Eyvaz Zeynalov

Fikirlər Xatirələr

Hardasan, Abdülqadir?..

(Dostum, gənc türk yazıçısı, tərcüməçisi Abdülqadirin əziz xatirəsinə)

2023-cü ilin 6 fevralı. Erkən qalxıb aşağı, mətbəxə enmişdim. Çay içə-içə televizora baxırdım. Birdən Qəhrəmanmaraşda güclü zəlzələ olduğunu xəbər verdilər. İlk xatırladığım Abdülqadir Özkan oldu. Qəhrəmanmaraşda 3 dəfə kitab sərgisində olmuşdum. Axırıncı dəfə keçən ilin payızında yazıçı dostlarımdan Aslan Quliyev, Firuz Mustafa, Arif Ərşadla getmişdik. Qəhrəmanmaraşdan xatırlanası dostlarımız Ömər Küçükmehmətoğlu, Abdurrəhim Küçük, Ercan Kozanoğlu, Bəxtiyar Aslan da vardı. Amma onların Türkiyənin başqa şəhərlərində olduqlarını bilirdim. Abdülqadir şəhərin mərkəzində, Azərbaycan prospektinin yaxınlığında yaşayırdı. İki dəfə evlərində qonaq olmuşdum. Keçən il vaxt darlığından imkan edə bilməmişdim. Demişdim, yoldaşım İstanbula gələcək, onu qarşılamalıyam. Demişdi, anamgil gözləyəcək, xalamı da götürüb gələrsən. Anamgilə yarpaqdolması bişirməyi öyrədər. Bir-iki dəfə İstanbula “Xalam gəlmədi?”, deyə zəng vurmuşdu. Yoldaşımın gəlməyi alınmamışdı, qayıtmışdım…

Tez vatsapda yazdım: “Hardasan, Abdül? Cavab ver…” Salam-kalamsız, tələsik yazılmış bir mesaj. Yoxsa Abdül yazmazdım. Abdül deyəndə, xətrinə dəyirdi. Deyirdi, adımı tam deyin. Nə qədər gözlədimsə, mesajın qarşısındakı bir xətt iki olmadı, göyərmədi. Həyəcanım artdı. Çünki telefonu həmişə açıq olardı. Dalbadal zəng vurdum. Çağırsa da, açmırdı.

Televiziya kanalı Qəhrəmanmaraşdan başqa Türkiyənin Malatya, Qaziəntəp, Xatay, Əlbistan, Şanlıurfa, Adana, Elazığ, Diyarbəkir, Adıyaman… məntəqələrində də zəlzələ baş verdiyini deyirdi. Zəlzələ yerli vaxtla səhərə yaxın saat 4, 17 dəqiqədə olmuşdu, nisbətən zəif titrəyişlər hələ də davam edirdi.

Bir azdan evdəkilər də yuxudan durub mətbəxə gəldilər. Bəd xəbəri eşidəndə çox pis oldular. Yoldaşım dedi: “Gör kimdən dəqiq bir xəbər öyrənirsən”.

Vatsapla Abdurrəhim Küçüyə zəng vurdum. Ərzincanda universitetin axırıncı kursunda oxuyurdu. Artıq bir kitabı çıxmış, iki-üç yazıçımızın əsərini Türkiyə türkcəsinə çevirmişdi. Dedi ki, mən də xəbər gözləyirəm. Hər tərəf qardı, yollar bağlıdı. 41 ildi hələ belə qar yağmadığı bildirilir. Abdurrəhimin valideynləri Əlbistanda sağdılar. Bir saatdan sonra xəbər verdi ki, Abdülqadirin telefonu uçmuş binalarının altından tapılıb. Bu arada hər ehtimala, Ömər bəyə zəng vurdum. Ərdahanda universitetdə çalışırdı. Keçən il mayda Malatyada kitab sərgisində olanda Abdurrəhim bəy də yanında maşını ilə dalımca gəlmiş, məni Ərdahana aparmışdı. Gözləməsəm də, Ömər Qəhrəmanmaraşda olduğunu dedi. Tətilə çıxmışdı. Gecə anası ilə Qəhrəmanmaraşda bacısıgildəymiş. İlk təkanda oyanıb, tez anasını da maşına mindirib Əlbistana gediblər. Dediyinə görə, Abdülqadirgilin məhəllələrində binaların çoxu uçmuşdu. Ancaq dəqiq bir xəbər yoxdu.

Dedim, Ömər, axı telezor xəbər verir ki, Əlbistanda da zəlzələ olub, binalardan uçan da çoxdu. Dedi, dağa yaxın, bünövrəsi möhkəm olan binalar uçmayıb. Uçanlar düz yerdə tikilənlərdi. Bu tərəfdən bir az arxayınlaşdım.

