“ƏLİ və NİNO” ( roman, XXlX FƏSIL) QURBAN SƏİD

Qurban Səid (M.Əsəd Bəy)

Beydemir.ru saytı mühacir yazıçıların ən parlaq nümayəndələrindən olan Məhəmməd Əsəd bəyin Qurban Səid təxəllüsü ilə yazdığl’ «Əli və Nino» romanını diqqətinizə təqdim edir. Roman haqlı olaraq dünya ədəbiyyatının incilərindən sayılır.

 

İYİRMİDOQQUZUNCU FƏSİL

— Anan səni çox çətin doğdu, Əli xan, və o vaxtlar biz qadınlara avropalı həkim çağırmırdıq. — Atam evimizin damında mənimlə üzbəüz oturub sakit, ağrılı bir səslə danışırdı. — Sancılar güclənəndə anana əzilmiş türkis və yaqut tozu verdik. Amma köməyi dəymədi. Göbək ipini otağın şərq divarına, qılıncla Quranın yanına qoyduq ki, dindar və cəsur olasan. Sonralar sən onu həmayil kimi boynunda gəzdirdin və heç vaxt xəstələnmədin. Üç yaşın tamam olanda göbək kəndirini açıb tulladın və bundan dərhal sonra xəstələndin. Əvvəlcə xəstəliyini sağaltmağa çalışdıq, otağına üzüm, şirniyyat qoyduq. Boyanmış xoruzu otağına buraxdıq, amma xəstəlik onda da əl çəkmədi. Sonra dağlardan bilgili bir kişi gəldi və özü ilə bir inək gətirdi. İnəyi kəsdik, həmin bilgili kişi inəyin qarnını yarıb və içalatını çıxartdı. Səni inəyin qarnına qoydu. Üç saatdan sonra səni oradan çıxaranda dərin qıpqırmızı olmuşdu. Həmin andan sonra sən sappasağ oldun.

Evdən uzun, küt bir qışqırtı gəldi. Mən qımıldanmadan yerimdə oturmuşdum və içimdəki hər şey qulaq kəsilmişdi. Qışqırtı təkrarlandı, uzun-uzadı, fəryadla.

— İndi sənə qarğayır, — atam arxayın-arxayın dilləndi, — istənilən qadın doğuş zamanı ərinə qarğayır. Əvvəllər qadın doğuşdan sonra bir erkək kəsdirib onun qanını ərinin və uşağın yatağına çilədərdi ki, sancı çəkərkən hər ikisinə etdiyi qarğışı dəf etsin.

— Nə qədər çəkər, ata?

— Beş, altı, bəlkə də on saat. Beldən çox nazikdir.

Susdu. Bəlkə də öz arvadını düşündü, doğuş yatağında ölmüş anamı. Birdən yerindən qalxdı.

— Gəl, — dedi və biz damın ortasındakı qoşa qırmızı namaz xalçasının yanına getdik. Xalçaların baş ucu Məkkəyə, müqəddəs Kəəbə istiqamətinə tuşlanmışdı. Ayaqqabılarımızı çıxardıq, xalçanın üstündə dayanıb sağ əlin ovcu ilə sol əlin arxasını örtərək əllərimizi çarpazladıq.

 

— Əlimizdən yalnız bu gəlir, amma bu, həkimlərin bütün bilgisindən xeyli çoxdur.

Atam qabağa əyilib namazın ərəb kəlmələrini söylədi:

Bismi illahi ər-rəhmani rəhim. — Acıyan və bağışlayan Allahın adı ilə…

Təkrarladım. Namaz xalçasının üstündə səcdəyə endim və alnım yerə toxundu.

