Oliqarx Əlişin qardaşı biznesmen Vəlişin oğlunun ad günü idi. Adına layiq dəm-dəsgahlı, gözqamaşdıran, düşmən bağrı çatladan bir məclis qurmuşdu. Süfrəyə cürbəcür göstərmə içkilər, yeməklər, bir sözlə, can dərmanı düzdürmüşdü. Bir baxan deyirdi, bir də baxım, bir yeyən deyirdi, bir də yeyim, iki də yeyim…
Birinci gələn qonaq gombul, yekəpər bir arvadla özünə bab gombul, yekəpər bir kişiydi (irəli qaçmaq kimi çıxmasın, qonaqların əksəriyyəti elə beləydi, məclisə, məclis sahiblərinə uyğundular: gombul, yekəpər-yekəpər), qoltuqlarında da özləri kimi yekəpər-yekəpər bağlamaları.
— Ooo!.. — Ev sahibləri onları görəndə sevinclərini məhz bu cür izhar etdilər.
Çoxmənalı olduğuna görə açmasını öz ixtiyarınıza buraxıram.
Təzədən “xoş gəldiniz”, dedilər, qucaqlaşıb öpüşdülər. Yekəpərlər (arifə bir işarə də kifayətdi, yəqin ev sahiblərinin yekəpərliklərini xüsusi nəzərə çarpdırmağa ehtiyac yoxdu) bir-birlərinə yekəpər-yekəpər güldülər, əzilib-büzüldülər.
Bütün hərəkətləri enlərinə, boylarına ölçülüb-biçilmişdi: yekəpər-yekəpər!..
Onların dalınca dabanqırma iki nəfər də özünü içəri təpdi. Bunlar nə gombul, nə də yekəpərdilər. Cavan, ortababdılar. Amma diqqətsiz baxanda da gombulluğa, yekəpərliyə meyllikləri, namizədlikləri göz qabağındaydı, üz-gözlərindən yağırdı.
Ev sahibləri onları da necə lazımdı, xoş qarşıladılar, üz-lərinə yekəpər-yekəpər güldülər. (Səmimi, qeyri-səmimi, o yerdə, o məqamda bunun fərqinə varan yoxdu, gəlin biz də varmayaq.)
Elə qapının ağzındaca tanışlıq başlandı. Qadınlar bir ayrı, kişilər də bir ayrı. Biznesmen Vəliş (dostları onu çox vaxt Vəliş-müəllim, bəzən də zaraftla biznesmen-müəllim çağırırdılar) yekəpəri dabanqırma gələn qonağa təqdim elədi:
— Ağahüseyn-müəllim bizim ağsaqqalımızdı. Kliçkası da zavmaq-müəllimdi. (Hər ehtimala qarşı səsinə bir zarafat ahəngi də qatdı, ağsaqqal inciyə bilərdi.) Köhnə məsələdi, vaxtıynan ən böyük mağazalardan birinin zavmağı olub. İndi zavod direktorudu. — Sonra dabanqırma gələn qonağı da Ağahüseyn-müəllimə tanıtmaq istədi: — Baloğlan-müəllimi də yəqin ki, zavmaq-müəllim tanımamış olmaz…
— Ayıb sözdü, Vəliş-müəllim, — zavmaq-müəllim yekəpər-yekəpər irişdi. — Həkim-müəllim izvestni adamdı, onu məmə deyəndən pəpə yeyənə hamı tanıyır, mən də həmçinin!..
Qonaqlar beləcə iki-bir, üç-bir gəlir, ev sahibləri də onları qapının ağzında gülərüzlə qarşılayır, içəri ötürürdülər. Gələnlərin arasında biznesmen-müəllimlərin sayı başqalarından daha artıqdı. Bu da təbii idi. Biznesmen Vəlişin həmkar dostları çoxdu.
Qonaqların arasında tək-tük oliqarx-müəllim, nazir-müəllim, rəis-müəllim (keçmiş obexeest-müəllim), deputat-müəllim də vardı. Hamısı da yekəpər-yekəpər. Yekəpər-yekəpər bazarkom-müəllimin, qaişnik-müəllimin, prorab-müəllimin, restoran-müəllimin, manıs-müəllimin, qəssab-müəllimin, şofer-müəllimin, nə bilim daha nə müəllimin adlarını bir-bir sadalayıb sizi yormuram. Sadəcə, istəyirəm ki, məclisi daha yaxşı təsəvvür edə, xəyalınızda canlandıra biləsiniz…
Bəli, hərə öz yerini tutmuşdu. Məclisi qızışdırmaq lazımdı. Yekəpər zavmaq-müəllimi yekdilliklə tamada seçdilər.
O, “günahkar”ın, onun ata-anasının, əmisinin, yeddi arxa dönəninin sağlığına uzun, sicilləmə bir tost dedi. Badələr bir-birinə dəyib cingildədi, zingildədi, neçə cür səs çıxartdı, əks-səda verdi. Boğazlarını yaşlayıb ortalıqdakı yeməklərə hücuma keçdilər…
Məclisin şirin yerində birdən qapının ağzında kiminsə içini arıtdığı eşidildi. Elə bildilər qulaqları səsə düşüb. Tikələri boğazlarında ilişikli bir-birinin, sonra da Əliş-müəllimin, Vəliş-müəllimin, lap axırda da çönüb qapının ağzında sakitcə dayanmış adamın üzünə baxdılar. Görəsən kimdi belə yaddan çıxıb?..
Ev sahibi, nəhayət, ayağa qalxdı. Deyəsən, gələni tanımışdı. Orta yaşlı, orta boylu, orta geyimli, qoltuğunda qəzetə bükülü balaca bir hədiyyə qapının ağzında dayanıb gözləyən adama yaxınlaşdı. Qonaqların belə eşidəcəyi bir səslə dedi:
— Xoş gəlmisiniz, Səlim müəllim, həmişə siz gələsiniz!..Buyurun, buyurun!..
