Əli Bəy Azəri (hekayə) «ŞƏR»

Əli Bəy Azəri

Bəlkə də şərin nə və necə olduğunu çox adam bilmir. Şər hardan gəlir, adam necə şərə düşə bilər, kim kimi və niyə şərləyir, ümumiyyətlə, şər dediyimiz nəmənədir ki, insanlar ondan yaman qorxurlar? Bəli, bu suallar, bəlkə də yüzdə səksənini düşündürmür. Amma əksər insanların vaxtaşırı özlərinə ünvanladığı minlərlə suallardan bir neçəsi də məhz belədir.

Mən də sadəlövh kənd uşağı olduğumdan əsl şərin nə olduğunu bilməzdim. Dağlar qoynunda, ucqar bir məkanda yerləşən doğma kəndimizdə şər axşamın düşməsinə deyilərdi. “Artıq şər qarışır, toyuq-cücəni hinə yığmağın vaxtıdı, çöldə qalar, gecə tülkü gəlib aparar. …Mal-heyvanı da rahatlamaq, tövləyə, ağıla qatmaq gərəkdir. …Nə iş görürsən, gör, ya şər qovuşan kimi yekunlaşdır, ya da dayandır ki, evdə olasan, sabah davam etdirərsən. …Şər qarışanda yatmaq olmaz, adamı elə bil qaramat basır… Elə ağırlaşırsan ki, elə bil bir maşın daş daşımısan…” – onlarla belə ifadə işlənərdi ermənilərin ucbatından indi olmayan gözəl kəndimizdə. Biz də, bizdən əvvəlkilər də, bəlkə elə onların dədə-babaları da bu ifadələri işlədərək şərin nə olduğunu beləcə başa düşmüş, qavramış, özlərindən sonra gələnlərə ötürmüşlər – yəni, axşamın düşməsi ilə göz dolusu baxdığımız işıqlı dünyanın üzərinə şər düşür, qaranlıq pərdəsi çəkilir.

İyirminci əsrin sonuna yaxın məmləkətimizdə müxtəlif cərəyanlarla yanaşı uzun müddət xəbərimiz olmadığı, mənsub olduğumuz İslam dininin çoxşaxəli cərəyanları da yayılmağa başladı. Onlar arasındakı fərq açıq-aşkar hiss olunurdusa belə camaatı narahat etmirdi. “Qoy müsəlmançılıqlarını etsinlər, neçə illərdən bəri qadağan olunmuş, dondurulmuş dinimizin yolunu seçsinlər, ibadətlərini yerinə yetirsinlər. Nə fərqi var, biri uzun saqqal saxlayır, biri qısa. Kimisi trapes geyinir, kimisi də şalvarının balağını topuğundan kəsdirir. Onların heç kimə maneçiliyi yoxdur, öz həyatlarını yaşayırlar” deyirdilər.

Amma bütün bu cərəyanların içərisində çarpışan insanların bir oxşarlığı vardı ki, o da diqqətdən kənarda qala bilməzdi. Namaz qılanların hamısı üzünü Allaha tutub eyni şeyi diləyirdilər. Maraqlısı onda idi ki, kişi də, qadın da şərdən, xətadan, xüsusən də qadın şərindən qorunmağa çalışırdılar.

-Ya rəbbim, məni şərdən, xatadan, xüsusən də qadın şərindən qoru.

Bəzən, yeri-göyü yaradan o gözəgörünməz böyük varlığa sığındıqları halda belə acizliklərinə görə onlara gülməyim də tuturdu. Hərdən də onları iradəsiz zənn edib rişxəndlə yanaşdığım vaxtlar da olurdu. Mindən çox bədii kitab oxusam, yüzlərlə kinoları seyr etsəm belə yenə də qadın şərinin nədən ibarət olduğunu tam mahiyyəti ilə dərk edə bilmirdim.