… Ahəmdu lillahi rəbi-l-aləmin, ərrəhmani, rəhim, maliki yaumi din — Allaha, aləmlərin rəbbinə, Acıyana, Bağışlayana, qiyamət gününün rəbbinə həmd olsun …

Xalçanın üstünə oturdum və əllərim üzümü qapadı. Ni- nonun qışqırtıları qulağımı silib-keçirdi, fəqət mən onları daha qəbul etmirdim. Dodaqlarım özü-özünə Quranın cümlələrini söyləyirdi:

… İyyakə nə budu və iyyakə nəstəin — Sənə etiram edirik və Səndən mərhəmət diləyirik …

Əllərim indi dizlərimin üstündəydi. Tam sakitlik idi və mən atamın pıçıltısını eşitdim:

… İhdina siratal-mustağim sirata l-lazina ənəmtə əlay- him … — Bizi doğru yola yönəlt, o kəslərin yoluna ki, onlara mərhəmətlisən …

Namaz xalçasının qırmızı xətləri gözlərim önündə qarışdı. Üzümü xalçanın üstünə qoydum.

… ğayra l-maqzumi əleyhim vəla zalim … — onlara qəzəblənmirsən və onları əyri yola aparmırsan.

Beləcə biz Rəbbin hüzurunda torpağa döşəndik. Allahın bir vaxtlar Məkkədə ərəb köçərilərinin yad dilində Peyğəmbərə çatdırdığı namaz kəlmələrini təkrar-təkrar zikr etdik. Ninonun qışqırtısı kəsdi. Xalçanın üstündə bardaş qurub oturdum, təsbehin dənələri barmaqlarım arasında axdı və dodaqlarım Rəbbin Dtuzüç adını pıçıldadı.

Kimsə kürəyimə tcxundu. Başımı qaldırdım, gülər bir üz gördüm və anlaşıqsız kəlmələr eşitdim. Yerimdən qalxdım. Atamın baxışlarımı üstümdə hiss etdim və pillələri ağır-ağır aşağı düşdüm.

Ninonun otağına açılan pəncərələr pərdələnmişdi. Çarpayıya yaxınlaşdım. Njnonun gözü yaşla dolmuşdu. Yanaqları sallanmışdı. Kimişcə gülümsədi və birdən az-çox öyrəndiyi tatarca, xalqımızın sadə dilində dedi:

— Kızdır, Əli xan, çox güzəl bir kız. O kadar bahtiyarım. — Qızdır, Əli xan, çox güzəl bir qız, elə bəxtiyaram.

Soyuq əllərindən tutdum və o gözlərini yumdu.

 

— Qoyma yatsın, Əli xan, hələ bir müddət oyaq qalmalıdır, — kimsə arxamdan qjlləndi.

Ninonun qurumuş dodaqlarını sığalladım və o, üzümə baxdı, yorğun-üzgün. Ağ ətəkli bir qadın çarpayıya yaxınlaşdı. Bələyi mənə uzatdı və mən xırda barmaqlı, iri, ifadəsiz gözləri olan körpə, qırışlı bir oyuncaq gördüm. Oyuncaq üz-gözünü qırışdırıb ağlayırdı.

— Necə də gözəldir, . Nino titrək-titrək dillənib oyuncağın hərəkətlərini yamsilayaraq barmaqlarını qatladı. Əlimi qaldırıb qorxa-qorxa bəiəyə toxundurdum, amma oyuncaq üz-gözünü qırışdırıb əməllicə-başlıca yatırdı.

— Adını Tamar qoyarıq, liseyin şərəfinə, — Nino pıçıldadı və mən başımla təsdiqlədim, çünki Tamar yaxşı ad idi, xristian və müsəlmanlar-da eyni dərəcədə işlək idi.

Kimsə məni otaqdan çıxartdı. Maraqlı baxışlar məni süzdü və atam əlimdən tutdu. Biz həyətə endik.

— Gəl atları minib çölə çapaq, — dedi, — Nino birazdan yuxuya gedə bilər.

Atlara minib sarımtıl qum təpələri ilə dördnala çapdıq. Atam nəsə deyirdi, ancaq mən güc-bəla anladım ki, təsəlli verməyə çalışır. Anlamadım niyə, çünki mən üz-gözündən düşüncə yağan, gözləri heç nə ifadə etməyən qırışlı, yatmış qızımın dünyaya gəlişindən qürur duyurdum.

