“ƏL-MƏNSUR” SURƏSİ -hekayə- Əli Bəy Azəri

Əli Bəy Azəri

Şəhərin “Sovxoz Nizami” adlanan ərazisində avtobusdan düşdü. Bəlkə iyirmi ildən çox olardı ki, köhnə hökumət dağılmışdı, amma insanlar köhnə vərdişlərindən əl çəkib yerin adını dəyişmirdilər. Çünki köhnə hökumətlə bərabər kolxoz, sovxozların da tifağını dağıtmışdılar. Ola bilər ki, burada, böyük şəhərin bir qırağında, ümumiyyətlə sovxoz olmamışdı. Amma insanlar elə öyrəşmişdilər ki, hələ də buranı “Sovxoz Nizami” adlandırırdılar.

Avtobusdan düşəndən sonra taksilərə tərəf bir neçə addım atıb dayandı. Gedəcəyi yeri təxminən bilsə də taksiyə minməyə tələsmədi. Nəyi isə dəqiqləşdirmək istədi. Telefonu cibindən çıxarıb böyük qardaşına zəng vurdu.

-Alo! – Telefonun o başında qarmaqarışıq səslər gəlirdi, hərdənbir mollanın ərəbcə səsləndirdiyi ifadələr də aydın eşidilirdi.

-Alo! Haradasan? – deyə hüzr yerində olduğunu təxmin etsə də soruşdu.

-Burada, hüzr yerindəyəm, – deyə qardaşı asta səslə cavab verdi. – Bakıdan nə vaxt gəlmisən?

-Bir az olar.

-Bilirsən də, bu gün Nəbinin qırxıdır, gələcəksən?

-Hə, hə. Bir azdan gələcəyəm.

-Yaxşı, görüşərik.

Telefonu söndürüb bu dəfə zavodda türklərlə işləyən balaca qardaşının nömrəsini yığdı. İşdə olduğunu öyrəndi.

-İcazə ala bilmədim. “Ağalar”, “əfəndilər” hüzr, yas yeri başa düşmürlər. İcazə istəyəndə “sabahdan işə gəlmə” deyirlər. Axşam tez çıxa bilsəm gedib üzrxahlıq edəcəyəm. Çıxa bilməsəm də…

-Aydındır.

Müəllim qardaşının nömrəsini yığdı. “Onlarda vəziyyət yaxşı olmalıdır. İndi dərslər qurtarıb. Məktəbə getsələr də elə-belə gedib gəlirlər. Müəllimlər boşluqdan ya yığışıb laqqırtı vururlar, ya da domino çırpırlar” deyə düşündü.

-Alo! – telefonda qardaşının səsi ilə yanaşı molla Qarakişinin də səsini apaydın eşitdi.

-Nəbinin qırxındasan? – Təxmin etsə də soruşdu. Bu tayfadan dünyasını dəyişənlərin yas məclislərinin, demək olar ki, hamısını molla Qarakişi aparıb. Cəmisi bir məclisə gəlməyib, o da bərk xəstə imiş.

-Hə. – Qardaşı astadan cavab verdi.

-Qəbirüstünə gedəcəksiniz?

-Hə. Bir azdan gedəcəyik. Gözləyirik qohumlar hamısı yığışsın. Sən haradasan? Bakıdan nə vaxt gəlmisən?

-Mən indi gedirəm İmamzadəyə, dədəmin qəbiri üstünə. Orada görüşərik.

Bundan sonra taksi maşınları dayanan yerə yaxınlaşdı. Dayanacaqda taksidən çox nə vardı ki? Yolun qırağında dayanmış iki marşrut avtobusundan, bir QAZel və bir nəqliyyat departamenti işçilərinin maşınından başqa hamısı taksi idi. İmamzadəyə getmək üçün bir neçəsinə yaxınlaşdı. Sövdələşə bilmədilər.

-Vallah, necə deyim. Heç durğunluq dövründə də İmamzadəyə getmək belə müşkülə çevrilməzdi. Siz indi hər şeyi problemə çevirmisiniz. – deyə iradını bildirdi taksi sürücülərinə.

-Onda necə idi? – Taksi sürücüləri onun bu sözünə gülüşdülər. – Hansı dövrü deyirsiniz?

-Hürrüyyətçilik dövrünü. Ölkə dağılmışdı, təzəsini qururdular. Taksilər də təkəmseyrək görsünürdü. Amma yaxınlaşırdın, dörd nəfər düzələn kimi yola düşürdü.