Sonra məlumat almaq üçün Aslan, Əlabbas, Qalib, Firuz, Zahid Xəlil zəng vurdu. Feysdə Aslan həyəcanını paylaşdı. Əbdülqadirin ortancıl qardaşı Akif bəy İstanbulda yaşayır. Onun telefon nömrəsini Abdurrəhimdən istədim. Zəng vurdum, danışdıq, o da hələ dəqiq xəbər bir bilmirdi. Bilet almışdı, sabah Qəhrəmanmaraşa gedəcəkdi. Ertəsi gün Aslan dedi, Türkiyədə kimsə Abdülqadirin telefonuna zəng vurub, bir qadın cavab verib. Qardaşının qaynı arvadıymış. Tez mən də vatsapla zəng etdim. Akif bəyin qaynı cavab verdi. Günortaya qədər Abdülqadirin xalası oğlu Asimin (o gün onlarda qonaqmış), sonra Abdülqadirin, valideynlərinin, bacısının meyidlərinin tapıldığını xəbər verdi. Çox pis olduq. Ancaq yenə daxilimizdə bir ümid çınqısı qalmışdı. Möcüzə arzulayırdıq.

Bu dəfə Aslanla Abdülqadirin böyük qardaşı Məhmədin kişik qızı Fatmaya görə narahat olduq. Nağıllar-filan yazırdı. Aslan deyirdi, onları çap etdirəcəyəm. Növbəti dəfə Akif bəydən onu soruşanda dedi, qız kənardadı. Tələsik Aslana xəbər verdim ki, Fatma kənardadı, sağdı, sevindi. Hətta feysədə bu barədə paylaşım da etdi. Sonra dəqiqləşdi ki, Fatma öz evlərindəymiş. Onların yaşadıqları bina Abdülqadirgilin binasından bir qədər aralıdaymış. Akif bəy uşağın kənarda olduğunu deyəndə, bunu nəzərdə tuturmuş. Onların binası da ilk təkanlar vaxtı uçmuşdu. Ailələrindən hələ dəqiq bir xəbər yoxdu.

Ertəsi gün Məhmət bəyin ailəsinin bütünlüklə məhv olduğunu eşitdim. Aslana demədim. Sonra özü öyrəndi. Beləcə, bu iki ailə də zəlzələnin on minlərlə qurbanına çevrildi.

Abdülqadir qonşu Əlbistan qəsəbəsindəndi. Orda ata-baba evləri, mülkləri vardı. Elə hər dəfə deyirdi ki, səni ora aparacağam. Buz kimi suyu olan bulağımız var. Aslanı aparmışdı.

Abdülqadiri ilk dəfə Bakıya, mənim yanıma Ömər göndərmişdi. Demişdi ki, mənim şagirdimdi. Tərcüməçilik etmək istəyir. Kömək elə, dostlarla görüşdür. Bir həftə bizim evdə qaldı. Evdə olanda iki kiçik nəvəm oyuncaqları ortaya tökür, onu oynamağa çağırırdı. O da uşaqlara qoşulurdu.

Ən kiçik nəvəm Səlimin balaca bir sazı vardı. Üç yaşını qeyd etdiyimiz restoranda buna şeir deyən, oxuyan aşıqdan sonra nənəsinə saz almağı demişdi. O da almışdı, gün axşamacan dınqıldadıb baş-beynimizi aparırdı. Abdülqadir ilk dəfə bizdə olan vaxtlarda həmin saz əlindən düşmürdü. Çal, deyən kimi dınqıldadır, restoranda gördüyü aşığı yamsılayır, ağzına gələni oxuyurdu. Uşağın bu hərəkəti Abdülqadirə ləzzət eləmişdi. Abdülqadir demişdi, mən də saz çala bilirəm. Sazı ona uzadıb demişdi, çal görüm. Abdülqadir sinəsinə basıb çalmış həm çalmış, həm də bir ağız oxumuşdu. Səlim azını ondan almış və demişdi: “Pah, o aşıq elə oxumurdu ha!” Bəs necə oxuyurdu, Abdülqadir soruşmuşdu. O da sazını dınqıldada-dınqıldada dodağının altında mızaldanmış, eyni zamanda restorandakı aşıq kimi qəribə bir tərzdə ayaqlarını oynatmış. Abdülqadir uğunmuşdu. Beləcə, Səlimi görən kimi saz çaldırır, ona baxıb ürəkdən gülürdü.

Abdülqadir yaxşı saz çalırdı. Evlərində çalanda görmüşdüm. Uzun qollu, düzgün bir sazı da vardı. Həm çalır, həm də oxuyurdu. Bir dəfə dedi ki, beynimdə bir musiqi dolaşır. Bir gün bəstələyəcəyəm. Nə musiqiydi, bilmədim. Ötəri deyilmişdi, tez də yaddan çıxmışdı. Bəzən belə olur. Deyilənə o qədər əhəmiyyət vermirik. Haçansa, nə münasibətləsə yenidən xatırlayırıq, ancaq onda da gec olur. Təfərrüatına vara bilmirik.

Abdülqadir yarpaq dolmasını çox xoşlayırdı. Bir gün yoldaşım iri bir buludu dolma ilə təpələmə eləyib ortaya qoydu. Başım qarışdı, bir də baxdım hamısını yeyib. Sənə saxlamadım ey, dedi, incimədin? Soruşdum, sizdə dolma bişirmirlər? Bişirirlər, dedi, amma bu qədər dadlı olmur. Bu nəsə başqa cür dadlıdı.

