Teymurləng və qarışqa
Uğursuz bir döyüşdən sonra Teymurləng qaçıb bir daşın dalında gizlənir. Ətrafına göz gəzdirir, görür ki, bir qarışqa buğda dənini daş yuxarı qaldırıb öz yuvasına aparmağa çalışır. Dən 69 dəfə aşağı düşür, nəhayət, yetmişinci dəfə qarışqa dəni apara bilir. Bunu görən Teymurləng utanır ki, bir dəfə məğlub olmaqla geri çəkilib. O, gizləndiyi yerdən çıxır, qoşunu toplayıb yenidən döyüşə girir və qalib gəlir.
Bəs kişilər hanı?
Bir gün Əmir Teymur qoşunu ilə gəlib Azərbaycana çatır. O, qarşıdakı kəndə çapar göndərir ki, qadınlar qiymətli şeylərini götürüb kənddən çıxsınlar. Bizim işimiz kişilərlədir. Onlarla vuruşmağa gəlmişik.
Qoşun çöldə gecələyərək, sübh tezdən kəndə daxil olur. Əmir Teymur kəndi bom-boş görüb mat qalır.
Əsgərlər bir qoca tapıb, onu Əmir Teymurun hüzuruna gətirirlər. Teymur qocadan soruşur:
Hanı bu kəndin kişiləri?
Qoca deyir:
Hörmətli hökmdar, siz xəbər göndərdiniz ki, qadınlar ən qiymətli şeylərini götürüb kəndi tərk etsinlər. Onlar da sizin əmrinizə əməl etdilər.
Əmir Teymur qocanın sözünün canını başa düşməyib qeyzlə deyir:
Bəs kişilər hanı?
Qoca aramla deyir:
Ey böyük hökmdar, dünyada qıza qardaşdan, anaya övladdan, qariya öz ömür-gün yoldaşından qiymətli nə ola bilər ki?
Qocanın bu cavabından Əmir Teymur dərin fikrə gedir və qoşunun kənddən çıxmasına əmr verir.
Əmir Teymur və Şair Kirmani
Bir dəfə Teymur öz sarayında şair və filosofları yığıb onlarla söhbət edirmiş. Məclisdə Teymurun sevimli şairi Kirmani də varmış. Necə olursa, söhbət insan şəxsiyyətini qiymətləndirməkdən düşür. Əmir Teymur Kirmaniyə xitabən soruşur:
— Əgər mən satılası olsaydım, sən məni neçə paraya qiymətləndirərdin?
— 25 quruşa! — deyə şair cavab verdi.
— Şair, sən bilirsən ki, mənim yalnız qurşağım bu qiymətə dəyər.
— Zatən mən də elə onu nəzərdə tuturam, — deyə şair Kirmani cavab verir.
Sonralar «Teymurnamə» əsərini yazmış şairin bu zarafatına Teymur ürəkdən gülmüşdü.
Daşlar və insanlar
Hər dəfə yürüşə çıxanda Teymurun döyüşçüləri yolda bir yerə hərəsi bir daş atırdı. Böyük bir daş təpəsi yaranırdı. Səfərdən qayıdanda hərəsi bu təpədən bir daş götürürdü. Təpə balacalanırdı. Ancaq yerdə daşlar qalırdı. Teymur ayaq saxlayıb həmin daşların önündə xəyala dalırdı, həlak olanların ruhuna dua oxuyurdu.
***
Əmir Teymur türk dünyasının ən böyük fatehlərindən biridir. O, 1336-cı ildə indiki Özbəkistanın Qaşqadərya vilayətində, hərbçi ailəsində anadan olub. Cavan ikən döyüşlərin birində sağ ayağı və çiynindən yaralanan Teymur şikəst qalıb və tarixdə daha çox “Teymurləng”, “Topal Teymur” və “Tamerlan” adı ilə yadda qalıb.
Paytaxtı Səmərqənd olan Teymurilər dövlətinin banisidir. Qızıl Orda dövlətini darmadağın edib. İran, Qafqaz, Hindistan, kiçik Asiya və digər dövlətlərə istilaçı səfərlər edib. Bu səfərlər adətən bir çox şəhərlərin dağıdılması və Teymurilər dövləti sərhədlərinin genişlənməsi ilə nəticələnib. Əmir Teymur 1405-ci ildə hərbi səfər zamanı müəmmalı surətdə dünyasını dəyişib. Paytaxt Səmərqənddə dəfn edilib.
Orta əsr bioqrafları Teymurun fitri yaddaş sahibi olduğunu, türk, fars dillərini bildiyini yazırlar. Hətta Əmir Teymur dahi sərkərdə və qəhrəmanların tarixçələrini çox yaxşı bilir və döyüşdən qabaq əsgərləri ruhlandırmaq üçün onlara danışarmış.Öz qəddarlığı ilə məşhur olan Əmir Teymur eyni zamanda elmə, incəsənətə, İslam dininə hörməti ilə də yadda qalmışdır.
Səhifəni hazırlayarkən UBP-dən də istifadə olunmuşdur.