FƏLAKƏT TƏK GƏLMİR (hekayə) Xaliq Məmmədov

Xaliq Məmmədov

 “Bir ovçunun söhbəti”

(birinci hekayəti — “Kosagöl” burada tapmaq olar: https://beydemir.ru/xaliq-kosagol-hekayə)

-Mən uşaq olanda bir atımız vardı, qabağında durub cilovundan dartanda çevrilib nəbadə üz-üzə duraydın, o dəqiqə fınxırır, qabağa getmirdi. İki ayağını dirəyirdi yerə, mıxlanırdı, vəssalam! Öldür, fikrini dəyişmir. Bizim tatarlarda belə qadınlar da var… Bəli, bəli, mən gözəl bilirəm öz xalqımı. Xüsusən də bəzi qadınları tanıyıram… Əfsuslar ki…

Rüstəm ovçu daxmamızın sobasına odun əlavə edərək söhbətinə başladı.

ХХХ

Başıma gələn bir çox bədbəxtliklərdən sonra iki-üç günlüyə doğma kəndimizə getmək istədim. Həm  qəbiristanlığa baş çəkərdim, ata-anamı yad edərdim, həm də özüm tənhalıq istəyirdim. Onda da qayıq almaq fikrinə düşdüm. Tatar kəndləri hamısı Çulım çayı boyunca düzülüblər. Çoxlarına yay mövsümü avtomobil yolu yoxdur. Odur ki, əsas vasitə su nəqliyyatıdır. Nə isə, qısası, getdim kəndimizə. Gərək heç getməyəydim! Cəmi yeddi ailə qalıb kənddə, onlardan da biri yaxşı tanıdığım Saragilin ailəsi. Bərk demərəm, amma, müəyyən olçüdə dostluq münasibətimiz də olub…

Döğrusu, bilsəydim Sara kənddədir, heç getməzdim.

…Həmin axşamı çox fırlandı ətrafımda, kəndin kənarına çıxmağı təklif etsə də, zarafata salıb yüz bəhanə tapdım. Səhərisi, günortadan sonra arqument tapa bilmədiyim üçün onunla gəzməyə çıxmalı oldum.

…Sahildə, ağcaqayın ağacının altında oturmuşduq.

Bir vaxtlar gözəl saydığım, rəğbət bəslədiyim bu qırmızı sarafanlı qız indi mənim üçün öz arzu və istəyi yolunda qabağına keçəni parçalamağa hazır olan vəhşiyə çevrilmişdi.

-Mən bura məni lazımsız bir əşya kimi inkar etdiyini görmək üçün gəlməmişəm, — Sara bir saat idi danışırdı, danışdıqca da, arabir ovcuna yığdığı xırda daşları heç bir günahı olmayan Çulım çayının sularına atırdı. — Mən bura başqa hesabla, istəklə gəlmişəm. Mənə elə gəldi ki, sən mənimlə səmimi olacaqsan, amma, deyəsən səhv düşünmüşəm.

Onun mənasız sözlərindən, ən başlıcası isə haqsız iradlarından yorulmuşdum. Hirsimi gizlətmək cətin olsa da, çalışırdım təmkinli qalım:

-Sara, doğrudanmı sən elə düşünürsən? Xatırlat mənə, hansı səmimiyyət, doğrudanmı, mən elə ümid vermişəm sənə?

-Mən şəhərə gələndə mənə göstərdiyin köməklik, yetirdiyin diqqət yadımdadır. Əlbəttə, bunu bir yerlilik borcuna çıxmaq olar. Amma aramızda olan kiçicik səhnələr mənim ürəyimə sahiblik edir. Unuda bilmirəm və unutmayacam da! Sara mənə baxmadan ayağa qalxdı, sevindim ki, çıxıb getmək istəyir.

-Nahaqdan məni nəyə görəsə qınayırsan. Əgər, lazımsa, səndən üzr istəməyə hazıram, Sara. Biz həmyerliyik, dostuq, elə də qalmalıyıq səninlə!» — yavaş- yavaş onun ardınca getdim.

-Yox! Sən..! Sən… alçaqlıq edən insan deyildin! Yoxsa mən səni tanımamışam? — Yaralı aslan tək çevrilib mənə baxdı. O, gözlərindəki qəzəbi gizlətməyə çalışmadı. — Mən təxmin etməliydim, çoxdan…

-Bəsdir, Sara! Sənə qarşı hansı səhvim olub? Nə vaxt səninlə hansısa qərara gəlmişik?

-Belə məsələlər, belə istəklər danışıqsız-sözsüz olur. Bizdə də elə oldu. Özün başa düşmürsənsə, izah etməyin mənası yoxdur.

-Uşaq olma, Sara.

-Bəs həqiqətən belə deyil? Keçmişi, valideynlərimizin arzularını qoyaq bir qırağa, mənə dediklərin, tutduğun hərəkətlər heç nə demək deyil? – acıqla soruşdu.