İkinci dəfə Bakıya gələndə də bizdə qaldı. Dost-tanışlarla sürətlə dostlaşdı, əlaqələr qurdu. Çox ünsiyyətcildi. Üçüncü dəfə gələndə Əlabbas Masazırda bir ev tapdı, iki ay orda qaldı. Ora gedəndə yoldaşımın bişirdiyi bir qazan yarpaq dolmasını da apardı. Ertəsi gün ona baş çəkəndə qazan boşdu. Ondan əvvəl mən də İstanbuldan naşirim Şərəf Yılmazla Qəhrəmanmaraşdakı kitab sərgisinə getmişdim. Bizi evlərinə apardı. Ortaya yarpaq dolması gətirəndə gülüb dedi, bizimkilər dolmanı xala kimi bişirə bilmir.

Atası Yaşar bəy yaxşı insandı. Azdanışandı. Pensiyada idi, bank işçisi olmuşdu. Hər dəfə danışanda onun mənə, mənim də atasına salamımı çatdırırdı.

İlk dəfə Qəhrəmanmaraşda olanda dostlarının vasitəsilə bu şəhərdəki Südçü İmam universitetində müəllim-tələbə heyətilə mənim görüşümü təşkil etmişdi. Universitet böyük şəhərcikdən ibarətdi. Görüş çox gözəl keçmişdi. Həmin vaxt şəhərdə bir qrup gənclə də görüş təşkil etmişdi. Gənclər mənə böyük bir divar saatı hədiyyə etmişdilər. Yaddan çıxıb qalmışdı. Abdülqadir evlərinə aparmışdı. Gələndə demişdi, apar. Demişdim, onu harda aparım? Qoy qalsın səndə. Amma qoyma yata. Arabir danışanda sözgəlişi gülə-gülə deyirdi: “Saat işləyir”.

Çox yatağandı. Bizdə olanda nəvələrim gedib bağlı qapısı ağzında dayanır, “baba, bu hələ durmayıb”, deyirdilər. Saat 2 üçün günorta yeməyinə qalxırdı.

Bir gün soruşdum, içirsən? dedi, yox. Sonra qayıtdı ki, gizlin içirəm, heç kim görmür.

– Heç kim?

– Heç kim.

– Allah da?

Güldü. Ondan sonra əməlli-başlı içirdi. Siqareti çox çəkirdi. İlk dəfə nəvələrimin çayla qatılaşdırılmış süd yediyini görüb maraqlandı. Çox xoşladı. Evə gedəndə oğlum xeyli alıb verdi. Türkiyəyə gedəndə deyirdi, araq, bir də süd (moloko) gətirin.

Keçən ay ad günümdə zəng vurmuşdu. Dedi, dissertasiyamı da müdafiə etdim. Bir neçə xırda işim var. Onları da yekunlaşdırıb gəlirəm Bakıya. Mənə kirayə bir ev tap. İki-üç ay Bakıda qalacağam. Dedim, taparam, sən qabaqcadan xəbər verərsən.

Keçən il Türkiyədə çap olunan “Teleqoniya” romanımı Abdülqadir tərcümə etmişdi. Üç ildi hər görüşəndə soruşurdu: “Nadir şah”ı bitirmirsən? Onu mən çevirəcəyəm, deyirdi. Dəqiq bir söz demirdim. Deyirdim, bitirim, o zaman danışarıq. Hə, bilirəm də, Ömərə verəcəksən, deyirdi. Mənim Türkiyədə işıq üzü görən kitablarımın, demək olar, hamısını Ömər bəy tərcümə edib.

Abdülqadir çox usta sürücüydü. İstər şəhər daxilində olsun, istərsə trasda.

Aslanın tərcüməsində Bakıda çap olunmuş “Saxta mafiya” adlı kiçik romanındakı hadisələr, personajlar hamısı tanışdı. Azərbaycanlı yazıçıların iyirmidən çox kitabını tərcümə etmişdi. Çox işləyirdi. Sanki ömür payının az olduğunu duyurdu. 32 yaşındaydı. Hər dəfə soruşanda ki, haçan evlənirsən? Bu il, deyirdi. Qayıdıb soruşurdu, toyuma çağırsam, gələcəksiniz? Gələrik, deyirdim. Hamınız gəlin ha, xalanı da gətir. Sən evlən, deyirdim, xalanı gətirmək mənim boynuma.

Abdülqadir də, Ömər də çox istedadlıdı. Ömər həm də təcrübəlidi. Ondan yaşda böyükdü. Abdülqadir Ömərin maması, Ömər də onun dayısı oğludu. Hər ikisi Əlbistandandı. Tərcüməçi kimi yetişməyində, ədəbiyyata gəlməyində Ömərin də zəhməti var.

Eh, Abdülqadir, tez getdin. Hamımız gedəcəyik, ancaq sən çox tez getdin. Bu ölümü sənə heç yaraşdırmadım, heç!