Elsevər Bəydəmirli, şeirlər

Elsevər Bəydəmirli

Başına dönüm

 

Eşitdim yenə də yar diyarında,

Tüğyan edər sellər, başına dönüm!

Hər şey durub “O”-nun ixtiyarında,

Tufan edər yellər, başına dönüm!

 

Dolu alır bərəkəti, varlığı,

Əcəb fələk niyə verir darlığı?

İnsanların Haqqa asikarlığı,

Üsyan edər ellər, başına dönüm!

 

Bəzən min hikmət var bir müsibətdə,

Xeyri də, şəri də ekiz surətdə.

Qəm eyləmə, belə getməz əlbətdə,

Cövlan edər güllər, başına dönüm!

 

Tərk etdiyim iki gözü qubar da,

Deyir, sən gəlmirsən, gəlmir bahar da,

Nəyi gözləyirsən qürbət diyarda,

Əfqan edər yollar, başına dönüm!

 

Geri sar zamanı, bir anlıq da gəl,

İndi yaşlanmısan, cavanlıqda gəl,

Nişan payı gətir, qurbanlıqda gəl,

Bayram edər tellər, başına dönüm!

 

Gözlənən sabahlar

 

Gözləyən gözlərin kökü saraldı,

Gözlənən sabahlar doğulacaqmı!?

Hələ açılmadan gülü xar aldı,

Yoxsa haşa, solub soğulacaqmı!?

 

Deyəsən, hələ də qışdı bu fəsil,

Ancaq nur toputək bahara gəbə.

Hanı gözlədiyin o altın nəsil?

Gecikir bu qatar hansı səbəbə?

 

Bu çağdaş aydınlıq boğur canımı,

Öz saxta və zifri qaranlığında…

Elə bir qovğa ki, yoxdur tanımı,

Xeyir, şər durubdu bir anlığımda…

 

Sənin hikmətindən sual olunmaz,

Mənim də amacım küstahlıq deyil!

Sənin vədin haqqdır belə qalınmaz,

Lütf eylə düzəlsin qutsal şəmail!

 

Mən necə qoruyum özümdən məni

 

Mən necə qoruyum özümdən məni?

Sərsəm hisslərimlə gəzəmmirəmki

İlahi, sınama dözümnən məni,

Ən adi şeylərə dözəmmirəmki,

Mən özüm özümü sezəmmirəmki!

 

Özüm yük oluram özüm çəkəni,

Özüm dağıdıram özüm tikəni.

Qəlbimə xar salan qara ləkəni,

Ayağım altında əzəmmirəmki,

Mən özüm – özümü sezəmmirəmki.

 

İlahi nəzərdən salma bu qulu!

Mən aciz olsam da sən uca, ulu.

Cızma-qara gedir bir ömür yolu,

Səlis iki heca yazammıramki,

Mən özüm özümü sezəmmirəmki.

 

Şeytan drijoru şər aryasının,

Toruna düşürəm hər furyasının.

Milyonları udan şər dəryasının

Axınına qarşı üzəmmirəmki,

Mən özüm özümü sezəmmirəmki.

 

İlahi azaram, yol göstərməsən,

Kim təmizlər məni yuyub sərməsən!

Sənin özün mənə kopya verməsən,

Verdiyin tənliyi çözəmmirəmki,

Mən özüm özümü sezəmmirəmki.