Gi de Mopassan “Boyunbağı” hekayə

Ədəbiyyat

Beydemir.ru Mopassanın «Boyunbağı» hekayəsini təqdim edir.

Rus dilindən tərcümə Xaliq Məmmədovundur.

Ги де Мопассан. Собрание сочинений в 10 тт. Том 4. МП «Аурика», 1994

O, adətən taleyin xüsusi şıltaqlığı nəticəsində məmurlar ailələsində dünyaya göz açan zərif və cazibədar qızlardan biri idi. Qiymətli cehizi olmayan və gözəl gələcəyə ümidlər bəsləməyən bu qızcığaz, varlı-hallı təbəqədən olan imkanlı hansısa bir kişi tərəfindən tanınmaq, sevilmək, həyat yoldaşı etmək kimi arzuların da boşluğunu başa düşürdü. Ona görə də, təhsil nazirliyinin kiçik bir məmurunun ona olan təklifini qəbul etməyə məcbur olmuşdu.

Bahalı paltara pulu olmadığından, o, sadə geyinirdi, həmişə də özünü bədbəxt hiss edirdi. Çünki qadınlar üçün sosial təbəqə heç nədir: onlar üçün doğulanda aldıqları hüquqları və ailə imtiyazlarını gözəllik, zəriflik və cazibədarlıq əvəz edir. Sadə xalqdan olan qadınların xarakterik incəliyi, çevik düşüncəsi və zövqü onları ən nəcib xanımlarla eyniləşdirən yeganə imtiyazdır.

O, gecə-gündüz əzab çəkirdi, çünki özünü gözəl və təmtəraqlı həyat üçün doğulduğunu hiss edirdi. Evinin kasıblığından, çılpaq divarların, köhnəlmiş stulların və solğun pərdələrin bərbadlığından əziyyət çəkirdi. Eyni vəziyyətdə olan başqa bir qadının görməyəcəyi şeylər onu əzab verir və qəzəbləndirirdi.

Ev işlərini görən balaca boy breton qulluqçunu görmək kifayət idi ki, qəlbini sonsuz acı təəssüf və həyata keçməyən arzular doldursun.

Həmişə arzularında gözləri qarşısına bahalı şərq parçaları ilə bəzənmiş, hündür, qədim bürünc şamdanların işıq saldığı sükuta qərq olmuş qonaq otaqlarını gətirirdi. Bəzən olurdu ki, yuxusuna sobanın istisindən xumarlanaraq yumşaq kreslolarda mürgüləyən ipək corablı nökərlər girirdi.

O, yuxusunda qədim və qalın pərdələrə bürünmüş geniş salonları görürdü. Görürdü ki, bu salonlarda çox incə və zərif şəkildə işlənmiş stolların üstündə nadir tapılan qiymətli oyuncaqlar düzülmüşdür.

Görürdü ki, evin gözəl qonaq otağı var və bu otaqda saat beşdə adicə bir baxışı ilə qadınlara zövq verən məşhur və şöhrətli adamları, yaxın dostu olan kişiləri çaya qonaq edir.

 

Əri ilə üzbəüz üstünə üç gün qabaq süfrə salınmış masa arxasında oturanda və əri şorba qabının qapağını açıb sevinclə: “Aha, kələmli şorba! Bundan yaxşı yemək ola bilməz!…” – deyəndə o, ləziz xörəkləri, parıltılı gümüş qabları, üstünə əfsanəvi meşələrin sirli cəngəlliklərində yaşayan gözəl quşların və keçmiş qəhrəmanların şəkli çəkilmiş xalçalarla bəzənmiş ev divarlarını gözünün qabağında canlandırır, zərif qablarda gətirilən ləzzətli xörəkləri arzulayır, qızıl balığın çəhrayı tikəsini, yaxud qarabağır quşunun qanadını çəngələ keçirərkən qulağına pıçıltı ilə deyilən sözləri müəmmalı bir təbəssümlə dinləməyin həsrətini çəkirdi.

Onun heç nəyi yoxdu. Nə pal-paltarı, nə də qiymətli daş-qaşı. Amma belə şeylərdən ötrü ürəyi gedirdi və başa düşürdü ki, Allah onu məhz dəbdəbəli həyat üçün yaradıb.