Necə yəni oturduğun yerdə qadın şərinə düşmək olar? İnsanın qadınla əcaib bir işi olmayandan sonra o, başqasına necə şər ata bilər? Atsa da buna kim inanar? Öz-özümə belə suallar verib heç cürə ağlıma sığışdıra bilmirdim. Necə yəni, oturduğun yerdə boş-boşuna da qadın şərinə düşmək olar?

Hərdənbir qulağım çalırdı ki, hansısa qadın polis şöbəsində kişinin üzünə dirənib, ona sataşmaq istədiyini deyib. Polislər də qadının sözünü əsas götürərək kişini “yaman” cərimələyiblər, lap qabığını soyub, dərisinə saman təpiblər. Düşünürdüm ki, bəlkə kişi nəfsinə, tamahına güc gələ bilməyib, qadına şirnikləşdirici sözlər deyib, bəlkə, hələ əl-qol da atıb. Qadın da hüququnu müdafiə etmək üçün polisə müraciət edib. Başqa formada beynimə sığışdıra bilmirdim. Ta ki, öz başıma qəribə bir əhvalat gəlməyincə.

Elə bir dövr gəldi ki, kənddə yaşayanların çoxu şəhərə köçüb getdi. Hamı kimi biz də bu aqibəti məcburi yaşadıq. Bir az üst-başımıza əl gəzdirdik, bir az da davranışımızı dəyişdik, dönüb olduq “şəhərli”.  Şəhərli davranışlarının içində də ən çox zəhləmi tökən görüşəndə öpüşməkdi. Kənddə kiminlə öpüşəcəkdin – səhər-axşam hamı bir-birini görürdü. Həm də hərə öz işi ilə məşğuldu – uzaqbaşı uzaqdan-uzağa bir-birini salamlayardılar.

-Ə, siz tərəflərdə nə var, nə yox? Gecə Abuseyid dərəsində, Qaradaşlıqda canavar-zad ulamayıb ki? – Sürünün dalınca düşüb gələn canavarın göründüyü əsas istiqamətlər kəndin yuxarı hissəsindəydi deyə aşağı məhəllədə yaşayanlar yuxarı məhəllədə yaşayanlardan bunu soruşardılar.

Əvvəllər yay düşəndə tətilə çıxan həmkəndlilərimizin uşaqları – hansı ki, şəhərdə yaşayırdılar, tətil vaxtı yayın dadını çıxartmağa kəndə gələrdilər. Xüsusən də Fətinin uşaqları – kişi bir az imkanlıydı deyə qonum-qonşular qat-qat olan kəlpeysər boynunu qucaqlayıb o üz-bu üzündən dönə-dönə öpərdilər. Arvadlar Fətinin qızlarını, inəklər Naxçıvanın gırmıy duzunu yalayan kimi yalayardılar. Bəziləri də vardı, lap dodaqlarından öpərdi. Düzdür, bu diqqətdən yayınmasa belə heç kim söz eləməzdi, amma mənim elə o vaxtdan öpüşməkdən zəhləm gedirdi. Dodaq-dodağa necə öpüşmək olar? Onun tüpürcəyi sənin ağzına dolur, səninki də onun, qız olanda nə olar. Ağzına dolmasa da dodaqlarına bulaşır. Üzdən öpməyə də pis baxırdım – səndən əvvəl oradan kimsə öpüb və onun da tüpürcəyi quruyub qalıb üzündə.

Bütün bunlara baxmayaraq, bəzən öpüşməyə məcbur olursan. Hamı öpüşür, sən öpüşməyəndə pis baxırlar. Ya deyirlər eqaistdir, ya da xəstədir. Yenə kişilərlə öpüşmək dərdin yarısıdır – üzünü-üzünə toxundurub öpüşü imitasiya eliyə bilirsən, o da əl çəkib səndən aralaşır. Ancaq həmişə öpüşməyə, öpülməyə, lap elə əzizlənməyə öyrəşmiş qadınlarla, qızlarla bu iş bir az qəliz məsələdir. Elə uzaqdan üzünü uzadır ki, öp. Belələrini də axtarsan, hamının qohumları arasından ən azından on-on beş nəfərini tapa bilərsən.