-Ay rəhmətliyin oğlu, nə qoyub nə axtarırsan. O vaxtlar camaat ölüsünü yada salırdı, qəbirinin üstünə ziyarətə gedirdi. İmamın qəbirinin üstünə ayaqyalın yüyürə-yüyürə gedənlərin əlindən yolda maşın sürmək olmurdu. İndi heç dirilərini yada salmırlar. Küçədə rastlaşanda üzlərini o yana döndərib özlərini görməməzliyə vururlar ki, birdən görüşüb borc pul istəyər. Bir az dayan burda, özün üçün müşahidə apar. Gör, bircə nəfər yaxınlaşıb deyəcəkmi ki, İmamzadəyə gedirəm. Bax, onda ikinizi götürüb aparmasam İmamzadəyə, dədəmə lənət. Mən manatımı qazanaram, siz də gedib doğmalarınızın qəbrini ziyarət edərsiniz. Elə danışırsan ki, guya biz pulumuzun düşməniyik, qazanmaq istəmirik. Evdən bir-iki manat pul qazanmağa çıxmışıq. Yoxsa nə itimiz azıb burda günün altında durub həm beynimizi qayğanaq etdirək, həm də hələ rəhmət oxutdura bilmədiyimiz dədəmizi söydürək?

-Onu siz özünüz bilərsiniz. Mənim isə gözləməyə vaxtım yoxdur, getməliyəm.

Səfərliyə gedən avtobus gələn kimi minib yola düşdü. Məsafə çox da uzaq deyildi – təxminən on iki-on beş dəqiqədən sonra İmamzadənin qabağında idilər.

Avtobusdan düşən kimi İmamzadənin üst tərəfi ilə uzanan yolla addımladı. Səfərovların sərdabəsinə çatanda dayandı. Buradan sağa dönüb getməliydi. Üç cərgə qəbirlərdən biri onun dədəsinin uyuduğu son məkan olmalıydı. Amma yadına sala bilmədi ki, sərdabənin sağı, yoxsa solu ilə addımlamalıdır. Bir il olardı dədəsinin qəbiri üstünə gəlmirdi.

Sərdabənin sol tərəfi ilə bir xeyli irəlilədi. Bu bir ildə qəbiristanlıq böyüyüb çox dəyişmişdi. Bahalı mərmər başdaşıları bir-biri ilə yarışa girmişdi. Burada, sanki, gözəl baş daşı müsabiqəsi keçiriləcəkdi. Bir-iki addım atıb qəfil xışıltıya dayandı. Səksəkəli halda xışıltı gələn yerə diqqətlə baxdı. Amma heç nə görə bilmədi. Qəbirlərin arasını ot basmışdı deyə burada müxtəlif növ sürünənlərə, xüsusən də zəhərli ilanlara rast gəlmək olardı. Bir az dayanıb ehtiyatla yoluna davam etdi. On-on iki qəbirdən sonra düz gəlib dədəsinin qəbrinin önündə dayandı. Fəhmi onu aldatmamışdı. Dədəsinin qəbiri yeganə qəbir idi ki, ətrafının ot-alağı təmizlənmişdi. Ayaq tərəfdə üzərrik kolu vardı, bircə onu qırıb atmamışdılar, bəlkə də özləri qəsdən saxlamışdılar. Ancaq burda məntiqli nə vardı ki? Üzərriyi, adətən, yaşayış evlərində asırlar ki, bədnəzərin gözünü qaytarsın. Hərçənd qəbirə nə göz dəyə bilərdi? Dədəsinin qəbiri, bəlkə də ən sadə qəbirlərdən biriydi. Amma istənilən halda bura da bir ev idi – axirət evi. Madam ki, evdir, qoy onda üzərrik də olsun!.

-Sağ olsunlar. Mən gələ bilməsəm də qardaşlarım, qohumlarım, görünür dədəmin qəbrini mütəmadi ziyarətə gəlirlər. – deyə öz-özünə təskinlik verdi.

Adəti üzrə balaca bir daş parçasını götürüb dədəsinin baş daşını döyəclədi. Daha doğrusu bu balaca daş parçası elə dədəsinin baş daşının arxasına qoyulmuşdu.

-“Salam, dədə, necəsən?”

-“Şükür olsun, yaxşıyam!”

-“Nənəmgili yanında dəfn etmək qismət olmadı. Təkcə darıxmırsan ki?”

-“Eybi yoxdur. Qoy, onlar birlikdə olsunlar. Bir-birlərindən muğayat olsunlar. Mən onsuzda təkliyə öyrəncəliyəm. Ömrümün yarısını təklikdə keçirmişəm”.

-“İşdə, yoxsa evdə?”

-“Elə işdə də, evdə də”.

-“Nənəm sənə çox bağlıydı, xətrini dünyalar qədər istəyirdi. Düzdür, cavanlıqda bir az… o məsələ… incitmişdin onu. Amma… sonralar yaxşı baxmısan deyə… dilindən düşmürdün. Səndən sonra çalışırdıq ki, onu tək qoymayaq”.