-Nələr, Sara, hansı hərəkətlər? Niyə hər şeyi bu qədər ciddiləşdirirsən? -Mən çox inanırdım. Bilmək istəsən, sənin bu gəlişin ən böyük bayramım oldu. Bütün kənd müşahidə etdi mənim dünən başlayan bəxtəvərliyimi. Yalnız sən görmürsən mənim bu xoşbəxtlik anlarımı. Sən heç vaxt indiki kimi soyuqqanlı və diqqətsiz olmamısan. Axı, mən səni sevirəm! Bəli, sevirəm, həmişə də sevəcəm! Mən yəqin ki, axmaq görünürəm, amma sənin kimi kobud və soyuq daş olmaqdansa, axmaq olmaq daha yaxşıdır. — Dodaqları əsirdi. — Aman Tanrım! Sən həqiqətən daşsan! …Bilirdim, əvvəllər bu səndən asılı deyildi, səni ovsunlamışdılar. Mən başa düşürdüm ki, aramızda o cuhudun qızı var! İndi bəs nə olub, yoxdur o! Gedib gedər-gəlməzə! İstəyirsən, bir sirr də açım? Bəlkə də, çoxdan sirr deyil sənin üçün. Oktyabr ayının sonu, onun gəldiyi günlər yadındadır? Unuda bilərdimmi onlu günlərimi, o xəşbəxtlik anlarımı! Eyni zamanda, ayrılığın, fəlakətin, qara günlərin başlanğıcı olan dövrü yaddaşımdan silə bilərdimmi! -Səhər toranlığından oturdum həyətinizdə. Sən işə getdin, onun bayıra çıxacağını gözlədim. Onun fikrini öyrənməliydim. Çıxmadı bayıra, özüm girdim otağınıza!… Hətta, sənin üçün toxuduğum papağı da göstərdim ona.* (*Tatar xalqı yaşayan bəzi bölgələrdə adət var: Nişanlanmaqdan əvvəl hər iki cavan bir-birinə yaddaqalan hədiyyələr verirlər. Qız, adətən, özünün əl istehsalı olan nə isə verir. Bu köynək və ya papaq ola bilər.) Sara danışdıqca o günlər gözlərim önündə kino lenti kimi fırlanırdı. Cavabsız qalan çox suallarıma indi cavab tapırdım.

-…Bizim çoxdan deyikli olduğumuzu ona deməliydim. Dedim də! -Hansı “deyiklilikdən” danışırsan? Atalarımızın nə vaxtsa zarafatyana etdikləri eyhamlarımı? – Sara məni eşitmirdi.

-…Anladım ki, məni çox gözəl başa düşdü. İnsan fəlakətinə sevinmək günahdır, mən sevinmirəm. Sadəcə, həqiqəti deyirəm. Mən çəkdiyim zülümə görə də, Tanrı onun cəzasını verdi.

Sanki başıma, sinəmə ağır zərbə dəydi, gözlərim qaraldı! Bu sözlər artıq idi. Ülvu məhəbbətim, ülvi xatirəm, varlığım təhqir olunmuşdu.

Mən artıq özümü idarə etmək qabiliyyətimi itirmişdim. Yapışdım çiyinlərindən, suya atacaqdım, Allah saxladı məni. Onun qışqırığı ayıltdı məni. Üz tutdum kəndə. Girib evdən boxçamı keçirdim çiynimə.

Qaçdım qayığımı bağladığım yerə. Qaranlıqda təcrübəsiz adamın çayla harasa üzməyi doğru olmasa da, aralanmalıydım buradan. Bir saatdan çox yol getmişdim, qaranlıq düşdü. Sahilə yan aldım. Bir ocaq çatıb oturdum qırağında. Səhəri diri gözlə açdım.

Keçmişlər təkrar-təkrar keçdi gözlərim önündən.

Axşamı gəldim çıxdım evə. O gündən sonra Sara adı, hətta, kəndimizin adı mənim üçün ürək ağrıdıcı, xoşagəlməz bir anlayışa çevrildi. İki nəfərin həyatına fəlakətlər gəlməyinin səbəbkarı olan o adamı unutmaq çətin işdir. Nə vaxt Elinanı düşünürəm, o yırtıcı gəlir durur gözümün qabağında.

Rüstəm danışığına ara verdi.

-İndi gəlirəm, — deyərək, bayıra çıxdı.

Bilirdim ki, hələ danışacağı, nəql etmək istədiyi söhbət uzundur, bəlkə də, bir neçə axşama yetər. Əsas mövzunu da bilirdim, Gündüzdən xahiş etmişdim danışmağını. Bir qucaq odunla girdi içəri. Sobanın qabağına düzdü, mən süzdüyüm çayın birini qabağına çəkərək, söhbətə başladı.

***

Elinaya ikinci məktubu göndərdim, ad günü münasibətilə təbrik etdim.

