“ƏLİ və NİNO” ( roman, XXVlll FƏSIL) QURBAN SƏİD

Qurban Səid (M.Əsəd Bəy)

Beydemir.ru saytı mühacir yazıçıların ən parlaq nümayəndələrindən olan Məhəmməd Əsəd bəyin Qurban Səid təxəllüsü ilə yazdığl’ «Əli və Nino» romanını diqqətinizə təqdim edir. Roman haqlı olaraq dünya ədəbiyyatının incilərindən sayılır.

 

İYİRMİSƏKKİZİNCİ FƏSİL

«Mürəkkəbiniz var?» — «Xeyr, mürəkkəbim yoxdur, ancaq nökərim sağ qıçını sındırıb».

«Səyahəti sevirsiz?» — «Bəli, səyahəti sevirəm, amma axşamlar meyvə yeməyi xoşlayıram».

Dərsliyin tapşırıq cümlələri bu cür giclikdən ibarət idi. Nino kitabı örtdü.

— Düşünürəm ki, döyüşə duruş gətirmək üçün ingiliscəni yetərincə bilirik, amma sən haçansa viskinin dadına baxmısanmı?

— Nino, — heyrətlə səsimi qaldırdım; — sən dərsliyin müəllifi kimi danışırsan?

— Asan qavranılan səfehlik, Əli xan, vətənə tərs anlaşılan xidmətdən irəli gələrək. Bugün axşam kimlər gəlir ki?

Səsində süni bir etinasızlıq vardı.

Bugün evimizi şərəfləndirməli olan ingilis məmurlarının və zabitlərinin adını sadaladım. Nino kirmiş bir vüqarla qabağa baxdı. Bildi ki, Azərbaycanın heç bir nazirinin, heç bir generalının malik olmadığına onun əri malikdir: Qərb manerasından xəbərdar, knyaz soylu, ingilis dilini bilən bir qadına. Bal paltarını dartışdırıb sınayıcı nəzərlərlə güzgüyə baxdı.

— Mən viskinin dadına baxmışam, — dalğın-dalğın dedi, — acı dadıyır və çox iyrəncdir. Yəqin buna görə də onu soda- lı su ilə qarışdırırlar.

Əlimi kürəyinə qoydum və gözləri minnətdarlıqla üzümə baxdı:

— Qəribə həyat sürürük, Əli xan. Bir dəfə sən məni hə- rəmxanaya salırsan, sonra da mən ölkəmizin mədəni tərəqqisinin timsalı kimi qulluq göstərirəm.

Aşağıya, qəbul otağına düşdük. Əwəlcədən öyrədilmiş xidmətçilər divarlar boyu düzülmüşdü və həmin divarlar dan mənzərə və heyvan şəkilləri asılmışdı. Künclərdə yumşaq klub kürsüləri qoyulmuşdu və masaları güllər bəzəyirdi.

— Yadındadır, Əli xan? — Nino dilləndi, — vaxt vardı, mən sənə qulluq göstərirdim, dərədən aula su daşıyanda.

— Hansı qulluq daha çox xoşuna gəlir?

 

Ninonun gözləri xəyallandı, cavab vermədi. Qapının zəngi çalındı və Ninonun dodaqları həyəcandan səyridi. Gələnlər isə yalnız knyaz ailəsi idi. Bir də parad geyimində İlyas bəy. O, sınayıcı baxışlarla zalları gəzib məftunluqla baş endirdi.

— Gərək mən də evlənəm, Əli xan, — ağır-ağır dilləndi, — Ninonun əmiqızları yoxdur ki?

Qapının ağzında dayanmışdıq, Nino ilə mən və güclü ingilis əllərini sıxırdıq. Zabitlər boydan uca idilər, qızarttaq sifətləri vardı. Qadınlar əlcək geymişdi, mavi gözləri vardı və mərhəmətlə, maraqla gülümsəyirdilər. Bəlkə də xacələr tərəfindən qarşılanacaqlarını və göbək rəqqasələri tərəfindən əyləndiriləcəklərini gözləyirlərmiş. Bunların əvəzində gözəl təlim görmüş xidmətçilər gəldi, xörəklər sol tərəfdən süfrəyə düzüldü və divarlardan yaşıl çəmənliklər və yarış atları boylandı. Cavan leytenantlardan biri viski ilə badəsini doldurtdurub təklif olunan sodalı suya məhəl qoymadan başına çəkəndə Ninonun nəfəsi təngidi. Söhbətlərin qırıq- qəlpələri otaqı dolaşdı və onlar dərsliyin sözləri kimi qəddar səfehliklə dolu idi:

«Çoxdan evlisiniz, xanım Şirvanşir? — «İki ilə yaxındır».

