Rəfail Tagızadə — ESSELƏR

Ədəbiyyat

Bir payız axşamı           

 

O axşam hava sevənlərin, sevgini duyanların idi. Sevgi havası idi. Sevənlər havaya baxıb havalanırdılar. Nə pəncərələrində işıqları yanan evlər onun fərqində idi, nə də nələri isə axtaran polis.

Nazim Hikmət demiş: “Ne sen bunun farkındasın, ne polis farkında”.

Üzünün, ruhunun işığı su basmış yollara işıq salırdı. Oynaşan damcılar o işıqda bərq vururdu. Sən o axşam həmişəkindən daha gözəl idin. Ruhun gülürdü.

… O bir payız axşamı idı.

Yağışlı bir payız axşamı.

Sanki o yağış iki nəfər üçün yağırdı…

Hələ də royaların, nağılların içindəyəm. Bunun reallıq olduğuna özüm də inana bilmirəm. O gün, o xoş zaman bir də təkrarlanacaqmı? Olanları bir də yaşayacağıqmı? Bizə sevincin, yaşamağın şirinliyini yaşadan axşamın əllərindən tutub saxlamaq, zamanı dondurmaq istəyərdim. Təki qurtarmayaydı o axşam. Kaş, ağlayan buludun göz yaşları içimizi yenə də sərinlədəydi. Ruhumuzu oxşayaydı.

Suların şırıltısı, yamşayıl otlar, yarpaqlar o alatoranlıqda bizə payız ömrünün baharını bəxş edirdi.

O axşam hər şey təbii idi. Hava da. Biz də. Ətraf da.

İlk dəfə idi qoluma girirdin. Elə bildim içimdən elektrik keçdi. Ürəyim buna tab gətirəcəkmi? — deyə söylədim özüm-özümə. — Arzusudur, — dedi.

Çətirini başımıza tutmuşdum. Qanadlarımtək. Çətirə dəyən damcılar Şopenin nöktürnlərini səsləndirirdi. Sən mən tərəfə çönəndə çətirdən yayınan damcılar aramızdan buxarlanırdı.

Kim bilir, bəlkə də, ömrümüzə hələ bundan sonra çox payızlar gələcək. O payızlarda da belə yağışlar yağacaq. Biz də olacağıq. Amma o an, o məqam o vaxtkı kimi olmayacaq. Nə sular elə səs salacaq, nə gecə elə sakit olacaq, nə də biz o olacağıq. Ya içimizin sakitliyi fərqli olacaq, ya havanın. Ya da dəyişən nələrsə…

Bir ömür qədər yaşanan an, yaddaşa tarix yazır. Əlvan, çox əlvan bir xətlə. Açıb oxuya bilirsən. Dönüb baxa bilirsən. Təbəssümlə dolu donub qalmış üzü sığallaya bilirsən. Xatirələrdə…

Xoşbəxtlik andı!

O axşam hər şey fərqli idi.

Zaman da. Ovqat da. Qərarlar da.

Hər şeyi dəyişə bilən o gün də.

Üzümüzün və içimizin yanğısını yuyan yağış da.

O, axşam…

Bizi xoşbəxt edən anların məkanı, O, axşam…

Həyat yaşamağı bacaranlarındır.

O axşam hava sevənlərin idi.

 

Gecə tənhalığı

Bu gecə bağa elə bil qəfil payız gəlmişdi. Sənin addımladığın yollara kölgə salan ağacların  saralıb tökülən yarpaqları yolları sapsarı saraltmışdı. Hava da deyəsən tez qaralmışdı. Ya mənə elə gəlirdi. Amma onu bilirəm ki, bu günün gündüzü axşamından qaranlıq idi.

Heç özüm də bilmədim sevdiyim bağın aşağısından axan çayın kənarındakı mənim üçün rahat, doğma olan məkana necə gəlib çıxdım. Bu sakit guşə mənə çox şeyləri xatırladırdı.

