Sonsuzluq yolçusu
Dünya möminə zindan, kafirə cənnət imiş,
İllərdir ki, bulanmış dərələrdən içirəm…
Aldığım üç-beş nəmər, sonu məzəmmət imiş,
Bir məcnun havasında bir səhradan keçirəm.
Bir həsrət var içimdə alov-alov şahlanan,
Bir sevdam var qəlbimdə — yaşamağa səbəbim.
Bir hal var üzərimdə şərirlərcə yuhlanan,
Qütsilərin sözüncə davam, ilhamım, təbim.
Ömrüm ciyərlərimdə tükənir nəfəs-nəfəs,
Ruhumsa bədənimin zindanını yaşayır.
Cazibə, ətrafında hörgülənmiş bir qəfəs,
Pərvanətək ömrünün son anını yaşayır.
Çöllərin ortasında qalmış bir quş kimiyəm,
Qovuşsam vüslatımın sayrışan səmasına!
…Sanki gedən sürüdən dala qalmış kimiyəm
Qoyulası son parça, nəqqaşın butasına.