Geyimə görə qətlə yetirilən ilk azərbaycanlı qadın

Qadınlar başını açandan sonra kişilər papağını itirdi? — Geyimə görə qətlə yetirilən ilk azərbaycanlı qadın

Bildiyim qədərilə, Azərbaycanda çadra ilə mübarizə hələ keçən əsrin əvvəllərindən başlamışdı.

Bir nəticə hasil olmadığı üçün yarımçıq qalan mübarizə Cümhuriyyət dövründə yenidən aktuallaşır. Bildiyimiz kimi, qadınlara seçki hüququ verilir, qadınlar təhsilə cəlb edilir və s. Əlbəttə, Cümhuriyyət yaşasaydı, yəqin, çadra məsələsinə də əncam çəkilərdi, amma istənilən halda, iki il ərzində nə etmək mümkündürsə, onlar da edilmişdi.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir çox məsələ kimi, qadın hüquqları, qadın azadlığı mövzuları daha da aktuallaşır. Xüsusən, çadra ilə mübarizə. Bu yolda sistemli plan qurulur, dəqiq addımlar atılmağa başlayır.

Elə 1920-ci ilin mayında – Azərbaycan sovetləşəndən bircə ay sonra Nəriman Nərimanovun təşəbbüsü ilə Murtuza Muxtarovun evində, indiki Səadət sarayında Əli Bayramov adına Qadın Klubu fəaliyyətə başlayır. Elə həmin aylarda yeddi qadın çadrasını açıb, kampaniya başladır.

Ceyran Bayramova və onun köməkçiləri Mina xanım, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova başda olmaqla, klubun Rəyasət Heyətinin bir neçə fəalı qadınları kluba cəlb etmək üçün onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb edilməsi qərarına gəlir. Bir neçə qadın ər və atalarından gizli evdən öz tikiş maşınlarını gətirərək bu tikiş emalatxanası təşkil edir. Əvvəllər emalatxananın yeddi işçisi vardı. Sonralar bu emalatxana Əli Bayramov adına Tikiş Fabrikinə çevrilir. Emalatxana işçiləri həm də savadsızlığın ləğv edilməsi kurslarına yazılır. Bu kurslarda bir neçə aydan sonra imtahanlar da təşkil olunur.

Klub üzvləri ölkənin digər bölgələrinə yollanıb, bütün qadınları klubun işinə cəlb etməyə çalışır. Mina xanım Şamaxı qəzasına, Məsmə Məmmədova Xızı, Tahirə Ələkbərova Göyçay qəzasına, Xanım Ağayeva Lənkəran qəzasına, Bilqeyis Əsgərli Quba qəzasına, Xanım Əliyeva Naxçıvan diyarına, Hökümə Məmmədova isə Şuşa qəzasına yollanır.

 

Beləliklə, bu hal intensiv şəkil alır.

Azərbaycanın ilk qadın neft mühəndisi Füruzə Kərimovanın (onu “Neft komandiri” də adlandırırdılar) qızı Rəbiyyə Sultanzadə anasının çadranı necə atdığını danışır. Bu hadisə 1922-ci il mayın 15-i baş verir:

“Həmin gün Bakıda partiya üzvü olmayan qadınların I qurultayı işinə başlayır və 17 yaşlı Füruzə də onun iştirakçılarından biri olur. İri qara gözləri olan yaraşıqlı qızı görən Azərbaycan Kommunist partiyasının o vaxtkı birinci katibi Sergey Kirov onu səhnəyə çağırır və başından çadrasını açmağı təklif edir. Kirov çadranı tikə-tikə edir və zala doğru atır. Özünü itirdiyindən qıpqırmızı olan anam utancaq halda səhnənin ortasında dayanır və təcrübəli Ayna Sultanova ona yaxınlaşıb deyir: “Bu cür yaraşıqlı sifəti çadranın altında gizlətmək olmaz”. Zaldakı eyforiya ötüb keçir, qadınlar dağılışırlar, anam isə yerə oturub ağlayır: “Mən çadrasız Balaxanıya necə gedəcəyəm?” Belə olanda, rəyasət kürsüsünün üzərindəki qırmızı qumaşı çıxarıb Füruzəyə verirlər. Doğrudan da, o vaxtlar Balaxanı küçələri ilə çadrasız yerimək mümkün deyildi…”

1928-ci ilin oktyabrında Bakıda çadra məsələsinə həsr edilən yığıncaqda Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsindən (MİK) xahiş edilir ki, qadınların çadra örtməsini qadağan edən dekret versin. Xahiş yerinə yetirilmir. Çünki bu cür dekret əks-təsir göstərə bilərdi. Amma fəaliyyət bütün mümkün yollarla davam etdirilir.

