Toran qarışmışdı. Uşaqlar bayram tonqalının ətrafına yığılmışdılar. Çalıb-oynayır, oxuyur, hay-harayla tonqalın üstündən tullanır, şənlənirdilər.
Vaqif Mehdini kənara çəkib dedi: — Papaq atmağa gedək? — Gedək.
— Torba götürmək yadından çıxmayıb? — Vaqif soruşdu.
— Yox, götürmüşəm. — Göstərdi. Cibindəydi.
Onlar hələ neçə gün bundan qabaq şərtləşmişdilər ki, çərşənbə axşamı, torbaatdı günü birlikdə torba atacaqlar.
Daha doğrusu, papaq. Mehdinin götürdüyü yekə torbaya evlərdə papaqlarına qoyulanları yığacaqdılar. Axırda da hamısını dədə malı kimi tən yarı böləcəkdilər.
Vaqiflə Mehdinin yaşadığı ərazidə nə az, nə çox, düz altı dənə beşmərtəbəli bina vardı.
Uşaqların papaq atdıqları birinci il deyildi. Keçən bayramda xüsusi təcrübə qazanmışdılar. Hər evə papaq atmırdılar.
Mənzilləri qapılarına görə qaralayır, dəyərləndirirdilər. Kör-köhnə, sınıq-salxaq, taxta qapılı, bir də qapıları bahalı, təmtəraqlı evlərə yaxın düşmürdülər.
Onlara görə, qapılar ev sahiblərinin güzgüsüydü, hamısı öz sahibinə oxşayırdı. Baxan kimi bilirdin ki, sahibi imkanlıdı, yoxsa imkansız.
Köhnə, sınıq-salxaq qapıların sahibləri əksər hallarda elə sınıq-salxaq kasıblardı. Onlardan nəsə ummağa dəyməzdi. Varlıların bahalı, qala qapılarını xatırladan qapıları özləri tək yenilməzdi.
Hər saat hər adamın üzünə açılmırdı. Onların arxasında yeyilib-içilənlər də heç adi adamların yeyib-içdikləri deyildi. Hər papaq atanın papağına qoyulmurdu.
Hədlərini bilməyəcəkdilər papağına nəsə qoymaq əvəzinə söyüb qovacaqdılar. Hələ döyməsələr yaxşıydı. Allah bərəkət versin, nə yığırdılarsa yenə ortabab qapılardan yığırdılar…
Uşaqlar beləcə qapıları sonalaya-sonalaya xeyli papaq atdılar, torbalarını əməlli-başlı doldurdular.
Nəhayət, axırıncı binanın axırıncı girişindəki üçüncü mərtəbəyə qalxdılar. Çox fikirləşmədən sağ tərəfdəki ortabab qapını döydülər. Papaqlarını atıb qıraqda gizləndilər…
Uşaqlar bu mənzildə Xocalı qaçqınlarının yaşadığından xəbərsizdilər. Bir ana, bir balaydı. Mənzil soydaşlarının zibilinə keçən, qorxudan qoyub qaçan erməni mənziliydi.
O soydaşlarının ki, azəri türklərini Ermənistandan, dədə-baba torpaqlarından qovmuş, Qarabağda, Xocalıda qırğınlar, görünməmiş vəhşiliklər törətmiş, Qarabağ torpaqlarını işğal etmiş, qarabağlıları yurd-yuvalarından didərgin salmışdılar. Xocalı qırğınında ermənilər Fatma ananın ərini, iki oğlunu evli-eşikli yandırmışdılar.
Qızı Saranın ərini, qaçıb meşədə gizlənən körpələrini güllələmişdilər. Fatma ana qızı Sara ilə neçə gün meşədə qar-qiyamatda itin zülmünü çəkmiş, bir təsadüf nəticəsində sağ qalmışdı. Arvad o vaxtdan şəkər, ürək xəstəsiydi. Saranın da əl, ayaq barmaqlarının neçəsini don aparmışdı.
Tərslikdən Bakıdakı axırıncı zəlzələdə mənzillərinin divarları həyatları kimi çat vermiş, qəzalı vəziyyətə düşmüşdü.
Çox get-gəldən, süründürməçilikdən sonra onlara şəhid ailələri üçün tikilmiş təzə beşmərtəbəli binada birotaqlı mənzil ayırmışdılar.
Mənzilin açarını Fatma anaya prezident şəxsən təqdim etmişdi. Lakin aradan xeyli keçməsinə baxmayaraq həmin mənzilə köçmək Qarabağa qayıtmaq kimi çətin problemə dönmüşdü.
Ala başına-kül başına tələm-tələsik binanın üç mənzilini hazırlamış, təmtəraqla prezidentə qırmızı lentini kəsdirmiş, təpili-tıxalı mənzilləri çəkib görk kimi televizorda aləmə göstərmişdilər. İçərisini hansı bazar-dükandan gətirib müvəqqəti doldurmuşdularsa sabahısı elə həmin bazar-dükan sahibləri də gəlib halal mallarını geri daşımışdılar.
Çölü bəzək, içi təzək binada hələ də iş gedirdi…
Sara kommunal təsərrüfatı idarəsində süpürgəçi işləyirdi.
Gündəlik it yerinə də buyururdular, qurd yerinə də.
Ana-bala tulapayı pensiya və maaşla dolanırdılar. Bu gün qaçqınkomun xətti ilə bayrama görə onlara iki kilo un, iki kilo qənd, iki kilo düyü, bir litr günəbaxan yağı, bir də bir donu açılaraq iylənmiş, bir dəri bir sümük toyuq vermişdilər.
Sara da bazar-dükandan bayramlıq üç-dörd dənə qoğal, şəkərbura, bir kilo ucuz konfet, bir kilo alma, yarım kilo qoz, yarım kilo fındıq, bir kilo qovurğalıq buğda almışdı. Buğdanın bir ovucunu nəlbəkidə səməni göyərtmişdi.