«Bəli, toy,səfərimizi İrana etdik». «Ərim at sürməyi xoşlayır».

«Xeyr, o, polo oynayır».

«Şəhərimiz xoşunuza gəlir?» «Çox sevinirəm». «Amma Allah xatirinə! Biz ki vəhşi deyilik! Çoxdandır Azərbaycanda çoxarvadlılıq yoxdur. Xacələr barədə yalnız romanlarda oxumuşam».

Nino mənə doğru baxdı və qızarttaq burun pərələri gülməkdən titrəyirdi. Bir mayor arvadı hətta Ninodan soruşmuşdu ki, haçansa operada olubmu.

— Bəli, — o, astadan cavab vermişdi, — yazıb-oxumağı da bacarıram.

Mayor arvadı donub-qalmışdı və Nino ona bir dilim sendviç vermişdi.

Cavan ingilislər, məmur və zabitlər Ninonun qarşısında baş əyir və əlləri onun incə bədəninə toxunurdu, baxışları da çılpaq kürəyini yalayırdı.

Üzümü kənara çevirdim. Əsədulla küncün birində dayanıb arxayınca siqar çəkirdi. Onun özü heç vaxt, heç vədə arvadını bu qədər yad kişinin baxışına rəva bilməzdi. Ancaq Nino gürcü qızı, xristian idi və əllərini, gözlərini, kürəyini yad baxışlara tapşırmaq üçün nəzərdə tutulmuşdu.

 

Məni hirs və həya bürüdü. Danışıqların qəlpələri qulağıma dəyib abırsız və həyasız səslənirdi. Gözlərimi yerə dikdim. Nino zalın o biri başında dayanmışdı, yadların əhatəsində.

— Təşəkkürlər, — birdən o, boğuq səslə dilləndi, — sağ olun, çox lütfkarsınız.

Başımı qaldırdım və onun qıpqırmızı qızarmış, qorxmuş sifətini gördüm. Zalboyu yeriyib qarşımda dayandı. Əli qoluma toxundu, sanki sığınacaq axtarırdı.

— Əli xan, — astadan dilləndi, — Tehranda xalalarının və əmiqızlarının yanında olarkən mən özümü necə hiss edirdimsə, sən indi özünü o cür hiss edirsən. Bu qədər kişi ilə mən neyləyim? İstəmirəm, özümə bu şəkildə baxdıram.

Sonra geriyə qanrıldı və mayor arvadının əlindən tutdu. Onların danışığını eşitdim:

— Siz gərək bir dəfə bizim yerli teatra gedəsiniz. Şeks- pir hazırda Azərbaycan dilinə tərcümə olunur. Gələn həftə «Hamlet»in ilk tamaşası olacaq.

Alnımın tərini silib qonaqpərvərliyin ciddi qaydaları haqqında düşündüm. Qədim kəlamlardan biri deyirdi:

«Qonaq sənin yeganə oğlunun kəsilmiş başı ilə evinə gəlirsə, sən onda da onu qəbul edib qulluq göstərməli və qonağa izzət izhar etməlisən.

Müdrik qaydadır. Amma ona əməl etmək çox çətin olur.

Saysız badələrə viski və konyak süzdüm. Zabitlər siqar çəkirdi, ancaq heç biri ayağını masanın üstünə qoymurdu.

— Sizin füsunkar xanımınız və ecazkar eviniz var, Əli xan, — gənc zabitlərdən biri iztirabımı artırdı.

Yəqin öyrənməyiniz çox qəribə olardı ki, onu şillədən yalnız siyasi mülahizələr xilas etdi. Kafir bir köpək arvadımın gözəlliyinə açıq-aşkar tərif deməyə ürək edirdi! Ona konyak süzəndə əlim əsdi və bir-iki damcı qırağa düşdü.

Əynində ağ smokinq köynək olan ağbığ, yaşlı bir məmur küncdə oturmuşdu. Ona bişi təklif etdim. Uzunsov, saralmış dişləri və gödək barmaqları vardı.

— Siz həddən artıq avropasayağı həyat sürürsünüz, Əli xan, — tər-təmiz fars dilində dedi.

— Ölkəmizdə adi hal almış bir tərzdə yaşayıram. Sınayıcı nəzərlərlə məni süzdü:

 

— Deyəsən İranla Azərbaycan arasında çox böyük mədəni fərq var.