Gözlədim, sentyabrdakı birinci məktubumtək, ikinciyə də cavab gəlmədi…

Ürəyimdəki ağrılarla nəticə çıxartdım: -İkicə ay keçməmiş Elina məni sildi həyatından! Nə gizlədim, hamımız cavan olmuşuq… Elinadan cavab gəlməməyi, bir yandan da cavanlıq hisslərim məni daha sərbəst, gənclik hisslərinə və tələbinə uyğun halda yaşamağa səsləyirdi. Bu yandan da, yaxında yerləşən yataqxanaların birində yaşayan və kəndimizdən olan, hətta, qohumluğu çatan qonşu qızı da yanıma ayaq açmışdı. Görüşürdük, çox vaxt bir yerdə olardıq, hərdən kinoya da gedirdik. Allah şahid, aramızda ciddi heç bir şey olmamışdı. Amma Saranın mənimlə olanda danışığı, oturub durmağı, bəzi eyhamları onun gələcəyimiz barədə başqa düşüncələrdə olduğunu göstərirdi. Mənsə bilirdim ki, ürəyimin açarı qalıb Elinada.

***

Oktyabrın sonu idi. Gün ortaya yaxınlaşırdı, yaxında işlədiyim üçün yaşadığım yataqxanaya gəldim. İş günüm şəhərdə olanda, bir qayda olaraq, yeməyə otağıma gəlirəm. Yük maşınımı yataqxananın qarşısında saxlayıb girdim içəri. Yataqxanamızın birinci mərtəbəsində bufet olduğu üçün hazır yemək dərdi çəkmirdik. Nəsə alıb keçirdik otaqlarımıza. Bu gün də elə. Aldığım bişmiş toyuğun pulunu verirdim ki, arxadan mənə toxandılar. Çevrildim.

-Əzizim! Bu mənəm! Gözlərimə inanmadım! Elina idi!

-Elina! Sənsən, ya yuxu? Qucağıma aldım, “Ay mənim dəlim, qoy yerə!” – desə də, otağımın qapısına kimi qaçdım. Arxadan gözətçi qadının səsi gəldi: -İlahi, cavanlıq nə böyük gözəllikdir! Qapının kilidini açıb girdik içəri, yenidən qucaqlaşdıq.

-Necə tapdın məni, Elina?

-Ünvanı o vaxt demişdin, qalanı texniki bir iş!

Bir saat yemək vaxtım necə keçdi, bilmədim.

-Gəldiyini bilsəydim, bu gün icazə alardım. Oturub dərdləşərdik. İndi gərək işə gedəm. Dörd-beş saat işləməliyəm. Vaxtın olacaqmı gözləməyə?

-Lap iyirmi dörd saat desən, oturub gözləyəcəm! Narahat olma, qəbul edirsənsə, mən buralıyam, — mavi gözləri təbəssüm və sevinclə dolu idi…

Axşam qanad açdım otağıma tərəf.

-Danış, Elina, əzizim mənim! Özündən, işindən danış! İlahi, səni gördüyümə, səsini eşitdiyimə hədsiz şadam! Bir də ki, bu günkü Elina kənddə gördüyüm gözəl aqranom Elinadan qat-qat qəşəngdir!

-Çox sağ ol! Amma, çox tərif etmə, başlayaram naz etməyə!

-Danış, necədir işlər? Gölün sahilinə gedirsənmi, yəqin, üstü donub, ayla qucaqlaşa bilməzsən?

-Ay yoxa çıxdı siz gedəndən sonra, — gülə-gülə əlavə etdi,- gəlmişəm onu tapmağa, … Aradan keçən neçə aylıq həsrətin sonuna çıxmaq üçün.

Elina işdən çıxdığını dedi. Burada — şəhərdə iş təklif edirlər, institutda. İkinci bir variyant da var: Estoniyada.

Qardaşının orada yaşadığını bilirdim, kənd təsərrüfatı ilə bağlı böyük bir təşkilatda işləyirdi.

-İndi qalmışam çaş-baş, yaxın adamlarımdan – elə, belə də dedi, — məsləhət gözləyirəm. Bütün yaxınlardan! — Son ifadəni yüksək vurğu ilə dedi.

-Mənim yaxın sayılmağıma icazə var? Bu hüquqa malikəm? — Zarafatla sual etdim.

-Əlbəttə! Yarım il qabaq vermişəm ixtiyarı sənə! — fəxrlə cavab verdi.

-Onda getmirsən uzaqlara! Sözlərimin ürəyincə olduğunu Elina gizlədə bilmirdi.

-Mən elə də bilirdim, əzizim! Sən elə lazım bilirsən! Getməyim, deyirsən! Başqa cür də ola bilməz!

-Elina, niyə məktublarıma cavab vermədin?

-Məktublar? Məndə bircə məktubun var — yeganə, onu da ad günüm ərəfəsində aldım!

-Mən, şəhərə gəldikdən bir-iki həftə sonra səndən məktub aldım. Həmin gün də sənə cavab yazdım. Bir neçə günlüyə gəlmək istədim. Fikrini gözləyirdim. Cavab gəlmədi. Sonra, ikinci məktubu yazdım, o da eləcə, cavabsız! Doğrusu, mən axmaq nəticələr çıxartdım, yolumuzun ayrıldığını düşündüm!