Odur ki, “şəhərli” olandan sonra mən təbiətimə uyğun bir öpüşmək variantı seçdim – alından öpmək. Alın üzə nisbətən həmişə təmiz olur, nə kiminsə tüpürcəyi bulaşmır, nə də qızlar üzlərinə sürtdükləri zir-zibildən alınlarına yaxmırlar. Elə ki, görüşəsi olduq, ya qaşqasından, ya da alnının bir küncündən öpüb tez də aralaşırsan.

“Söz vaxtına çəkər” deyiblər. Bir gün yenə də təzəcə axşam düşüb, şər qarışmışdı. Dekabr ayının günü də kasıbın sözü kimi qısa olur. Heç saat yeddi də deyildi. Mağazadan çörək alıb qayıdırdım. Döngəni dönüb öz dalanımıza qədəm qoymuşdum ki, qarşıdan gələn Sənəmlə rastlaşdım — əsil adı Gülsənəm idi, doğmaları onu gah Gülü, gah da Sənəm deyə çağırırdılar. İlk tanışlıq zamanı kimsə Sənəm deyə təqdim etmişdi, odur ki, yaddaşımda bu adla qalmışdı. Mən onu heç zaman “Gülü” deyə çağıra bilməzdim. Elə o, özü də buna alışmışdı, bilirdi ki, kim ona “Gülü”, kim də “Sənəm” deyə müraciət edəcək.

Sənəm iyirmi səkkiz yaşında qıvraq, toppuş bir gəlindi, şit hərəkətləri ilə ətrafındakıların diqqətini özünə çəkirdi. İki-üç il olardı ki, özündən beş-altı yaş böyük boşanmış bir kişi ilə ailə qurmuşdu, ancaq hələ də ana olmamışdı. Qəribə, çöpəgülən bir şıltaqlığı vardı, adam onunla çox da ünsiyyətdə olmaq istəmirdi, çünki salam-əleykdən, hal-əhval tutmaqdan o tərəfə söhbəti davam etmək üçün mövzu uyğunluğu tapmaq çətindi. Belə hallarda onunla görüşüb tez də aralanırdım.

Bu dəfə isə…

Mən dalanımıza dönəndə Sənəm on beş-iyirmi addımlıqdan gəlirdi. Hər iki əlində çox da ağır görünməyən iki çanta var idi – həmin sellafon torbalar üç-dörd kiloqrama hesablanmışdı. Çox vaxt bazar-dükanda xırda alış-veriş yerinə yetirənlər həmin torbalardan istifadə edirdilər.

Yaxınlaşanda gördüm ki, torbanın biri zibillə, yəni evdə yığılmış tullantılarla doludur, digərində isə nə olduğunu müəyyənləşdirmək mümkün olmadı, bu heç mənə lazım da deyildi. Nəyimə gərəkdi, Sənəm bacısıgildən öz evlərinə nə aparır.

-Salam, Sabir əmi. – Görüşmək üçün Sənəm məni qabaqladı.

-Salam! Salam!

Mən adətim üzrə onu iki dəfə salamladım və sağ əlimdə çörək torbası olduğundan sol əlimi uzatdım ki, onun sağ əlindəki zibil doldurulmuş sellafon torbanı alım. Bu zaman o, görüşmək üçün üzünü mənə tərəf uzatdı və görüşməməyimiz mümkünsüz oldu. Mən həmişə onunla əl tutub görüşmüşdüm. Bu dəfə onun əlləri məşğul olduğundan güman etdim ki, o da belə görüşmək istəyir, çünki mənim qohum qızlarla görüşəndə alınlarından öpdüyümü bilirdi. Bir də burda nə vardı ki? Dalanda ikimizdən başqa kimsə görünmürdü. Mən ani olaraq onun alnından öpdüm və əlindəki zibillə dolu torbanı ondan aldım.

