VÜSLATLAR MƏNİM OLSUN
Sulara yelkən açıb ümmanlara üzürəm
Dənizlərin dibində sükutlar mənim deyil!
Baxıram ki yenədə öz dünyamda gəzirəm
Qanad açıb uçuşan qıratlar mənim deyil!
Nəyimə lazım axı kim nədənsə zad alır,
Kimi şöhrət qazanır, ad üstünə ad alır,
Uyur eyşə, işrətə, dad üstünə dad alır
O gününə gün qatan həyatlar mənim deyil!
Dünya zər-zibasını önümə atacaqsa,
İstəmirəm boşuna başımı qatacaqsa!
Boş hədəflər uğruna yeisə batacaqsa
Gümanlarda boğulan umutlar mənim deyil!
Baxıram ulduzlara uçammıram yanına,
Vəlvələ salammıram günəşlərin canına,
Madəmki gəzəmmirəm sarılıb yalmanına,
Səmalarda şahlanan buludlar mənim deyil!
Şansı axtaranların, qismətləri kəm olur
Həyatın azı sevinç, çox hissəsi qəm olur
Madəmki ləzzətlərin zəvalı ələm olur,
Təmtəraqlı düyünlər, büsatlar mənim deyil!
Sürurun puç olunca hüzünün izzət olsun!
Qoy onda ələmlərin zəvalı ləzzət olsun!
Təmtəraqlı düyünlər, büsatlar mənim deyil!
O gününə gün qatan həyatlar mənim deyil!
Heç olmazsa nə olar vüslatlar mənim olsun!
BİR FİDAN AĞLAYIR İÇİMDƏ MƏNİM
Bir şirin hüzündən süzülüb gələn,
Əriməyən qəlbimin ağuşunda boy atmış,
Düşlər bağçasından süzülüb gələn,
Neçə-neçə ümidləri oyatmış,
Bir fidan ağlayır içimdə mənim!
Əngin səmalara kök atıb gəlib,
Əlini göylərə uzadıb gəlib,
Hırçın alovlardan qorsalanmayıb,
İçimi yandırıb, özü yanmayıb,
Bir fidan ağlayır içimdə mənim!
Neçə kirpiklərdən asıb özünü,
Neçə göz yaşına qarışıb axıb,
Qəliz sınaqlara qıyıb gözünü,
Həyatın üzünə yenə dik baxıb
Bir fidan ağlayır içimdə mənim!
Həm özüm qəribəm, həm də yol qərib
Neçə yolçu qalır yolda müzdərib
Yolumda mayağım kimi qol gərib,
Bir fidan ağlayır içimdə mənim!
Sonunda anladım bir həqiqəti,
Bu fidan könlümün loğmanı imiş
Dərmanı qeyridə arama qəti
Öz dərdim özümün dərmanı imiş
Bu fidan ağlayır içimdə mənim!