* * *

Günlər təsbeh daşları kimi ötüb keçirdi. Nino oyuncağa döş verirdi. Gecələr ona astadan gürcü laylaları oxuyur, özünün balaca, qırışlı əksinə baxanda başını bulayırdı. Mənə qarşı indiyə qədərkindən xeyli qəddar və təkəbbürlü idi, çünki mən doğmağa, əmizdirməyə və bələməyə qadir olmayan kişi idim. Nazirlikdə oturub sənədlərin içində eşələnirdim və Nino mərhəmət göstərib mənə zəng edir, nəhəng olaylardan, əsrarəngiz işlərdən məlumat çatdırırdı:

«Əli xan, oyuncaq gülüb əlini günəşə uzatdı».

«Çox ağıllı oyuncaqdır, Əli xan, şüşə kürəciyi ona göstərdim, o da onun ardınca baxdı».

«Qulaq as, Əli xan, oyuncaq barmağı ilə qarnının üstündə cizgilər çəkir. İstedadlı oyuncağa oxşayır».

 

Fəqət oyuncaq qarnının üstündə cizgilər çəkəndə və həyəcanlı baxışları ilə şüşə kürəciyin ardınca baxanda uzaq Avropada böyük- böyük kişilər sərhəd, ordu və dövlətlərlə oynayırdı. Masamın üstündəki məlumatları oxuyur və üstündə gələcək dünyanın şübhəli sınırları çəkilmiş xəritəyə baxırdım. Adları dilə çətin gələn sirli insanlar Versalda oturub Şərqin taleyini həll edirdi. Yalnız yeganə bir kişi, Ankaradan sarışın bir türk generalı qaliblərə qarşı hələlik ümidsiz bir müqavimət göstərirdi. Məmləkətimiz Azərbaycanın müstəqilliyi Avropa dövlətləri tərəfindən tanındı və ingilis alaylarının suveren respublikamızın ərazisindən həmişəlik çıxması xəbəri ilə İlyas bəyi ayıltmağım mənə müəyyən əzaba başa gəldi.

— Biz indi tam azadıq, — coşqunluqla dilləndi, — ölkəmizdə bir dənə də yadelli yoxdur.

Bura nəzər sal, İlyas bəy, — deyib onu xəritənin qarşısına gətirdim, — bizim doğal müdafiəçilərimiz Türkiyə və İran ola bilərdi, fəqət onların hər ikisi indi gücsüzdür. Biz havasız məkandayıq və şimaldan neftimizə susayan yüz- altmış milyon rus basqı yapır. Nəqədərki ingilislər burdadır, heç bir rus — istər qırmızısı olsun, istər ağı — sərhədi keçməyə ürək eləməz. İngilislər çıxıb gedərsə, Azərbaycanın müdafiəsinə qalxan sən olacaqsan, mən olacam, bir də kiçik məmləkətimizin üzə çıxara biləcəyi bir-iki tağım qalacaq.

— Yaxşı görək, — qayğısız-qayğısız başını buladı, — ruslarla dostluq müqavilələri bağlamağa yetərincə diplomatlarımız var. Ordu ayrı işlərə bəxır. Burda, — ölkənin cənub sərhədini göstərdi, — biz erməni sınırma getməliyik. Orda üsyanlar baş qaldırıb, savaş naziri general Mehmandar artıq əmr verib.

Onu inandırmaq əbəs idi ki, diplomatiya hərbiyyə tərəfindən dəstəklənmirsə, onun heç bir mənası yoxdur.

İngilis bölükləri çəkilib getdi, küçələr bayraqlarla bay- ramsayağı bəzədildi, qoşunlarımız erməni sınırlarına yol aldı və Yalamada, rus-Azərbaycan sərhəd məntəqəsində bir sərhəd patrul xidməti və bir neçə məmur qaldı. Nazirlikdə biz həm ağ, həm də qırmızı ruslarla bağlanacaq müqavilələri işləyib-hazırlamağa girişdik və atam geri İrana qayıtdı. Nino ilə mən onu limana qədər yola saldıq. Kişi qəmli-qəmli bizə baxdı və heç soruşmadı ki, onun nümunəsini təkrarlayacağıqmı.

— İranda neyləyəcəksən, ata?