Qalanını qazın üstünə dəmir qoyub qovurmuşdu ki, iyi çıxsın, bayramdı. Guya iyi çıxmasaydı, bayramın bayramlığı, gəlib-gəlmədiyi bilinməyəcəkdi…
Qapı döyüləndə Fatma ana ermənidən qalma ağ-qara televizora baxırdı.
— Gör kimdi, ay bala? — Mətbəxdə əlləşən qızını səslədi.
Gözlükdən baxan Sara geri çönüb astadan dedi: — Məhlə uşaqlarıdı, papaq atıblar. — Bilmirdi qapını açsın, açmasın.
Səbirləri bayram fındığından da balaca olan uşaqlar qapını bir də döydülər. Sara qeyri-ixtiyari açıb papaqları götürdü.
— İndi mən bunlara nə qoyum, ay ana? — Boynunu büküb papaqları arvada göstərdi.
— Qorğadan-zaddan qoy də, ay bala, daha nə qoyacaqsan? Yoxdan allah da bezardı, bəndə də.
— İndiki uşaqlar qorğanı bəyənmirlər, ay ana. Pilləkənə dağıdıb gedəcəklər.
Papaqlar əlində quruyub qalmışdı. Stolun üstündəki bayramlıqları iki papaqlıq deyildi. Bir papağı doldura-doldurmayaydı. Özləri heç, yəqin ki, hələ bunlardan sonra da papaq atan olacaqdı. Qadağa qoyacaqdı? Dədə-baba adətiydi. Bir zaman, dünyanın yaxşı vaxtlarında onlar Novruz bayramlarında qonşu-qonuma indikilər kimi papaq yox, torba atardılar. Bayrama bir ay, ay yarım qalmış elliklə hazırlaşardılar.
Həyətlərdə sac asar, teştinən qovurğa qovurar, neçə gün sərasər şəkərbura, paxlava bişirər, yumurta boyayardılar. Bayram axşamlarında stollarının üstündə barmaq basmağa yer tapılmazdı.
Nə qədər torba atılsaydı, hamısını ürəkaçıqlığı ilə bol-sal doldurardılar. Sara özü də uşaqlara qoşulub çox qapı pusmuş, torba atmışdı… Nişanlısıgilə necə torba atdığı bugünki kimi yadındaydı.
Onunla zarafat etmək fikrinə düşən rəhmətlik boş qaytardığı torbasına bir barmaq kağız yazıb qoymuşdu ki, bəxtini bir də sına…
Sara hər papağa bir qoğal, bir şəkərbura, beş-altı ucuz konfet, üç-dörd dənə də qoz qoydu. Duruxa-duruxa papaqları geri qaytardı. İşığı söndürüb gözlükdən uşaqların papaqdakı ayın-oyunu görəndə necə hərəkət edəcəklərini izləməyə başladı.
Vaqiflə Mehdi üzə çıxıb papaqlarını götürdülər. Qapının ağzındakı işıqda içindəkilərə baxdılar. Vaqif dedi: — Bura nahaq papaq atdıq. Bir gör nə qoyublar.
— Yəqin kasıbdılar… — Mehdi dedi.
— Bəlkə də qaçqındılar…
Papaq atmaq fikrindən daşınan uşaqlar pilləkənə sarı yönəldilər. Sara da xəcalət çəkə-çəkə qapıdan aralandı.
Axırıncı mərtəbəyə çatanda Mehdi ayaq saxladı. Vaqif soruşdu: — Nədi, niyə dayandın? — Bəlkə onlara bir papaq bayram payı verək? — Nə deyirəm, verək, yazıqdılar. — Vaqif dostunun kimləri nəzərdə tutduğunu o dəqiqə başa düşdü.
Uşaqlar bayram şeyləri ilə doldurduqları torbanın ağzını açdılar. Papağın birini şəkərbura, paxlava, yumurta, qoğal, qoz-fındıqla təpələmə doldurdular. Geri döndülər. Hürkək-hürkək qapını döydülər. Dolu papağı yerə qoyub daldalandılar.
— Ay allah, mən neyniyim? — Sara ayaqlarını sürüyə-sürüyə qapıya yaxınlaşdı. — Yəqin yenə papaq atdılar…
Qapının dalında durub dinşədi, gözlükdən baxdı. Lakin kimsə gözünə dəymədi. Qapını araladı. Bayaqkı papaqlardan birini qapının ağzında dolu görəndə çaşıb qaldı. Başını bir az çıxardıb qapının yan-yörəsinə nəzər salanda uşaqları gördü.
— Bu nədi, ay uşaqlar? — soruşdu.
Onlar daldalandıqları yerdən çıxıb utana-utana yaxınlaşdılar.
— Sizə bayram payı gətirmişik, xala, — dedilər.
— Nə danışırsınız, uşaqlar, elə şey olar? — Sara lap özünü itirdi.
— Niyə olmur, ay xala? — Uşaqlar yalvarışdılar. — Siz allah, götürün. Bax, götürməsəniz, papaqlı-zadlı qoyub gedəcəyik.
Sara daha nəsə demək istədi. Lakin hiss etdi ki, səsini çıxartsa, hönkürüb ağlayacaq. Uşaqların hərəkəti onu riqqətə gətirmiş, bərk kövrəlmişdi.
Dinməzcə papağı aparıb stolun üstünə boşaltdı. Qaytarıb uşaqlara verdi. Geri qayıdanda: — Nədi, ay qızım, yenə papaq atıblar? — deyə anası divanda qurcalandı.
Sara cavab verə bilmədi. Göz yaşları yanaqları aşağı axırdı…