-“Xəbərim var, hər şeydən xəbərim var”.

-“Sən bilirsənmi ki, ondan sonra samovarımız qaynamır. Həyətdə yığışırdıq nənəmin başına. Samovar qaynadırdıq. Yarpız çayı dəmləyirdik. Sən də yarpız çayını xoşlayırdın. Nənəmdən sonra elə bil əl-qolumuz bağlanıb. Nə samovar qaynada bilirik, nə manqal yandıra bilirik”.

-“Uşaqlarını yığ başına, mehriban dolanın. Biz də vaxtında böyüklərimizi əvəz etmişik. İndi böyüklər, yol göstərənlər sizsiniz”.

-Ölənlə ölmək olmaz. Özünü ələ al, müəllim. – Mollanın nə vaxt yaxınlaşdığını hiss etmədi. Öz aləmindəydi. Sakitcə dədəsi ilə söhbət edirdi. Son sözlərin ucadan səslənməsi onu diksindirdi. Bilmədi bu söz qeybdən gəldi, yoxsa gerçəkdən səsləndi.

-Hara yoxa çıxmısınız? – Qəfil peyda olmuş mollaya sual verdi. – Bayaqdan buradayam, biriniz gözə dəymirsiniz.

-Müəllim, ətrafa diqqətlə baxın. Hər yeri ot-alaq basıb, yol-riz görünmür. Siz necə yol tapıb bura gəldiniz? – Molla sözünə azacıq fasilə verib nəfəsini dərdi. Əl atıb qoltuq cibindən göy üzlü balaca bir kitab çıxartdı. – Burada yatanların qohum-əqrəbasından gələn olur ki, biz də bir avaz “Quran” oxuyaq. Müəllim, belə dəbdəbəli başdaşılar qoymaqlarına baxmayın. Aylarla buralara ayaq basan yoxdur.

İstədi desin ki, bəs sizə pul vermirikmi ki, biz gəldik-gəlmədik, cümə axşamları cəmi qəbiristanlıq əhlinə “Quran” oxuyun, amma demədi, özünü saxladı. Sadəcə cibindən iki manat çıxardıb mollaya uzatdı.

-Al! Mən tələsirəm, başqa hüzürümüz var, getməliyəm. Mən gedəndən sonra bir ağız “Quran” oxuyarsan, – dedi. Amma nədənsə mollanın danışığı da, sifəti də xoşuna gəlmədi. – Oxuya bilirsənsə, oxu. Səndən xahiş edirəm, oxuya bilmirsənsə, oxuyub “Quran” kəlmələrini əzmələmə, dədəmin də ruhunu incitmə.

-Niyə oxuya bilmirəm? Bəs onda bu saqqalı niyə gəzdirirəm, müəllim? Lap istəyirsən, “Yasin” oxuyum. Özü də ahəstə-ahəstə.

-Bəs “Əl-Mənsur” surəsini necə? – Baxdı ki, molla əldəqayırma olanlardandır. Yəni kitayskidir. El arasında belələrini koperativ də adlandırırlar. – Onu da oxuya bilərsən?

-Bu dəqiqə. – Molla bunu deyib əlindəki kitabı vərəqləməyə başladı. – Qoy, tapım. Sənə bir “Əl-Mənsur” surəsi oxuyum ki, avazımdan bütün qəbiristanlıq əhli ayağa qalxsın!

O, mollanın axırıncı kəlmələrini eşitmirdi, çünki uzaqlaşmaqdaydı. Əlində tutduğu əl boyda kitabını vərəqləyən mollanın isə “Əl-Mənsur surəsi”ni axtarmağa başı elə həvəslə qarışmışdı ki, onun necə uzaqlaşdığından xəbər tutmadı.

-Ay bədbaxt, sən haradan biləsən ki, “Əl-Mənsur” surəsi nədir. Öz dilinizdə məktəbi güc-bəla ilə oxuyub qurtarmısınız, amma qəbiristanlıqda fironluq eləyirsiniz. Mollayam deyib camaatın faciəsindən istifadə edərək qəbiristanlıqda onlara, guya ərəb dilində surə, moizə oxuyursunuz. Əslində heç özünüz də bilmirsiniz nə oxuyursunuz. Bilmirsiniz ki, hecaladığınız “Quran” kəlməsidir, yoxsa Füzulinin, Sədinin qəsidəsi, mərsiyəsidir? – Mollanın qarasınca deyinə-deyinə qəbiristanlıqdan uzaqlaşmaqda ikən qanrılıb geri boylandı. Molla hələ də əlində tutduğu kitabın vərəqlərini hirslə ora-bura çevirirdi.

-Bu da sənin mollan! Bir “Əl-Mənsur” surəsinə görə “müqəddəs” kitabı günahkar uşaq kimi necə də sillələyir?

Qiymət