— Bəs nə?! Biz bir neçə əsr qabaqdayıq. Təsəvvürünüzə gətirin ki, bizim nəhəng sənayemiz və dəmiryol şəbəkəmiz var. Təəssüflər ki, rus hökuməti mədəni inkişafımızı boğmuşdu. Həkim və müəllimlərimizin sayı çox deyil. Eşitdiyimə görə hökumət bir sıra istedadlı gəncləri Avropaya göndərmək niyyətindədir ki, onlar Rusiyanın boyunduruğu altında itirdiklərinə yetişsinlər.

Bir xeyli beləcə danışıb ona viski süzmək istədim, ancaq o içmirdi.

— Mən iyirmi il İranda konsul olmuşam, — dedi. — Şərq mədəniyyətinin qədim təbii formalarının dağılmasını, bugünkü şərqlilərin bizim sivilzasionun arxasınca qaçıb öz ulularının adət- ənənələrinə nifrətlə yanaşmalarını görmək çox ağrılıdır. Amma bəlkə də haqlıdırlar. Onların həyat tərzi əvvəl-axır öz şəxsi işidir. Hər halda etiraf edim ki, ölkəmiz elə Mərkəzi Amerika respublikaları kimi müstəqil olmağa tam hazırdır. Düşünürəm ki, hökumətimiz Azərbaycanın müstəqilliyini tezliklə tanıyacaq.

Öküz olmağına öküz idim, amma qonaqlıq qarşıya qoyulan məqsədə nail olmuşdu. Zalın o biri başında Ninonun knyaz valideynləri və İlyas bəy tərəfindən qarşısı kəsilərək xarici işlər naziri Əsədulla dayanmışdı. Zalı dolaşdım.

— Qoca nə deyir? — Əsədulla tələsik soruşdu.

— Deyir, mən öküzəm, amma müstəqilliyimizin İngiltərə tərəfindən tanınması gündəmdə durur.

Mirzə Əsədulla yüngülləşib köksünü ötürdü:

— Siz heç də öküz deyilsiniz, Əli xan.

— Təşəkkürlər, cənab nazir, amma məncə elə oyam.

Əlimi sıxıb qonaqlarla sağollaşdı. Çıxışda Ninonun əlini öpərkən ona sirli bir təbəssümlə nəsə pıçıldadığını eşitdim. Anlaşıqlı şəkildə baş endirdi.

Qonaqlar gecə yarısı getdilər, zaldan tütün və içki iyi gəlirdi. Yorğun-arğın, lakin yüngüllüklə qalxıb yataq otağına getdik və qəfildən qəribə bir şuxluq bizi çulğadı. Nino ayaqqabılarını bir küncə atdı, çarpayının üstünə sıçrayıb yayın üstündə hoppanmağa başladı. Burnunu yığışdırıb alt dodağını irəli uzatdı və bu zaman balaca əl meymununa bənzədi. Ovurdlarını şişirdib hər iki şəhadət barmağını

 

gərilmiş dərisinə toxundurdu, hava onun dodaqlarını bir-birindən araladı və bu, atəş kimi səsləndi.

Vətənin xilaskarı kimi xoşuna gəlirəmmi? — Ucadan dedi. Sonra çarpayıdan yerə enib güzgüyə doğru getdi və məftunluqla özünə tamaş etdi. — Nino xanım Şirvaşir, Azərbaycanın Janna D’Arkı. Mayor arvadlarını məftun edir vo özünü elə aparır ki, guya ömründə xacə-zad görməyib.

Gülüb əlini-əlinə vurdu. Əynində kürəyi dərin kəsilmiş açıq rəngli bal paltarı vardı. İncə qulağından sallaq sırğalar asılmışdı. Boynundakı mirvari boyunbağı çıraq işığında solğun-solğun işıldayırdı. Gözləri cüyür gözlərinə bənzəyirdi və körpəsəl idi, qara saçları boynuna tökülürdü. Güzgünün qabağında dayanmışdı və bu yeni gözəlliyində cazibədar idi.

