Təbrizə gəldim
Şair qardaşım Adil Cəmilə
Düşüb yollarının ağ-qarasına,
Qəlbimdə qövr edən hər yarasına.
Dəli istəyimin xoş parasına
Təbrizə gəldim.
Sarınıb sevdamın bəyaz donuna,
Yetib həsrətimin şirin sonuna.
Bir bahar günündə daldım qoynuna
Təbrizə gəldim.
Sığınıb o yurdun od-ocağına,
Sığınıb sehirli künc-bucağına.
Mənə o açılan şux qucağına
Təbrizə gəldim.
Gəldim dörd yanıma nur səpə-səpə,
Gəldim torpağını mən öpə-öpə.
Vüsalı gözümə, bax, təpə-təpə
Təbrizə gəldim.
Gəldim, qardaşıma, bacıma gəldim,
Gəldim, sevincimə, acıma gəldim.
Könlümün o taxtı-tacına gəldim,
Təbrizə gəldim.
08.01.2016
Bəslədim
Ramiz Qusarçaylıya
İllərdir dərd əkdim… həsrət göyərdi,
Bağrımda bir Araz qəmi bəslədim.
Qatar dərdlərimi düzüb səf-səfə,
Gözümdə bir Samur nəmi bəslədim.
Nisgillər ürəkdə bax qalaq-qalaq,
Dərd üstdən neçə dərd vurulur calaq,
Fəryadlar göylərdə… tutulur qulaq,
Zilini unutdum, bəmi bəslədim.
“Kəsmə şikəstə”dir, “Yetim segah” dır,
Yanan ürəklərdə nalədir, ahdır,
Araz köks dolusu qəmli dəsgahdır,
Hayqıran Samurtək zəmi bəslədim.
Təbrizi, Dərbəndi andım yuxumda,
Göyçə başdan-başa yandı yuxumda,
Qəmli Qarabağım qandı yuxumda,
Dərd göyə dirənib… kəmi bəslədim.
Könlümdə Savalan, ürəkdə Şahdağ,
Qanımda İrəvan, canda Qarabağ,
Yurdum param-parça, taleyə bir bax,
Ruhumda çağlayan dəmi bəslədim.
14.04.2012
MƏNİM YOL UM TƏBRİZƏ
Dəvəni düzdə gördüm,
Bu yolda, izdə gördüm.
Həsrəti gözdə gördüm,
Ürəyim şan-şan oldu.
Sarvan, yolun haradı,
Mənim baxtım qaradı.
Bağrım başı yaradı,
Ömrüm pərişan oldu.
Mənim yolum Təbrizə,
Həsrətimlə üz-üzə.
Mehman olmadım sizə,
Könlüm peşiman oldu.
14.05.2014
TƏBRIZ BAYATILARI
Təbrizin başı duman,
Qayası, daşı duman.
Həsrəti hər gün məni
Yandırıb yaxır yaman.
Təbrizin üstü bulud,
Gəl dərdi, qəmi unut.
Qəlbimdə çiçək açdı
Təbriz adlı bir umud.
Təbrizin yolu dolam,
Bax, Ərkdir uca qalam.
Könül istər biryolluq
Təbrizdə binə salam.
Təbrizin yolu hamar,
Həm sağı, solu hamar.
Mən onu andıqca hey,
Könlümə sevda damar.
03.01.2015
Biz bir idik...
O taylı qardaşım, folklor araşdırmaçısı Böyük bəyə
Biz bir idik
böldülər,
iki etdilər…
“O tay”, “bu tay” adlı
para etdilər…
tikə etdilər…
Bu yetməmiş kimi,
Ustad Bəxtiyar demişkən
“biri baran” — deyə,
“biri xər”- deyə
hələ dil-dil ötdülər…
Ötə-ötə də qandırdılar…
Tutub həsrət, nisgil atəşinə
Vüsal eşqində yandırdılar…
Düz iki yüz ildir ki…
Yanırıq yana bildikcə,
Anırıq ana bildikcə…
kədər axır,
qüssə axır
gözümüzdən gilə-gilə…
hər baxdıqca
bu sahildən o sahilə,
o sahildən bu sahilə
dərd axır…
Görən axı
Xan Arazın
bu sahilindən o sahilinə,
o sahilindən bu sahilinə
nə qədərlik məsafədir,
nə uzaqlıqda bir yoldur ki…
özümüzdə tapıb təpər,
yarı zor, yarı xoş
birtəhər
keçəmmirik bu yolu biz…
odur ki…
həsrət, nisgil qoxuyur
həm içimiz… həm çölümüz….
