ƏLABBAS Bağırov — kiçik hekayələr

Əlabbas Bağırov

Qulaqlı yer

Üç dostu həmişə bir yerdə görür və hərdən mübahisələrinin də şahidi oluram. Onlardan biri, o, görkəmcə də digərlərindən fərqlənir, arıq və fağırdı, öz sakit və təmkinli danışığı ilə daim araya barışıq qoymağa can atır. Bir dəfə verdiyi cavabdan başa düşdüm ki, dostların odəfəki söz-söhbəti nə üstədi.

– Birdəfəlik bilin, qardaşlar, – o deyirdi, – yerin qulağı yoxdu, müsəlmanın ağzı cırıqdı.

 

Mənasız söhbət

Kazım müəllimin adətidi: nədən danışır, danışsın, kəlməbaşı soruşur:  – Yalan deyirəm, denən yalan deyirsən.

Qəlbinə dəymirəm onun, uzaqbaşı dilcavabı deyirəm:  – O nədi elə? Yalan hara, sən hara?  Dəmdəməki təzədən başlayır, özü də bilir ki, qulaq asmıram ona, amma danışır özü üçün. Bir vaxt eşidirəm ki, müxalifətin kölgəsini qılınclayır, deyir, hələ onlar kimi satqın yer üzünə gəlməyib. İş-gücləri xalqı aldatmaqdı.

Məsələn, filankəs… İki oğlu xaricdə oxuyur, filan yerdə bağı, özü də ev tikib satır. Hansı pullarla? Hamısı yuxarılarla əlbirdi. Bəlkə, yalan deyirəm?  Baxıb-baxıb, onu bir az da mən həvəsləndirirəm:  – Ə, bu nə sualdı? Lap gözündən vurursan.

– Yox da, öz aramızdı, yalan deyirəm, denən yalan deyirsən.

– Səndə nə də olsa, yalan olmaz.

O təzədən cuşə gəlir. Bu dəfə də hökumət adamlarını asıb-kəsir, deyir, axırları çatıb, elə bugünlük-səhərlikdi, hamısının kökünü kəsəcəklər, sonda da iynəsi xarab olmuş patefon kimi eyni şeyi yüzüncü dəfə təkrarlayır: “Yalan deyirəm, denən yalan deyirsən”.

Müəllimin əlindən iki dəfə telefon nömrəsi dəyişmişəm. Hər dəfə hardansa təzə nömrəmi tapıb öz köhnə qəzəllərini bu dəfə də telefonda oxumağa başlayır…

Mənasız söhbətimiz bəzən saatlarla davam eləyir. Xudahafisləşmə məqamı çatanda, bu, Kazım müəllimin çənəsinin altına düşən hər bir kəs üçün artıq xoşbəxtliyin baş verdiyi andı, “köhnə patefon” təzədən işə düşür: – Pis deyirəm, denən pis deyirsən.

 

Kitab

Böyüyüb böyük oğlan olub Məhəmməd. Artıq birinci sinfə gedir.

Şahmata xüsusi həvəsi var. Üçüncü dərəcə diplom və döş nişanı alıb. Həm də dərs əlaçısıdı. Məktəbin şərəf lövhəsində şəkli var. Ən çox da ona sevinirəm ki, o, böyüdükcə yorucu sualların sayı da azalır.

Məhəmməd ilk dəfə şahmat yarışına gedəndə evimizdə çoxdan adət halını almış ənənəyə uyğun olaraq nənəsi onu astanada “Quran”ın altından keçirib, özünə də dedi:  – Yadında saxla: bu Kitab səni həmişə qada-bəladan qoruyacaq. Hər yerdən qələbə ilə qayıdacaqsan. Qolunu bükən, dizini qatlayan tapılmayacaq. Harada olsan, ona inan.

Üç görüşdən qələbə sevinci ilə dönən dəcəl nənəsinin nəsihətini yavaş-yavaş unutmağa başladı. Ona elə gəlirdi, daha hamını uda bilər. Amma belə olmadı.

Növbəti yarışdan evə xalsız döndü. Ertəsi gün isə daha bir məğlubiyyət acısı daddı.

– Səni kim gözə gətirdi? – axşam ondan soruşanda başını aşağı dikib sualıma cavab vermədi. Başa saldım ki, tələsdiyinə görə uduzub. Əgər diqqətli olsa, yenə qələbə qazanacaq, qorxmasın.

