Bir gün ucqar kəndlərin birindən rayon milis şöbəsinə xəbər gəlir ki, Əliqulu at kəsib ətini camaata satır. Rəis tez-tələsik OBXS əməkdaşı Nurcana tapşırır ki, get Əliqulunu qandalla gətir yanıma. Nurcan atına minib üz tutur kəndə. Hadisə yerinə çatanda görür ki, Əliqulu atın dərisini yığışdırır. Qışqıra-qışqıra Əliquluya deyir:
— Ə, bu nə ət bazarıdır? Qoyun-quzu qurtarıb, indi də keçmisən ata? Ə, mürtəd oğlu mürtəd, sən camaata at əti yedirirsən?
Əliqulu nə illah eləyir milisi başa sala bimır. Elə bu vaxt Əliqulunun zövcəsi qapıdan çıxır və üzünü milisə tutub deyir:
— Qardaş, uzaq yol gəlmisən, keç həyətə bir fincan çay verim iç. Əliqulu qaçmır ha, çay içdikdən sonra qollarını qandallayıb apararsan.
Nurcan baxıb görür ki, arvad çox gözəldi, zalımın qızında bir qaş-göz, bir əndam var ki, gəl görəsən. Tez Əliqulunun qollarını qandallayıb bərabər içəri keçirlər. Arvad bunları küləfrəngidə oturdub çay qoyur qabaqlarına. Özü isə böyürdən üstü örtülü tabağı açır, bir yekə sümüklü ət götürüb həyətə düşür. Nurcan düşünür ki, bəh-bəh arvad da əlbirdi ki, Əliquluynan. Elə ikisinin də qollarını qandallayıb birgə apararam şöbəyə. Nurcan Əliqulunun qandalının bir ucunu dəmir stola keçirib düşür arvadın dalıyca. Arvad həyətdə bir tövləyə girir, ardınca da Nurcan. Baxıb tövlədə zırpı-zırpı itləri görür. İtlər də ətin qoxusun alıb cumur ətə. Arvad dönür ki, milis əməkdaşı Nurcan yanındadı, tez itələyib salır çölə və deyir:
-Tez burdan uzaqlaş, itlər səni parça-parça edər.
Nurcan soruşur:
— Bu nə məsələdir?
Arvad cavab verir ki: Bu itlər olmasa biz qoyun-quzu saxlayıb, bu kəndin ətə olan ehtiyacını ödəyə bilmərik. Siz də bilirsiniz ki, İran tərəfdən hər gecə saysız-hesabsız iki və dörd ayaqlı canavarlar keçir dağlarımıza. Və bu itlər bizim qoyun sürüsünü o canavarlardan qoruyur. O gördüyünüz at əti isə bu heyvanlar üçündür. Yazıq at bir neçə vaxtdı azarlamışdı, sağalda bilmədik. Bu səhər durduq ki, ölüb.
Nurcanı tər basmışdı, bilmirdi arvada nə desin. Əliqulunun yanına qayıdıb başını bulaya-bulaya dedi:
-Ə, bu kənddə nə çox mərdimazar adam var…
Şöbəyə çatanda onu OBXS-in rəisi qarşıladı və tək gəlməyinə görə Nurcana tərs-tərs baxıb soruşdu:
— Yenə əlindən qaçırdın?
Nurcan cavab verdi ki, baiskarlıq eləmədim, kişi çobandı, ölən atını doğrayıb itlərinə yedirdir…
Kazım Səfəroğlu
Şair-publisist.