-Çox sağ olun! – Sənəm minnətdarlığını bildirdi.

Bilmədim ki, o, əlindəki zibillə dolu torbanı aldığıma görəmi təşəkkür etdi, yoxsa jest edib alnından öpdüyümə görəmi. Əslində bunun heç birinin mənim üçün əhəmiyyəti yox idi. Lap özgə qadın olsaydı belə köməyimi əsirgəməyəcəkdim. Dəfələrlə tanımadığım qadınların əlindən zənbilini alıb evlərinə qədər aparmışdım.

Biz birlikdə yola tərəf addımladıq. Mən evə getməli olduğum halda Sənəmlə geriyə döndüm ki, həm onun torbasını yolun kənarında qoyulmuş zibil qutusuna atım, həm də şəhərə gedən avtobuslardan birini saxlatdırıb onu yola salım.

-Sabir əmi, dünən mən sizi şəhərdə gördüm. – Salamlaşmaqda birinci olduğu kimi söhbətə də birinci o, başladı.

-Harda gördün? – Mən soruşdum.

-Siz Əhməd əmi ilə Şamaxinkada, işıqforun yanında durmuşdunuz. Yanınızda kök, alçaqboy başqa bir kişi də vardı. Orda durub söhbət edirdiniz.

-Hə, Əhmədin böyük qardaşı Səməd də bizimlə idi. Diş həkimindən çıxıb avtobus dayanacağına gedirdik. – Mən aydınlıq gətirdim.

-Mən də işdən gəlirdim. Yolu keçib evə getmək istəyirdim ki, sizi gördüm. İstədim yaxınlaşıb görüşəm, utandım. Gözlədim. Siz ordan uzaqlaşdınız, sonra mən yolu keçib evə getdim.

-Nahaq utanmısan. Burda utanası nə var ki? Bəlkə qorxmusan ki, evə dəvət etməli olarsan? Narahat olma, dəvət etsəydin də getməzdik. Sən artıq başqasının çırağını yandıran cavan gəlinsən, ananın şıltaq qızı deyilsən.

-Təkcə siz olsaydınız, mütləq yaxınlaşardım. Lap evə də dəvət edərdim. Yanınızda Əhməd əmi ilə başqa kişi olduğundan yaxınlaşmağa utandım.

Bu vaxt biz mərkəzi yola çatdıq. Mən Sənəmdən aralandım ki, zibil torbasını qutuya atım. Sənəm isə yolun kənarında durub avtobus gözlədi. Zibil torbasını atıb qayıdırdım ki, şəhərə gedən avtobuslardan biri gəldi və bizim bərabərimizdə saxladı. Sənəm avtobusa minən kimi:

-Sabir əmi, çox sağ olun. – deyib əlini yellədərək xudafizləşdi.

Qapılar bağlanar-bağlanmaz avtobus yola düşdü.

Ertəsi gün axşam saatları olardı, şər təzəcə qarışmışdı. Qaynatamgilin qonaq otağında oturub televiziya kanallarının birində gedən hansısa ailə dramı serialını seyr edirdik. Qaynanamla mən masa arxasında əyləşmişdik, qaynatam isə yerdə oturub mütəkkəyə dirsəklənərək ekranı seyr edirdi, onun üçün belə daha rahat idi.

Hər ikimiz həyət evində yaşayırdıq. Həyətlərimizi daş hasar bir-birindən ayırırdı. Darvazalarımız bir küçəyə açılırdı. Odur ki, axşam saatlarını bəzən bir yerdə keçirirdik. Qaynatam sakit təbiətli bir insan idi, hər şeyə reaksiya verməzdi, əsasən bağ-baxça, təsərrüfat işləri ilə məşğul olardı. Qaynanam isə həyatdan rahatlıq tapa bilmirdi, daima səksəkə içindəydi. Nəvələri onun adını “həyəcan siqnalı” qoymuşdular. Tam olaraq müəyyənləşdirmədiyi bir xəbər ona qəribə göründümü dərhal hay-küy salar, aləmi başına qaldırardı.