O, bütün varlığı ilə istəyirdi ki, adamların xoşuna gəlsin, məclislərdə diqqət mərkəzində qalsın,  digər qadınlar ona həsədlə baxsınlar.

 

Hərdən vaxtı ilə monastırda birgə böyüdükləri varlı ailədən olan rəfiqəsinin yanına gedərdi. Hər dəfə də ordan qayıdanda onda ruh düşgünlüyü yaranırdı. Özünə söz verirdi ki, bir daha onlara getməyəcək. Elə günləri tənhalıqda oturub dərdindən, öz halına acıdığından, kədər və ümidsizlikdən ağlayırdı.

 

Bir axşam əri işdən gözəl əhval-ruhiyyə ilə gəlmişdi. Arvadına çıxarıb iri bir zərf verdi:

– Al, – dedi, – sənə hədiyyəmdir.

Arvad dərhal zərfi açdı, içindən bir kağız çıxartdı, kağızda bu sözlər yazılmışdı:

 

“Təhsil naziri və xanım Jorj Ramponno cənab və xanım Luazeldən bazar ertəsi, yəni yanvarın 18-də nazirlikdəki məclisə gəlməklərini xahiş edirlər”.

 

Əri gözləyirdi ki, arvadı bu xəbərdən sevinəcək, ancaq onun gözlədiyinin əksinə arvad acıqla dəvətnaməni stolun üstünə tulladı:

– De görüm, bu dəvət mənim nəyimə lazımdır?

— Necə yəni nəyimə lazımdır, əzizim, mən elə bilirdim ki, sən çox razı qalacaqsan. Sən heç yana çıxmırsan, bundan gözəl təsadüf olarmı? Mən bu dəvətnaməni çox çətinlikdə əldə etmişəm.

Çox adam bu məclisə getmək istəyir, amma hər adamı ora dəvət etmirlər, kiçik məmurlara isə ora dəvətnamə nadir hallarda qismət olur. Sən orada yüksək təbəqəli məmurların hamısını görəcəksən.

Qadın ərinə qəzəblə baxıb əsəbi şəkildə dedi:

– Mən ora hansı geyimlə gedəcəm? Mənim heç nəyim yoxdur!

Bu heç ərinin ağlına gəlməmişdi. Ona görə mızıldandı:

– Teatra gedəndə geydiyin donu geyinərsən, məncə, heç də pis yaraşmır.

O gördü ki, arvadı ağlayır. Özünü itirdi və kədərli halda susdu. İki iri yaş damlası arvadın yanaqlarından süzülüb, dodaqlarının yanlarına yuvarlandı. Kişi kəkələyərək dilləndi:

– Sənə nə oldu? Nə olub axı?

Arvad özünü toparlayıb sinəsindəki kədəri boğdu, yanaqlarındakı yaşı silərək sakitcə cavab verdi:

– Heç nə olmayıb. Mənim elə yerlərə getmək üçün geyməyə layiqli paltarım yoxdur. Deməli, həmin məclisə gedə bilməyəcəyəm. Dəvətnaməni arvadı məndən yaxşı geyinən iş yoldaşlarından birinə ver.

Kişi pərişan vəziyyətdə arvadını dilə tutmağa başladı:

– Bura bax, Matilda, layiqli və çox da baha olmayan bir paltarı neçəyə almaq olar? Elə olsun ki, onu sonra da geyinmək mümkün olsun.

Matilda bir müddət susdu, xəyalında xərcləri saymağa başladı və qənaətcil ərini qorxutmamaq üçün elə bir qiymət fikirləşdi ki, kişi eşidəndə ah çəkib paltar almaq fikrindən birdəfəlik daşınmasın.

Nəhayət, arvad dilləndi:

— Dəqiq deyə bilmərəm, düşünürəm ki, dörd yüz frank mənə bəs eləyər.

Kişinin rəngi ağardı. O, yay aylarında, hər bazar günü Nanter ətrafına torağay ovuna gedən dostları ilə birlikdə ova çıxmaq üçün tüfəng almağa arvadının dediyi qədər pul yığmışdı.

– Yaxşı, Mən sənə dörd yüz frank verərəm. Amma çalış elə don al ki, yaraşıqlı olsun.