Burda bir balaca qarışıqlıq yarandı. Qonaq ev sahibindən üzr istəyirdi, ev sahibi qonaqdan. Qonaq gecikdiyinə görə üzr istəyirdi, ev sahibi də onu yaddan çıxartdığına, unutduğuna görə…
Sonra biznesmen Vəliş qonağı məclisdəkilərə təqdim elədi:
— Bizim hörmətli Səlim müəllimlə tanış olun!..
Burda isə bir balaca yox, tamam ara qarışdı, məzhəb itdi. Oliqarx-müəllim nazir-müəllimin, deputat-müəllim rəis-müəllimin, obexeest-müəllim zavmaq-müəllimin (tamada-müəllim də demək mümkündü), restoran-müəllim manıs-müəllimin, qaişnik-müəllim şofer-müəllimin, biznesmen-müəllim prorab-müəllimin, fermer-müəllim qəssab-müəllimin, daha nə bilim kim-müəllim kim-müəllimin üzünə baxdı. Dodaqlar büzüldü, çiyinlər atıldı, yəni ki, tanımadıq. Ev sahibi biznesmen Vəliş-müəllim çox pis vəziyyətdə qaldı. Bilmədi neynəsin. Bəlkə də şirkətini yoxlamaya gələn vergi müfəttişinin qabağında heç belə karıxmamışdı.
— Əşi, Səlim müəllimdi də. Səlim müəllim mənim qonşumdu, qapıbir qonşum!..
Məclisdəkilərə bu izahat da zərrəcən kar eləmədi. Yenə dodaqlar büzüldü, çiyinlər atıldı. Yəni ki, tanımadıq. Tanımadıq, vəssalam!..
Obexeest-müəllim (hazırkı rəis-müəllim) boğazındakı tikəni birtəhər aşırıb:
— Vəliş-müəllim, — dedi, — sən kişinin vəzifəsini de, vəzifəsini. Alaşıq-dolaşıq sözlərlə bizi dağa-daşa salıb incitmə.
— Nə vəzifə, canım?.. Hansı vəzifə?..
— Məzən olsun, Vəliş-müəllim! Əşi, necə yəni nə vəzifə, hansı vəzifə?.. Bax, müəllimə qalsa, bu məclisdəkilərin hamısı müəllimdi. Amma hərəsinin bir vəzifəsi, bir sənəti var, düzdü?..
— Düzdü… — Vəliş-müəllim günahkar kimi yazıq-yazıq təsdiqlədi.
— Atan oldu rəhmətlik! İndi sən bizə de görək bu adamın, Səlim müəllimin də bir vəzifəsi, bir sənəti var, ya yox?..
Biznesmen Vəlişin yenə dili topuq çaldı:
— Vallah, billah, Səlim müəllimin nə özgə bir vəzifəsi var, nə də sənəti-filanı…
Rəis-müəllim (obexeest-müəllim):
— Əşi, bəs yoxdusa, elə-belə, quru-quru da müəllim olar?..
Vəliş:
— Ay canım, Səlim müəllim, doğrudan, müəllimdi. Müəllim müəllimdi.
Deputat-müəllim:
— Bəlkə elə bir kərəmlik deyəsən, anadangəlmə müəllimdi?..
Məclisdəki oliqarx-müəllimlər, nazir-müəllimlər, rəis-müəllimlər, biznesmen-müəllimlər, həkim-müəllimlər, manıs-müəllimlər, prorab-müəllimlər, qəssab-müəllimlər, şofer-müəllimlər, nə bilim daha nə müəllimlər qarınlarını tutub uğunduqca uğundular. Az qalmışdı neçəsinin qarnı cırılsın.
Hələ də qapının ağzında qalan Səlim müəllim böyük səbr və təmkinlə onlara baxırdı. Dodaqlarında qəribə bir təbəssüm, qoltuğunda qəzetə bükülü kiçik bir hədiyyə. Bu balaca hədiyyə başqa hədiyyələri göydə qapan ev sahibinin nəzərini hələ də cəlb etməmişdi.
Vəliş birdən nəsə xatırlayıb sevincək dedi:
— Səlim müəllim bizim Ququşun müəllimdi ey, Ququşun!..
Obexesst-müəllim (rəis-müəllim) rişxəndlə soruşdu:
— Vəliş-müəllim, Ququş kimdi? O da müəllimdi?..
Vəliş daha dözmədi, səbr kasası birdəncə aşıb-daşdı.
— Əşi, yox ey, yox! Ququş mənim oğlumdu. İkinci sinifdə oxuyur. Bu saat bura həmin o Ququşun ad gününə yığışmısınız…
Yer-yerdən səsləndilər:
— Böyük oğlan olsun! Böyük oğlan olsun!.. Toyuna gələk!..
Vəliş tezcə suyulub yumşaldı. Bir-bir qonaqlarının üzünə gülümsədi. Sonra məclisdəkiləri Səlim müəllimə göstərib soruşdu:
— Səlim müəllim, siz necə, yoxsa siz də bunları tanımırsınız?..
— Niyə, Vəliş “müəllim” (müəllimi xüsusi vurğuladı), tanıyıram. Həm də çox yaxşı tanıyıram. Rəhmətlik Haqverdiyevin marallarının nəvə-nəticələridilər…
Çırtqoz qəssab-müəllim yerindən çırtladı:
— Nə maral, nə ceyran, a kişi?..
Səlim müəllim artıq qayıdıb qapıdan çıxmışdı…