O, sanki tikan üstündə oturmuşdu, həyəcanlı xəbər gözləyirdi, bir gözü qapıdaydı. Serialın maraqlı yerində otağın qapısı açıldı. Qapı necə zərblə açıldı ki, yeli mənim kürəyimi “vurdu”. Qapının açılması ilə qaynanamın sifətində əmələ gələn həyəcandan maraqlanıb geriyə döndüm. Bir əli ilə qapını tutan “Qara qarğa” – qaynatamın gəlinini belə adlandırırdılar, digər əlinin şəhadət barmağı ilə qaynanamı çağırırdı. Mən baxışımı geri qaytaranda qəribə mənzərənin şahidi oldum. Yetmiş yaşlı “ağbirçək” qaynanam təəccüb və həyəcanından gözləri bərəlmiş bir vəziyyətdə yerindən ildırım sürətilə qalxaraq gəlinin bir barmaq işarəsi ilə sürətlə qapıya tərəf götürüldü.

Yaşı yetmişi haqlasa da qaynanamın gəncliyində, bəlkə də uşaqlığında qazandığı hüttülümlüyü keçib getməmişdi. Sevimli nəvələrindən kimsə gözündən beş dəqiqə uzaqlaşdımı, ya meyvə dərmək üçün bağa getdi, ya da ayaqyolunda ilişib qaldı, o, dərhal haray-həşir salır, hətta qonşuları ayağa qaldırırdı ki, nəvəsi itib, nəvəsini oğurlayıblar. Onun belə hərəkətlərinə bütün ailə öyrəncəliydi. Odur ki, gəlinin bir barmaq çağırışına otaqdan sürətlə çıxan qaynanamın arxasınca baxıb sadəcə gülümsündük.

-Hüttülüm ki, hüttülüm. – Hər ikimiz, bəlkə də ürəyimizdə eyni şeyi təkrarladıq.

Təxminən yarım saat sonra serial arası fasilə verildi. Bu zaman efirdə yaranan boşluğu reklam rolikləri fırlatmaqla doldururdular. Reklam başlayan kimi qaynatam ayağa qalxdı.

-Bir burunotu çəkib gəlirəm. – O, siqareti hərdən məzə ilə belə adlandırırdı.

Mən pult vasitəsilə kanalları yuxarı-aşağı dəyişərək başqa yerlərdə nələr nümayiş etdirildiyini yoxladım. Bir neçə dəqiqədən sonra qaynatam geri qayıtdı – onun gəlişi ilə siqaretin iyi otağa doldu. Sifətindəki mimikadan hiss olunurdu ki, o biri otağa da baş çəkib – o da belə maraqlı adamıydı, hər şeylə maraqlanırdı.

-Gəlin-qaynana yaman xısınlaşırlar. – deyə məlumat verdi. – lap yataq otağına çəkiliblər ki, söhbətlərini heç kim eşitməsin. Qapını da içəridən bağlayıblar. Deyəsən, çox ciddi bir məsələni müzakirə edirlər.

-Nə ciddi məsələ ola bilər? – Maraqlandım.

-Nə olur, olsun. Mənim heç vecimə də deyil, qulağıma arıcan da vızıldamır.

-Qulaq asmadın? – Maraqlandım.

-Yox! Nəyimə lazımdır. – O, etinasız cavab versə də maraqlandığı sifətindən oxunurdu.

-Bir qulaq asardın da. Görərdin nədən danışırlar?