-İnan, əzizim, birinci məktubunu, yanıma gəlmək fikrini almamışam, görməmişəm! Canla-başla «gəl, əzizim!» — deyərdim, məktub mənə çatmayıb. Nə düşünəcəyimi bilmirəm! Sən gedəndən sonra bir neçə gün kəndimə getdim. Bəlkə o zaman itib ilk məktubun? Mən susmuşdum, Elina danışırdı: -Sonralar mən özüm istədim yenə məktub yazıb göndərəm şəhərə gələnlərlə. Tapıb verərdilər sənə. Nəsə yazmadım, düşündüm ki, məni zəif və dözümsüz sayarsan. Elə ona görə də təbrik məktubuna cavab vermədim. Onsuz da bilirdim ki, gəlib səni tapacam!

-Eh, Elina! Düz etməmisən! Hansı zəiflikdən söhbət gedə bilərdi? Gərək yazaydın! Biz ayrılanda gələcəyimizlə bağlı sualıma verdiyin cavabı unutmaq olmaz: «Gələcəyi buraxıram taleyin ixtiyarına!» — dedin. O cavabın soyuq su tək ələndi başıma! Hisslərinin müvəqqəti olduğu barədə şübhələr yaratdı ürəyimdə. Üstəgəl, mənə cavab yazmamağın!

-Düz deyirsən, əzizim! Mən düşünmədən dedim o sözləri. Yazmamaq da səhvim oldu. Söz verirəm ki, elə səhvə bir də yol verməyəcəm! Sinəmə sığındı. Məhəbbət dolu baxışlar altdan yuxarı mənə zillənmişdi.

-Nə fərqi, onsuz da gəldim tapdım səni! — dedi Elina. — Ən başlıcası, bir yerdəyik! Sən mənimsən, mən də sənin! Ömrümüzün sonunacan! Sən gedən gündən sinəmdə bu arzuyla döyünür ürəyim.

Elina heç ağlına da gətirmirdi bu müddətdə onla bağlı hisslərimin dəyişə, soyuya biləcəyini! Əfsuslar, hamımıza xas olan xasiyyət — özünə arxayınçılıq — Elinada daha güclü idi. Ən azından, o anda mən elə düşünürdüm. Axı, neçə aylar keçdi, mənə cavab vermədi! Bu ayların verə biləcəyi hökmü bu gözəl qız nəzərə almağı lazım bilmirdi. Mən bəlkə də başa düşə bilmirdim ki, onun ürəyini əsir edən mənlə bağlı məhəbbətin gücü idi onda belə inam yaradan.

Elinanın hansı ümidlərlə gəldiyini, məndən nələri gözlədiyini düşündüm. Cavab vermədiyini nəzərə alaraq son bir neçə ayda böyük ürək ağrısı ilə inanmışdım ki, Elina məni silib öz gündəmindən. İki ay olardı ki, axır, subaylığın daşını atmaq, sağa-sola vurnuxmağı boşlamaq kimi qəti qərara gəlmişdim və müəyyən addımlar da atmışdım. Onun gəlişi ilə daxili dünyam alt-üst oldu. 3 ay, 5 ay qabaq məni əsir edən düşüncələr, hisslər yenidən başladılar baş qaldırmağa. Bir daha başa düşdüm ki, Elinayla bağlı hisslərim heç yana getməyib, yox olmayıb, əksinə daha da güclənib. Sadəcə, cavabsız sualların və Elinasız keçən ayların təsiri altında çəkilib bir küncə, gözləyir öz vaxtını! Nədənsə, yenidən onu sınamaq istədim. Uğursuz bir söhbətə başladım.

-Heç soruşmursan, mən necə yaşayıram! — dedim Elinaya.

-Hə, doğrudan. Əzizim, sevincimdən unutdum soruşmağı. Amma sən yaxşı yaşayırsan, mən bilirəm.

Deməsən də bilirəm! Hansı həsrətlə gözləyirdim bu günü, bilirsən, əzizim? Yəqin, sən də eləcə darıxmısan mənim üçün, düzdür?

— Elina! Bu neçə aylarda həyatımda dəyişiliklər ola bilərdi…

Elina məni eşitmirdi, ya da özünü elə aparırdı ki, nə demək istədiyimi başa düşmür.

-Bax, məni günahlandırırsan ki, kolxozda ayrılanda sənə düzəməlli cavab vermədim! Axı, hansı cavabı verə bilərdim? Onsuz da az müddət içərisində səni dəlicəsinə sevdiyim sənə əyan idi. Axı, bir ay, ay yarım keçmişdi, mən sənə necə deyə bilərdim «arvadın olmaq istəyirəm!»? Sən mənim barəmdə nə düşünəcəkdin? Vaxt bolluğu arzu edirdim. Səni sınamaq, özümü sınamaq! Axır, səni yola saldım, göz yaşlarımı saxlaya bilmədim. Ürəyim də getdi səninlə, sevincim, arzularım getdi səninlə. Biz dildə biri-birimizə «sevirəm!» — deməsək də, təmiz sevgi ilə sevdik biri-birimizi. Əsl sevgi ürəkdə varsa, heç vaxt sönmür. O hər cür çətinliyi dəf etməyə qadirdir. Gündəlik problemlər məhəbbəti narahat etməməlidir.

