Elsevər Bəydəmirli, şeir

Rüyamda gəlmişdin

Yuxuma girmişdin neçə gün öncə,
Eynən əvvəlkitək cilvələnirdin.
Necə şənlənmişdim səni görüncə,
Nur olub ruhuma səpələnirdin!

 

Mənmi, yoxsa, sənmi yarıtmaz oldun?
Sözlü olammadıq, mənə söz oldun.
Elə yuxum kimi əlçatmaz oldun,
Qismətin deyilsə, nə dilənirdin?

 

Könlümü ney kimi dilləndirən qız!
Ey xəyal dünyamı tülləndirən qız!
Məni yuxularda əyləndirən qız,
Niyə nazlanırdın, qürrələnirdin?

 

Yoxdur etibarı bu dünyanın da…
Qəlbində olsam da, yoxam yanında.
Durub atangilin yan eyvanında,
Baxıb yola sarı gileylənirdin…

 

…O ev də bəxtintək boş qalıb, gözəl,
İllərdir gözyaşım boşalıb, gözəl,
Gəmim başqa yönə baş alıb, gözəl,
Sən köhnə sahildə yelpələnirdin.