Məni xəcalət hissi ilə, başıaşağı dinləyən Qoçu – hərdən ona “babasının Qoçu balası” da deyirəm – növbəti yarış günü evdən çıxanda heç birimizin inanmadığı hadisə baş verdi: anası ilə liftin yanınacan pərişan halda gedib nədənsə geri qayıtdı, başını qapıdan içəri salıb, günahkar tərzdə nənəsini səslədi:

– Nənə, ay nənə, kitabı gətir.

 

Qocalıq

Bu yaşda hər dəfə ünvanıma deyilən ağsaqqal sözünü eşidəndə sanki duran yerdə qocalıram.

 

Zinə bulaq

Rüstəm durub-oturub az-çox tanınan şair atasını qınayır ki, ona bir gün ağlamayıb, atalar var ki, oğul nədi, hələ bələkdəki nəvəsinin də gələcəyini fikirləşir. Nə olaydı, onların da bir obyekti olaydı, başqaları kimi ayın sonunda o da gedib şellənə-şellənə beşdən-üçdən cibişdana qoyub gələydi. Əli təmiz, ayağı təmiz.

Atası da həmişə: – Bizdə olan obyektdən kimdə var, oğul bala? – soruşur, – anan psixoloq, bir bacın hüquqşünas, o biri müəllimə, sən mühasib, pis-yaxşı dədən də dövlət qulluqçusu. Nə vergi müfəttişləri ayın sonunda zəhləni tökür, nə deyən olur yuxarıların tapşırığıdı, nə müflis olmaq qorxusu var, nə də bağlanmaq. Zinə bulaq kimi az-az gələcək, amma həmişə gələcək. Sən Allahdan sağ can, bir də yaşamağa ömür istə.

 

Uzun ömrün sirri

Əvəz kişini dostları arasında boşboğaz kimi tanıyanların sayı çoxdan çoxdur.

Onunla ünsiyyətdə olan da, olmayan da bilir ki, həpənd bəzən adamı hal-əhval tutmağa da peşman eləyir. Desən, salam, arsız-arsız cavab verir ki, sazdımı xalan? Əgər soruşsan ki, necədir vəziyyət, deyəcək: – Vəziyyət verir əziyyət.

– Burda neynirsən? – sualının cavabına bax: – Boynuna minməyə adam axtarıram.

– Yalançının… – desən, həmən eşidəcəksən: – Xalan qalayçının.

– Zəhmət olmasa…

– Zəhmətin anası ölsün…

Yanaqlarından qan daman bu adama zarafatla da olsa eşitdirsən ki, niyə boş-boş şeylərə bu qədər vaxt itirir, nə qeyzlənər, nə ehtirası coşar, eləcə gülümsünüb:

– Əlimin içindən gəlir, – deyər, – arpa biçindən gəlir.

O da bu cür ömür sürməyə vərdiş eləyib, hər sözə, deyilənə bir şəbədə qoşmaq peşəsidi. Özü də elə sanır, böyük bacarıq yiyəsidi, olmaz ondan. Bəzən baxmaz ki, böyük kimdi, kiçik kim. İllərlə durub-oturduğu tay-tuşlarının, dostlarının kim olduğunu soruşsan, cavabını qəti yubatmaz:

– Kim olacaq? İt ilxısı, köpək sürüsü.

Sözarası çoxdan gözə dəyməyən bir tanış-bilişi xəbər alsan ki, qardaşımız neyləyir, bivec-bivec başını yırğalayar:

– Neyləyəcək, milçək uçurdur.

Təsadüfən micazına toxunan bir hal baş versə də, heç nəyi üzə vurmaz və:

– Necədi səninçün? – yanaşman olsa-olsa ondan:

– Ay batıb, gecədi mənimçün, – cavabını gətirər.

Öyrənib ki, o hər yoldan ötənə söz deyə, cırnada, hətta sataşa bilər, amma bir kimin hünəri nədir ona, gözün üstə qaşın var, deyə. Balaca göy gözlərini bir az da qıymaqla tənəsiz nəzərlərlə:

– Oğulsan e, – deyib, ardını da dərhal zarafata salar, – amma arvad hamamında.

Qərəz… Aranızda belələri varsa, uzun ömür sürəcəyinə bir çimdik də şübhəniz olmasın, doxsan yaşı bu minvalla haqlayan dildən pərgar Əvəz kişinin fikridir bu, deyir, ciddi mətləblərə baş qoşmaqdansa, bu cür ömür sürməyə vərdiş eləməyin faydası göz önündədir, inanmırlarsa, ona baxıb ibrət götürsünlər.