Çantasından kənddə son gündə birgə çəkdirdiyimiz şəkilləri çıxarıb mənə uzatdı. Gözəl şəkillər alınmışdı.

Sözünə davam etdi:

-Məktub yazmadım, cavab vermədim — bu kimi hərəkətlər bizim məhəbbətimizə təsir edə bilməzlər. Sevgi, ağıldan-savaddan asılı olmayan yaradıcı bir qüvvədir, insanı sabaha, sevərək yaşamağa səsləyir. Həmin çağırışla gəlmişəm! Fikrində həqiqət olsa da, uzun müddət məni xəbərsiz vəziyyətdə saxladığını, etdiyi soyuqluğu belə sakit izah etməyi məni qane etmirdi. “Bu gün keçsin, sabah əvəzini çıxaram!” — düşündüm. Bir azca sıxışdırsam nə olar? Səhərəcən yatmadıq. Nə qədər deyilməli sözlərimiz var idi! Arada Elina bir neçə dəfə mənə “böyük yenilik” deyəcəyinə işarə versə də, hansı yenilik olduğunu bildirmədi. Sanki, götür-qoy edirdi.

Elinanın gəlişi ilə yarana biləcək məişət məsələlərini həll etmək lazım idi. Bunun üçünsə işdən asudə vaxt lazım idi. Həftəni sonacan işləməliydim. Tikinti üçün yük daşımaq vacibliyi vardı deyə, rəhbərlikdən yalnız gələn həftədən mənə istirahət günləri verə biləcəklərini dedilər. Həftənin ortası idi. İki iş günü işləməliydim, şənbə və bazarı evdəyəm, sonra iki-üç gün icazə alacaqdım işdən. İstirahət gününə şəhəri gəzdirəcəyimə söz verdim.

Tezdən işə hazırlaşanda ilk dəfə hiss etdim ailə nə olduğunu! Elina əsl evdar qadın kimi məni yedirib- içirib yola saldı.

Axşam işdən qayıdanda yolumu bufetə yox, ərzaq dükanına saldım. Axı, mən daha subay deyidim, “ailəli kişi” idim, gözəl Elinam məni gözləyirdi.

Otağımı tanımaq olmurdu. Subay insan hansı qaydada yaşayır, hamı bilir. İndi Elina hər şeyi yuyub təmizləyib, hər əşyanı öz yerinə təyin etmişdi. Hava soyuq olsa da, çıxıb bir-iki saat ətrafı dolandıq. Axşam evdə (daha mən “ev” deyirdim otağıma!) oturub çay içəndə, yenidən şeytan məni yoldan çıxartdı. Zarafat etmək istədim. Mənə cavab vermədiyi üçün Elinanı sancmaq fikrimi davam etdirdim.

-Bax, ayrıldıq, mənə dəqiq “hə”, yaxud, “yox” demədin. Aylarla məktubuma cavab gəlmədi.

Düşünmədin ki, mən yolumu aza bilərəm? Elina əlindəki çayı stolun üstünə qoydu. Xeyli susub, yavaş səslə dedi:

-Yəni, sən kiminləsə..?

-Niyə ola bilməz, sən “baxarıq, gələcək göstərər” deyəndə, aylarla susanda?

— …Axı, mən.., bəs bizim sevgi?

Necə dəyişdi rəngi! Qırıq-qırıq sözlər dedi. İkinci dəfə idi Elinanın bu hala düşdüyünü görürdüm, ilk dəfə qutab bişirəndə mənə kənddə əziz insanlarının necə yandığını danışanda və indi.

Nə qədər böyük səhv etdiyimi indi anladım! Elinatək polad iradəli insanı incitmək olmazdı! Vəziyyəti yumşaltmaq lazım idi.

-Mən zarafat etdim, Elina! — dedim.

Elina əli ilə ağzımı tutdu:

-Xahiş edirəm heç nə demə! Yalvarıram, danışma, dayanaq iki dəqiqə sükutda! Mən günahkaram, mən itirdim səni! — Mənə zillənmiş qəmgin və yaşarmış gözlərində min dərdin izləri görünürdü.

Əlini öpə-öpə araladım ağzımdan:

-Elina! Mənim dünyamda səndən başqa heç kimim yoxdur! Mənim varlığım sənsən, ürəyim sənsən. Mən zarafat etmək istədim səninlə.

İlahi, necə peşiman olmuşdum zarafatıma! O gecə səhərəcən işim üzr istəmək, axmaq zarafat etdiyimi sübut etmək oldu. Axır ki, inandırdım Elinanı. Qəşəng gözlərində sevinc parıltıları görəndə dünya mənim oldu.

Başladıq planlar qurmağa. Gedib nigah ərizəsi verməyi, yaşayış şəraitimizin yaxşılaşması yolunda nə edə biləcəyimizi planlaşdırdıq. Dünyanın ən xoşbəxt insanı mən idim o gün.

Elinalı günümün ikincisi də sona çatdı.

