Aqşin Yenisey: «Tamadalar bu dəqiqə «Hidayət» adına uyğun qafiyələr toplayırlar»
Balaca xalqları balaca saxlayan məsələlərdən biri də tarixi, mədəniyyəti cari ölçülərlə qiymətləndirməkdir.
Məsələn, bu dəqiqə bütün cəmiyyətimiz səfərbər olub ki, necə edək, Fransada qazanılan o qızıl medalı cari məsələlərə yönəldək.
Tamadalar belə bu dəqiqə «Hidayət» adına uyğun qafiyələr toplayırlar.
Bəzən belə bir sualla qarşılaşırıq: nə üçün sovet müasirləri arasından məhz Çingiz Aytmatov dünyaya çıxdı? Yeganə cavab budur: Aytmatov öz zamanının cari mövzularının quyruğundan yapışmamışdı.
Cəmiyyətin cariləşmək tələbinə boyun əyən adam bəşəriləşə bilməz. Carilik bəşərilik, əbədiyyət deyil, komfort, müvəqqəti şöhrət vəd edir. Bu da fərdin öz uğur hədəfini öz həyatıyla məhdudlaşdırmasına gətirib çıxarır.
Azərbaycan insanı cari işlərə yaramırsa, dövlət də, cəmiyyət də onu ölümə tərk edir.
Bütün Avropa Napoleonun yaratdığı gündəmlə yaşayanda Höte (Gete) ümumiyyətlə, Avropayla maraqlanmırdı. Özünə qapanıb «Faust»u yazırdı.
Və bu gün «Faust»un ərazisi də, şöhrəti də bütün Avropa qitəsindən daha böyük, daha geniş və daha əbədidir.