 

Dua

Əvvəl uşaqlarım sındırırdılar, indi də nəvələr sındırır. Qapının dəstəyini, mətbəxdə stəkan-nəlbəkini, dəhlizdə güzgünü, tavanda elektrik lampasını, kitab şkafının aynalarını, televizorun pultunu… Sındırmağa şey tapmayanda yaradıcı isə yazı masasındakı qələmlərimi iki bölürlər.

Mən, neynirəm?… Deyinə-deyinə bazara yollanır, sınıb-dağılanı təzəsi ilə dəyişir və hər dəfə də hirsim soyuyandan sonra şükür eləyirəm ki, sınan qab-qacaq olsun, cüvəllağılar qəlbimi sındırsaydılar, nə ilə dəyişərdim?

 

Maşın

Təzə yuyulmuş, par-par parıldayan maşın böyür-başı batmasın deyə palçıq yolu sanki tısbağa yerişi ilə gedir. Gendən baxıram, yadıma şalvarının balağını qatlayıb asta-asta çay keçən adam düşür.

 

Durum deyim ki…

Yusif dayı el-obanın ən başıaşağı, dinc və sakit kişisidi. Əhvalını nə vaxt soruşursan, cavabı bu olur ki, deyim yaxşıyam, sən də gedib arxayın olacan ki, Yusif dayı yaxşıdı, onu eləyə bilməyəcəm.

 

Sonbeşik

Hacı bazarda kartofsatanın yanına çatıb ayaq saxladı. Maşına tığlanmış çiçək kimi məhsulu gözdən keçirib onun neçəyə olduğu ilə maraqlandı. Fağır alverçi qiymət deyəndən sonra hacı iri, təmizqabıq bir kartofu əlinə alıb gah ona, gah da qarşısındakı adama baxa-baxa məsləhət verdi:

– Elə malın da özün kimi əladı, a dağlar oğlu. Görürəm yaxşı adama oxşuyırsan. Burda boş yerə vaxt itirmə. Otuz qəpik ucuzuna ver, hamısını bir yerdən götürüm, sən də çıx get işgücünün dalınca. Nə azarın var bu istidə?

Mal yiyəsi əvvəlcə nəm-nüm eləsə də, sifətindən nur yağan müştəri bəzi mətləbləri xırdalamaqla bahəm, şirin dilinin sayəsində onu yola gətirə bildi:

– Sənə ölüsü bir ay vaxt lazımdı bu malı xırıd eləyəsən. O bir ayın da yemək-içməyi, yatıb-durmağı, kirə haqqı, böyür-başında da filan qədər xərcxəsarəti var. Fikirləş, Hacı Kamil sənə pis yol göstərməz, uşaqlıqdan haqq yolu tutmuş adamam mən, xeyir taparsan, – deyib cavab gözləmədən yola düzəldi.

Alverçi haqq-hesaba vurdu, arada az maya batırmadığını görüb ağırsəng gedən kişinin dalınca yüyürdü. Dəbbələməsin deyə elə ondan da başladı:

– Kaş adamın səni kimi bir-iki yolgöstərəni ola.

– Mənim kim olduğunu sən sonra biləssən, hələ harasıdı? – deyən nurani adam maşını onun həyətinə sürdürməyi tapşırıb, bu işdə oğlu Hacı Fikrətin ona yol göstərəcəyini də deyərək asta-asta uzaqlaşdı…

Bir saatdan sonra malı həyətinə boşaltdıran hacı azacıq beh verdiyi kartofsatanla pulu sabah gəlib aparmağa sövdələşdi.

Gün batdı, axşam oldu, səhər açıldı, sövdəgər deyilən vaxt hacının həyətində hazır oldu, salam verib baş əydi.

– Salam Allah salamıdır. Amma deyin görüm siz kimsiniz və nə istəyirsiniz? – qabağında xoruzquyruğu çay, mütəkkəyə söykənmiş hacı gözlərini qıydı.

– Mənəm dəə, dünənki adam, kartofsatan.

– Nə kartofsatan? Kartof nədi? – soruşan adamın sifətindən zəhər tökülürdü.

– Özünüz dediniz ki, bu gün səhər gəlim.

– Yaxşı-yaxşı fikirləş, bəlkə, məni qonşulardan kimləsə dəyişik salırsan. Mən halal adamam…

– Allah cəmi halalları var eləsin, biz də onların kölgəsində başımızı dolandıraq, – onun dediklərini bir zarafat zənn eləyən qonaq gülümsündü…

– Bu saat ayırd elərik, – deyib ev yiyəsi böyük oğlunu səslədi, – Hacı Fikrət! Oğul qulluğunda hazır olan kimi atası soruşdu: – Hacı, bu adamı tanıyırsan? – Birinci dəfədi görürəm, – oğul çiyinlərini çəkdi.