Məclisin vaxtı yaxınlaşırdı. Xanım Luazel təzə don almış olsa da, özünə yer tapmır, fikirləşir, kədərlənir və narahat olurdu. Bir axşam əri onun halını başa düşdü:

– Bura bax, sənə nə olub? Son günlər özünü çox qəribə aparırsan?

– Ona görə ki, – xanım Luazel ərinə cavab verdi, – mənim paltarıma yaraşıq verən heç nəyim yoxdur, nə bir əşyam, nə də daş-qaşım var. Elə yaxşısı budur ki, mən məclisə getməyim.

Əri etiraz elədi:

– Sən donunun yaxasına gül sancarsan. Qış vaxtı gül tapıb yaxaya taxmaq sənə daha da zəriflik vercək. On franka iki, hətta üç əla qızılgül almaq olar.

Matilda razılaşmaq istəmədi:

– Yox! Bər-bəzəkli qadınların arasında dilənçi kökündə görünməklə özümü alçaltmaq istəmirəm.

Birdən kişi çıxış yolu tapdı:

– Sənin heç ağlın yoxdur! Xanım Forestyenin yanına get, ondan xahiş elə ki, daş-qaşlarından birini sənə borc versin, sözünü yerə salmaz, axı siz çox yaxın dostsunuz.

Xanım Luazel sevinclə dedi:

– Düz deyirsən, bu heç mənim ağlıma gəlməyib.

Səhərisi günü o, xanım Forestyenin yanına getdi və öz dərdini olduğu kimi rəfiqəsinə danışdı. Xanım Forestye güzgülü şkafa yaxınlaşdı, ordan böyük bir mücrü götürüb xanım Luazelə göstərdi, qapağını açıb dedi:

– Hansını istəyirsən seç, əzizim.

Xanım Luazel əvvəlcə mücrüdəki bilərziyi, sonra mirvarini, daha sonra Venesiya ustalarının düzəltdiyi daş-qaşlı qızıl xaçı gördü. Zinət əşyalarını götürüb bir-bir boynuna taxdı, güzgünün qabağında dayandı, onları geri qaytarmaq, daş-qaşdan ayrılmaq istəmədi. Güzgünün qabağında özünə baxıb soruşdu:

– Bunlardan başqa bir şeyin yoxdurmu?

– Niyə yoxdur, axtar. Axı mən bilmirəm sənin xoşuna nə gəlir?

Birdən onun əlinə qara atlas qutudakı brilyant boyunbağı keçdi. Bu boyunbağını öz boynunda görməyi elə arzuladı ki, az qaldı ürəyi dayansın. Əlləri əsə-əsə boyunbağını götürdü, enli yaxalıqlı donun üstündən sinəsinə tutdu, özünə heyran oldu, bir an güzgünün qabağında donub qaldı. Sonra çəkinə-çəkinə soruşdu:

– Sən mənə bunu verə bilərsənmi, ancaq bunu?

– Əlbəttə, verərəm.

Xanım Luazel rəfiqəsinin boynuna atıldı, hərarətlə onu öpdü, qiymətli boyunbağını götürərək otaqdan çıxdı.

Nəhayət, məclisin vaxtı çatdı. Ziyafət günü hamının gözü xanım Luazeldə idi. O hamıdan gözəl görünürdü. Zərifliyi və gözəlliyi ilə seçilən bu xanım sevincindən sərxoş olmuşdu. Kişilər ondan gözünü çəkmir, onunla maraqlanır, onun kim olduğunu soruşur, onunla tanış olmağa çalışırdılar. Xüsusi sərəncamlar şöbəsinin məmurları yalnız onunla vals oynamaq istəyirdilər. Hətta nazirin diqqətini də özünə cəlb edə bilmişdi.

O, böyük bir həvəs və ehtirasla, sevincdən sərxoş vəziyyətə düşmüş, hər şeyi unudaraq, öz gözəlliyinin təsir və qələbəsindən məst olmuş haldaydı. Bu qədər pərəstişlərdən, ətrafında özünə qarşı oyatdığı ehtiras və arzulardan ruhlanaraq, həmişə qadın qəlbinə zövq verən tam qliblik duyğusu ilə xoşbəxtlik dumanına bürünərək rəqs edirdi.