Səsini içinə almış çaynikin çayından armudu stəkana süzüb birnəfəsə içirəm. İtən anlar qarışıq. Əl dəyməyən, dodaq toxunmayan stəkan sənin üçün süzülmüş çayı soyudur, bu gecə kimi. Mizin kölgəliyindəki lampanın süzülən işığı altında gözünü mənə dikən stəkandakı çayın narahat, narazı baxışları səni məndən sorur lal-dinməz. Ruhumuzu oxşayan, rahatlayan çayın bu gecəki narahat səsi də bu darıxdırıcı gecənın sükutunu poza bilmir. O ixtiyarda deyil. Sanki, bütün qaranlıqlar bura çöküb. Çox şeylərin itdiyi bu gecədə artıq mən də yoxam.

Bu gecə bir kölgə gedirdi bizim küçənin ortası ilə…

Evlərinin qabağında hava almağa çıxıb söhbətləşən qadınlar məni də görmürdülər. Həmişə diqqət kəsilənlər bu gecə nədən diqqətsiz idilər, görəsən? Dəmir qapının adamın sinirlərinə toxunan cırıltısını təkcə mən idim eşidən. Qaldığım otağın qapısının bir tayını açıb içəri keçdim. Mənim üçün heç kimin olmadığı bu evdə başqa kiminsə olmasına fikir vermədən, hətta televizorun işləməsinin fərqində belə olmadan.

Pəncərənin açıq qalmış tayına gözünü dikən çarpayı yastığı özünə başdaşı qoyub. Divandakı xırda yastıqlar da daha dağınıq deyil. Bu gecə təkcə onlar sakitcə qucaqlaşıblar. İstifadə olunmamış o bir ədəd salma çay onu boğan otaq bildiyi salafan torbada mənimtək darıxırdı. Dolab da çarpayı kimi səsini içinə almışdı. Otağın havasızlığı məni bayıra itələdi.

Bu qədər çoxluğun içində nə qədər tənhalıq varmış bu gecə. Sanki yer-göy tənhalaşıb. Şəhərin məni özünə çəkən, cəlb edən özünəməxsus küçələri, həyətləri, evləri bu gecə, elə bil adiləşmişdi. Nə şəhər o şəhər idi, nə də gecə o gecə. Sənsiz gecəni yaşamağın bu qədər ağır olacağını anlamağa başladım. Sabahkı gün məni boğacaqmı, ya dəli edəcək?.. Bilmirəm. Gecəni uzadan tənhalıq qurtarmaq bilmir. Uzanır uzana bildiyi qədər.

Kimsənin məni görmədiyi qaranlığın içindən qaçmaq istədim üzü aydınlığa sarı. Məni sıxan, darıxdıran tənhalığı suların qoynuna atmaq, qurtulmaq üçün yenidən çayın sahilinə gəldim.

Gecədə qəribə bir sükut vardı. Adamı lal edən, Ayı göydən qoparan bir sükut. Boşluqdan, havasızlıqdan qopmaq istəyirəm. Boğuluram. Qaçmaq istəyirəm. Qayıdacağım, gedəcəyim bütün yollar mənə yoxuş kimi görünür. Qalxa biləcəksəyəmmi? Çıxa biləcəyəmmi? Gücüm çatacaqmı? Qollarımdan, ayaqlarımdan elə bil daş asılıb. Ağırlaşmışam. Bu ağırlığın içində yaşamaq cəhənnəm əzabıdır.

Ağır, çox ağır addımlarla geri qayıdanda qaranlıqda pilləkəndə ağaran qadın ayaqqabısının tanış səsi diksindirdi məni. İtmiş məni bu səs hardan tapdı görəsən?

Hər gecə tum aldığımız dükançı kişi hər şeyi anlayırmış kimi bu dəfə əlində dondurma qabağımıza qaçırdı.

Qoşa addımların səsindən dan yeri sökülməyə başlayırdı…