-Asmadım. – O, yenə də laqeydliyini göstərdi. – Nəyimə lazımdır başımı ağrıdım. Qoy, nə danışırlar, danışsınlar. Onsuz da onların peşəsi axşamacan qeybət qılmaqdır. İndi də, görəsən, kimin torbasını tikirlər?

Pencəyinin sağ yaxalığı arvadının, sol yaxalığı gəlininin əlində qalıb yesir günə düşən qaynatam son vaxtlar, deyəsən hər ikisindən bezara gəlmişdi. Amma üstünlük hələ də gəlinin tərəfindəydi. Qaynanam gileylənib azaylandıqca kişi ondan uzaqlaşırdı. Gəlin isə “dədə, dədə” deyib kişinin o tərəf-bu tərəfinə keçir, süni də olsa mülayimlik nümayiş etdirir və çalışırdı ki, onu öz tərəfinə çəksin. Elə qaynatam da gəlinin nazı ilə oynayırdı. Nəvələrini görməyi bəhanə edərək evin ikinci mərtəbəsinə qalxır, bağdan, bostandan dərdiyi meyvə-tərəvəzi onlara aparır və bəzən saatlarla vaxtını yuxarıda keçirirdi. Bu müddət ərzində gəlin onun qabağına bir stəkan isti çay da qoymazdı, bunu özü danışardı.

Serial yekunlaşan kimi qaynatamgildən sağollaşıb çıxdım, birbaşa evə gəldim. Qaynanamın gəlini ilə yataq otağına çəkilib xısınlaşmasından bir saatdan da çox vaxt keçirdi.

Sabah günortaya yaxın yoldaşımdan çox qəribə bir mesaj aldım: “Bağışla, bilmirəm necə ifadə eləyim. Mən o səviyyəyə düşüb nəsə demək istəmirəm, çünki hələ dəqiqləşdirməmişəm, aranızda nə baş verib. Ancaq mamam belə deyir. Heç başa düşə bilmirəm ki, sən məni kiminlə… axı mən səni həmişə uca tutmuşam. Hələlik!” Ilk anda heç nə başa düşə bilmədim. Olub-keçənləri aydınlaşdırmağa çalışdım. Heç nə başa düşməsəm də ağlıma ilk gələn qaynanamla gəlininin xısınlaşmasının nəticəsi olduğu qənaəti gəldi. O dəqiqə bildim ki, Sənəm yolda görüşməyimizi hansısa formada bacısına bildirib. Yelbeyin “Qara qarğa” da özü başa düşdüyü tərzdə qaynanama danışıb. “Həyəcan siqnalı” isə “SOS” verib ailəni ayağa qaldırıb.

Sən demə, Şamama – qaynanamın adı belə idi, səhər-səhər yoldaşımın qanını qaraldıb, kefinə soğan doğrayıb.

-Alo. – Telefonla zəng etsə də sözünü deməyib, onu yanına çağırıb. – Yasəmən, bir bizə gəl, sənə sözüm var.

Səsinin tonundan yoldaşım başa düşüb ki, ortada nə isə xoşagəlməz bir iş var. Dərhal evin qapısını bağlayıb anasıgilə yollandı.

-Nə var, ay mama? – İçəri girən kimi salamsız-kəlamsız soruşdu.

-Dünən Sənəm ilə Sabir yolda rastlaşıblar. Sabir Sənəmi qucaqlayıb üzündən öpüb. Deyib ki, telefon nömrəni ver, zəngləşib şəhərdə görüşək. Bax ha, dedim ki, xəbərin olsun, Sabirin ipini çək, sonra gec olar.

-Ay mama…

-Hə, hə, kişilərin hamısı belədir. Bir az yaraşıqlı qız, çavan qadın gördülər, xüsusən də Sənəm kimi təlxəklənib, ora-burasını oynadan ola, o dəqiqə nəfsləri düşür, tamahlarını saxlaya bilmirlər. Sənəmi də Allah öldürsün, kişilərin üzünə şit-şit gülür, qaş-göz oynadır, xoş gəlmək üçün özünü əzdirir. Tutasan saçından, yolub qoyasan yerə. Qancıq, özünə oynaş axtarırsan, get qıraqda axtar, bizim kişilərlə işin olmasın.

