Gələrsən-Görərsən qalası
Qədim tarixi qaynaqlardan məlum olur ki, o taylı-bu taylı doğma Azərbaycanımızın elə bir guşəsi, elə bir bölgəsi olmayıb ki, orada başı göylərə ucalan möhtəşəm qalalara, bürc, qüllə, istehkamlara, onların qalıqlarına rast gəlinməsin. Əlincəqala, Çıraqqala, Bəzz qalası, Girdman qalası, Cavanşir qalası, Ərk qalası, Zərdüşt qalası, Qız qalaları, Dərbənd qalası, Abşeron qalaları, Fit qalası, Qəhqəhə qalası, Pəri qalası, Gülüstan qalası, Koroğlu qalası, Əsgəran qalası və s. Dizləri bükülməz bahadırlarımızdan yadigar qalan belə qalalardan biri də «Gələrsən-Görərsən» qalasıdır.
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
«Gələrsən-Görərsən» qalası (Bəzi mənbələrdə «Gəl-Gör-Get qalası» kimi qeyd olunur) Şəkinin Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir.
Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qalanın belə bir yerdə salınmasının əsas məqsədi odur ki, sıldırım olduğuna görə qalaya öndən, arxadan və çay tərəfdən hücum etmək mümkün deyil. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü də adlanır. O da maraqlıdır ki, rus yazıçısı Lev Tolstoyun məşhur «Hacı Murad» povestinin qəhrəmanlarının başına gələn hadisələrin də məhz bu qalada cərəyan etdiyi bildirilir.
«Gələrsən-Görərsən» qalası sındırılmış çay daşlarından inşa edilmiş və divarlarının qalınlığı bəzi yerlərdə 2,7 metrə çatan qala hündür bürclərlə (7 metr) əhatə olunub. Şəki şəhərinin özü qala divarları ilə əhatə olunmadığından, düşmən hücumu zamanı əhali «Gələrsən-Görərsən» qalasına sığınırdı. Vaxtilə qalanın möhkəm bəndi, sıldırım dağlarla əhatələnməsi, azman bürclərə və qüllələrə malik olması təkcə şəhər əhalisinin təhlükəsizliyini qorumur, həm də özünəməxsus təbiətə malik bu yurdda namus və qeyrət rəmzi kimi qürurla dayanırdı.
Qalanı seyr etdikcə qandan-qadadan, amansız savaş və qovğalardan xəbər verən ötən çağlar gözümüz qarşısında canlanır. At dırnaqlarının şimşək kimi çaxan taqqıltısı titrədərdi bu dağları. Adama elə gəlir ki, keçmiş hadisələrin dilsiz şahidi olan bu qalanın möhkəm divarları, uca bürcləri, nəhəng qüllələri, möhtəşəm istehkamları öz əzmi ilə yenilmək, əyilmək bilməyən ərənlərdi, ana yurdun keşiyində dayanıb, onu yadellilərdən qoruyur.
Qalada əsaslı arxeoloji işlər aparılmasa da, müəyyən vaxtlarda axtarışlar nəticəsində buradan müxtəlif maddi-mədəniyyət nümunələri-bişmiş kərpicdən və çay daşlarından tikilmiş yaşayış evlərinin qalıqları, təsərrüfat quyuları, saxsı qab qırıqları, hovuz, inşaat materialları və s. aşkar olunub. Qalanın coğrafi mövqeyi, möhkəm divarları və sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirib.
Qalanın müdafiə məqsədilə tikildiyini qeyd edən görkəmli maarif xadimi Rəşid bəy Əfəndiyev şəkililərin düşmən təhlükəsi zamanı «Gələrsən-Görərsən» qalasına sığındığını qeyd edir. Şəki xanlarının nəslindən olan Azərbaycan tarixçisi Kərim ağa Fateh «Şəki xanlarının müxtəsər tarixi» əsərində qalanın möhkəmliyindən bəhs edərək yazırdı: «Gələrsən-Görərsən» qalası çox hündür və möhkəm olmasına görə heç kim tərəfindən alına bilməmişdir». XIX əsrin görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov da «Gülüstani-İrəm» əsərində böyük ustalıqla tikilmiş bu qalanın möhkəm və alınmaz olduğunu qeyd etmişdir.
Qalanın neçənci əsrdə və kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur. Bəzi müəlliflər onun tarixini XVI əsrə aid etsələr də, bir sıra mənbələr abidənin daha əvvəlki dövrlərdə inşa edildiyini xəbər verir. Digər tarixi qaynaqlara əsaslanan tədqiqatçılar da «Gələrsən-Görərsən» qalasının hələ XVI yüzilliyin əvvəllərində müdafiə istehkamı kimi istifadə edildiyini, digərləri isə onun daha qədimdən məlum olduğunu söyləyirlər.
Tarixçilərin verdiyi məlumata görə, 1743-cü ildə Nadir şah böyük qüvvə toplayıb, təpədən dırnağa qədər silahlanmış 30 minlik nizami qoşunu ilə Şəkiyə yürüş edib. Düzənlikdə açıq savaşda onunla bacara bilməyəcəyini dərk edən Şəki vilayətinin hakimi Hacı Çələbi xan qalaya sığınaraq müqavimət göstərməyi qərara alıb. Nadir şah Hacı Çələbi xana məktub yazaraq qalanın təslim edilməsini tələb etmiş, əks halda torpağını yerlə-yeksan edəcəyini, qaladakıların hamısını qılıncdan keçirəcəyini bəyan edib. Qalanın igid müdafiəçiləri isə ona açıq cavab verərək «Gələrsən, görərsən» — deyiblər. Digər oxşar rəvayətdə qeyd olunur ki, Nadir şahla Hacı Çələbi xanın üzbəüz duran qoşunları uzaqdan-uzağa, qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və şəkililərdən soruşur: «O necə qaladır ki, onu almaq olmur?». Ona belə cavab verirlər: «Gələrsən-Görərsən». Deyilənə görə, elə o vaxtdan qala belə adlanıb. Bütün bunlardan sonra Nadir şahın qoşunları hücuma başlayır. Lakin qalanın müdafiəçilərinə qarşı döyüşlərdə heç bir müvəffəqiyyət qazanmayan şah geri çəkilməyə məcbur olur.