Ona yaxınlaşdım, gözlərim önündə xoşbəxtcəsinə işıldayan gözlərlə avropalı bir prinses dayanmışdı. Onu qucaqladım və sanki bunu həyatda ilk dəfə etdiyimi duydum. Kövrək, ətirli dərisi vardı və dodaqlarının arxasında dişləri ağ daşlar kimi bərq vururdu. Biz birinci dəfə çarpayının qırağında oturduq. Qucağımda avropalı bir qadın tutmuşdum. Uzun tutaş kirpikləri yanağıma toxundu, incə-incə göz vurdu və heç vaxt belə gözəl olmamışdı. Çənəsindən yapışıb başını yuxarı qaldırdım. Ağ uzunsov sifəti, nəm, təşnə dodaqları və yarıqapalı kirpiklərinin arxasındakı həsrətli gözləri nəzərimdən qaçmadı. Boynunun ardını sığalladım və xırda başı gücsüzləşib əllərimə düşdü. Sifətində həsrət və fəda vardı. Əynindəki bal paltarını və açılmış yorğanlı, sərin mələfəli Avropa çarpayısını yerli- dibli unutdum. Onu aulda, Dağıstanda gördüm, yarıçılpaq, torpaq döşəmənin dar həsiri üstündə. Əllərim kürəyinə dolandı və biz birdən-birə gerli-geyincəkli solğun Girman xalçasının üstündə uzandıq, təkəbbürlü, dəbdəbəli Avropa çarpayısının ayaq ucunda. İncə xalçanın üstündə Ninonun sifətini və ağrılı nəşədə qaşlarının çatıldığını gördüm. Nəfəsini dinlədim, dar əndamlarının sərt yumrularını duydum və sinli ingilisi, gənc zabitləri və respublikamızın gələcəyini yerli-dibli unutdum.

Axırda sakitcə yan-yana uzanıb başımızın üstündəki iri güzgüyə baxdıq.

— Paltardan əlini üz, — dedi və bu, böyük xoşbəxtliyin etirafı kimi səsləndi. Sonra xalçanın üstündə oturduq. Nino başını

 

qucağımda yırğalayıb öz-özünə dedi. — Mayor arvadı buna nə deyərdi?! Deyərdi: Çarpayıların bura nə üçün qoyulduğunu Əli xan bilmir ki? — Yerindən qalxıb xırda ayağı ilə dizimə vurdu. — Cənab atteşe soyunub diplomatik aləmin hamı tərəfindən qəbul olunmuş qaydalarına əməl edərək ər-arvad çarpayısında öz yerini tutmaq qərarına gəlməyəcəkmi? Xalça üstdə eşələnən ateşelərə harda rast gəlinib?

Yerimdən qalxdım, alayuxulu deyinə-deyinə paltarımı soyunub Ninonun yanında iki mələfənin arasına girdim.

* * *

Günlər, həftələr ötdü. Qonaqlar gəlir, viski içir və evimizi tərifləyirdi. Ninonun gürcü qonaqpərvərliyi bütün çılğınlığı ilə açılırdı. O, gənc leytenantlarla rəqs, yaşlı kapitanlarla oynaq xəstəliyi barədə söhbət edirdi. İngilis xanımlarına çariça Tamar çağlarından danışır və onlarda belə bir inam yaradırdı ki, böyük çariça Azərbaycana da hökmranlıq edib. Mən nazirlikdə otururdum, böyük bir otaqda tək-tənha, diplomatik notaların əlyazmalarını hazırlayır, xaricdəki nümayəndələrimizin məlumatlarını oxuyur və pəncərədən dənizi seyr edirdim. Nino məni işdən evə götürürdü, qadınsal, şux- şaqraq idi, qayğısız məftunluq içində üzürdü. Xarici İşlər naziri Əsədulla ilə heyrətamiz bir dostluq qurmuşdu. Əsədulla bizə gələndə ona qulluq edir, sosial məsələlərdə məsləhətlər verir və mən hərdən hər ikisini gizli pıçıldaşaraq evin bir küncündə tapırdım.

— Mirzədən nə istəyirsən? — Soruşdum və gülüb başa saldı ki, protokol şöbəsinin ilk qadın rəhbəri olmaq onun şakəridir.

Yazı masanın üstündə məktublar, məlumatlar və memorandumlar qalaqlanmışdı. Yeni dövlət quruculuğu tamaxarında idi və yeni rəmzimizin başını çəkən məktub qalaqlarını və sənədləri saxlamaq gözəl idi.

Kuryer qəzetləri gətirəndə günortaya az qalmışdı. Dövlət qəzetini açdım və üçüncü səhifədə qara hərflərlə adımın çap olunduğunu gördüm. Altında yazılmışdı: «Xarici İşlər Nazirliyinin ateşesi Əli xan Şirvanşirə Parisdə səfirlik səlahiyyəti verilir».

Bunun ardınca məni yüksək şəkildə səciyyələndirən və şəksiz- şübhəsiz Arslan ağanın qələmindən çıxan uzun- uzadı bir məqalə gəlirdi.

 

Yerimdən sıçrayıb dəhlizə, nazirin kabinetinə yollandım. Dartıb qapını açdım.

— Mirzə Əsədulla, — ucadan səsləndim, — bu nə deməkdir?

— Eh, — gülümsədi, — sürprizdir, dostum. Xanımınıza söz vermişdim. Nino ilə Siz öz yerinizi Parisdə tapa bilərsiniz.