-Axı… yaxşı deyərəm.

Axşam evə gələndə bəlli oldu ki, Yasəmən həkimə getməyib.

-Niyə həkimə getmədin? – deyə soruşdum.

-Gedə bilmədim. Getməyəcəyəm də… Qoy, xəstəlik artsın, xərçəngə çevrilsin. Ölüm, canım sizdən qurtarsın. Nə qədər dərd çəkmək olar, bezmişəm hamınızdan.

-Sənə nə olub?

-Özün yaxşı bilirsən.

-Mən heç nə bilmirəm.

-Necə bilmirsən? Sənin Sənəmlə nə işin var? Sənəm lazımdır sənə? Şəhər doludur gözəl-göyçək qızınan, qadınınan. Gərək gedib Sənəmə ilişəsən?

-Sən nə danışdığını bilirsən?

Sənəmlə yolda rastlaşdığımı təfsilatı ilə ona danışdım, nə bir kəlmə artıq, nə bir kəlmə əksik.

-Yalan deyirsən. Belə olmayıb.

-Mənə inanmırsan?

-Yox.

-Mən yalan deyirəm, maman düz deyir, eləmi? Yanımızda olub maman, yoxsa sputniklə izləyib bizi? Elə isə onda özün bilərsən. Sənin sağlamlığın birinci növbədə özünə lazımdır. Bərk ayaqda mənim də heç vecimə deyil.

Gərginlik bir neçə gün davam etdi.

Növbəti günlərin birində axşamüstü evdə tək idim. Kompyuterdə yazı yazırdım ki, qapı döyüldü.

-Yasəmən. Yasəmən.

İki ağız yoldaşımı çağırdılar. Əvvəlcə səsinə görə yoldaşımı kimin çağırdığını ayırd edə bilmədim. Qapını açıb həyətə baxdıqda Süsəni gördüm – Sənəmin anasını.

-Sabir qardaş, Yasəmən evdədir?

-Evdə yoxdur. – Qısa cavab verdim. – Yasəməni neynirsən?

-Ona sözüm var.

-Mənə de, gələndə çatdıraram.

Süsən bir an duruxdu. Dönüb getmək istədi, nə fikirləşdisə yenidən mənə tərəf çevrildi.

-Sabir qardaş, mənə düzünü de. Sənəm ilə sənin aranda nə var? O günü nə olub ki, Şamama ilə Səmayə bunu bir bu qədər şişirdiblər?

Süsən məndən iki yaş böyük idi, amma mənə həmişə “dayı” deyə müraciət edirdi, indi “qardaş” deməsi qəribə səsləndi. Həm də hərəkətləri, davranışı ilə adamda ona qarşı allergiya ovqatı yaradırdı. Sözünün dalını-qabağını bilmədiyindən heç kim onunla ünsiyyətdə qalmaq istəmirdi.  Elə mən də gülümsəyərək əhvalatı olduğu kimi qısaca danışdım ki, çıxıb getsin.

-Elə Sənəm də belə dedi.

-Bəs onda necə olub ki, söhbət məcrasını dəyişib.

-Məcra nədir?

-Yəni adi bir söhbət şəbədəyə, şərə çevrilib.

-Mənim qızlarıma heç kim şər, şəbədə yaxa bilməz.

-Görürsən ki, yaxılır. Özünüz öz sözünüzü şişirdib fil eləyirsiniz. Fikirləş, gör, bu necə olub?