Respublikada çadra əleyhinə aparılan mübarizə nəticəsində artıq 1928-ci ildə 12573 nəfər, 1929-cu ildə isə 20387 nəfər qadın çadradan imtina edir. Sonrakı illərdə bu rəqəm getdikcə artır.

Mətbuat səhifələrində çadra əleyhinə yazılar intensivləşir.

“Bakinskiy raboçiy” qəzetinin 2 noyabr 1928-ci il tarixli nömrəsində Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin qadınlara müraciəti dərc olunur. Müraciətdə deyilirdi:

“Azərbaycan qadını tamamilə azadlığın astanasındadır. Ölkənin hər bucağından gələn və çadra gəzdirməyi qadağan edən dekretin verilməsi xahiş olunan nəhəng dalğa əsrlərin qaranlığının, şəriət fanatizminin və məişət ukladında qalan vəhşilik qalıqlarının köləyə çevirdiyi azəri qadınının qara çuvala qarşı mübarizədə yüksək fəallığından xəbər verir.

AKP Mərkəzi Komitəsi bütün yerli təşkilatlarına çağırış edərək partiya və komsomol üzvlərinin hamısının həyat yoldaşlarının, qızlarının və bacılarının çadralarını atmasını tələb edir… Bu hərəkatdan geridə qalan kommunistlər və komsomolçular İnqilabın fərarilərinə tay tutulacaq və kommunizm uğrunda mübariz adlandırılmağa layiq sayılmayacaqlar”.

“Kommunist” qəzetinin 24 yanvar 1929-cu il tarixli sayında “Mənhus çadranın son günləri” adlı yazıda qeyd olunur:

“Bakı qəzası, Qala-Maştağı dairəsi Zirə kəndində çadra kampaniyası aparılmır. Ona görə qadınlar da çadra altında qalmaqdadırlar. Səbəbi də o deyil ki, Zirə qadınları çadranı çox sevirlər. Yaxud səbəb o deyil ki, Zirə kəndlilərinin hamısı çadrabazdır. Hayır, əsl səbəb odur ki, çadra kampaniyası aparmalı olan yoldaşların özləri çadraçıdırlar. Çünki kampaniyanı kim aparmalıdır? Birinci növbədə firqə özəyi: Fəqət özək katiblərinin öz arvadı çadralıdır. Kampaniyanı bir də şura sədri aparmalıdır. Lakin o da hələ öz arvadının çadrasını atdırmamışdır. Çadra kampaniyasını qadınlar nümayəndəsi aparar — fəqət Şirin bacı Quliyeva özü hələ çadrasını atmamışdır. Ona görə də nə kampaniya aparılır, nə də çadra atılır”.

Yazıçılar da bu işdə fəal iştirak edir. O dövr yazıçılarının əksəri – Seyid Hüseyn, Tağı Şahbazi, Qantəmir başda olmaqla – əsərlərində qadın azadlığını təbliğ edir, xüsusən, çadra əleyhinə fikirlər səsləndirirdi.

Ən fəal isə Cəfər Cabbarlı olur. 1928-ci ildə “Sevil” pyesini yazan Cəfər yoldaşı Sonanı da çadranı atmağa təhrik edir. Sona xanımın xatirələrində oxuyuruq:

“Sevil” pyesi tamaşaya qoyulanda çadra əleyhinə böyük kampaniya aparılırdı. Cəfər mənə deyirdi ki, çadranı atmaq lazımdır. Mən isə deyirdim ki, yox atmaram, məhəllədə hərə bir söz deyər.

— Əvvəl-axır çadranı atacaqsan. Ancaq sonradan atınca, məhəlləmizdə hamıdan əvvəl atsan yaxşıdır, — deyə hər gün mənimlə bu haqda mübahisə edərdi.

Bizə qəzet gətirən poçtalyon bir gün mənə dedi.

— Sona bacı, sənin şəklin qəzetdə çıxıb.

Mən bərk təəccübləndim:

— Ola bilməz!

— Ay Sona bacı, məgər mən səni tanımıram, nə düşüb mənə ki, yalan danışam?

