General-leytenant Hüseyn xan Naxçıvanski 28 iyun 1863-cü ildə Naxçıvanda anadan olmuşdur. O, Kəlbəli xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsidir. Atası rus ordusunun general-mayoru idi. Ona görə də oğlunu — on beş yaşlı Hüseyn xanı Peterburqdakı Paj korpusu məktəbinə oxumağa göndərir. Bu məktəb imperatorun şəxsi himayəsində idi.
On beş yaşında Peterburqdakı Paj korpusu məktəbinə verilmiş, 1881-ci ildə oranı əla qiymətlərlə bitirərək, çarın xüsusi süvari qoşununda xidmət etmişdir. Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Naxçıvaniyə 1903-cü ildə polkovnik rütbəsi verilmişdir. Rusiya-Yaponiya müharibəsində (1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmişdir. Tanınmış rus jurnalisti A. Kvitkanın “Zabaykalye kazak zabitinin gündəliyi» əsərində Naxçıvaninin alayının döyüş rəşadətindən də bəhs olunur. 1906-cı ildə leybqvardiya polkunun komandiri olmuş, 1907-ci ildə generel-mayor rütbəsinə layiq görülmüşdür.
1912-ci ildə Naxçıvani 1-ci Əlahiddə süvari briqadasının komandiri idi. Birinci dünya müharibəsində 1-ci və 2-ci süvari diviziyalarının komandiri olan Naxçıvani alman cəbhəsinin yarılmasında fərqlənmişdir. Rus yazıçısı A.Soljenitsin «14 avqust» romanında yazmışdır: «Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə general Hüseyn xan Naxçıvanski komandanlıq edirdi». Birinci dünya müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı ildə Naxçıvaniyə tam süvari qoşunu generalı rütbəsi verilmişdir. Sonralar Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilmiş, Fevral inqilabından (1917) sonra hərbi işdən uzaqlaşmışdır. «Müqəddəs Georgi» ordeninin dörd dərəcəsi ilə, «Müqəddəs Vladimir», ikinci dərəcəli «Müqəddəs Aleksandr», «Müqəddəs Anna», «İgidliyə görə», İranın almazla bəzədilmiş 2-ci və 4-cü dərəcəli «Şire-Xurşid», zabitlərə məxsus «Rumın ulduzu», Avstriyanın «Dəmir xaç», Bolqarıstanın Döyüş xidmətlərinə görə ordenləri, dördüncü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla təltif olunmuşdur. O, Rusiyada orduda general-adyutant rütbəsinə layiq görülmüş ilk və yeganə müsəlman idi. Şərəfli bir nəslin yetirməsi olan Hüseyn xan Naxçıvanski nəinki əvəzolunmaz bir sərkərdə, həm də rus xalqına və onun hökmdarı II Nikolaya bütün varlığı ilə bağlı olan müdrik bir şəxsiyyət idi. İmperiya hakimiyyəti dağıldıqdan sonra belə Hüseyn xan Naxçıvanski müvəqqəti hökumətə tabe olmaqdan qətiyyətlə imtina etmişdi. Hətta II Nikolay özü Hüseyn xan Naxçıvanskiyə müvəqqəti hökumətə tabe olmağı məsləhət görsə də, o, öz əqidəsindən dönməmiş, pərəstiş etdiyi monarxiya hakimiyyətinin və onun hökmdarının yolunda ölümə belə getməyə hazır olduğunu bildirmişdi. Elə buna görə də H.X.Naxçıvanski 1919-cu ilin yanvarında bolşeviklər tərəfindən həbs olunmuş və ağır işgəncələrə məruz qaldıqdan sonra güllələnmişdir. Professor Rudolf İvanovun Hüseyn xan Naxçıvanski haqqında yazdığı «Əlahəzrətin generaladyutantı» kitabı 2006-cı ildə Moskvada çapdan çıxmışdır.