-Sənəm gəlib evə çatandan sonra bacısı Səmayəyə zəng vurub. Deyib ki, narahat olma, gəlib çatdım. Səmayə də soruşub ki, necə getdin. O da cavab verib ki, gələndə yolda Sabir əmi ilə rastlaşdım. Sabir əmi zibillə dolu torbanı əlimdən aldı, aparıb zibil qutusuna tulladı. Həm də görüşəndə alnımdan öpdü. Səmayə də bunu söz eyləyib. Özün bilirsən axı, o, dindardır. Deyir ki, naməhrəmdir, nədir, nə bilim axı, ondandır. Sənəm ha çalışıb onu sakitləşdirməyə, alınmayıb. “Necə? – deyib, — Sabir əmi səni öpüb? Mən ona həddini göstərərəm”. Sən Allah, Sabir qardaş, bağışla ki, belə alınıb. Allah öldürsün Səmayəni də, Şamamanı da. Kaftarın yetmiş yaşı var, saçından, birçəyindən utanmır, uşağa qır verib qızışdırır. Sənəm yazıq xəcalətindən bilmir neyləsin. Səmayə altının zibilini təmizləyə bilmir, həmişə mən gəlib təmizləyirəm, yaxşı söz gəzdirməyi bilir.

Süsən bunu deyib getdi.

“Bağışlayın! Bağışlamağa bir bax! Üç-dörd gündür evimizi cəhənnəmə çeviriblər. Yediyimiz, içdiyimiz zəhrimar olub. İndi də gəlib deyir, bağışla”. Süsənin arxasınca gileylənməkdən başqa çarəm qalmamışdı.

Ertəsi gün günorta saatlarında hara isə gedirdim. Yolda telefonuma zəng gəldi. Ekranda nömrə görünmürdü. Belə zənglər, adətən telefon xidməti vasitəsilə olunan zənglərdi.

-Alo, eşidirəm.

-Sabir müəllimdi?

-Bəli.

-Buyurun, danışın. Sizinlə Taun Əlehinə Mərkəzdən danışmaq istəyirlər.

O dəqiqə dalağım sancdı, danışmaq istəyən Sənəm olacaqdı. Axı o, həmin mərkəzdə laborant işləyirdi.

-Bəli, bəli, eşidirəm. – Tam ciddiliklə cavab verdim.

-Sabir müəllim! – Sənəmin səsini dərhal tanıdım. Həmişə mənə “əmi” deyə müraciət edən Sənəm bu dəfə “müəllim” kəlməsini işlədirdi, özü də həzin, məlhəm bir səslə. Vücudumdan qəribə bir gizilti keçsə də özümü o yerə qoymadım. – Mən indi işdən çıxıram. “9 fevral” metrosunun çənub çıxacağında “Çudo peçka” var, orada olacam. Ürəyin istəyirsə, gəl, birlikdə kofe içək. Danışmaq lazımdır.

Sakitcə, sağollaşmadan belə telefonu bağladım. Bunlar da türk seriallarından söz öyrəniblər: “Danışmaq lazımdır!” Sənə lazımdır? Mənə yox! Maraqlıdır, bu nə jest idi? Baş aça bilmədim. Sənəm mənim telefon nömrəmi necə əldə etmişdi? Bir də… bütün bu söz-söhbətdən sonra…

“Ay səni, şeytan. Belə könlün var idi, mənə qarşı isti duyğuların oyanmışdı, bunu açıqca deyərdin də… Day bu qədər söz-söhbət, şər-şəbədə nəyə lazımdı? Yox, yox, ehtiyatlı olmaq lazımdır, bu gəlindən nə desən gözləmək olar. Bəlkə dindar bacısının məsləhəti ilə növbəti şər-şəbədə hazırlanır? Sabir, sən onun görüşünə getsən səfehdən də səfehsən!”

Bu zaman telefonuma mesaj gəldi. Açıb oxudum: “Sənin öpüşünün alovu hələ də alnımı yandırır. Məni indiyə kimi heç vaxt belə ehtirasla öpən olmamışdı. Gözləyəcəm, gəl”.

Qiymət