— Yəqin ki, evlənəcəm, — arxayın-arxayın cavab verdi və hər ikimizi təntənəli, qayğılı-qayğılı öpdü, — hərdən sizə baş çəkəcəm və bu ölkə süqut edərsə, bilin ki, Mazanda- randa bir neçə mülküm var.

Gəmiyə qalxdı, göyərtədə dayanıb hələ bir xeyli bizə, qədim qala divarına, böyük Qız Qalasına, onun baxışlarından asta-asta uzaqlaşan şəhərə və çölə əl etdi.

Şəhərdə havalar isti keçirdi və nazirliyin pəncərələrindən yarımpərdə asılmışdı. Rus səlahiyyətliləri gəldi və darıxdırıcı, hiyləli sifətləri vardı. Paragraflara, abzaslara və ayaq qeydlərinə bölünən sonugörünməz müqaviləyə ətimi sız və tələsik imza atdılar.

Toz, qum küçələrimizi başına götürmüşdü, isti külək kağız parçalarını havada oynadırdı, mənim knyaz qohum larim bu yaylığına Gürcüstana getmişdi və Yalamada hələ sərhəd patrul xidməti və çox az məmur qalmışdı.

— Əsədulla, — nazirə müraciət etdim, — Yalamadan o üzdə otuz min rus dayanır.

— Bilirəm, — qaşqabaqlı dilləndi, — şəhər komendantımız deyir ki, söhbət manevrlərdən gedir.

— İşdir, birdən olmasa? Heyrətlə mənə baxdı:

— Bizim işimiz müqavilə bağlamaqdır. Qalan şeylər Allahın əlindədir.

Küçələrdə gəzdim və əllərində açıq nizə parlamentin binasını qoruyan bir neçə igid qvardiyaçı gördüm. Parlamentdə partiyalar mübahisə edir və qəsəbələrdə rus fəhlələri, hökumət nefti Rusiyaya ötürməyəcəyi təqdirdə, tətillə hədələyirdi.

Kişilər kafelərə yığışır, qəzet oxuyub nərd oynayırdı. Uşaqlar isti qumda bir-biri ilə boğuşurdu. Günəş öz istiliyini şəhərin üstündən əsirgəmirdi və minarədən çağırış səslənirdi:

«Namaza qalxın! Namaza qalxın! Namaz yuxudan ötədir!»

Yatmırdım, gözlərim yumulu xalçanın üstündə uzanmışdım və qarşımda otuz min rus əsgərinin hədəsi altında olan Yalama sərhəd məntəqəsini görürdüm.

— Nino, — dedim, — istilər düşür, uşaq günəşə öyrəşməyib, sən də ağacları, kölgəni və suyu sevirsən. Bu yayı Gürcüstana getmək istəmirsənmi?

— Yox, — ciddi dilləndi, — istəmirəm. Susdum və Nino alnını düyünlədi.

Gəlsənə, birlikdə gedək, Əli xan, şəhərdə istidir. Sənin ki Gəncədə meyvə bağının və üzümlüyün tən ortasında mülkün var. Gedək ora, ora sənə dosdoğmadır, körpə də kölgəlik tapar.

Heç cür etiraz edə bilmədim. Yola çıxdıq və qatarımızın vaqonu Azərbaycanın yeni ali zümrəsinin tam təntənəsinə uyğun bəzədilmişdi.

Enli, tozlu, uzun bir yol vağzaldan Gəncə şəhərinə gedirdi. Ancaq evlər kilsə və məscidləri dövrəyə almışdı. Qurumuş çay yatağı müsəlman məhəlləsini erməni məhəlləsindən ayırırdı və mən yüz il qabaq ulu babam İbrahimin rus gülləsinə yanında tuş gəldiyi daşı Ninoya göstərdim. Malikanəmizdə camışlar key-key, tənbəl-tənbəl sinələrinə qədər soyuq suyun içində uzanmışdılar. Süd iyi gəlirdi və üzüm gilələri inək gözü boyda idi. Kəndçilərin başı ortadan düz qırxılmışdı və başın sağ və sol tərəflərindən irəliyə daranmış kəkilləri vardı. Taxta eyvanlı kiçik ev ağaclarla dövrəyə alınmışdı və körpəmiz atları, itləri və toyuqları görən kimi gülməyə başladı.

