyu idi. İnsanın daxili gözəlliyi son dəfə o iki damcı suda əks olunub. İnsan axirət evinə cismani gözəlliyini aparır, mənəvi gözəlliyi bu dünyada qalır. O iki damcı gözəllik suyunu bu dünyaya bəxş edir ki, yaxşı əməllərə sahib olub yaşayaq.

11 sentiyabr 2013