Cümə günü idi. Üçüncü günüydü ki, Elinam mənimlə idi. Əvvəllər düşünmürdüm, sonralar analiz edəndə bildim ki, ömrümün ən yaxşı və ən fəlakətli günləri cümə günü olur. O cümlədən ölüm də! Səhər işə gedəndə, Elinaya günorta yeməyinə evə gələ bilməyəcəyimi demişdim. Amma iş elə gətirdi ki, evə yaxın oldu yolum. Maşını sürdüm evin yanına.

Gözətci qadının əvəzinə yataqxananın tərbiyəçisi oturmuşdu.

-Dayan, sevgilin açarı təhvil verib çıxıb getdi, deyəsən, görməmisən. – Otağımın açarını mənə uzatdı.

— Mənə elə gəldi ki, ağlayırdı.

İntuisiyam məni heç vaxt aldatmayıb. Hiss etdim ki, nəsə baş verib, Elina məni tərk edib.

Tələsik nə vaxt çıxdığını soruşdum.

-Heç beş dəqiqə deyil, — dedi. – Elə o çıxdı, sən gəldin. Dedim, bəlkə də görüşdünüz həmin an. Qaç, çatarsan!  Tərbiyəçi qadın əlavə etdi: -Sevgilin bir qızla çıxdı bayıra. Kim idi, tanımadım, necə keçib sizə, mən görməmişəm. Onlar yataqxananın qabağında xeyli söhbət etdilər. Sonra qaçaraq qalxdı otağınıza, on-on beş dəqiqə keçmədi, açarı verdi mənə, çıxıb getdi. Kim idi o qız, tərbiyəçi heç nə deyə bilmədi.

Dayanacağa on-on beş dəqiqəlik yol var idi. Piyada çatmazdım. Oturub avtomobili həyətlərlə kəsəsinə dayanacağa sürdüm. Yolun əks tərəfində tutdum Elinanı.

Küçənin dayanacaq olan tərəfinə keçmək istəyirdi ki, arxadan qucaqlayıb saxladım.

Gözlərindən ağlamış olduğu görünürdü.

-Nə olub, Elina? Hara getmək lazımdır sənə? – dedim.

-Bağışla məni! Mən gedirəm. Mən istəmirəm xoşbəxtliyimi başqasının bədbəxtliyi üstündə qurum. – Gözlərindən yenə yaş axırdı.

-Elina, əzizim, bilmirəm qonağın kim olub, nə deyib sənə. And içirəm sənə, mənim səndən qeyri heç kimim yoxdur! Başını bulayaraq, qəmli səslə davam etdi: -İki gün qabaq sənin ilk kəlməndən mən başladım hiss etməyə səni itirdiyimi. Mövzunu dəyişirdim, sözünü, sualını eşitməzliyə salırdım. Sanki, bu yolla fəlakəti yanımızdan ötürüb keçirtmək istəyirdim! Bu gün isə sübut aldım! Mən düşünmədim ki, mənim bir neçə ay cavab verməməyimi sənə olan sevgimin zəifliyitək qəbul edəcəksən! İlahi, təzəcə qayıtmışdım həyata! Qəfildən qollarımı tutdu, başını yaxınlaşdırıb məni bir neçə saniyə möhkəmcə öpdü. Qəmgin səslə:

-Əlvida, əzizim! — deyərək çevrilib əli ilə gözlərini tutaraq, tələsik addımlarla əks tərəfə addımladı.

-Elina! — səslədim, — getmə, xahiş edirəm! Nə olub, başa sal məni. Dayan, qulaq as mənə, sonra qərar qəbul eylə! Elina uzaqlaşırdı məndən. Xasiyyətini yaxşı bilirdim. Elina təklif də etsə bircə dəfə edirdi, xahiş də etsə. İkincisi olmurdu. Hər suala praktiki yanaşma edən dəmir xasiyyətli bu gözəl qızı fikrindən daşındırmaq çətin olacaq! Elina xeyli aralanmışdı, ortadan tramvay yolu olan küçəni keçirdi. Neçə ki, avtobusa minməyib, saxlamalıydım Elinanı. Sonra gec olacaqdı, çıxıb gedəcəkdi. Avtomobili işə saldım, sürətlə küçənin əks tərəfinə üz tutdum, Elina olan tərəfə.

Son anda qarşıdan gələn tramvayı gördüm! Üzbəüz gələn tramvayın sürücüsünün dəhşətlə dolu gözləri, yük maşınımın qabaq şüşəsinin kiçik parçaları qarışıq dəmir detalların üstümə uçması, küt ağrı və haradansa, dərinliklərdən gələn fəryad səsi — Elinanın adımı çəkərək qışqırığı, son saniyənin bir anı bunlar oldu mənə çatan…

***

Qaranlıq içində ayıldım. Yəni gecədir, bəs mən haradayam? Niyə gözlərimi aça bilmirəm? Kirpiklərim sanki daşa dönüb. Cəhd eylədim toxunum gözlərimə, dəhşətli ağrı sızlatdı bütün bədənimi. Hər yerim ağrıyırdı, başım xüsusən. Nə olub mənə, niyə tərpənə bilmirəm? Birdən hər şey yadıma düşdü. Üzbəüz gələn tramvay, bədənimə dolan dəmir və şüşə parçaları, ağır zərbə, Elinanın qışqırığı.

