Barışmağın vaxtıdır
Ayrılığa daha dözmək çətindir,
Bu həsrəti bitirməyin vaxtıdır.
Sən mənim canımsan, mən sənin ruhun,
Ruhu cana yetirməyin vaxtıdır.
.
Sənsən həyatımın naxışı, süsü,
Sənsən günahımın məhrəm örtüsü.
Yüz dəfə ortaya girsə də küsü,
Təzə biət gətirməyin vaxtıdır.
.
Ülfətimiz bu yaşacan dolubsa,
Bizdə ayrılıq yox, hələ qalıbsa,
Aramızda nə söz-söhbət olubsa,
Unutmağın, itirməyin vaxtıdır.
.
Yadındamı ilk görüşdə duyduğun,
Bir baxışda məni məndən soyduğun?
İndi isə ürəyimə qoyduğun,
İntizarı götürməyin vaxtıdır.
Qəm şikəstəsi
Üz vurmayın mənim qəmli könlümə,
Bağrım yanıq — yaralanmışam daha.
Neçə sevda girib dəmli könlümə,
Gözüm doyub, aralanmışam daha.
.
Ləzzəti yox bu dünyada bir anın,
Gözünü boyayır ancaq insanın.
Üzü haqqa axıb gedən karvanın,
Cərgəsinə sıralanmışam daha.
.
Həsrət məni qram-qram əridib,
Şərbətini ciyərimə yeridib.
Nə taparsan acıları kiridib,
Yüz yerimdən paralanmışam daha.
.
Mənimlə çəkməyin dünya davası-
Gözümdə bir qəpik hər mühtəvası!
Bostanıma çöküb xəzan havası,
Neçə dəfə uralanmışam daha.
.
Qəm dərmişəm, baxma ki, gül əkmişəm.
Tək gəlmişəm, tək gedəcəm, təkmişəm!
Yazdığımı ağ kağıza çəkmişəm,
Bunca yetər qaralanmışam daha.