Onlar səhər saat dörddə məclisi tərk etdilər. Xanım Luazelin əri gecəyarı olanda, arvadları salonda şənlik edən özü kimi üç məmurla birlikdə balaca boş bir otaqda mürgüləyirdi.

Kişi, arvadının çiyninə çoxdan geyildiyindən nimdaş vəziyyətə düşmüş və indi arvadının əynindəki yaraşıqlı paltara heç cür yaraşmayan bir bürüncək saldı. Xanım Luazel ərinin bu hərəkətindən utanaraq, çiyinlərinə bahalı xəz dəri salan başqa varlı qadınların gözünə görünməmək üçün bayıra üz tutdu.

Luazel arvadını saxladı:

– Hara qaçırsan, soyuq dəyər, gözlə, bu saat fayton tapım.

Ərinin çağırışına məhəl qoymadan pilləkənlə aşağı qaçdı.

Yaxınlıqda boş fayton görünmürdü. Onlar küçə ilə gedə-gedə yanlarından ötən faytonlara əl qaldırır, faytonçuları səsləyirdilər.

Axırda hər şeydən əlləri üzüldü. Əlacsızlıqdan, soyuqdan donmuş halda Sena çayının sahilinə doğru üz tutdular.

Nəhayət, sahildə bir tökülüb-itən gecə faytonu tapdılar. Bu cür faytonlar Parisdə ancaq gecələr gözə dəyir, sanki onlar gündüz öz görkəmlərindən xəcalət çəkirlər.

Fayton onları evə, Martir küçəsindəki evlərinə gətirdi, sükut içində öz mənzillərinə qalxdılar. Qadın üçün hər şey bitmişdi. Kişi isə saat onda nazirlikdə, işdə olacağı barədə düşünürdü.

Xanım Luazel güzgü qabağında bürüncəyi çiynindən atdı. İstədi bir az  özü də öz gözəlliyinə, bər-bəzəyinə tamaşa eləsin. Birdən qışqırdı. Boyunbağı boynunda yox idi.

Paltarlarının yarısı soyunmuş əri soruşdu:

– Sənə nə olub?

– Mənə… mənə nə olub?… Xanım Forestyenin boyunbağısı yoxa çıxıb!

Kişi özünü itirmiş halda yerindən dik atıldı:

– Necə? Nə olub, deyirsən? Ola bilməz!

Onlar donu, bürüncəyi silkələdilər, ciblərini axtardılar, heç nə tapa bilmədilər.

– Yadına sal, biz ziyafət qurtaranda boyunbağı boynunda idi? –  kişi soruşdu.

– Bəli. Mən nazirliyin pilləkənləri enəndə özüm əlimlə yoxladım, boynumda idi!

– Əgər boyunbağını küçədə itirsəydin, yerə düşəndə onun səsini eşidərdik. Yəqin faytonda düşüb.

– Yəqin ki, elədir. Faytonun nömrəsini yadında saxlamısan?

– Yox. Sən də nömrəyə baxmamısan?

– Yox.

Onlar baş vermiş bədbəxtliyin təsirindən süstləşərək xeyli bir-birinin üzünə baxa-baxa dayandılar. Bir az keçdi, Luazel paltarını geydi.

– Gedim, – dedi, – piyada gəldiyimiz yerləri axtarım, bəlkə bir şey tapdım.

O getdi. Xanım isə paltarı soyunmadan, qaranlıq otaqda, uzanmağa belə taqəti olmadan,  yerindəcə ölü kimi donub qalmışdı.

Səhər saat yeddi idi, kişi qayıtdı. Boyunbağı tapılmamışdı.

Sonra əri polis idarəsinə getdi, redaksiyalarda oldu, itən şey haqqında elan verdi, faytonların dayanacağını yoxladı, bir sözlə, ümidi gələn yerlərdə axtarış eylədi.

Arvad isə başına gələn gözlənilməz fəlakətin təsirindən süstləşərək, yarımcan halda bütün günü evdə oturub gözlədi.

Luazel axşam, dilxor halda evə qayıtdı. Yeni heç nə öyrənə bilməmişdi.