Deyəsən, haradasa qapı açıldı və bağlandı, addım səsləri gəldi. Aşağıdan danışıq səsi eşidildi, kiminsə əli toxundı başıma. Bədənim ağrıdan zoqquldasa da, bu əli mən tanımaya bilməzdim! Ürəyimlə tanıdım, köksümlə hiss etdim: əl Elinanın əli idi, demək yanımdadır.

İstədim toxunam Elinaya, bacara bilmədim. Əllərim də, kirpiklərim tək daşa dönmüşdülər, ağırlaşmıdılar.

Danışmağı necə, görəsən, bacararam? Dodaqlarımı tərpətdim, deyəsən alınır. Dilləndim:

-Elina, mənə nə olub? Biz haradayıq? Bura xəstəxanadır? Elina cavab verdi: -Hə, bura xəstəxanadır. Tramvayla baş verən qəzadan sonra düşmüsən bura. Bir neçə xəsarət almısan.

Başa düşdüm ki, çarpayımın yanında oturub.

-Bilirəm, ağrıyırsan! Amma dözmək lazımdır, əzizim! Hər şey yaxşı olacaq. Bir neçə gün dözmək lazımdır.

-Elina, mənim gözlərim, mənim əllərim… Niyə mən gözlərimi aça bilmirəm? Əllərim niyə daşa dönüb, axı, barmaqlarımı hiss edirəm?

-Bax, sən çox narahat olma. Hər şey düzələcək, əzizim! Sən bir neçə yerdən yara almısan. Üzün və gözlərin sarıqdadır. Qolların da sarıqdadır.

Birdən Elinayla son söhbətim yadıma düşdü.

-Elİna… Elina…

-Bəli, əzizim, mən buradayam, mən səninləyəm! -Elina… Bağışla məni, mən istədim… uşaqlıq etdim.

Daha doğrusu, axmaqlıq etdim… Zarafat etmək, bir az da sınamaq istədim. Mən yalan danışdım, səni incitdim. Tərk etmə məni.

Elinanın üstümdə nəfəsini eşitdim. Ondan gələn xoş, sevimli və doğma ətiri hiss etdim. Dodaqları yapışdı dodağıma…

-Hər şey yaxşı olacaq, mənim əzizim! Hesab edək ki, dünən mənim getmək söhbətim olmayıb. Ən vacibi odur ki, biz bir yerdəyik, vəssalam! İndi isə bizim əsas məqsədimiz çalışıb tez sağalmaq, ayağa durmaqdır.

Elina mövzunu dəyişdi:

-Dostların gəlmişdilər, elə indicə ötürdüm onları. Sağ olsunlar, hər cür köməklik etməyə hazırdırlar.

-Elina, sən ifadə işlətdin: «dünən» — yəni vaxt çox keçib, məgər hadisə bu gün olmayıb?

-Yox, sən dünəndən buradasan. Narkoz altındaydın, sonrasa, ağrı azaldan iynə vurdular.

-Elə bilirəm bu gün olub hadisə. Ağrılar niyə güclüdür, iki gün keçib, az deyil ki? -Çox güclü zərbə olub. Bütün dostların, sürücü yoldaşların hamısı deyirlər ki, sən köynəkdə doğulmusan. Belə qəzadan salamat çıxmaq möcüzə olub. Avtomobilinin kabinəsi yoxdur, demək olar ki! Tramvay da xeyli zədə alıb.

-Bəs, operator qız, tramvayın sürücüsü necə, ona nə dərəcədə xəta olub? Görə bildinmi onu?

-Səni təcili yardım maşınına yükləyəndə gördüm onu. Ayaq üstə dayanmışdı. Amma onun da başı sarıqda idi.

Hər gün, həkimlərin səhər baxışı sona çatdığı andan bir neçə dəqiqə keçərdi, Elina yanımda olurdu. İlk növbədə hazırlayıb gətirdiyi yeməklə məni yedirtməyə çalışardı.

Bir neçə gün keçdi, artıq, Elina məni geyindirər — isti gödəkcəmi gətirmişdi, əlimdən tutub beş-altı dəqiqəliyə xəstəxananın həyətinə gəzməyə də çıxarırdı.

Vəziyyətim gündən-günə yaxşılaşırdı. Cavan, güclü bədənin sağalmağına nə var ki! Bir halda da ki, yanında sevdiyin insanın olsun, qayğını çəksin. Gözlərimin görə biləcəyinə ilk günlər şübhəm olsa da, sarğını dəyişmə anları əməlli-başlı görmə qabiliyyətimin olduğuna əmin oldum.

Haradasa, on gün idi xəstəxanadaydım. Həkim müayinə işini qurtararaq, səhərisi gün gözlərimi örtən sarığın tam götürüləcəyini dedi.

-Ehtiyac yoxdur daha sarığa, sabahdan özün yedəksiz gəzib dolanacaqsan! Elina gələn kimi bu xoş xəbəri ona çatdırdım.