Qəzeti küncə atdım, məni çılğın bir hirs çulğadı.

— Mirzə, — səsimi başıma atdım, — elə bir qanun yoxdur ki, məni illəruzunu vətəni tərk etməyə məcbur edə bilsin.

Təəccüblə mənə baxdı.

— Nə istəyirsiz, Əli xan? Bu vəzifə bizim xidmətdə ən şərəfli vəzifədir. Siz də buna layiqsiniz.

— Amma mən Parisə getmək istəmirəm, məni buna məcbur etsəniz, işdən çıxacam. Yad dünyadan, yad küçələrdən, insanlardan və onların adət-ənənələrindən zəhləm gedir. Ancaq bunu siz heç vaxt başa düşməzsiniz, Mirzə!

— Niyə ki, — ədəblə dilləndi, — çox israr etsəniz, burda da qala bilərsiniz.

Evə götürüldüm, qaça-qaça pillələri qalxdım.

— Nino, — dedim, — bacarmaram, sadəcə bacarmaram. Sapsarı saraldı, əlləri əsdi.

— Niyə ki, Əli xan?

Nino, məni düz başa düş. Mən başımın üstündəki yastı damı, çölü və dənizi sevirəm. Bu şəhəri, qədim qala divarını, dar küçələrdəki məscidləri sevirəm və Şərqdən qırağa çıxsam, boğularam, balıq sudan çıxanda boğulduğu kimi.

O, bir anlığa gözlərini yumdu.

— Heyif, — astadan dilləndi və bu sözün səslənişindən ürəyim ağrıdı. Oturdum, əlindən tutdum.

— Sən İranda necə bədbəxt idinsə, mən də Parisdə elə bədbəxt olacam. Özümü yad hərkiliyin ağuşuna atılmış hiss edəcəm. Şimrandakı hərəmxananı yadına sal. Sən Asiyaya dözmədiyin kimi, mən də Avropaya dözməyəcəm. Gəl Asiya ilə Avropanın hiss edilmədən çulğalaşdığı Bakıda qalaq. Parisə gedə bilmərəm, orda nə məscid, nə qədim qala divarı, nə də Seyid Mustafa var. Mən vaxtaşırı gərək Asiya mənəviyyatından qidalanam, bizə təşrif buyuran saysız əcnəbiiərə duruş gətirmək üçün Parisdə səndən zəhləm gedəcək,

 

sənin məhərrəmlikdə məndən zəhlən getdiyi kimi. Bəlkə də belə tezliklə yox, amma haçansa, hansısa karnavaldan, yaxud baldan sonra qəfildən sənə nifrət etməyə başlayacam, məni içinə salmağa məcbur etmək istədiyin aləmə görə. Ona görə də burda qalıram, hər nə baş verməsindən asılı olmayaraq. Mən bu ölkədə doğulmuşam, burda da ölmək istəyirəm.

Mən danışdıqca o susurdu və sözümü sona çatdıranda mənə doğru əyildi, əli saçlarımı sığalladı:

— Ninonu bağışla, Əli xan. Axmaqlıq etmişəm. Bilmirəm, niyə fikirləşmişəm ki, sən məndən tez dəyişə bilərsən. Burda qalırıq və bir daha Parisdən söz salmırıq. Sən Asiya şəhərinə, mən də avropasayağı evə sahib oluram.

Nəvazişlə məni öpdü və gözlərinə işıq qondu.

— Nino, mənə arvad olmaq çətindirmi?

—  Yox, Əli xan, amma gərək ağıllı qadın olasan. Barmaqları üzümdə gəzdi. Güclü qadın idi mənim Ni-

nom. Bilirdim ki, ən gözəl xülyasını tar-mar etmişəm. Onu dizimin üstünə aldım:

Nino, uşaq dünyaya gələndən sonra Parisə, Londona, Berlinə, ya da Romaya gedərik. Toy gəzimizin birini hələ etməmişik. Hara xoşuna gəlsə, orda qalarıq, bütün yayı. Və hər il təzədən Avropaya gedərik, mən qəddar deyiləm axı. Amma qismətimə düşən ölkədə yaşamaq istəyirəm, çünki mən çölümüzün, qumumuzun, günəşimizin övladıyam.

— Elədir, — dedi, — özü də çox yaxşı övladı və gəl Avropanı unudaq. Amma sənin bətnimdə gəzdirdiyim uşağın nə çölün, nə də qumun övladı, sadəcə Əli və Ninonun övladı olmalıdır. Razılaşdıq?

— Razılaşdıq, — dedim və bildim ki, gələcək avropalının atası olmağıma öz razılığımı verdim…

Sonu var