Arif övladın cavabından razı qalan hacı ikinci oğlunu da səslədi:

– Hacı Aqil, de görüm bu kişini görmüsən? İkinci oğul da alnını qırışdırıb gələn adamı birinci dəfə gördüyünü söylədi.

Belə olanda yəqinlik hasil olsun deyə, hacı üçüncü oğlunu da çağırmalı oldu.

Vaqif hüzuri-şərifində hazır olan kimi atası onu qonaqla üzləşdirdi.

– Oğul bala, de görüm ki, bu kişini tanıyırsan?

Qulam fikir belə etmədi:

– Dünən gələn kişidi də, kartofsatan!…

Hacı sonbeşiyini tərs-tərs süzüb, dişi bağırsağını kəsə-kəsə böyük oğluna qonağın pulunu verib yola salmağı tapşırdı. Kartofsatan gedəndən sonra isə üzünü arvad-uşağa tutub, Vaqifə işarə ilə dedi: – Bu qırışmalın əl-ayağını hazırlayın, – dedi, – təcili Həccə göndərmək lazımdı onu…

 

Şəkər

– Bilirsən, şəkər nə vaxt qalxır? – dostum soruşur.

– Nə vaxt? – deyib, mən də soruşuram.

– Əl ki cibə gedib, kağız əvəzinə siçana toxunur, onda.

 

Cüt alma

Qardaşımla bir-birimizə çox oxşayırıq. Girdəsifət, pırpızsaç, çatmaqaş…

Adlarımız da oxşardı: Qabil, Habil. Hamı elə bilir, cüt almayıq. Bir dəfə, biz məktəbli olanda qonşumuz Bilal əmi atamdan soruşub:

– Bundan sizdə iki dənədi?

 

Altmış yaş

Həkim soruşur ki, şikayətim nədəndi, nəyə gəlmişəm? İlk baxışdan sapsağlam görünürəm. Hansısa bir xəstəliyin simptomu sezilmir. Uzun-uzadı sorğusualdan sonra, axır ki, “dərdim” tapılır: Sən canınla iyirmi beş yaşdakı kimi davranırsan, ona görə, necə varsan, elə ol.

 

Abırlı adam

– Utanıram, bu qədər yaşadığıma görə, məni bağışlayın, – bu sözü başqalarına əziyyət verdiyini düşünən səksən yaşlı bir xəstənin dilindən eşitdim.

 

Qazanc yeri

İki atın arpasını bölə bilməyən Talıb müəllim mənə gecə-gündüz dərs keçməkdən yorulmur, deyir, nə qədər yuxarıda oturanları öz maqalələrimdə (elə bu cür də deyir: maqalə) biabır eləməmişəm, bu xalq məni sevən deyil.

Kitab yazan adam gərək belə şeyləri əzbər bilə. Ümumxalq sevgisi burdan qaymaqlanır, dəqiq bilir o bunu. Mən də bunu bir yana qoyub, ilk öncə dediyinə düzəliş eləyirəm ki, əvvəlcə bunun fərqinə varsın, sonra böyük mətləblərə girişər:

– Qaymaqlanır yox, qaynaqlanır.

Kimə deyirsən? Əlini yelləyib, etirazını eləyir:

– Allahsaxlamış, nə qoyub, nə axtarırsan? Qaymaq olmasın, sən deyən olsun. Dünyanın hər yerinı qırış-qırış gəzmişəm, hələ bir adam irad tutmayıb mənə, səndən başqa.

– Burdan-bura yenə səhv eləyirsən, sonra da günahkar mən oluram, qırışqırış yox, qarış-qarış…

İş ondadı ki, Talıb müəllimin nitqində bu qism kəlmələr bir deyil, beş deyil.

Sovetin vaxtında həmişə rəhbər vəzifələrdə çalışıb deyənə, söhbət və xatirələri tribuna ifadələrilə doludu.