Deyəsən, məni eşitmədi. Mən elə düşündüm o anları, yəqin astadan demişəm. Ona görə də kinci dəfə hündürdən təkrar etdim:

-Bilirsən, həkim nə dedi? Sabahdan başımı-gözümü buraxacaqlar öz ixtiyarıma! Açacaqlar bu bintləri! Handan-hana səsini eşitdim:

-Çox gözəl, əzizim! Görürsən, axır ki, sağaldın.

Həmin günü də, qabaqkı günlərtək keçirtdik, bircə fərqlə: Elina məni yedizdirdi, əlimdən tutub həyətə düşürdü, gəzdirdi. Amma bu gün nədənsə, onun çox az danıdığını, suallarıma “hə”, “yox”la cavab verdiyini hiss etdim.

-Bir hadisə baş verməyib ki, Elina? – Sual etdim.

-Yox, əzizim, necə bəyəm? Nə olmalıydı ki?

-Bu gün səsini az eşidirəm, mənim gözəlim! – Dedim.

Yenə susdu. Sükut uzun çəkdi, ürəyim həyacanla döyünürdü. Hiss edirdim ki, nəsə olmalıdır bu gün.

Nəhayət, dilləndi:

-Sənə bir söz demək istəyirəm, amma söz verməlisən ki, sakit qulaq asacaqsan, mənimlə razılaşacaqsan!

-Nə sözdür, Elina? Narahat olma, dinləyəcəm.

Palatadan çıxası deyiləm ki! -Yox, söz ver sakit dinləyəcəyinə. Əks halda deməyəcəm. Əlacım nə idi, söz verdim.

-Bax, söz vermisən. Elə etmə ki, səni sözündən qaçan kimi tanıyım! Mən sabah sənin yanına gələ bilməyəcəm!

-Nə olar, sabah olmasın, o biri günü gələrsən. Sabah onsuz da, üzümün sarığı çıxarılacaq.

-Yox, əzizim, mən o birisi gün də gələ biməyəcəm! Mən bu gün getməliyəm. Bu mənim qəti qərarımdır və xahiş edirəm bu qərarıma hörmət et! Bu mənim xahişimdir! Necə bədbəxt insan olduğumu düşündüm! Birtəhər güc tapıb soruşdum: -Axı, hara, nə üçün? Nə olub?

-Heç nə olmayıb, əzizim. Daha sağalmısan, şükürlər Allaha! Mən hələlik qayıdıram kəndə. Sonrasına baxarıq.

Elina ilə o gün necə ayrıldığımızı təsvir etmək bu gün mənə çətindir. Hesab et ki, canlı ölüyə dönmüşdüm.

Bircə ümüd məni diri saxladı: sağalandan sonra gedəcəyəm dalınca! Hər ehtimala qarşı qardaşının da ünvanını aldım. Adını, soyadını, şəhərini və iş yerini yadda saxlamışdım.

Qardaşının ünvanını alanda:

-Narahat olma, kəndə gedirəm. – dedi…

Ayrılıq çağı yetdi… Bədbəxtlik insana tək gəlmir, deyirlər!.. Təki, o günü qışqıraydım, dəli olaydım, yalvaraydım, bədənimin sarıqlarını cırıb ataydım ki, qanım yerə tökülsün. Qanım tökülsəydi, vəziyyətim pisləşsəydi, o getməyəcəkdi…

***

Rüstəm xeyli sükut etdi. Komada yalnız sobada yanan odunun çırtıltıları eşidilirdi.

***

-Buraxmayaydım gərək Elinanı getməyə! Heyhat! O gün nə mən, nə də Elina bilmirdik Talenin bizə hazırladığı qara xəttin haralara üz tutduğunu.

…Səhər başımı, üzümü bürümüş sarğını açdılar. Üzümdə uzanan yaranın ömürlük iz salacağını dedilər. Başqa vaxt olsaydı, üzümdə indi gördüyün bu qorxunc çapığı görəntək, bəlkə də dəli olardım. Olmadım dəli üzümdəki bu eybəcərlik məkanı olan çapığa görə! Çünki ürəyimdə olan yaram bundan qat-qat dərin idi!..

ХХХ

Rüstəm bu günlük söhbətimizin sona yetdiyinə işarə edərək, “Yat, qardaşım!” – dedi, bayıra üz tutdu. Arxasınca çölə çıxsam da, ona yaxınlaşmadım. Bilirdim ki, kövrəlib. Qoy tək qalsın, yüngülləşsin. Göz yaşları axmasa, dərd dağıdar sinəni.

Göy qübbəsini zirvələrində saxlayan, ətrafda bitən çoxillik şam ağaclarının birisinə söykəndim. Tayqanı dinlədim, yatmamışdı möhtəşəm tayqa. Yellənən budaqları ilə, titrəyən yarpaqları ilə səs salaraq, “Ah!” çəkirdi tayqa. Başımı qaldırıb yuxarıya baxdım. Orada isə saysız-hesabsız dünyalar parıldayırdı…

 

İkinci hekayətin sonu

Qiymət