Yol üstəyəm
Nə özümün, nə dünyanın sahibiyəm,
Yollar gedir, mən gedirəm, yol üstəyəm.
Nə yaşamın, nə bir anın sahibiyəm,
İllər gedir, mən gedirəm, yol üstəyəm.
Yol alsan da bu dünyaya min həvəstə,
Nə sanırsan, bir canın var tükün üstə.
Kimsə qalmır, gələn gedir dəstə-dəstə,
Ellər gedir, mən gedirəm, yol üstəyəm.
Hər gözəllik yol üstündən əl sallıyar,
Yaz gələndə min çiçəyin min ətri var.
Payız gəlir, xəzan olur bahar-bahar,
Güllər gedir, mən gedirəm yol üstəyəm.
Xoş günümüz, bəd günümüz bir nidalıq,
Aldanırıq bu dünyaya, xam xəyalıq.
Hamı birdir, heç kimə yox ayrıcalıq,
Minlər gedir, mən gedirəm yol üstəyəm.