Ovaxtkı alovlu çıxışları yaddaşına necə həkk olunubsa, hələ də onların havası ilə yaşayır. Hamiləliyə götürmək onun nəzərində elə hamiliyə götürməyin bir tayıdı. Elə o cür də deyir və sözünə qımışan olduğunu görürsə, dediyini dübarə təkrarlayır ki, elə bilməsinlər səhv elədiyini düzəltmək fikri var, xeyr. Hər ehtimala qarşı ifadəsini bu kürreyi-ərzdə ondan savayı, bir allah bəndəsi belə işlətməz ki, o işlədir: – Hər etimada qarşı…

Birinin humanist, rəhmli və əltutan olduğunu diqqətə çatdırmağı isə daim belə olur:

– Çox humanitar adamdı, – deyir və qayıdıb heyrətdən başını da bulayır.

Avtoritar rejimə tez-tez avtaritet rejim deməklə siyasətdə də naşı olmadığını bılsinlər deyə, tez-tez bu mövzuya baş vurur və elə bilir, bunu eləməsə, onu kəmsavad və qanmaz sayarlar. Amma çifayda… Heç olmur ki, səhvə yol verməsin. Məsələn, deyir:

– Bu Afət də bir iş görmədi, o da ermənilərə işləyir.

Soruşuram, hansı Afəti deyir, o qədər Afət var ki! Nə görüb axı bu afətlərdə, əl çəkə bilmir? Guya, öz aləmində fikrimə düzəliş eləyir:

– Sənin də fikrin afətlərin yanında olsun. O Afəti demirəm e, o birisini deyirəm, – eləyib əlini yuxarı qaldırır və elə bilir, bununla fikrini izah eləmiş olur ki, Afəti yox, ATƏT-i deyir.

Pakistanın əsl pakislamlar ölkəsi olduğunu xüsusi vurğu ilə diqqətə çatdırmağı isə özü üçün əsl tapıntı bilir. AŞPA prezidentindən söz düşübsə, deyir, burada söhbət aşpaz prezidentdən gedir, mənası da odu ki, yəni bu adam prezidentlık postuna aşpazlıq sənətindən gəlib. Nə çoxdu xaricdə belə şeylər? Götür Zimbabveni, Uqandanı…

Həqiqətin o deyən kimi olmadığına tam əminəm, adıçəkilən ölkələrin hansı qitədə yerləşdiyindən bixəbər olduğunu da yüz faiz bilirəm və özümə söz versəm də ki, gərək bu qüsurlara birdəfəlik göz yumam, bir şey ki, adam yetmiş ili beləcə yola verib, işləri də yağ kimi gedib, daha qəmiş qoymağın nə mənası, ancaq heç vaxt özümü saxlaya bilmirəm.

O danlaq-dansaq axır ki, günün birində sülh, xoş əhval və gülüşlə bitdi:

– Bilirsən niyə belə eləyirəm? – Talıb müəllim içkidən hallanıb mübahisə əsnasında soruşdu.

– Niyə?

– Deyirəm, heç kimin mənnən işi olmasın.

– Onda nə olur ki?

– O olur ki, deyirlər, maymağın biridi, başı heç nədən çıxmır, bir şey ki, lora şor deyir, qoy gedib ailəsini dolandırsın… Beləsindən hökumətə xətər toxunmaz.

– Onda məni niyə qınayırsan ki, yuxarıda oturanları söymürəm.

– Sən də düz eləyirsən. Ailən, uşağın var, nəyinə lazımdı söyüş?… Qoy gedib kef eləsinlər. Guya, Talıb bilmir mağar nədi, mağara nə? Ay hay!… Mən deyim, ölmüşdü Talıb…

 

Silah

Kimsənin görmədiyi bir silah var ki, onu ağlım kəsən gündən üstümdə gəzdirirəm. O mənə uşaqlıqda ataanadan, gənclikdə müəllimlərimdən, indi isə dost-tanışdan daha çox kömək edib: özünəinam!

 

Diaqnoz

Doktor Tahir ucqar kəndlərin birindən yanına gələn arıq, üzgün, halsız xəstəyə baxıb, adamlarına, “bunun vur-tut bir ay ömrü qalıb, – dedi, – götürün aparın kəndə, nə yaşayar, yenə qənimətdi”.

Dörd-beş ildən sonra təsadüfən kənd toylarından birində doktorla qarşılaşan həmin xəstə istehza ilə həkimə dedi:

– Bəs nə oldu sənin bir ayın, doxtur? Mənə vaxt qoymuşdun axı.

Həkim tükündən yağ daman qarşısındakı qırmızıyanaq adama baxıb onu xatırlamadığını bildirdi, tanıyandan sonra isə dedi:

– Səni düzgün müalicə eləməyiblər, ona görə, yoxsa indiyə qalmazdın.