Mətbuatda romanın bitməsi və nəşrə hazırlanması barədə xəbər yayılıb. Hətta romandan bir parça oxucuların ixtiyarına çıxarılıb. Ədəbiyyata biganə olmayan biri kimi bu, mənim də diqqətimi çəkdi. Axı Elçin Hüseynbəyli AYB sədrinin müşaviridir. Həm də yazıçı kimi məşhurdur.
Bir neçə il əvvəl yazıçılardan biri efirdən onun normal cümlə qura bilməməsini səsləndirəndə mən də təəccüblənmişdim. O vaxt Elçin “Ulduz” jurnalının baş redaktoru idi. Sonra hansısa səbəbdən “Ədəbiyyat qəzeti”nə transfer olundu və çox keçmədi ki, daha məsuliyyətsiz bir posta – Anarın şəxsi müşaviri kürsüsünə gətirildi. AYB-də onun işinin nədən ibarət olduğunu doğru-dürüst bilən yoxdu.
Elçin Hüseynbəyli haqqında gənc yazıçının həmin fikri səsləndirməsi “Şah Abbas” tarixi romanın həyata yenicə vəsiqə aldığı dövrə təsadüf edirdi. “Şah Abbas” romanı bir müddət ciddi-cəhdlə təbliğ olunsa da, bu təbliğat əsərin adından bir addım qabağa gedə bilmədi. Heç bir tənqidçi, ədəbiyyatşünas əsəri oxuyub səciyyələndirmədi ki, ictimaiyyət romanın tarixi tituluna cavab-verib-vermədiyindən xəbərdar olsun. Gədəbəyin ucqar dağ kəndlərindən birində yaşayan ədəbiyyat müəlliminin hansısa müxalifət qəzetində dərc olunduğu məqaləsində əsərin tarixi roman olması üçün 18 tələb olunan parametr açıqlamışdı ki, bunlardan da yarıdan çoxu “Şah Abbas”da yox idi.
İndi Elçin Hüseynbəyli yeni tarixi romanı ilə gəlir. O vaxt ədəbiyyat müəlliminin məqaləsini yəqin ki, oxumayıb. Oxusaydı, “Pərixan”ı yazanda bəlkə də nəzərə alardı.
“Pərixan”ın bir hissəsini (4-5 səhifə) oxuyandan sonra bəzi məsələləri açıqlamaq qərarına gəldim. Belə ki, roman nəşrə hazırlanır və qüsurları tapıb düzəltmək imkanı vardır. Belə ki, AYB sədrinin müşaviri postunda əyləşmiş Əməkdar İncəsənət xadimi fəxri adını daşıyan yazıçının ədəbiyyata qüsurlu əsər təqdim etməsi yolverilməzdir.
-Əsərin müxtəlif yerlərində “Şah Birinci Təhmasib” və ondan cəmi bir-iki cümlə sonra “Şah I Təhmasib” ifadəsi işlədilir, texniki qüsur dərhal nəzərə çarpır.
-Bəzi sadə cümlələr ehtiyac olmadığı halda birləşdirilir.
-Bəzi mürəkkəb cümlələr isə ehtiyac olmadığı halda bölünür və bağlayıcılarla başlayır. Onların ard-arda düzülməsi mətni daha əcaib göstərir.
“Və bu işığın fonunda…”
Bir cümlə sonra: “Çünki Allahlar Şəhərindəki…”
Daha bir cümlə sonra: “Amma Pərixan xanım…”
“Amma bu, başqa halət idi. Çünki sevdiyi xanımı…”
Bir sözlə; romanın kiçik bir hissəsində iyirmiyədək cümlənin “amma, çünki, lakin”lə başlaması yazıçının söz ehtiyatı qıtlığından xəbər vermirmi?
-“Babası (atası) Təhmasib onu əzizləyəndə…”
“Mən deyəcəyim sirdən də ötədi…” Daha bir neçə kəlmə indiki Türkiyə danışığından götürülmüş sözlərdi. Dilimizdə qarşılığı olduğu halda həmin sözlərin işlədilməsinə nə ehtiyac var? Bir də o vaxtkı danışıq tərzimizdə həmin sözlərin işlədilib-işlədilməməsini oxucu necə müəyyənləşdirsin? Ən vacibi isə romanın bu hissəsində heç bir tarixilik hiss olunmur. Hanı tarixilik?
“Pərixan”ın bu hissəsini oxuyan kimi o vaxtkı gədəbəyli müəllimin həyəcanlı məqaləsi yadıma düşdü. “Şah Abbas”ın ortada dolaşdığı vaxtlar yazılan məqalənin sədası aidiyyatı adamların qulaqlarına çatdımı? Yəqin ki, çatsaydı, nəzərə alınardı. Nəzərə alınmadığı halda, görəsən, həmin müəllim insafa gəlib “Pərixan”ı oxuyarmı?
Bilmirəm.