Qıraqda duran Cəfər söhbətimizə qarışıb dedi:

— Balam, kişi düz deyir də. Çadranı atmısan, bu haqda da qəzetdə yazın gedib. Hələ özündən başqa qonşu arvadları da çadralarını atmağa çağırmısan. Daha kişi ilə höcət niyə edirsən?

Əllərim əsə-əsə qəzeti açdım. Gördüm poçtalyon düz deyirmiş.

Kişi gedəndən sonra Cəfərlə davaya başladım ki, nə üçün mənim şəklimi qəzetə verib, adımdan məqalə yazıb. Axı mən nə vaxt çadramı atmışam? Hətta ağladım da.

Cəfər məni sakitləşdirib dedi:

— Sonası, çadranı atmırsan atma, daha ağlamaq nəyə lazım? Ancaq sənin üçün yaxşı deyil. Xalq deyər ki, özü məqalə yazıb, hay-küy qaldırıb ki, çadramı atıram; amma yenə də çadrada gəzir. Bir də mənim özüm üçün də yaxşı deyil. Axı başa düş ki, yaxşı olmaz, mən çadra əleyhinə əsər yazım, sən çadra örtəsən? Yaramaz, axı!

Beləliklə, mən və Cəfərin qardaşı qızları Mələk və Törə Dağlı məhəlləsində birinci olaraq çadranı atmalı olduq.”

“Sevil” pyesi gözlənilməyən qədər effektiv olur, müasirlərin xatirələrinə görə, tamaşadan çıxan qadınların çoxu çadrasını atıb gedir.

Bir il sonra əsər əsasında çəkilən eyniadlı film də (ssenari müəllifi: Cəfər Cabbarlı, rejissor: Amo Bek-Nazarov) eyni uğuru təkrarlayır. Filmdə baş rolu canlandıran İzzət Oruczadənin xatirələrindən:

“Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi:

— Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın.

Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film 1929-cu ildə ekranlara buraxıldı. Həmin gün anam da, qohumlarımın çoxu da filmə baxmağa gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.

1930-cu ildə Azərnəşrdə “Rədd olsun çadra” kitabı çap olunur. Kitabda T.Hüseynovun “Çadrasız on ikinci ilə qədəm” məqaləsi, Hacı Kərim Sanılının “Çadra əsirləri” və “Şərqi” şeirləri, M.Ə.Əfəndizadənin “Hifzissihhə nöqteyi-nəzərindən çadra qalmalıdırmı?” məqaləsi, Əhməd Cavadın “At bu çadranı” şeiri, Ə.Ə.-nin “Çadraya dair” məqaləsi, Süleyman Sani Axundovun “Şərq qadını yeni yolda” xatirəsi, Təəssübkeşin “Arvadımdan şikayət” şeiri, A.Sultanovun “Çadra altında” hekayəsi yer alır.

Çadraya qarşı mübarizə Səriyyə Xəlilovanın qətli ilə, bir növ, zirvə yaşayır. 1933-cü ildə Əli Bayramov adına Qadın Klubunun tikiş fabrikinin işçisi Səriyyə Xəlilova idman paltarı geyindiyi üçün atası və qardaşı tərəfindən qətlə yetirilir. Yenə də Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadənin xatirələrinə baxaq:

“Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu atası və qardaşı idman kostyumu geyindiyinə görə qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadın əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də”.

Bu hadisədən bir il sonra Mikayıl Mikayılov Səriyyə Xəlilovanın xatirəsinə və Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr etdiyi “İsmət” filmini ekranlaşdırır.

Zamanla bir çox məsələ kimi, çadra məsələsi də həllini tapır, qadınlar ölkənin ictimai-sosial həyatında aktiv iştirak etməyə başlayır.

1951-cı ildə Fuad Əbdürrəhmanov Cəfər Cabbarlının “Sevil”indən ilhamlanaraq “Azad qadın” heykəlini düzəldir. 1960-cı ildə isə heykəlin tuncdan tökülmüş versiyası Bakıda ucaldılır.

 

Yazının axırında illərdir sosial şəbəkələrdə Cəlil Məmmədquluzadənin adından yayılan sitatı verim: “Azərbaycan qadını çarşafdan çıxıb başını açanda, müasirləşdi deyə sevincimdən papağımı çıxarıb göyə tulladım. O gün bu gündür papağımı tapa bilmirəm”. Bir çoxları qeyd edir ki, bu sözləri Əlisa Nicat Mirzə Cəlilə istinadən deyib. Əlisa Nicatın yazılarında bu barədə məlumat axtarsam da, tapa bilmədim.

Kulis az