Evdə yerləşdik və bir neçə həftəliyinə nazirliyi, müqavilələri və Yalamadakı sərhəd məntəqəsini unutdum. Otun üstündə uzanırdıq və Nino otun acı zoğlarını çeynəyirdi. Onun günəşdən qarşımış sifəti Gəncə səması kimi aydın və dinc idi. İyirmi yaşı vardı və Şərqin baxışında hələ də şümşad idi.

— Əli xan, bu körpə mənim payıma düşüb. Gələn dəfə oğlan olacaq, o da sənin payın olar.

Sonra körpənin gələcəyi üçün plan tökdü ki, buraya da tennis, Oksfort, fransız və ingilis dillərini öyrənmə daxil oldu, xalis Avropa nümunəsində.

Susurdum, çünki uşaq hələ körpə idi və Yalamada otuz min rus dayanmışdı. Ot üstündə oynayırdıq. Çörəyimizi yerə sərilmiş xalçaların üstündə, ağacların kölgəsində yeyirdik. Nino camışların uzandığı yerdən biraz yuxarıda, balaca çayda çimirdi. Xırda, dəyirmi papaq qoymuş kişilər yanımıza gəlir, xanlarının hüzurunda baş endirib şaftalı, alma, üzüm dolu səbətləri ona armağan edirdilər.

Nə qəzet oxuyur, nə də kimdənsə məktub alırdıq; dünya bizim üçün malikanənin qırağında bitirdi və az qala hər şey Dağıstan- dakı aulda olduğu kimi gözəl idi.

Yay axşamlarının birində, axşamdan xeyli keçmiş, otaqda oturmuşduq və uzaqdan at ayaqlarının boğuq səsini eşitdik.

Qara çərkəzi çuxada ucaboy bir adam atdan enəndə mən eyvana çıxdım.

— İlyas bəy! — Səsimi qaldırıb əlimi ona uzatdım. Salamımı almadı. Neft çırağının işığında dayanmışdı, sifəti bozarıb sallanmışdı.

— Ruslar Bakıdadır, — tələsə-tələsə dilləndi.

Başımı endirdim, sanki bu mənə çoxdan bəlli idi. Nino arxamda dayanmışdı və dodaqlarından asta bir fəryad qopdu:

— Bu necə oldu, İlyas bəy?

— Gecə ruslarla dolu qatarlar Yalamadan gəldi. Şəhəri mühasirəyə aldılar və parlament təslim oldu. Qaçmağa imkan tapmayan nazirlərin hamısı həbs edildi, parlament buraxıldı. Rus fəhlələri öz yerlilərinin tərəfinə keçdi. Bakıda əsgər qalmamışdı, qoşun Ermənistanla sərhəddəki itirilmiş postda dayanmışdı. Könüllülər ordusu toplamaq istəyirəm.

Arxaya çevrildim. Nino evə keçdi, bu arada nökərlər atları arabaya qoşdu. Nino ayın-oyununu qabğarır və ata-ba- basının dilində astadan körpə ilə danışırdı. Sonra tarlaların arası ilə yol getdik. İlyas atını yanımızca sürürdü. Uzaqdan Gəncənin işıqları göründü və bir anlığına hiss etdim ki, in- diliklə keçmiş içimdə bir- birinə qarışıb. İlyas bəy gözlərim önündə idi, xəncər kəmərində, rəngi sapsarı və ciddi, Nino

da gərgin və məğrur, bir vaxt Mərdəkan yolunda qarpız-qovun bostanında olduğu kimi.

Gəncəyə gecə çatdıq. Küçələr üz-gözlərindən gərginlik yağan həyəcanlı adamlarla dolu. Müsəlmanlarla erməniləri bir-birindən ayıran körpünün üstündə atəşəhazır silahlarla əsgərlər dayanmışdı və Azərbaycanın bayrağı hökumət binasının balkonunda lopalarla işıqlandırılırdı.

 

SONU VAR