– Rəfiqənə yaz ki, boyunbağının zəncirini qırmısan və vermisən təmirə. Heç olmasa bir az vaxt qazanaq, sonra da görək nə edirik.

Ərinin nəzarəti ilə arvad rəfiqəsinə məktub yazdı.

 

Bir həftə keçdi, onlar hər şeydən əllərini üzdülər. Bir həftədə beş il qocalmış Luazel:

– Boyunbağının dəyərini ödəməliyik, – dedi.

Ertəsi günü boyunbağının qabını götürdülər, üstündəki yazıya baxıb zərgəri tapdılar, zərgər köhnə dəftərdəki adları yoxlayaraq:

– Boyunbağını mən satmamışam, – dedi, –  ancaq qabı satmışam.

İş belə olduqda onlar boyunbağının əlamətlərini yadlarına salmağa çalışıb eyni ilə ona oxşar yeni bir boyunbağı tapmaq ümidi ilə dərd-qəm içində zərgər dükanlarını bir-bir gəzməyə başladılar.

Pale-Royal küçəsindəki dükanların birində onların axtardığı boyunbağıya oxşatdıqları bir boyunbağı tapdılar. Boyunbağının qiyməti qırx min frank idi. Sahibi onlara otuz altı min franka satmağa razı oldu.

Onlar zərgərə yalvardılar ki, boyunbağını üç gün ərzində satmasın, gəlib alacaqlar bir şərtlə ki, əgər fevralın axırınadək itən boyunbağı tapılsa, bu boyunbağını otuz dörd min franka geri qaytarsınlar.

Luazelə atasından on səkkiz min frankı qalmışdı. Qalanını isə borc almağı qərarlaşdırdı.

Birindən min frank, digərindən beş yüz frank, haradansa yüz… Hissə-hissə hamıdan borc pul yığdı.

Borc aldığı adamlara qəbz verir, öhdəsinə iflasedici şərtlər götürür, sələmçilərlə, cürbəcür borc verənlərlə tanış olurdu. Qarşıda onu gözləyən ehtiyacın, gələcəkdə çəkəcəyi maddi çətinliklərin, mənəvi əziyyətlərin ağırlıqları altında indidən əzilərək, fikirləşmədən veksellərə qol çəkirdi. Aldığı borc pulları qaytara bilib-bilməyəcəyini düşünmək istəmirdi. Axır, topladığı otuz altı min frankı zərgərin piştaxtasının üstünə qoydu.

Xanım Luazel boyunbağını geri qaytaranda rəfiqəsi narazılıqla bildirdi:

– Çox gec niyə qaytardın, bəlkə özümə lazım idi?

Xanım Luazel qorxurdu ki, rəfiqəsi açıb mücrünü yoxlayacaq, amma o boyunbağına heç gözünün ucu ilə də baxmadı. Əgər o görsəydi ki, boyunbağını dəyişiblər, görəsən nə düşünərdi, nə fikirləşərdi?

Yəqin, onu oğru hesab edərdi…

 

Xanım Luazel yoxsulların keçirdikləri dəhşətli həyatla tanış oldu. Öz taleyi ilə tezliklə barışdı və həyat tərzini tam dəyişməli oldu.

Bu dəhşətli borcu mütləq qaytarmaq lazım idi. Qulluqçunu azad etdilər, evi dəyişdirdilər, lap yuxarıda, mansardın altında balaca bir otaq kirayələdilər.

O, ev işlərinin hamısını özü görməyə başladı. Axşama qədər mətbəxdə çalışır, özü qab-qacağı yuyurdu. Yağlı qazanın dibini təmizləyəndə hətta, çəhrayı dırnaqlarını sındırdı.

Paltarı da özü yuyurdu, tuman-köynəyi, dəsmalı yaxalayıb qurulamağa özü sərirdi. Hər səhər tezdən həyətə düşüb küçəyə zibil aparır, pilləkənlərin başındakı meydançalarda dayanıb nəfəsini dərə-dərə su daşıyırdı.

Bütün yoxsul ailələrdən olan arvadların geydiyi köhnə paltarlardan geyinirdi. Dükana gedir, bazarlığı özü edirdi, güc-bəla ilə əldə etdikləri dilənçi payı kimi az olan gəlirlərindən pul qənaət etmək üçün alverçilərlə qiymət endirmə danışıqları aparardı.