Neçə-neçə qərinədir
gözləməkdən tükənibdir
səbrimizin səbr daşı…
artıq daşıya bilmirik
bu yükü,
susmaq bilmir
gözlərimizdən
qan damlayan göz yaşı…
Axı biz
bir ananın övladıyıq,
bir ananın balasıyıq…
enində… sonunda
elə bir də olasıyıq…
Di, gəl ki…
keçəmmirik bu yolu ki,
bir ikən elə bir olaq,
millətlərin sırasında,
dövlətlərin cərgəsində
birlər kimi pir olaq…
13.06.2017
O sahildə, bu sahildə
Xalq şairi Xəlil Rza Ulutürkə
1990-cı ilin Novruz bayramı günlərində Sovet hakimiyyəti dövründə ilk dəfə olaraq Cənubi Azərbaycana üç günlük keçid icazəsi verildi, həsrət əllər qovuşdu.
O Novruzdan alan oldu,
O sahildə, bu sahildə.
Həsrət, nisgil yalan oldu,
O sahildə, bu sahildə.
Bəxtimizə günmü düşdü? —
Dünyanın çarxı dəyişdi.
Para qəlblər, bax bitişdi,
O sahildə, bu sahildə.
Axar Araz axmaz oldu?
Könülləri yaxmaz oldu.
Şimşək kimi çaxmaz oldu,
O sahildə, bu sahildə.
Xan Arazım aşıb-daşdı,
Həsrətimə qucaq açdı.
O tay, bu tay doğmalaşdı,
O sahildə, bu sahildə.
Qəzavü-qədər sovuşdu,
Həsrət əllərim qovuşdu.
Qardaş qardaşa yovuşdu,
O sahildə, bu sahildə.
Arazmı durdu beləcə?
Düyünmü qurdu beləcə?
Sevindi yurdum beləcə…
O sahildə, bu sahildə.
06.08.2013
Yol ver, Araz, yol ver mənə
Yarım o tay, yarım bu tay,
Yol ver, Araz, yol ver mənə.
Aç köksünü, bax, taybatay,
Yol ver, Araz, yol ver mənə.
Çözülməyir bu sirr daşı,
O tay, bu tay qan qardaşı.
Dərd boy verib bizi aşır…
Yol ver, Araz, yol ver mənə.
Ayaqdadır karvanımız,
Olmasa da sarvanımız…
Vüsaladır hər anımız,
Yol ver, Araz, yol ver mənə.
İçdən keçən diləklər var,
Səni yenən biləklər var…
Bir olacaq ürəklər var,
Yol ver, Araz, yol ver mənə.
Demirəm ki, axmagınan,
Nəmli gözlə baxmagınan.
Nə yandırma, yaxmagınan
Yol ver, Araz, yol ver mənə.
Bir gün dönər çarxın sənin,
Of… durular arxın sənin…
Bitər əski nırxın sənin,
Yol ver, Araz, yol ver mənə.
Yetər, bunca yol kəsimi,
Belə zalım, sərt əsimin…
Talıboğlu özgəsimi?..
Yol ver, Araz, yol ver mənə.
11. 2017
Vətən – o tay, Vətən – bu tay
Cüt qardaşdır Bakı-Təbriz,
Ülvi yurda şərəf, şandır.
Bir vüsalın eşqi ilə
Hər an yanan iki şamdır.
Araz axar hicran yolu,
Dadır nisgil sağı-solu.
Qüssəsi xoş, eşqi ulu,
Sızıldayan bütöv candır.
Araz bölən deyil – bir çay,
Hər nəğməsi qəmli haray…
Vətən — o tay, Vətən – bu tay,
Ürəkdəsə bir cahandır.
23.01.2021
Təbriz qalxıb ayağa
Gözün aydın, ay quzey,
Təbriz qalxıb ayağa.
Bu nə büsat, bu nə ney,
Təbriz qalxıb ayağa.
Bax, yuxular çin olub,
Qəlblər göyərçin olub…
Diləklər qırçın olub,
Təbriz qalxıb ayağa.
Kəsib farsın nəfəsin,
Dağıtmaqda qəfəsin…
Yayıb dünyaya səsin,
Təbriz qalxıb ayağa.
Səttarxan, Pişəvəri,
Güneyin al səhəri…
Dönüş yox artıq geri,
Təbriz qalxıb ayağa.
Mərənd, Maku, həm Zəncan,
Olubdular bircə can.
Di… sevin, Azərbaycan,
Təbriz qalxıb ayağa.
05.11.2022