Elsevər Bəydəmirli, şeirlər

Haqqı arayış

 

Dörd yanımda gəzən bu meyxoşlara,

Baxıb düşünürəm…

Dalmışam yenə…

Ya bunlar insandı, mən başqa məxluq!

Fikirlər dolaşıq, beyinlər bom-boş,

Keyf üçün yaşayan sürü, ya çoxluq!

Nə üçün yaratdın bizləri, ya rəbb?

Fikir çəmbərində qalmışam yenə…

Baxıb düşünürəm, dalmışam yenə…

Ye-iç, əylən nə gözəl bir dəb!

Bunamı yaranmış, bumudur amal?

Eləysə bədənim nəfsimə hambal!

Eləysə mənə də yazıqlar olsun!

Yox yox inanmıram!

Bu insan mükəmməl bir məxluq isə,

Burda uyuşmazlıq görünür nəsə…

Yaradan mükəmməl, yaşayış həvəs!?

Haşa! Sən etməzsən heç nəyi əbəs!

Hər şeydə bir hesab…

hər şey mükəmməl…

Demək insanda da vardır bir payə.

Onda bam-başqadır, xilqətdə qayə!

Biz səni haqqıyla bilə bilmirik!

Sənin hədəfindən azıb- aşırıq…

Haqqı unuduruq…

Yoldan çaşırıq…

Sən bizi bağışla, bağışla lütfən!

Deyəsən üzümüz dönükdür səndən!

 

Mən inanmıram

 

Bir birini yeyən bu yam-yamlara,

Sən heyvan deyirsən, mən inanmıram!

Əqidədən yoxsul bu pürkamlara,

Sən nadan deyirsən, mən inamıram!

 

Nadandan da, heyvandan da aşağı,

Məntiqi bulanlıq, sözü bayağı,

Görkəmi çil-çiraq, insan sayağı-

Sən insan deyirsən, mən inanmıram!

 

İnsanlıq xəstədir, halı naxoşdur,

Aşiq də, məşuq da sözdədir, loşdur,

Sevgisi çürükdür, sevdası boşdur,

Sən canan deyirsən, mən inanmıram!

 

Gələni götürür, canidi dünya,

Dadırsan — doymursan, anidi dünya.

Nəyinə vurulum, fanidi dünya!?

Sən heyran deyirsən, mən inanmıram!

 

Nə mən nökər gəldim, nə də sən ağa,

Ömrüm boş işlərə gedir sadağa,

Keyf damağ çəkməyə, ya kam almağa

Var imkan deyirsən, mən inanmıram!

 

İnsanlıq keçibdir şeytan səfinə,

Uymur yaradana, uyur kefinə.

Hər cür şər əməlin müəllifinə

Sən sultan deyirsən! Mən inanmıram!