Hər ay vekselin birini ödəmək, bəzən, yeni bir veksel almaq, bir başqasının möhlətini uzatmaq lazım idi.

Əri, əlavə olaraq, bir ticarət adamının alış-veriş hesabını qaydaya salmaq üçün gecələr işləyir, bəzən də səhərə qədər yatmayıb səhifəsi beş su qiymətinə əlyazmalarının üzünü köçürürdü.

Onlar on il bu qayda ilə yaşadılar. On ildən sonra hər şeyi, o cümlədən, artan sələmləri belə ödəyib qurtardılar.

Xanım Luazel xeyli qocalmışdı. Yoxsul ailələrin işləyən arvadları kimi kobudlaşmışdı, Tez əsəbiləşir, bəzən, kobudluq da edə bilirdi. Çiyinlərində enlənmişdir. Daha geyiminin də fərqinə varmırdı. Qayğı görməyən nimdaş donu həmişə bir yandan əyri görünürdü.

Döşəməni isti su ilə özü yuyurdu, amma bəzən əri işdə olanda, pəncərə qabağında oturub keçən günləri, ziyafətə getdiyi həmin axşamı və o gecə hamını heyran qoyduğunu, özünün füsunkarlığını yadına salırdı.

Görəsən, boyunbağını itirməsəydi nə olardı? Eh, kim bilir, nə baş verərdi? Həyat nə qədər qəribə və gözlənilməz işlərlə doludur! İnsanı bircə anda xilas, ya da məhv etmək nə qədər asan imiş!

Bir dəfə düz bir həftə evdə gecəli-gündüzlü işlədikdən sonra bazar günü bir azca dincəlib nəfəs almaq məqsədi ilə xanım Luazel Yelisey çölünə getdi və birdən uşağınınn əlindən tutub gedən bir xanım gözünə dəydi.

Bu, xanım Forestye idi. O, əvvəlki kimi qalmışdı, gözəl və cazibədar idi.

Xanım Luazel bir anlığıa özünü itirdi, bilmədi onunla danışsın ya yox? Sonra fikirləşdi ki, niyə danışmasın? İndi hər şeyi açıb demək olar. Borclar qaytarılıb və hər iş öz qaydasındadır, niyə danışmasın?

O, rəfiqəsinə yaxınlaşdı:

– Salam, Janna.

– Xanım… bağışlayın… mən bilmirəm… siz məni kiminləsə səhv salmısınız…

– Yox. Mən Matilda Luazeləm.

Rəfiqəsi ah çəkdi:

– Mənim yazıq Matildam, sən nə yaman dəyişibsən?!

– Eədir. Səndən ayrılandan sonra mənim başım çox bəlalar çəkdi. Yaman xərcə düşdük, özü də hamısı da sənə görə.

– Mənə görə? Bu necə ola bilər?

– Mən nazirliyə ziyafətə gedəndə verdiyin brilyant boyunbağı yadındadırmı?

– Yadımdadır. Nə olsun ki?

– İş ondadır ki, mən onu itirmişdim.

– Necə? Sən ki, onu mənə qaytardın?

– Mən sənə başqasını, lap sən verdiyinə oxşayan boyunbağını qaytardım. Düz on il borclarımızı ödəməli olduq. Bilirsənmi, yaman əziyyət çəkdik. Axı bizim heç nəyimiz yox idi. İndi bütün borcları qaytarmışıq və mən buna görə çox sevinirəm.

Xanım Forestye yerindəcə donub qaldı:

– Deyirsən, mənim boyunbağımın əvəzinə təzəsini aldınız?

– Bəli. Sən heç nə başa düşmədin? Boyunbağılar bir-birinə yaman oxşayırdı.

Xanım Luazel şadyanalıq və ürəyiaçıqlıqla gülümsündü.

Xanım Forestye isə həyəcanla rəfiqəsinin əlindən tutdu:

– Ay mənim yazıq Matildam! Mənim sənə verdiyim boyunbağının brilyantları saxta idi! Onun qiyməti isə beş yüz frankdan çox olmazdı.