Əli Səfəroğlu — Hələ ki, bu dünya düzələn deyil…

Əli Səfəroğlu

Görə

Özünü saldı oda surəti-Leylaya görə,

Qeysə Məcnun dedilər, amma ki, səhraya görə.

 

Bir tərəfdən yaradan Cəbrayıla hökm elədi,

Bir yandan qovladılar Məryəmi İsaya görə.

 

Fələyin hökmünə bax zərrə günahı yox ikən,

Yusifə zülm elədi eşqi- Züleyxaya görə.

 

Səcdəyə düşmək ilə sanma ki, qəbul olacaq,

Qılırsansa namazı cənnəti-əlaya görə.

 

Şəri-şeytanə uyub çünki günah eylədilər,

Adəmi qoymadılar cənnətə Həvvaya görə.

 

Çox belə danlamayın siz Səfəroğlu Əlini,

Qayıdar haqq yoluna həzrəti-mövlaya görə.

 

Hələ ki, bu dünya düzələn deyil

 

“Bu dünya düzəlir”, — deyən bəxtəvər,

Hələ ki, bu dünya düzələn deyil.

Bəlkə də, düzəldi nə vaxtsa, qardaş,

Hələ ki, bu dünya düzələn deyil.

 

Namərd sübhə qədər yazırsa mərddən,

Bərəkət baş alıb qaçırsa kənddən,

Kimsə çatlayırsa qüssədən dərddən,

Hələ ki, bu dünya düzələn deyil.

 

Davalara yalnız kasıb gedirsə,

Dərdini bağrına basıb gedirsə,

Haqdan, ədalətdən küsüb gedirsə,

Hələ ki, bu dünya düzələn deyil.

 

Qan eyləyən ağızları yumursa,

İnsan zəli kimi vara cumursa,

Həkim öləndən də nəmər umursa,

Hələ ki, bu dünya düzələn deyil.

 

Qartal zirvəsinə qarğa uçursa,

Dövlətli kasıbdan uzaq qaçırsa,

Şairlər özgəyə ağız açırsa,

Hələ ki, bu dünya düzələn deyil.

 

Nahaqdan tökülən qanlar axırsa,

Cahillər aqilə üstdən baxırsa,

Nahaqq haqqı üstələyib yıxırsa,

Hələ ki, bu dünya düzələn deyil.

 

Heç kəs ayırmırsa halal-haramı,

İmkanlı vermirsə quru salamı,

Pula satılırsa Allah kəlamı,

Hələ ki, bu dünya düzələn deyil.

 

İnsan özgəsinə quyu qazırsa,

Düz işi də əlli yerə yozursa,

Qanun verən özü qanun pozursa,

Hələ ki, bu dünya düzələn deyil.

 

Kişi namus, qeyrətini atırsa,

Dədə-baba torpağını satırsa,

Halalın qoynunda haram yatırsa,

Hələ ki, bu dünya düzələn deyil.

 

Səfəroğlu, Allah dünyaya baxsa,

Nə ki, pis əməl var yandırıb-yaxsa,

Bəlkə də, düzəldi, qardaş, nə vaxtsa,

Hələ ki, bu dünya düzələn deyil!..

 

Qiymət